Onlar şaqqalanıb asılsınlar

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

13 yanvar 2022
# 09:00

Kulis.az Zamin Hacının “Teleskopu bəri döndərin” adlı yeni yazısını təqdim edir.

“Yar, bu yana döndər məni,
Yar, o yana döndər məni.
Ürəyim yaralıdır.
Təbibə göndər məni”.


(xalq mahnısından)

Amerikalılar keçən ilin axırlarında kosmosa “Ceyms Uebb” adlı təzə peyk-teleskop göndərdilər. Bu teleskopun araşdırma imkanları ünlü “Hubble” teleskopundan daha çoxmuş. Məqsəd isə kainatı araşdırmaq, planetlərə, ulduzlara baxmaq, orada bizə oxşayan varlıqların olub-olmadığını öyrənməkdir.

Maraqlı prosesdir. Adam fikirləşir ki, görəsən, orda tapdığımız adamlar da qız uşaqlarını abort elətdirir, başqa torpaqları tutub evləri yandırır, yaltaqlıq edir, yalan danışır, yetimin çörəyini əlindən alırlar? Elə olsa batdıq. Pis-yaxşı burdakı şəraitə öyrəşmişik, Kainatda tək olmadığımızı bilsək, gərək ordakılarla da dava eləyək.

İrq, növ olaraq insanın işi dava eləməkdir. Şair Səməd Vurğunun ötən əsrin 30-cu illərində yazdığı şeiri xatırlamağın yeri var: “Hücuma tanklarla keçir komsomol, Təbiət, təslim ol! Düşmən, təslim ol!”. Qreta Tunberqin gözündən iraq.

Mən teleskop haqda xəbəri hardan oxudum? Əlbəttə, internetdən. Nə yaxşı hələ belə şeylər qalır, əks halda xalq artistlərimizin ölüm ayağında olan həmkarlarının qarasıyca deyinməyindən, uşaq oğrularından, nə bilim, unun qiymətinin neçə qəpik qalxmasından başqa heç zaddan xəbərimiz olmazdı.
Lakin 2022-ci il girəndən internetin sürətində böyük düşüş hiss elədim. Sözgəlişi, bu da bir qəribə dil üslubudur, sanki kompüterin, telefonun, “vay-fay” qurğusunun əvəzinə sürətin düşməsini özümüz hiss edirik. Hansısa duyğu orqanımızla.


“Ceyms Uebb” teleskopu

Mövzu açılıb, məni maraqlandıran bir filoloji sualı yazım, müəllimlər cavab versin: bizim dildə kainat xüsusi isimdir, yoxsa ümumi? Niyə bunu bəzən böyük hərflə, bəzən kiçik hərflə yazırıq? Əgər Kainatın tək, xüsusi olduğu qənaətinə gəlmişiksə, bəs çoxlu kainatların mümkünlüyü nəzəriyyəsi necə olsun?

Xülasə, sürətin düşdüyünü speedtest.com saytı vasitəsiylə də təsbit elədim. Zəng vurmuşam milli ATS xidmətimizə, acizanə surətdə soruşuram: “Nə üçün mən interneti az sürətlə almağa başlamışam? Müqaviləyə görə, ödədiyim 16 manatın əvəzində aylıq 7 meqabayt-saniyə almalıyam. Lakin ölçürəm, yanvar ayında sürət hələ bir dəfə də olsun 4 meqabaytı aşmayıbdır. Xahiş edirəm, bu haqda məlumat verəsiniz, günahkarlar aşkara çıxarılsın, şaqqalanaraq şəhər darvazalarından asılsın, qərar mən dəstəyi yerə qoyandan sonra qüvvəyə minir” (Axırıncıları ürəyimdə dedim, doğrusu. Əgər lazımi qədər hissiyatlı işçilər olsa, bunu eşitməyə borcludurlar).

Burada haşiyə çıxaraq onu da qeyd edim ki, həyət evində yaşadığım üçün “Baktelekom” dövlət şirkətindən başqa hər hansı alternativdən istifadə imkanım yoxdur. Bu istiqamətdə dövlətimiz, maşallah, monopolistdir. Necə deyərlər, nə özü yeyir, nə başqasına verir.

ATS-dən aldığım cavabı NASA-ya göndərmək fikrindəyəm, hazırda tərcümə elətdirirəm: “Bilirsiniz, siz 4 meqabaytdan yuxarı sürət ala bilməyəcəksiniz, ora-bura şikayət eləməyin də heç bir xeyri yoxdur, nahaqdan başınız ağrıyacaq. Çünki bizdə 4-dən yuxarı sürəti yalnız ATS-ə yaxın ərazilərə verə bilirik”. Mən telefondakı xanıma dedim ki, AYB sədri Anar müəllimin “Mən, sən, o və telefon” hekayəsindəki əhvalatdan xəbəri varmı? Dedi, yoxdur. Onu xalq yazıçımızın bu dəhşətli yaradıcılığından məlumatsız qaldığı üçün şiddətlə qınadım. (Ömür qismət eləsə, gələcəkdə bu fantastik hekayə haqda fikirlərimi “Kulis” üçün yazaram).

Yaşadığım evdən (əgər buna yaşamaq demək olarsa) ATS-ə qədər məsafəni bir dəfə ayaqla ölçmüşəm. Təxminən 1 kilometrdir. İndi hörmətli Rabitə Nazirliyimizin məntiqinə görə, mən daha sürətli internet əldə etmək üçün ATS-ə daha yaxın – harda olmalıyam? Dindarlar demişkən, şah damarlarından da yaxın? Bəlkə lap elə o ATS-də işə düzəlim, köçüm binada yaşayım? Anar müəllim də bunun əsasında təzə hekayə yazsın, dövlət mükafatı alsın.

Birdən hörmətli oxucular hardasa çölün düzündə yaşadığımı zənn edər, halbuki, evimin pəncərəsi Qafqazın ən böyük dəmiryolu qovşağına açılır. Böyrümüzdə avtovağzal, metro, hərbi hissələr, məktəblər, canım sənə desin, moyka və ət dükanları vardır. Hətta 90-cı illərdə bir kişi dəmiryolu xəstəxanasının binasında nəsə özəl universitet açmışdı, sonra arvadını, qayınanasını-filanı baltaladı, məktəbi də bağladılar.

Yəni mən ATS-in, şəkililər demiş, ağzının içində yaşayıram.

Sözümün canı isə odur ki, İbn Rüşd və İmam Qəzalinin fərqləri haqda yazılar yazan dostlarıma hərdən yazığım gəlir. Həmişə yox, hərdən.

# 2614 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #