O biri dünya var, yoxsa yox?

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

2 may 2023
# 11:43

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Bir-iki həftəyə 28 yaşı tamamlayıram. 30 yaşa nərdivan söykəmişəm.

Qətiyyən yaş depressiyasında deyiləm. Hələ gəncəm və azı on il də gənc sayılacam. Qocalmaq, ölmək, bunlar da mənim üçün adidən də adi şeylərdir.

Hərdən məndən inancımı soruşan adamlar olur. Ateistəm, yoxsa inanclı? Müsəlmanam, yoxsa xristian?

Belə suallara qətiyyətlə verdiyim bir cavab olur:

– Mən Allaha inanıram.

Ruslar Ona “Boq” deyir, ingilislər “God”, yəhudilər “Yehova”, hindlilər bir başqa, çinlilər bir başqa.

Yəni mən Yaradanın varlığına inanıram. Bütün bu boyda həngamənin öz-özünə, hansısa təsadüfdən, zəlzələdən, ya vəlvələdən, BigBang-dən yarandığını düşünmürəm. Mən özlüyümdə əminəm ki, bu kainatı, qalaktikanı, ulduzlar sistemini, bizim Günəş sistemimizi, Dünyanı, Dünyamızın üzərindəki canlıları, quşları, ağacları, çiçəkləri, balıqları yaradan Biri var.

Nə yalan deyim, bütün bu sadaladığım şeylərin təsadüfdən yarandığını deyən adamların əqlinə də xeyli şübhəm var. İnsan necə bu qədər əminliklə Yaradıcının varlığını inkar edə bilər?

Adam sadəcə oturub nizam-intizam içində olan, zərgər dəqiqliyindən də ötə dəqiqliklə yaradılmış bu nəhəng həngaməni gözünün qarşısına gətirməli və düşünməlidir: bütün bunlar, doğrudanmı, təsadüfdən yaranıb, yoxsa Allah var?

“Allah” dediyim üçün dindən danışdığımı düşünməyin. Qətiyyən İslamdan, Qurandan, namazdan, orucdan, qurbandan danışmıram. Söhbətimin məğzi bu deyil. Mənim işim Allahladır. Yəni, həmin o Yaradanla.

Mənə Ona “Allah” deməyi öyrədiblər və bu, məni narahat etmir. Onu başqa adla da çağıra bilərəm.

Yazının bu yerində hələ də yazdıqlarımı oxumağa davam edən adamlara demək istəyirəm ki, bu yazımın heç bir xüsusi səbəbi yoxdur. Bu yazını niyə yazdığımı heç özüm də bilmirəm. Görünür, adam hərdən sadəcə yazmaq istəyir. Sadəcə yazmaq istəyirəm və yazıram. Axırı hara gedəcək, bilmirəm. Sizə də səbrinizi basıb yazımı oxumağa davam etdiyiniz üçün təşəkkür edirəm.

Hə…

Allaha inandığımı deyəndən sonra növbəti sual gəlir:

– Səncə, o biri dünya var? Cənnətə, Cəhənnəmə inanırsan?

“Allah var!” cümləmdəki əminlik, qətiyyət bu sualların qarşısında buz kimi əriyib yoxa çıxır. Elə öz içimdəki suallara cavab verirmiş kimi astaca “bilmirəm” deyirəm.

Adam “bilmirəm” deməyi də bacarmalıdır. Çox vaxt adamlara “bilmirəm” deyəndə “bu, cavab deyil” deyirlər. Niyə belə düşünürlər, bilmirəm.

Amma mənə elə gəlir ki, insanın verə biləcəyi ən dəqiq cavab elə “BİLMİRƏM” sözüdür.

BİLMİRƏM!

Bundan daha dəqiq cavab yoxdur yer üzündə.

“Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır”

Belə bir şablon cümlə də uydurmuşuq özümüz üçün.

Məncə, heç öyrənməmək də ayıb deyil.

Öyrənə bilməyəcəyimiz həqiqətlərin olduğunu etiraf etmək də ariflikdir.

İnsan özünə çox böyük mənalar qatır.

İnsan özünü aldadır ki, ali varlıqdır.

Haramızdadır alilik? Nəyimizdədir?

Hansı ölçülərlə özümüzü ali sayırıq?

Kimdir, nədir meyar?

Mən özümü göydə uçan quşdan, suda üzən balıqdan, torpaqda bitən ağacdan ali görmürəm.

Bu dünya bizə bəs etmir, o biri dünya haqqında da planlar qururuq. O biri dünya üçün də işimizi ehtiyata alırıq. Öləndən sonra da bizim üçün nələrinsə olmasını istəyirik. İmarətlər, altından dupduru çaylar axan, kölgəsində sərinlənə biləcəyimiz ağaclar, min bir cür meyvələr…

Heç göydə uçan quşun, suda üzən balığın, torpaqda bitən ağacın belə dərdi, niyyəti varmı?

Hə. Mən Yaradanın varlığına inanıram. Bilirəm ki, bütün bu həngaməni O yaradıb. Amma Onun nə düşündüyünü, nə edəcəyini bilmirəm. Bizi öldürəndən sonra nə planladığını bilmirəm. Necə ki, bütün bu şeyləri yaratmaqda məqsədinin nə olduğunu bilmirəm. Guya siz bilirsiniz?

O biri dünya varmı, yoxmu? Bunu kimsə nə sübut edə bilər, nə də inkar. Belə sualları primitiv cavablarla ötüşdürmək olmaz.

Dediyim kimi, “Bilmirəm” də cavabdır. Həm də bir insanın verə biləcəyi ən səmimi, ən dəqiq cavab: BİLMİRƏM.

Necə ki, bu yazını da nə üçün yazdığımı bilmirəm.

# 7411 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Montrö festivalında iştirakı caz proqramı ilə yekunlaşdı

Azərbaycanın Montrö festivalında iştirakı caz proqramı ilə yekunlaşdı

12:30 15 sentyabr 2026
Bakıda Bilik Günü - FOTOLENT

Bakıda Bilik Günü - FOTOLENT

12:04 15 sentyabr 2026
"Biz buraya ölməyə gəldik, dönməyə yox..."- Bolşeviklər Bakıda nəyə heyrətlənmişdilər?

"Biz buraya ölməyə gəldik, dönməyə yox..."- Bolşeviklər Bakıda nəyə heyrətlənmişdilər?

12:00 15 sentyabr 2026
"Emmi 2026"nın qalibləri açıqlandı

"Emmi 2026"nın qalibləri açıqlandı

11:00 15 sentyabr 2026
Əfsanəvi modelyer 88 yaşında vəfat etdi

Əfsanəvi modelyer 88 yaşında vəfat etdi

10:20 15 sentyabr 2026
Azərbaycanda Bilik Günü  qeyd olunur

Azərbaycanda Bilik Günü qeyd olunur

09:50 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər