Nizami Gəncəvinin portretini yaradan ilk rəssam - Mirzə Cəlil ona nə dedi?

Nizami Gəncəvinin portretini yaradan ilk rəssam - Mirzə Cəlil ona nə dedi?
1 mart 2024
# 16:16

Bu gün Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Azərbaycan SSR xalq rəssamı Qəzənfər Xalıqovun anım günüdür.

Kulis.az Əsəd Quliyevin "Rəssamlıq sənətimizin əvəzsiz korifeyi - Qəzənfər Xalıqov" yazısını təqdim edir.

Azərbaycan təsviri sənət tarixində iz qoymuş sənətkarlardan biri də odur. Rəngkarlıq və qrafika, həmçinin, teatr dekorasiya və kino rəssamlığı, eləcə də monumental boyakarlıq sahəsində onun yaddaqalan bədii yaradıcılıq fəaliyyəti olub. Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqovdan (16.12.1898-01.03.1981) söhbət gedir.

Çoxşaxəli bədii yaradıcılıq diapazonuna malik Q.Xalıqov Bakı yaxınlığında yerləşən Qobu qəsəbəsində anadan olmuşdu. Atası oğlunu gələcəkdə savadlı görmək istəyirdi. O, oğlunun molla məktəbində təhsil almasını istəmirdi. Atası Q.Xalıqovu "Səadət" məktəbində təhsil almaq üçün Bakı şəhərinə yollayır. Q.Xalıqov burada təhsil alır və sonra Azərbaycan Ali Rəssamlıq Məktəbinə daxil olur. Burada o, M.Gerasimovdan sənətin sirlərinə yiyələnir və gələcəyin tanınmış rəssamları Rüstəm Mustafayev, Əmir Hacıyevlə tanış olur və dostluq etməyə başlayır.

Q.Xalıqov Rəssamlıq Məktəbini (1928) bitirdikdən sonra müstəqil rəssamlıq fəaliyyəti ilə məşğul olmağa başlayır. O, dahi yazıçımız C.Məmmədquluzadənin dəvəti ilə məşhur "Molla Nəsrəddin" jurnalında karikaturalar dərc etdirir. Rəssam həmçinin, "Gənc işçi", "Yeni yol" qəzetləri, "İnqilab və Mədəniyyət", "Kirpi" jurnallarında karikaturalar çap etdirmişdi. Rəssam C.Məmmədquluzadə ilə tanışlığı və məşhur jurnalla əməkdaşlığı ilə bağlı "Bakı" qəzetinin 27 may 1967-ci il nömrəsində yazırdı: "Atam "Molla Nəsrəddin" jurnalına abunəçi idi. Onun hər nömrəsi mənim üçün toy-bayrama çevrilirdi. Birinci növbədə jurnalın böyük satirik qüvvəyə malik olan canlı və cəlbedici şəkillərinə baxmaqdan doymazdım. Deyə bilərəm ki, mənim bir rəssam kimi yetişməyimə də əsas səbəb bu olmuşdur. 1924-25-ci illərdə mən "Gənc işçi" qəzetində rəssam işləyirdim. Bir gün işə gələndə mənə dedilər ki, səni "Molla Nəsrəddin" jurnalına çağırırlar. Getdim. Çox sıxıldığımı görən Mirzə Cəlil dedi ki, cavan rəssamsan, gəl bizim jurnalda da qələmini işlət. Dedim ki, sizin jurnalda işləmək üçün kifayət qədər təcrübəm yoxdur. Bunun cavabında Mirzə Cəlil mənə dedi: "Hamı əvvəl təcrübəsiz olur. Heç kəs birdən-birə böyük rəssam olmayıb. Görürsən, bu saat bizim rəssamlarımız azdır. Gərək cavanlardan təzə-təzə rəssamlar yetişsin". Mirzə Cəlil məni işə həvəsləndirdi. Bir azdan artıq jurnalın əsas rəssamlarından biri oldum. Mövzunu özü verirdi. Bir gün qabaq hadisəni nağıl edir, ya da materialı verir, deyirdi oxu, bunun əsasında karikatura çək. Şəkil hazır olanda Mirzə onu diqqətlə nəzərdən keçirir, bəzən də göstərişlər verir, yenidən işlədirdi. Bəli, "Molla Nəsrəddin" mənim gələcək yaradıcılığım üçün böyük bir məktəb oldu, məndə satiraya xüsusi meyl oyatdı".

Təsviri incəsənət - 2

Q.Xalıqovun uğurlu rəngkarlıq işlərindən "Qadınlar şöbəsi" (1930), "Firdovsinin dəfni" (1934), "Çoban Cümşüdün portreti" (1937), "Həyat yoldaşının portreti" (1939), "Nizaminin portreti" (1940) və başqa əsərlərini xüsusi qeyd etmək olar.

Q.Xalıqov mədəniyyət tariximizdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin obrazını yaradan sənətkar kimi əbədi qalacaq. 1939-cu ildə şairin bədii obrazının yaradılması ilə bağlı rəssamlar arasında müsabiqə elan edilir. Müsabiqədə Xalq rəssamı Q.Xalıqovla yanaşı, Xalq rəssamları Kamil Xanlarov, Tağı Tağıyev, Əməkdar incəsənət xadimləri Reyhan Topçubaşova, Mürsəl Nəcəfov və başqaları iştirak etmişdilər. Müsabiqəyə Azərbaycan rəssamları ilə yanaşı, keçmiş SSRİ məkanının mərkəz şəhərləri Moskva, Sankt-Peterburq, Tbilisi və başqa şəhərlərdən 30-a qədər portret təqdim olunmuşdu.

Müsabiqənin birinci mərhələsində iştirak etməyən Q.Xalıqov, buna baxmayaraq, mütəfəkkir şairin dərin bədii əhəmiyyətə malik, dolğun portret cizgilərini yaratmağa müvəffəq olmuşdu. Məşhur şərqşünas və Nizami irsinin araşdırıcısı Yevgeni Bertels bu portret haqqında qeyd edirdi ki, "portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi". Akademiklər - şərqşünas Y.Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı öz elmi məsləhətləri ilə portretin ərsəyə gəlməsində rəssama yaxından kömək etmişdilər. 1940-cı ildə müsabiqənin ikinci mərhələsində bu portret müsabiqəyə təqdim edilmiş və birinciliyə layiq görülmüşdü. Beləliklə, şairin bundan sonra rəssamlar tərəfindən yaradılacaq bütün obrazlarında rəssam Q.Xalıqovun yaratmış olduğu Nizaminin surəti prototip kimi qəbul edildi.

Q.Xəlilov qrafika sahəsində də uğurlu əsərlər müəllifi kimi diqqəti cəlb edir. Onun müstəqil qrafika işləri və kitab qrafikası sahəsində yaratmış olduğu sənət nümunələri özünün professional işlənilmə ustalığı və bədii sənətkarlıq xüsusiyyətləri ilə tamaşaçını valeh edir. Rəssam "Koroğlu" (1943), "Koroğlu at belində" (1944), "Xaqani Şirvani" (1953), "Xaqani zindanda" (1954), "Məhəmməd Füzul" (1958) kimi, kömür və avarel texnikasında işlənilmiş qrafik portretləri ilə estetik zövq bəxş edən, yadda qalan bədii surətlər yaradıb. Q.Xalıqov şair və yazıçılarımızın əsərlərinin süjetləri əsasında illüstrasiyalar çəkmiş və kitablarının bədii tərtibatını hazırlamışdı.

Rəssamın kitab illüstrasiyaları özünün məna-məzmun dolğunluğu ilə seçilir və müstəqil əsər təəssüratı bağışlayır.

Qeyd olunanlara örnək olaraq, rəssamın M.Seyidzadənin "Nərgiz" poemasına (1935), N.Gəncəvinin "Xosrov və Şirin" (1940), "İsgəndərnamə" (1953) poemalarına çəkdiyi illüstrasiyaları və Ş.Rustaveli "Pələng dərisi geymiş pəhləvan" (1937), Ə.Vahid "Qəzəllər" (1938), S.Rəhimov "Aynalı" (1942), A.Şaiq "Qoçpolad" (1946), S.Vurğun "İstiqbal təranəsi" (1947) kitablarına verdiyi bədii tərtibatı göstərə bilərik.

Rəssamın plakat yaradıcılığından bir nümunə olan "Molla Pənah Vaqif" plakatı da diqqəti cəlb edir. Plakatda sağ tərəfdə ölməz şairimiz Vaqifin profildən aydın cizgilərlə çöhrəsi, sol tərəfdə bir bənd şeiri və mərkəzdə mürəkəb qabında lələk təsvir olunub.

Q.Xalıqov eyni zamanda, teatr dekotasiya və kino rəssamlığı sahəsində çalışaraq, Ü.Hacıbəylinin "Koroğlu" (1938), R.Qlierin "Şahsənəm" (1938) operalarının, həmçinin, "Sehrli xalat" (1964), "İstintaq davam edir" (1966) kinofilmlərinin geyim eskizlərini incə bədii zövqlə hazırlamışdı.

Rəssamın Nizaminin "Xəmsə"sinin süjetləri əsasında Buzovna Mədəniyyət Evinin foyesində yaratmış olduğu mozaik təsvirlər olduqca şairanə və lirik notlarla süslənmişdi.

Rəssamın Nizaminin əsərlərinə yaratmış olduğu məşhur eskizlər əsasında tanınmış xalçaçı-alim Lətif Kərimov süjetli xalçalar, medal sənətinin tanınmış nümayəndəsi P.Xryunov Bakıdakı Nizaminin heykəlinin postamentinə tuncdan barelyeflər hazırlamışdı.

Q.Xalıqovun çoxşaxəli bədii yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1973) fəxri adlarına layiq görülüb, xüsusi mükafat və medallarla təltif olunub. Rəssamın əsərləri ölkəmizin ən nüfuzlu muzeylərində saxlanılır, mühafizə və nümayiş olunur.

# 338 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

13:30 24 aprel 2024
Həmid Herisçinin yeni kitabı çap olundu

Həmid Herisçinin yeni kitabı çap olundu

12:30 24 aprel 2024
"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

12:00 24 aprel 2024
Tramp məşhur qrupun ilham mənbəyi oldu

Tramp məşhur qrupun ilham mənbəyi oldu

11:30 24 aprel 2024
“Yadplanetli” filminin premyerası keçiriləcək

“Yadplanetli” filminin premyerası keçiriləcək

11:00 24 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:40 24 aprel 2024
# # #