İsmayıl Şıxlının 105 illiyi münasibətilə tədbir keçirildi

İsmayıl Şıxlının 105 illiyi münasibətilə tədbir keçirildi
19 mart 2024
# 15:30

Martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105-ci ildönümü tamam olacaq.

Kulis.az xəbər verir ki, martın 18-də İsmayıl Şıxlının anadan olmasınln 105 illiyi münasibətilə Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin təşkilati dəstəyi ilə “Onun ölməyən dünyası” adlı tədbir təşkil edib. Tədbirdə tanınmış ədəbiyyat və elm xadimləri, eləcə də İsmayıl Şıxlının ailə üzvləri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən tədbirin aparıcısı - Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Azərbaycan nəsrində İsmayıl Şıxlının müstəsna rolundan bəhs edib, öz timsalında böyük ədibin gənclərin ədəbiyyata gəlişinə göstərdiyi dəstəyindən bəhs edib.

Xalq yazıçısı Anar İsmayıl Şıxlı yaradıcılığının bədii və ictimai əhəmiyyətindən danışıb, yazıçının “Ölən dünyam” romanı barədə ilk resenziyanı necə yazması, romanda haqqında bəhs edilən ana babası Xudadat bəy Rəfibəyov barədə arxiv sənədlərinin əldə edilməsinə necə köməklik göstərdiyini yada salıb.

“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov Qazax mahalından çıxan böyük ədiblər pleadasından söz açaraq burada İsmayıl Şıxlı zirvəsini ayrıca qeyd edib, hər il martın 21-də ictimai birliyin təşkilatçılığı ilə Səməd Vurğunun, İsmayıl Şıxlının, Mehdi Hüseynin və digər görkəmli söz ustalarının Fəxri Xiyabanda anım mərasimlərinin keçirildiyini diqqətə çatdırıb.

İsmayıl Şıxlının tələbəsi olmuş Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı öz çıxışında böyük ədibin həm də böyük pedaqoq olduğunu, tələbələrə necə həssaslıqla, qayğıyla yanaşdığını qeyd edib.

Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid İsmayıl Şıxlının ədəbiyyatda qoyduğu ənənələrdən, eləcə də onun sərgilədiyi vətəndaş mövqeyindən danışıb.

“Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə İsmayıl Şıxlı ilə bağlı xatirələrini bölüşüb, jurnalda birgə çalışdıqları dönəmdə onun necə tələbkar olduğunu, boz ədəbiyyatın dərc edilməməsi naminə kimlərlə üz-üzə qaldığını dilə gətirib.

Şair, publisit Əkbər Qoşalı İsmayıl Şıxlı yaradıcılığının türk dünyasında əks-sədasına toxunub, onun nəsrini vətəndaş nəsri, vətənpərvərlik nəsri adlandırıb.

İsmayıl Şıxlının tədqiqatçıları - professorlar Təyyar Salamoğlu və Mahmud Alamanlı, eləcə də ədəbiyyatşünas Məti Osmanoğlu, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu ədibin yaradıcılığının xarakterik xüsusiyyətlərindən söz açaraq onun ədəbiyyat tariximizdəki xüsusi rolunu qeyd ediblər.

Xalq artisti Həmidə Ömərova “Dəli Kür” romanının yeni nəslə düzlük, comərdlik, mübarizlik kimi xüsusiyyətləri aşılamasından danışıb, professor Qulu Məhərrəmli “Ölən dünyam” romanını İsmayıl Şıxlı yaradıcılığının kulminasiyası hesab edib.

İsmayıl Şıxlı yadigarı - Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ailələri adından tədbirin təşkilatçılarına və gələn qonaqlara minnətdarlıq bildirib, atasının ömür yolundan, ömrünün son günlərindən danışıb, onun çox ağır xəstə olmasına rəğmən “Ölən dünyam” romanını necə bitirməsini və son nöqtəni qoyduqdan sonra “indi rahat ölə bilərəm” kəlmələrini söyləməsini kövrək notlarla dilə gətirib.

Qeyd edək ki, tədbirdə həm də böyük yazara həsr edilmiş şeirlər səsləndirilib, 105 illik münasibətilə elan edilmiş ən yaxşı esse müsabiqəsinin qalibi Nurəddin Ədiloğlu mükafatlandırılıb.

# 603 dəfə oxunub

Oxşar xəbərlər

"TANI, OXU, TANIT"  layihəsi Bakı Qızlar Universitetində

"TANI, OXU, TANIT" layihəsi Bakı Qızlar Universitetində

16:00 18 may 2024
Azərbaycanlı şair vəfat etdi

Azərbaycanlı şair vəfat etdi

14:14 18 may 2024
Feministlərin bəyənməyəcəyi tamaşa - Mirmehdi Ağaoğlu

Feministlərin bəyənməyəcəyi tamaşa - Mirmehdi Ağaoğlu

14:03 18 may 2024
İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

14:00 18 may 2024
Ədəbiyyat və həyat - Con Qolsuorsinin essesi

Ədəbiyyat və həyat - Con Qolsuorsinin essesi

13:00 18 may 2024
Beynəlxalq Muzeylər Günü  münasibətilə sərgi açıldı

Beynəlxalq Muzeylər Günü münasibətilə sərgi açıldı

12:00 18 may 2024
# # #