İş yoldaşı kassadan pulları götürüb qaçdı, iki qarətçi marketə hücum etdi – Gecə növbətçisi ilə reportaj

İş yoldaşı kassadan pulları götürüb qaçdı, iki qarətçi marketə hücum etdi – Gecə növbətçisi ilə reportaj
26 yanvar 2022
# 09:00

Kulis.az “Həyatın içindən” layihəsindən Ayxan Ayvazın marketdə gecə növbətçisi haqda yazdığı reportajı təqdim edir.

“Pulu götürüb aradan çıxdı, məni də qoydu pis vəziyyətdə”.

28 May metrosundan bir xeyli uzaqda, ortaboy ərzaq mağazasında gecə növbətçisi işləyən Eminlə iş yerinin yanındakı nəhəng yarımçıq tikilidə dayanıb siqaret çəkirik. Emin bir neçə aydır gecə növbətçisi işləyir burda və elə ilk günlər də başına gəlməyən iş qalmayıb.

“Ala, bir yerdə növbəyə çıxırdıq. Özü də mən gətirmişdim onu. Nə bilim, bunun oğraş olduğunu”.

Emin əsəbiləşib əlindəki yarımçıq siqareti qarşıdakı səkiyə vızıldadır və tələsik ikincini yandırır.

“Bu məndən sonra çıxır da növbəyə. Demək, gəlib işə. Kassanı açıb, götürüb pulu, aradan çıxıb”.

“Nə qədər pul idi?”

“150 manat. Nə qədər axtardım, tapa bilmədim. Özü də müdir də bilir ki, bunu mən çağırmışam. Yaxamdan yapışmışdı ki, onu tut gətir”.

“Nə oldu axırı?”

“Heç nə, tapa bilmədim. Axırı maaşımdan tutdular”.

Emin bunu deyib növbəti siqaretini də vızıldadır və arxasınca bir söyüş də tullayır. Gecənin tanış qaranlığı başımızın üstündə marketə giririk, Emin kassadakı yerini tutur və telefonunu çıxarıb internetə səyahət edir. Deyir, “vaxtı ancaq belə öldürə bilirəm”. Özünə Tik-tok səhifəsi açıb, arada canlıya çıxır və tanımadığı adamlarla söhbət eləyib iş vaxtını yola verir.

Gecə marketə gələn az olur: ya kimsə araq almaq üçün, ya da fors-major hallar üçün Eminin qapısını döyür.

“Harda qəribə adam var, məni tapır” – deyir və gülümsünür, özü də “qəribə” sözünü sizə görə dəyişdirirəm, əslində orda da söyüş vardı.

“Kimlər gəlir gecə vaxtı?”

“Hər cür adam. Narkoman, alkaş, yolunu azan”.

“Normal adam gəlmir?”

“Gəlir, ə. Niyə gəlmir? Məhəllədi də. Amma gecə vaxtı kim gəlib “produkt” alar. Ya siqaretə gəlirlər, ya arağa. Bir də gördün kimsə gəlib xeyli alver də eləyir”.

“Kim məsələn?”

“De ha, o gün Rəşad Dağlı gəlmişdi. Buralarda qalır. Həmişə gələndə də kalan pul xərcləyir. Mənə də pul verir. Belə çak-çuklar da olur”.

Emin gülür və təzədən telefonun ekranına gözünü dikir.

“Rəşad Dağlı nə alır?”

“Beş-altı paçka siqaret alır, qaqa. Bir də xırım-xırda şeylər. Mənə də 5-dən, 10-dan verib gedir. Sağ olsun!”

Hərdən bura arzuolunmaz şəxslər də gəlir. Eminin təzə-təzə işə düzəldiyi vaxt marketə iki adam girir. Nisbətən kök olan biri Eminə yaxınlaşıb telefonu ona uzadır:

“Qaqaş, sənlə danışmaq istəyirlər”.

Emin düşdüyü absurd vəziyyətdən tutulub qalır:

“Nə danışmaq? Kimdi ki?”

“Danış da, qaqaş. Yaxşı oğlanlardandı”.

Emin telefonu qulağına aparır və oradakı yad səs belə deyir:

“O gələn iki oğlan var ha...”

“Hə...”

“Onlara yüz manat ver, kassadan. Sabah mən gətirib verəcəm”.

“Qaqaş, mən səni tanımıram. Heç bunları da tanımıram. Tanımadığım adama necə pul verim?”

“Narahat olma, sabah qaytaracağıq. Çox vacibdir”.

“Başa düşdüm e, qaqaş. Amma alınmaz. Sonra müdir də baş-beynimi aparar. Kasıb adamam, uşağım filan var. O pulu geri qoya bilməsəm başım ağrıyar”.

“Deyirəm, narahat olma da. Sən pulu ver...”

Söhbət bu minvalla getdiyi vaxt mağazaya girmiş iki şəxs də çöldə siqaret çəkir, arada çönüb Eminə baxır, onun qırımından razı qalıb-qalmadığını müəyyən eləmək istəyirlərmiş.

“Nə oldu, qaqa? Verirsən pulu?” – telefon danışığından sonra o iki yad adamdan biri soruşub.

“Yox e, qaqa. Mənlik deyil”.

“Ay qaqa, bu məhəllədə hamı bizi tanıyır. Özünə problem yaratma”.

“Nə problemi?”

“Xoşluqla ver”.

Emin vəziyyətin daha da absurdulaşacağını düşünüb müdirinə zəng edib. Zəng etmədən əvvəl də kassanı bərk-bərk bağlayıb. Həmin iki nəfər onun telefonda kiməsə zəng elədiyini görüb:

“Ayıbdı, ala. Yüz manatın söhbətini eləyirsən... Yaraşmır e, ətağa” – deyib sürətlə marketdən uzaqlaşıblar.

Emin bu əhvalatın sonunda o marketə girənlərdən birinin tez-tez şalvarının arxasına əlini soxduğunu və yəqin ki, oradan bıçaq (bəlkə də, silah) çıxaracağını düşünüb qorxuya düşübmüş. Sonradan kameraya düşən həmin iki şəxsə baxa-baxa onların niyə bu cür absurd bir işin içinə girdiklərini anlaya bilməyibmiş.

“Kamera var, ətrafda evlər. Hamı bir-birini tanıyır. Bunlar nə ağılla gəlib pul istəyirdilər, başa düşmürdüm. Özü də buranın adamları deyilmiş. Nəsə ayrı yerdən gəlibmiş. Şükür, sağ-salamat qurtardı canım. Az qalmışdı zibilə düşüm”.

Marketə deyə-gülə yeniyetmə uşaqlar girir:

“Qaqaş, bizon ver də. Bir də çipsi”.

“Neçə dənə?”

Danışan yeniyetmə içəriyə girənləri saymağa başlayır: “Bir, iki, üç... Sən istəyirsən, ala?” Dördüncü yeniyetmə başını “yox” mənasında sallayır.

“Üç dənə ver də, yetim”.

“Üç bizon?”

“Hə, bizon”.

“Bəs çipsi?”

“Çipsi qalsın e, qaqaş. Nisyə var?”

“Yox, qaqaş”.

Emin onların istədiklərini piştaxtaya düzüb qalığı qaytarır və dörd yeniyetmə təzədən deyə-gülə marketdən çıxırlar.

“Gecə elə adamlar gəlir ki, çaşıb qalırsan. O günü biri gəlib deyir, qaqaş, mənə dimidrol ver də. Deyirəm, ala, bura aptekdi? Deyir, olmamış olmaz, bir bax da. Hər cür adam var da”.

“Saat neçəyə kimi burda olursan?”

“6-ya kimi. Sonra o birisi gəlir”.

“Yuxun gəlmir?”

“Yox e. Tik-tokda zadda qurdalanıram, vaxt gedir də”.

Gecə düşəndə, hər yer susqunluğa gömüləndə Emin marketdəki sükutun içində əlində telefon internetdə gəzişə-gəzişə müştəri gözləyir. Müştəri isə gəlmək bilmir. Hərdən-hərdən çöldən bir-iki adamın əsəbi qışqırtıları, bir-iki itin bekara hürüşü, üç-dörd quşun qanad çırpınışı eşidilir. Marketin yaxınlığındakı binanın pəncərələri çoxdan gözlərini yumublar. Yavaş-yavaş Eminin də göz qapaqları jalüz kimi enir və o yuxusunda ucsuz-bucaqsız səhrada qalıb, əlində də telefon, telefonda da Tik-Tok.

“Emin, Emin!” – onu oyadıram.

“Hay! – deyib gözlərini açır, ancaq hələ də yuxunun içindədir. – Nə olub?”

Təzədən yuxuya gedəndə əlindəki telefona baxıram: Tik-tokda canlı yayım açıb və onun tək-tük izləyiciləri Eminin yuxulamağı ilə bağlı bir-iki zarafat yazıblar. Gecə qapını döyür, şəhər mürgüləməkdə...

# 1421 dəfə oxunub

Oxşar xəbərlər

# # #