İlk sınaq - Orxan İsmayılovun hekayəsi

İlk sınaq - Orxan İsmayılovun hekayəsi
11 mart 2026
# 10:30

Kulis.az Orxan İsmayılovun "İlk sınaq" hekayəsini təqdim edir.

- Elşad!

- Gəlirəm!

Oğlan bir anda yerindən sıçrayıb çarpayıdan düşdü. Artıq yarım saat idi ki, uzanmış, anasının səsini gözləyirdi. Həyəcan gecə boyu onu dəfələrlə yuxudan eləmişdi. Anasının oyanıb aşağı düşdüyünü, az sonra isə atasının ağır, aramlı addımlarını eşitmişdi. Mətbəxlə dəhliz arasında gedib-gəldikcə pıçıldaşmalar, kağız xışıltısı, nəlbəkiyə toxunan fincanların incə cingiltisi, dolu çaydanın qapağı yerinə oturanda çıxan o boğuq səs - hamısı qulağındaydı. Anası pilləkənin qapısını açanda qapının o tanış cırıltısını da duymuşdu.

- Hazıram! - deyə səbirsizcə cavab verdi.

Anası hələ adını çəkib qurtarmamış, Elşad artıq şalvarını ayağına keçirmişdi. Qadın mətbəxə çatmamış oğlan artıq qarşısında hazır-nazir dayanmışdı.

- Bu gün yaman tez oyanmısan, - deyə anası təəccüblə gülümsədi.

Həmişə gərək onu neçə kərə səsləyəydin. Yenə də gecikir, məktəbə qaça-qaça gedirdi; əlində dişlədiyi bir parça çörək, üst-başı da toz-torpaq içində... Anası da hər kəsə gileylənərdi ki, bəs "bu uşaq yuxudan doymur ki, doymur". Amma bu səhər başqa səhər idi. Daha məktəb geridə qalmışdı. O, işə gedirdi. Artıq uşaq deyildi, evə çörək gətirən bir kişi olacaqdı.

Yumru sifətli, şirin baxışlı anası hər şeyi başa düşürmüş kimi mənalı-mənalı gülümsədi:

- Yəqin bu günün hökmü başqadır, ona görədir...

Elşad dillənmədi. Dəhlizə keçib üzünə soyuq su çilədi, saçlarını səliqəyə saldı. Ucaboylu, xoşsima, həm də zərif bir oğlan idi. Qonur rəngli iri və ifadəli gözləri vardı.
Yenidən mətbəxə qayıdıb geyimini tamamladı. Pencəyinin altından ağardılmamış kətanı xatırladan qısa suvaqçı köynəyini geyindi. Güzgünün qabağında dayanıb düymələrini bərkitdi, özünə boylanıb fərəhlə baxdı. Üzünə qəribə bir təbəssüm qondu. Papağını bir az arxaya, bir az da yana əyib başına elə qoydu ki, görənlər "mərd oğlandır" desin. Anasının süzdüyü çayı götürüb, qaynar-qaynar, xırda qurtumlarla, həzz ala-ala içməyə başladı.

Atası Əlövsət həyətdən içəri girdi.

- Hazırsan? - soruşdu.

Qırmızısifət, çal bığlı, yekəpər bir kişi idi. İş köynəyinin hər tərəfi mala ilə vurulmuş suvağın qəhvəyi-ağ ləkələrinə bələnmişdi. Masanın üstündən bükülü iki pay yeməyi, iki qənd-çay bağlamasını götürüb ciblərinə basdı.

- Yeməyini götür, yola düşək, - dedi.

Elşad fincana üfürə-üfürə çayın qalanını birnəfəsə içdi. Sonra azuqəsini cibinə qoyub, masanın altından atasının onun üçün aldığı alət çantasını çıxardı. Çantanı çiyninə aşırıb hazır olduğunu bildirdi.
Anası arxadan səsləndi:

- Ağıllı ol, böyük-kiçik yeri bil, deyilənə qulaq as...
- Yaxşı da, ana, - Elşad qısa kəsdi.

Anasının bu nəsihəti onu bir az hirsləndirmişdi. Axı o, daha uşaq deyildi, onunla bu tonda danışılacaq yaşını çoxdan keçmişdi.

Sakit küçə ilə aşağı enərkən atasına çatmaq üçün iri addımlar atır, onunla ayaqlaşırdı. Hər ikisi susurdu. Yalnız Əlövsəti tanıyan bir-iki adama rast gələndə ayaq saxlayırdılar. Belə məqamlarda Elşad böyüklər kimi ağır-ağır baş əyib, qısa bir “Sabahınız xeyir” deyirdi. Özünü çox vacib, önəmli bir adam sayırdı. Bu, həyatının yeni səhifəsi, çoxdandır yolunu gözlədiyi o böyük gün idi. O da atası kimi suvaqçı olacaqdı, özü də elə-belə yerdə yox, atasının qanadının altında işləyəcəkdi. Axı Əlövsət ustabaşı, müdir idi. Elşad da müdirin oğlu! Tikintidə ona xüsusi hörmət edəcəkləri gün kimi aydın idi.

"Müdirin oğlu!" - bu fikir ürəyini iftixarla doldurur, nəbzini sürətləndirirdi. Görəsən, ona “müəllim” deyə müraciət edəcəkdilər? “Müəllim” çağırılmaq ləzzət edərdi... Amma o, ürəyində qərar vermişdi: lovğalanmayacaq, hamı ilə mehriban davranacaq, müdir oğlu olduğunu qabartmayacaqdı. Yoldaşcanlı olacaq, onlardan biri kimi görünməyə çalışacaqdı.

Küçənin başında avtobusa mindilər. Yan-yana oturdular. İyirmi dəqiqə sonra düşüb tikintiyə tərəf piyada yollandılar. Yarımçıq qalmış evlərin cərgəsi ilə uzanan palçıqlı, nahamar yolla getdikcə oğlanın vüqarı daha da artırdı. Atasına başı ilə salam verən, yaxud ayaqüstü kəlmə kəsən fəhlələrin salamını o da ciddi bir görkəmlə alırdı. Hiss edirdi ki, hamı ona baxır, onun haqqında danışır. Yəqin pıçıldaşırlar ki, “bax, müdirin oğludur”. Çoxu artıq bilirdi ki, Əlövsət oğlunu yanına gətirib.

Birlikdə tikilməkdə olan evin geniş bir otağına girdilər. İçəridə cəmi on iki nəfər yığışmışdı. Bunlar Əlövsətin işçiləri idi. Elşadın daxilində bir təəccüb, bəlkə də xəfif bir məyusluq yarandı. Cəmi on iki nəfər?

O elə bilirdi ki, atasının tabeliyində qoşun-ləşkər var. Atasının hər dəfə “mənim işçilərim” deyə ağızdolusu danışığından elə zənn etmişdi ki, ən azı yüz nəfərə başçılıq edir.

- Sabahınız xeyir, - deyə Əlövsət dilləndi.

- Sabahın xeyir, Əlövsət! - deyə hamı bir ağızdan cavab verdi.

Fəhlələrin atasına sadəcə adıyla müraciət etməsi Elşada yer elədi. Bu qədər səmimilik ona qəribə gəlirdi. Məgər onların müdiri olması heç nəyi dəyişmirdi?

Adamlar iki-üç nəfərlik qruplarla dayanıb şirin-şirin söhbət edir, siqaret sümürürdülər. Əlövsət bayıra çıxanda Elşad çaş-baş qaldı: dalınca getsin, yoxsa burada gözləsin? Qapının ağzında eləcə donub qalmışdı; alət çantası hələ də çiynindən asılı idi.

- Çantanı yerə qoy, bala, - adamlardan biri ona tərəf boylandı. - Qoy ki, canın dincəlsin.

Elşad dillənən kişiyə baxdı. Bir fəhlənin ona “bala” deməsi bir az izzəti-nəfsinə toxunsa da, kişinin mehriban səsindəki istilik bu narahatlığı yudu, apardı. Gülümsəyib çantanı yerə qoydu.

- Suvaqçı olacaqsan? - deyə kişi soruşdu.

- Hə, - Elşad qısa cavab verdi.

Kişi başını tərpədib boş kaminin içinə sərrast bir tüpürcək atdı.

Elə bu vaxt kimsə iti bir fit çaldı. Hamı bir nəfər kimi bayıra axışdı. Elşad da qapıya yaxınlaşıb çölə boylandı. Atası torpaq bəndin üstündə dayanıb adamlara göstəriş verir, kimin harada işləyəcəyini deyirdi.

Hamını yerbəyer edəndən sonra cibindən balaca, qırmızı bir dəftər çıxarıb nəsə qeyd elədi.

Az sonra dəftəri yenidən cibinə basıb oğlanın dayandığı evə qayıtdı:

- Götür alətlərini, - dedi, - gəl ardımca.

Elşad çantasını qapıb atasının dalınca düşdü. Dörd-beş evin yanından keçdilər. Elşad içəridə artıq işə girişmiş suvaqçıları görürdü. Mala ilə yumşaq məhlulu divara elə bir ahənglə yayırdılar ki, oğlanın heyranlıqdan ağzı açılıb qalmışdı. Bir cütlüyün əl qabiliyyətinə baxa-baxa bir az geridə qalmışdı ki, atasının səsi onu yuxudan ayıltdı:

- Bura gəl! - deyə Əlövsət qışqırdı.

Oğlan tələsik ona çatdı. Əlövsət bir evin içinə girib pilləkənlərlə yuxarı qalxdı. Elşad da daban-dabana onun ardınca...

Yuxarı mərtəbə hələ geniş bir salonu xatırladırdı; arakəsmə divarlar hörülməmişdi, tavan yox idi. Döşəmənin üstünə dəzgahlar, altlıqlar və taxtalar düzülərək müvəqqəti iskələ qurulmuşdu. Qarşı tərəfdə iki suvaqçı kürək-kürəyə verib tavanın tirinə lat mıxlayırdılar. Onlardan biri elə sürətlə işləyirdi ki... Sol əlini iş köynəyinin cibinə salıb bir ovuc mıx çıxarır, barmaqlarının arasında onları eyni istiqamətdə düzür və bir neçə saniyəyə hamısını yerinə oturdurdu. Mıxları barmaqları arasında elə oynadırdı ki, saymağa macal tapmırdın. Əli bir dəfə cibinə girirdi, bir də baxırdın ki, bütün mıxlar artıq taxtadadır. Elşad gözlərini bu "sehrbazlıqdan" çəkə bilmirdi.

Əlövsət artıq iskələnin üstünə dırmaşmışdı.

- Orada heybətlənib qalma, - dedi. - Gödəkçəni çıxar, çantadan lat çəkicini tap.

Elşad gödəkçəsini pəncərə çərçivəsindəki mıxdan asdı, tələsik çantasını eşələdi.

- Hansı çəkicdir? - deyə soruşdu.

- Orada cəmi bir dənə çəkic var, - Əlövsət tərs-tərs baxdı. - Gözlərini dörd aç, yaxşı bax.

Elşad çəkici çıxardı. Bir ucu işlənməkdən yeyilmişdi, o biri tərəfi isə balta kimi itilənmişdi - tirdən artıq qalan taxta uclarını kəsmək üçün.

- Cibinə bir-iki ovuc mıx doldur, - Əlövsət dedi, - sonra da qalx bura.

Elşad cibini mıxla doldurub iskələyə dırmaşdı. Uzun taxtaların üstündə ehtiyatla addımlayırdı; taxtalar onun çəkisi altında yay kimi əyilib-qalxır, ayağının altından qaçırdı.

- Muğayat ol! - deyə Əlövsət xəbərdarlıq etdi. - Yoxsa yıxılıb bir yerini sındırarsan, iş qalar bir kənarda, düşərik sənin dərdinə. İndi mənə bax.

İskələnin üstünə bir neçə bağlama lat (suvaq taxtası) qoyulmuşdu. Əlövsət bağlamalardan birinin kəndirini kəsib, yarısını küncdəki dayağın üstünə səliqə ilə düzdü. Sağ əli ilə bir lat götürərkən, sol əliylə cibindən iki mıx çıxarmağı bir oldu. Latı tirlərə dirəyib iki yerdən mıxladı, bir ucunu isə hələlik boş saxladı. Taxtanı əlinin arxası ilə bərkidib mıxın başına yüngülcə vurdu, əlini çəkən kimi ikinci zərbə ilə mıxı yerinə oturtdu. Bütün bunlar elə sürətlə baş verdi ki, elə bil tək bir hərəkət idi. Sonra növbəti latı götürdü, yenə cibindən iki mıx çıxdı... Aradakı məsafəni düzgün saxlamaq üçün orta barmağını şablon kimi istifadə edirdi. Elşad atasının əllərindəki bu çevikliyi heyranlıqla izləyirdi.

- Belə bacararsan? - deyə Əlövsət gözaltı oğluna baxdı.

- Hə, nə var ki burada... - Elşad özündən əmin halda dilləndi.

- Onda hünərini göstər görək.

Elşad bir lat götürüb tirə dirədi.

- Mıxların hanı bəs? - Əlövsət soruşdu

Elşad latı yerə qoyub təzədən cibini eşələməyə başladı. Hər iki əli ilə mıxları birtəhər düzəldib tutmaq istəyirdi. Latı yenidən qaldırdı.

- Yaxşı, bəs çəkic haradadır? - atasının səsi yenə eşidildi.

Oğlan pərt halda çəkici götürdü.

- İndi bax, - Əlövsət nəsihətə başladı. - Latın ucunu divara sıx dirə. Düz saxla ha! Bax, bu başı aralı qaldı... Ay sağ ol, indi yaxşıdır. Mıxın başına yüngülcə tıqqıldat... İndi birini də möhkəm vur! Mıxı vur ey, barmağını yox, ay işbilməz! Vur dedim! Bir dəfə vur da! Ay Allah, sən bizə səbir ver, hələ neçə dəfə döyəcləyəcəksən onu? Tirin canını aldın ki! Bayaq deyirdin bacarıram... Çəkil kənara, bir də bax.
Atası bir də göstərdi. Oğlan yenə cəhd elədi, yenə hər şeyi tərs-mütənasib gördü. Üç dəfə mıxın başına vurmaq istəyəndə çəkic barmağının ucuna dəydi, canından od çıxdı. Qollarını yuxarı tutmaqdan çiyinləri qovrulur, boynu quruyur, ayaqları əsirdi. Amma inadından dönmədi. Nəhayət, bir latı düzgün mıxlamağı bacardı.

- Necədir? - deyə atasından soruşdu. Üzündə həm ağrı, həm də fəxr qarışıq bir ifadə vardı.

- Pis deyil, - atası qısa kəsdi. - İşin başını tutdun. Davam elə.

İskələdən aşağı enərkən əlavə etdi:

- Gözün tərəzidə olsun, əyriliyə yol vermə.

Atası uzaqlaşan kimi Elşad qollarını yanına salıb dərindən bir "of" çəkdi.

- Darıxma, tez öyrəşəcəksən, - deyə o biri suvaqçılardan biri səsləndi.

Elşad ona gülümsədi. Təxminən qırx yaşı olardı. Ucaboylu, qarayanız bir adam idi, şux və mehriban baxışları vardı. Bu, onun az əvvəl boş ucları mıxlayarkən heyranlıqla baxdığı kişi idi. Cibindən on mıx çıxarıb beş saniyədən də az vaxtda hamısını yerinə vurdu. Çəkicini barmaqları arasında fırlatdı, papağını başının arxasına itələdi və göz vurdu.

- Bu, bir az da Allah vergisidir, - dedi.

Onun balacaboy, enlikürək yoldaşı isə burnunu çəkib təsdiqlədi:

- Bu Aqil bir möcüzədir, vallah. İnanmazsan, amma tilsimlidir bu gədənin əlləri!

Aqil Elşada cəld bir söz atdı, sonra hər iki usta zarafatla bir-birini "haqlamağa", məzəli şəkildə sancmağa başladılar; amma əlləri bir an belə dayanmır, işləri ahənglə davam edirdi. Elşad da yenidən bir lat götürdü; onun çəkicinin yavaş, tərəddüdlü tıqqıltısı ustaların sürətli və qəti zərbələrinə qarışdı.

Bir neçə dəqiqə keçmişdi ki, pilləkənlərdən gələn addım səsləri bir qışqırığa qarışdı:

- Çay qablarını, qəndi-çayı verin gəlsin!

Aqil dərhal iskələdən atılıb həm özünün, həm də yoldaşının çay ləvazimatını fəhləyə uzatdı.

- Səninki hanı, bala? - deyə Elşaddan soruşdu.

- Çantamdadır, - oğlan dedi. - Çayla qənd də gödəkcəmin cibindədir.

- Tez elə, ver, - deyə qalınsəsli fəhlə səbirsizləndi, - yoxsa çaysız qalacaqsan, demədi demə!

Elşad aşağı düşüb əşyaları fəhləyə verdi; o isə ləvazimatları qapıb dərhal aşağı qaçdı.

- Bu dəfə mənimkini adam kimi dəmlə! - deyə Aqil onun arxasınca qışqırdı.

Cavab gəlmədi. Aqil yoldaşına tərəf dönüb gileyləndi:

- Keçən dəfə gətirdiyi elə bil kartof suyu idi, nə dadı vardı, nə tamı.

Yoldaşı bığaltı güldü.

Bir müddət də işlədilər, sonra yenidən fit səsi eşidildi. Aqillə yoldaşı dərhal çəkicləri kənara qoyub iskələdən tullandılar.

- Gəl, bala, - Aqil Elşadı səslədi, - qarın qardaşdan irəlidir, səhər yeməyinin vaxtıdır.

Göz qırpımında hər üçü aşağıdakı otağa yetişdi. Çayı qaynadan fəhlədən başqa içəridə bircə Əlövsət var idi. O, gələnləri qaşqabaqla qarşıladı:

- Yaman tələsdiniz, deyəsən? - deyə mızıldandı.

Aqil dərhal çəmkirdi:

- Fit çalındı da, eşitmədin?!

Elşadın ağzı açıq qaldı. "Vay, indi qiyamət qopacaq!" - deyə düşündü. Kim görüb ki, işçi öz müdirinə bu tonda cavab qaytarsın? Amma onu ən çox sarsıdan atasının susması oldu. İçindən acı bir məyusluq keçdi; axı o, atasını elə bir heybətli müdir sanırdı ki, bircə kəlməsi ilə hamını mum kimi eləyər, tir-tir əsdirərdi. Sən demə, heç də elə deyilmiş... Hamı atası ilə istədiyi kimi danışır, onu özləri kimi sıravi bir işçi sayırdılar.

Elşad gedib Aqilin yanında, döşəmədə bardaş qurub oturdu. Kaminin qabağında sırayla düzülmüş çaydanlardan özününkünü seçib qabağına qoydu. Az sonra otaq adamla doldu. Hamı çayını "hört-hört"lə sorub başına çəkir, iştahla yemək yeyirdi. Əlövsət isə lat qırıntılarından çatılmış gur ocağın qarşısında, tərsinə çevrilmiş bir vedrənin üstündə əyləşmişdi. Cib bıçağı ilə ucunu sivriltdiyi bir ağac parçasına iri bir ət tikəsi taxıb kabab eləyirdi. Ət bişib yağı axanda onu bir dilim quru çörəyin üstünə qoyub yeməyə başladı; yağ dodaqlarına, bığına, çənəsinə yayılırdı.

Elşad bu mənzərəyə baxdıqca daxilində qəribə bir ikrah hissi baş qaldırdı. Atasına bəslədiyi o böyük hörmət, o sonsuz heyranlıq elə həmin ancaq sabun köpüyü kimi sönüb getdi. O, heç "müdir" deyilmiş ki...
Fit yenidən çalınanda adamlar tələsik çay qablarındakı son damcıları da sorub otağı tərk etdilər. Elşad yavaşca atasının yanına gəlib soruşdu:

- Lat vurmağa davam edim?

Əlövsət qəfil ona tərəf dönüb bozardı:

- Sənin başqa iş-gücün yoxdur bəyəm?! Get, işinin dalınca! - deyə bağırdı.
Elşad geri döndü. Aqillə yoldaşı artıq yuxarıdakı evdə idilər; yenidən işə girişmişdilər. Oğlanın boğazı elə göynədi ki, az qaldı hönkürüb ağlasın.

- Nə olub, bala? - deyə bir azdan Aqil soruşdu. - Rəngin-ruhun qaçıb.

- Hər şey qaydasındadır, - Elşad güclə dilləndi.

- Darıxma, öyrəşərsən, - Aqil təsəlli verdi.

Bir saat yarım demək olar ki, sükut içində işlədilər; yalnız çəkiclərin taqqıltısı eşidilirdi. Aqil iskələnin o başına-bu başına keçib Elşada taxtaların harada işlədiləcəyini, tirdən çıxan ucların necə "kəllələnəcəyini" göstərirdi. Bunlar oğlanın hələ tanış olmadığı sirlər idi. Elşad bu qısa fasilələrə şükür edirdi; qolları elə sızıldayırdı ki, sanki çiyinlərindən qurğuşun asılmışdı. Hərdən dözə bilməyib qollarını bir neçə saniyəlik yanına salırdı ki, canına can gəlsin.

Birdən Əlövsət yuxarı qalxdı, qaşlarını düyünləyib ətrafa nəzər yetirdi:

- Bu yuxarını hələ nə qədər latlayacaqsınız? - deyə acıqla soruşdu.

Aqil elə bil ildırım vurmuş kimi yerində quruyub qaldı:

- Hələ heç yarısını da qurtarmamışıq! - deyə etiraz etdi.

- Onda bir az əl-ayağınızı tərpədin, - Əlövsət acıqlı-acıqlı dedi. - İndi burda üç nəfərsiniz, gərək iş uçsun.

Aqil başı ilə Elşadı göstərdi:

- Səncə, bunun gördüyü iş nə qədərdir ki?

- Hər halda gördüyünü söküb yenidən eləmirik, - Əlövsət mızıldanıb aşağı düşdü.

- Dəlidir, vallah, dəli! - Aqil dişlərinin arasından pıçıldadı və hiddətini çəkicdən çıxarmış kimi daha sürətlə vurmağa başladı.

Nahara yarım saat qalmış səhərki fəhlə gəlib Elşada dedi:

- Atan dedi, çayı qaynatmağı sənə tapşırım.

Elşad sevindi. "Təki bu işdən canım qurtarsın" - deyə düşündü. Çəkicini taxtanın üstünə qoyub fəhlənin dalınca bayıra çıxdı.

- Ocağı qalamışam, - fəhlə dedi. - Allah xatirinə, çay qablarını qarışdırma, yoxsa tufan qopar!

- Arxayın ol, qarışdırmaram.

Elşad çay qablarını kranın altında bir-bir yaxaladı, kaminin küncünə yığılmış lat qırıntılarından ocağa əlavə etdi. Altı qabın hamısını kaminin divarındakı mıxlardan asdı. Alov bacadan uğultu ilə qalxsın deyə durmadan ocağa taxta atırdı. Bu iş xoşuna gəlmişdi. Qablardan birində su artıq qaynayırdı. Elşad bir taxta parçası ilə qabı götürüb yerə qoydu. Çay və qənd paketlərindən birini əlinə aldı. Amma elə həmin an beyninə qara bir fikir saplandı: bu paket hansı qabındır? Paketləri qablara görə ayırmaq əvəzinə hamısını yerə, bir-birinin üstünə atmışdı. İndi nə etsin?
Bir dəqiqə tərəddüd içində donub qaldı. Sonra qəfil bir qərara gəlib paketi əlindəki ilk qaba boşaltdı. "Nə olacaqsa, olsun" - deyə ürəyində pıçıldadı.

Beş dəqiqə keçməmiş hamı nahar üçün içəri doluşdu. İlk işləri də öz çay qablarını axtarmaq oldu.

- Bu mənimki deyil! - deyə az sonra onlardan biri bağırdı.

- Bu da mənimki deyil!

- Bunu kim dəmləyib, ə? - kimsə hiddətlə soruşdu.

Hamının gözü səhərki fəhləyə dikildi.

- Mənə elə baxmayın, - deyə o, özünü təmizə çıxardı, - mən əlimi də vurmamışam.

- Bəs kimdir bu işin baiskarı?

Otağın ən küncündə büzüşən Elşad susurdu. Başını qaldırmağa cürəti çatmırdı. Birdən qulağının dibində elə bir şillə dəydi ki, papağı uçub yerə düşdü, gözlərindən od çıxdı. Başını qaldıranda atasının ondan uzaqlaşdığını gördü.

- Bir də belə xəta olmayacaq, - deyə Əlövsət adamlardan üzrxahlıq etdi. Sonra əlinin arxası ilə gözlərini silən, rəngi ağappaq ağarmış, baxışları titrəyən oğluna tərəf dönüb acıqlı-acıqlı əlavə etdi: - Ağlamağı kəs, keç otur yeməyini ye!

- Ayıbdır, Əlövsət, uşağa niyə əl qaldırırsan? - deyə adamlardan biri dilləndi.

Əlövsət cavab vermədi, qaşqabağını töküb yerinə oturdu.

Otağa ağır bir sükut çökdü. Fit səsi yenidən eşidiləndə Aqil Əlövsətə tərəf dönüb yuxarıdakı işi bitirdikləri barədə məlumat verdi. Əlövsət razılıqla başını tərpətdi:

- Lap yaxşı. Keçin növbəti hissəyə.

Elşad artıq atasının yanına getməyə qorxurdu.

- Mən nə edim? - deyə Aqildən soruşdu.

- Məncə, aşağıdakı ön otaqdan başlasan yaxşıdır, - Aqil mehribanlıqla dedi. - Gəl, yüklərini endirməyə kömək edim.

Birlikdə latları, dayağı, mıx torbasını və oğlanın alətlərini aşağı daşıdılar. Aqil ona işin başlanğıcını göstərib yenidən yuxarı, yoldaşının yanına qalxdı. Elşad çəkicini ağır-ağır əlinə aldı.
Günün ikinci yarısı Elşadın ömründə keçirdiyi ən uzun, ən üzücü vaxt oldu. Aqilin iki dəfə aşağı düşüb baş çəkməsini çıxsaq, tamamilə tək qalmışdı. Atası nəinki yanına gəldi, heç qapıdan başını da uzatmadı. Oğlan onu günortadan sonra bir dəfə torpaq bəndin üstündə gördü; amma bir neçə dəqiqə sonra boylananda Əlövsət artıq orada yox idi.

Saatlar ağır-ağır ötdükcə oğlan elə yorulurdu ki, ürəyi bulanmağa başlamışdı. Bədəni əsirdi. Belinin, çiyinlərinin əzələləri elə düyünlənmişdi ki, sanki bədəni qıc olmuşdu. Çəkiclə şəhadət barmağına o qədər vurmuşdu ki, dərisi soyulmuş, əti görünürdü; barmağını bərk-bərk sıxır, hər toxunuşda canı yanır, diksinirdi. Çəkic zərbələrindən qalxan toz-torpaq gözlərinə dolmuşdu; gözləri elə göynəyirdi ki, zorla açırdı.
Nə etdiyini tam dərk etmədən, hər dəqiqəbaşı qollarını yanına salıb nəfəsini dərərək düşünürdü: "Cəmi üç gün əvvəl sinif yoldaşlarımla eyni otaqda oturmuşduq... Görəsən, indi nə edirlər?" Bu gün bazar ertəsi idi, saat da dördü haqlayırdı. Son dərs vaxtı idi. Bazar ertəsinin sonuncu dərsi nə olurdu? Uzun müddət xatırlaya bilmədi; ağrıdan hissləri kütləşmişdi.

"Tarix! Əlbəttə ki, tarix!" Elşadın tarixdən zəhləsi gedirdi. Rəqəmləri heç vaxt yadda saxlaya bilmirdi, hökmdarların adını həmişə səhv salırdı. Sinifdə tarixdən axırıncı olan həmişə o idi. Amma indi... İndi kaş ki, o partanın arxasında olaydı! İndi can-başla oxuyardı! Tarixləri mütləq düz deyərdi. "Hamısını düz deyəcəyəm!" - deyə öz-özünə pıçıldadı. Sanki gələn bazar ertəsi yenə öz yerində oturacaqmış kimi... "Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsi... Çaldıran döyüşü... Amasya sülhü... Xeyri yox idi. Ən asan tarixlər belə beynindən uçub getmişdi. Tozlu divarların arasında tək-tənha qalmışdı.

Daha dözə bilmirdi... Bitmişdi hər şey. Gözləri yaşla dolmuşdu, ətrafı dumanlı görürdü. Elə bu an beynindən vəhşi bir fikir keçdi: elə bil atası ona bilərəkdən əzab verirdi. "Məni öldürmək istəyir!" - deyə ürəyində fəryad qopardı. "Məni öldürəcək! Öləcəyəm!" Yorğunluq və özünə yazığı gəlməsi hissi qəlbini elə sıxdı ki, tab gətirə bilməyib iskələnin üstünə çökdü və hıçqıra-hıçqıra ağladı.

Amma bir azdan özünü topladı, gözlərini sildi və yenidən çəkicə sarıldı. Atasına sübut edəcəkdi, hamısına göstərəcəkdi ki, o da kişi kimi dözməyi bacarır. Lakin qolunda taqət qalmamışdı, çəkici bircə saniyə də havada saxlaya bilmirdi. Tamamilə tükənmişdi.

Çəkic əlindən sürüşüb yerə düşdü. Elşad dayandığı taxtanın üstünə yavaşca çöməldi və orada, beli bükülü bir qoca kimi tərpənmədən qaldı.
Beş dəqiqə keçməmiş, uzaqlardan gələn o tanış fitin uzun səsi iş gününün bitdiyini müjdələdi. Aqil aşağı düşəndə oğlanın pencəyini də gətirib yanına qoydu.
- Hələlik! - deyə qışqırıb uzaqlaşdı.

Elşad gödəkçəni geyinib torpaq bəndə çıxdı. Atasını üç-dörd adamla birlikdə yol boyu gedən gördü və büdrəyə-büdrəyə onların dalınca düşdü.

Elşad pencəyini əyninə keçirib torpaq bəndə tərəf süründü. Atasını üç-dörd adamla yolun aşağısına gedən görüb, büdrəyə-büdrəyə onların dalınca düşdü. Avtobusa minəndə tutacaqdan elə yapışdı ki, sanki bədənini yuxarı dartmır, bir yükü sürükləyirdi. Oturacağa çökən kimi başı sinəsinə düşdü. Əlövsət dirsəyi ilə qabırğasını dümsükləyib, "evə tək gedə bilərsənmi?" deyə soruşana qədər yerindən tərpənmədi, heç dinmədi də.

Pilləkənləri birtəhər enib yola çıxdı. Evə tərəf elə yırğalanaraq yeriyirdi ki, kənardan baxan sərxoş sanardı.

Evə çatanda anası hər zamankı kimi gününün necə keçdiyini soruşdu.

- Yaxşı... - deyə mızıldandı.

Masanın arxasında yarıhuşsuz halda əyləşdi. Gözləri yumula-yumula yeməyini yedi. Anasının suallarını heç eşitmirdi də, nə dediyini bilmədən başını tərpədirdi. Çayını bitirən kimi stulun üstündəcə yuxu onu apardı.

- Dur, Elşad, - deyə anasının səsini uzaqdan eşitdi. - Get əl-üzünü yu, sonra keçib yatarsan.

- Yaxşı... - dedi, amma yerindən tərpənmədi.

- Dur da, ay bala! - deyə qadın təkid etdi.

Axır ki, birtəhər ayağa qalxıb dəhlizdəki çanağın başında yuyundu. İsti su canındakı ağrını bir az azaltsa da, yuxusunu lap ağırlaşdırdı. Bədənini yarımçıq qurulayıb özünü yataq otağına atdı. Paltarlarını ayaqlarının dibinə tökdü. Hələ yatağa uzanmamış gözləri bərk-bərk yumulmuşdu. Başı yastığa dəyən kimi dərin yuxuya getdi.

Bir neçə dəqiqə sonra - ona elə gəldi ki, bir neçə dəqiqə keçmişdi - anası onun başı üstündə dayanıb çiynindən silkələyir, səhərin açıldığını, onu beş dəfə çağırdığını və atasının artıq hazır olub gözlədiyini deyirdi.

(Yanvar, 2026-cı il)

# 120 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur qrup yenidən birləşir

Məşhur qrup yenidən birləşir

11:43 11 mart 2026
Rejissor Kventin Tarantinodan tanınmış aktrisaya sərt reaksiya

Rejissor Kventin Tarantinodan tanınmış aktrisaya sərt reaksiya

11:20 11 mart 2026
“Bu kitabı oğurlamayın” - Tanınmış  yazıçılar süni intellektin icazəsiz addımına qarşı

“Bu kitabı oğurlamayın” - Tanınmış yazıçılar süni intellektin icazəsiz addımına qarşı

11:00 11 mart 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

11:00 11 mart 2026
"Bir qadın sizdən imtina etmək istəyirsə..."  - Nadir Yalçın

"Bir qadın sizdən imtina etmək istəyirsə..." - Nadir Yalçın

10:00 11 mart 2026
Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

18:00 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər