"Gəlin kimdir ki, bəzənib tək harasa getsin?!" - Efirlərdən yığışmayan gəlin-qayınana "davaları"

"Gəlin kimdir ki, bəzənib tək harasa getsin?!" - Efirlərdən yığışmayan gəlin-qayınana "davaları"
19 yanvar 2026
# 15:06

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Son vaxtlar efirlərə baxanda elə təəssürat yaranır ki, ölkədə bütün ailə problemləri bir mövzuda cəmlənib: gəlin-qayınana münasibətləri.

Kim studiyaya çıxıb əlinə mikrofon alırsa, fərqi yoxdur - psixoloq, sənət adamı, müğənni - hamı ucdantutma ailə mütəxəssisinə çevrilir.

Cümlələr də tanışdır, elə bil əvvəlcədən razılaşdırılıb, hətta ilk baxışda görürsən ki, avazları yaxşı gəlir, amma oxuduqları “Quran”dırmı?...

Son dövrlərin populyar olan insani münasibətlərdə sərhədlər mövzusunu da əldə bayraq edib hamı ekspertə çevrilib: “Azadlıq olmalıdır”, “Qarışmaq olmaz”, “Hər kəsin öz sərhədi var”.

Amma bu qədər “düzgün” səslənən sözlərin içindən qəribə bir boşluq boylanır. Çünki efirdə danışılanlarla reallıqda yaşananlar üst-üstə düşmür.

Danışılan azadlıq çox vaxt şərtli azadlıqdır. Azadsan, amma nəyi nə vaxt edəcəyin başqalarının rahatlığına görə ölçülür. Rahat ola bilərsən, amma ailənin “narazı qalacağı” həddə yox. Bu azadlıq deyil, sadəcə köhnə nəzarətin yumşaldılmış variantıdır.

Bu yaxınlarda bir müğənni də ailədə hegemon olmadığını deyib, amma ardınca söylədikıəri nədənsə o iddiası ilə üst-üstə düşmür. Həmin müğənninin sözlərini olduğu kimi yazıram:

“Hamı elə bilir ki, mən hegemon biriyəm, gəlinlə yola getmərəm. Gəlin necə istəyir, elə də yaşasın. Hələ gəlinim yoxdur, olanda da onun işinə qarışmaram. Gəlinim bəzənsin desin ki, rəfiqəmgilə, ya da harasa tək gedirəm, onu mən də, oğlum da qəbul etməz”.

“Gəlin necə istəyir elə yaşasın” cümləsi hara, “bəzənib rəfiqələrigilə ya da harasa tək getməsin...” nədir? Bu ziddiyyətli açıqlamadan az qaldı beynim yansın. Türklərin məsəli olmasın, “Bu nə pəhriz, bu nə kələm turşusu?”.

XXI əsrin ilk kvartalını çoxdan tarixə bağışlamışıq, amma Azərbaycanda hələ də qayınana hegemonluğu aktiv (qınaqlardan qorxanda da passiv - aqressiv şəkildə) davam edir.

Evdə, ailədə harmonik münasibətləri qorumaq üçün, əlbəttə ki, ər-arvad arasında müəyyən ümumi söz birliyi, güzəştlər və razılaşmalar olur və olmalıdır.

Amma qayınanaların əlindəki stəkanda “qoqli-moqli” qarışdıra-qarışdıra rəhmətlik Nəsibə Zeynalovanın “gəlin mənim süpürgəmdir” ədaları ilə övladlarının ailələrinə müdaxilələri bitmək bilmir ki bilmir...

Sonra da deyirlər ki, niyə ailələr dağılır? Bax, səbəblərdən biri də budur...

Efirlərdə qayınanaların gəlinlərin çiyinlərinə yüklədikləri öhdəliklər çuval kimi şişir: “Gəlin anlayışlı olmalıdır. Gəlin hamıya güzəştə getməlidir. Gəlin səbr etməyi bacarmalıdır. Gəlin susub oturmalıdır...”.

Qayınanaları da bu öhdəliklərlə bağlı danışdırsan, deyəcək ki, “pis niyyətim yoxdur”. Halbuki ailə münasibətləri niyyətlə yox, davranışla ölçülür.

Efirlərdə ailənin işinə qarışmamaqdan, sərhədlərdən danışırlar, amma passiv-aqressiv davranışları və cümlələri ilə elə ən böyük “sərhəd pozucuları” qayınanalardır.

Pis məqam odur ki, efirlərdə bu söhbətləri normallaşdırırlar. Münaqişə izah olunmur, sadəcə adiləşdirilir. Problemin həlli yox, ona uyğunlaşmaq təbliğ edilir. Gəlinin narahatlığı “belə də olur”, qayınananın mövqeyi isə “təcrübə” adı altında ört-basdır edilir.

Ümumiyyətlə, məncə, ailə münasibətləri efir üçün material olmamalıdır. Mikrofon arxasında deyilənlə, evin içində yaşanan fərqlidir. Reytinq üçün deyilən cümlələr ailəni qorumur. Əksinə, illərlə yığılan narazılığı böyüdür.

Əgər efirlərdə insanların göz yaşlarından reytinq ovlayanlar, doğrudan da, fayda vermək istəyirsə, insanlara kim haqlıdır mübahisəsini yox, hər kəsin harada məsuliyyət daşıdığını anladan həqiqi münasibət ekspertlərinə yer verməlidirlər.

Çünki ailənin bağı yalnız bir tərəfin səbrinə bağlananda, gec-tez o səbir tükənir, o bağ da qırılır...

# 176 dəfə oxunub

Oxşar xəbərlər

"Mirzə Cəlil Həmidə xanımla puluna görə evlənib..." - "Molla Nəsrəddin"i sarsıdan hadisə

"Mirzə Cəlil Həmidə xanımla puluna görə evlənib..." - "Molla Nəsrəddin"i sarsıdan hadisə

16:41 19 yanvar 2026
İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na  layiq görüldü

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü

16:21 19 yanvar 2026
Tanınmış aktyordan  süni intellektə qarşı hüquqi addım

Tanınmış aktyordan süni intellektə qarşı hüquqi addım

16:15 19 yanvar 2026
Türkiyəli aparıcı barəsində həbs qərarı

Türkiyəli aparıcı barəsində həbs qərarı

15:04 19 yanvar 2026
İTV-nin Yayım Şurasına yeni namizədlər - Siyahı

İTV-nin Yayım Şurasına yeni namizədlər - Siyahı

14:58 19 yanvar 2026
İşıqların yanır, amma evdə deyilsən... - Günün mahnısı

İşıqların yanır, amma evdə deyilsən... - Günün mahnısı

14:15 19 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər