"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə
7 oktyabr 2025
# 11:30

Kulis.az Aysel Əlizadənin "Gizli Kamal" yazısının növbəti hissəsini təqdim edir.

(Əvvəli burada)

Onu deyirdim, axı, dərinlik... Qara-qışqırığın, parazit gündəmin içində əlinə qədimliklə müasirliyin elmləşdiyi kitab düşür. Ayrı bir pəncərə, ayrı ekran.

Keçən yazıda Kamal bəyin kosmik dolanbaclarından yazmışdım. Xaosdan kosmosa, bəzən də kosmosdan xaosa get-gəllərlə xoşbəxt olduğunu düşünürəm. O, eyni mövzunu həm öldürücü istehza ilə yaza bilər, həm də çox ciddi dramatikləşdirə. Elə - Gizli “Dədə Qorqud” kitabında da öydüyü Oğuz bəylərini kitabın Dədə Qorqud hissəsində bir cümlə ilə alt-üst edib. Ora gələcəyik...

Hələlik, Kamalın dərinliklə əlləşməsindən danışaq. Nədir?

Kantsayağı yanaşsaq, dərinliyi iki cür görmək olar - hisslərlə, ağılla. Məntiq elminə görə bir doğru bir yalanla birləşirsə, cavab yalan olur. Sual yaranır, niyə yalan doğrunu aparır, doğru yalanı yox? Bu, yalanın qələbəsi deyilmi? Cavabım var. Doğru elə bir ciddi qavramdır ki, ona yalan qarışanda korlanır. Doğrunun içində yalan ola bilməz. Mövzunun içində sənin öz, mənim öz doğrum ola bilər, amma yalan yox.

Dastanın özündə hardansa islami detalların peyda olması doğruya yalan qatmaq kimidir. Məsələn, ağacın təsvirində: “Ağac, Ağac deyirəmsə çəkinmə, Ağac. Məkkə ilə Mədinənin qapısı ağac”. Bu, sonradan əlavə kimi görünür. Mətnə yalan qatır, sadəcə mətnin doğrusu elə güclüdür ki, iti göz bu əlavə qatqını görə bilir. Yaxud da “Qazan xan alnını yerə qoydu, iki rükət namaz qıldı, adı gözəl Məhəmmədi yada saldı”.

Bunu təkcə mən demirəm, alimlərin arasında əlavəni görənlər var. Elə Kamal bəy də öz kitabının bir neçə yerində başqa mövzuyla bağlı bunu qeyd edib. “Ordun üstünə kim qorsan” - bölümündə deyir: “Əl gəzdirmə”ni görməmək mümkün deyil.

Dədə Qorqud dastanı başdan-başa türk dili, türk gündəliyidi. Oğuz xanları, bəyləri şərab içir, onların bir qadını var. Amma hardansa belə bir cümlə qarşımıza çıxır. “Bəylər namaz qıldılar”.

Bu eposda bircə ərəb adında bəy yoxdur, amma mətndə anidən Həsən və Hüseyn adı peyda olur.

Bir də qadın... Beyrəyin atası necə bir qızla evlənmək istədiyini soruşduqda o deyir: Ata, mənə bir qız alıb ver ki, mən yerimdən durmadan o, durmuş olsun, mən qaracıq atıma minmədən o, minmiş olsun. Mən döyüşə getmədən o, mənə baş gətirmiş olsun. Atası Baybura xan cavab verir: Oğul, sən qız yox, özünə silahdaş istəyirsən.

Qanturalının evlənmə səbəbi də Beyrəklə eynidir. Kamal Qanturalını Parislə tutuşdurub, fərqlərini isə belə yazır: “Parisdən fərqi budur ki, Paris üstünlüyü gözəlliyə, Qanturalı isə hünərə, şücaətə verir”.

Sevgini – o çiçək duyğusunu da unutmur: “Məhz Yelena Troya müharibəsinin əsl mifoloji səbəbkarına çevrilir. Yəqin ki, bunun ictimai-siyasi əsası da var. Amma bu gün də məhəbbət alovunda qovrulan hər adam üçün Troya müharibəsinin səbəbkarı Yelenadır. Sevgi yolunda müharibə aparmağa dəyər”.

“Dədə Qorqud qadını” Xatundu (Khatun, katın, qadın... Şahzadə anlamında, Katun yüksək qatda olan, kraliça - A.Ə.). Yaşmaqlıdı, hicablı deyil. Kişisinin həyatında tək qadındı. Onunla döyüşmədən, onunla at yarışdırmadan könül vermir. Bütün bəşəriyyətin qız övladlarını öldürdüyü vaxtlarda Dədə Qorqud dastanında Baybicən bəy qız atası olmağı arzulayır. Bəylərdən qızı olması üçün alqış etmələrini istəyir. Bəylər də edirlər.

“Ol zaman bəylərin alqışı alqış, qarğışı qarğış idi”. Bəyliyin ucaldığı yerə baxsanıza. Necə bir bəy olmalısan ki, Tanrı sənin sözünü, alqışını ciddiyə alsın. Sözün söz, əməlin əməl...

Kamal da deyir:

“Oğuz cəmiyyətinə üzv olmağın əsas şərtlərindən biri sözə ehtiram və itaətdir. Sözlə qeyri-ciddi, istədiyin kimi davranmaq, onu havaya atmaq, boş-boşuna işlətmək, nəhayət, Yalana tapınmaq Söz tərəfindən, deməli, Mif tərəfindən bağışlanmır”.

Kamal bəy Tanrıya Mif deyir. Onun Mifi - var olmayan deyil, olub gözəgörünməyən Mifdir. Var, həm də yoxdur. Bilinir, görünmür. Dədə Qorqudun tənhalığı kimi...

Mənim üçün Kamal Abdullanın kitabının tac məqamı bu bölümdür: Qorqudun tənhalığı. Onu belə anıb: “Hərdən gələsən, istəyəndə çıxıb gedəsən. Yenə yox olasan. Havada əriyəsən. Gözdən, könüldən itəsən. Hörmətin də qalar, sözünün kəsəri də. Hətta səndən bir də gördün qorxmağa başladılar. Elə bunda deyilmi ən ağır, kədərli həqiqət? Gedər-gəlməz yollara (Təpəgözlə danışığa) Dədə Qorqudu zor, yaxud qılıqla göndərən həşəmətli Oğuz bəyləri onu yenidən sağ-salim görməkdən həqiqətənmi məmnunluq duydular? Söyüşə, hədyana düçar olduğu zaman (Dəli Qacaq tərəfindən) bundan həzz alanlar olmadımı?”

Bayaq dediyim bəyləri alt-üst etmə məqamı budur. Onları öyür-öyür və birdən də "saxtasız" deyir. Yenə də xaosla kosmos arasında gedib gəlir, gəlib gedir.

Həm də mənə elə gəldi ki, o, bu yerləri kövrələ-kövrələ yazıb.

Kitabın Everesti isə Dədə Qorqud tənhalığını açdığı hissədi: “Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər. Kim deyər ki, tənhalıq ona yaraşmadı? İntihar etməyi arzuladımı, arzulamadımı? Bəlkə intihar edənlər zaman-zaman dirilir, Allahın onlara bağışladığı ömrü tamamlamağa çalışırlar? Heç kim deyə bilməz ki, tənhalıq ona yaraşmadı. Heç kim deyə bilməz...”

Buradakı Tənha Dədə Qorqud elə Gizli Dədə Qorquddu – mənə görə. Qorqud atanın gizli tərəfi onun yalqızlığıdı – Kamala görə. Bu sətirlərin dərinliyindən mənə də onun özü - yalqız tərəfi boylandı - Gizli Kamal...

# 5809 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər