"Ərəblinskinin faciəsi azərbaycanlılar üçün matəm hadisəsi idi..." - Sultan Məcid Qənizadə aktyor haqqında nə yazırdı?

"Ərəblinskinin faciəsi azərbaycanlılar üçün matəm hadisəsi idi..." - Sultan Məcid Qənizadə aktyor haqqında nə yazırdı?
23 mart 2026
# 10:30

Kulis.az Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist Sultan Məcid Qənizadənin "Böyük aktyor haqqında xatirələrim" yazısını təqdim edir.

Axşamçağı küçə ilə getdiyim əsnada aktyor yoldaşlardan birisi təsadüfən mənə rast gəldi. Bət-bənizi ağarmış əhvalı nəhayətcə pozğun idi, mənə yavuqlaşınca: "Ərəblinskini öldürüblər", - deyə sürətlə sovuşdu. Bu hüzndən pərişan olaraq, kim öldürdüyünü və nə səbəbə öldürdüyünü soramadım, ancaq fikrə qərq olaraq, zavallı artistin tərcümeyi-halını xatirimdən keçirməyə başladım. ...

Bəli. Ərəblinskini öldürüblər!.. Onun təxminən 12 yaşı olardı ki, anası onu məktəbə vermək üçün qoca bir rus qarısının rəhbərliyi ilə mənim yanıma gətirmişdi. Utancaq, arıcaq, ruyətdə qarabuğdayı bu çocuq qələm odasında qapı ilə pəncərə arasında divara söykəndiyi halda bir şeydən küsmüş kimi mat-mat baxırdı. Qara, parlaq gözləri gah-gah anasına baxdığı halda, arizindən görünən diskinti nəhayət, əsəbi olduğunu göstərirdi.

Anası isə qarşımdakı kürsü üstündə rus qarısı ilə yanaşı bir qədər xamuş oturandan sonra axır çarşabı üzünə çəkib ahəstə səs ilə yalvardı:

- Ay qardaş, yetimdir, imdadıma çatan yoxdur... Allah xatirinə, Allah rizasına, sən bu yetimi oxut, bir parça çörək sahibi olsun, mən də ömrüm uzunu sənə duaçı olaram. Müzakirə nəticəsində uşağı məktəbə qəbul etdik. Adı və familiyası "Hüseyn Xələfov" ünvanı ilə jurnalda məccani şagirdlər cədvəlində qeyd edildi. Hüseyn Xələfov bu məktəbdə iki il yarım davam etdi. İstedadı orta dərəcə olduğu halda, atəşin təqdirə malik və qabil şagirdləri sırasında sayılırdı.

***

Xələfovun birinci dəfə səhnəyə çıxması 1897-ci ildə olmuşdur. O zaman Bakıda, daha doğrusu, tamam Qafqazda Azərbaycan səhnəsi və ya müntəzəm aktyorlar dəstəsi yox idi, ancaq həvəslilər yoxsul tələbələrə ianə toplamaq məqsədi ilə ildə bir-iki dəfə teatr tamaşası verirdilər. Səhnəyə dair əlbisə və sair ləvazimat tədarükü tamamilə yerli tələbələrə münhəsir olaraq, gənc Xələfov bu yolda hamıdan artıq çalışırdı. Həmin 1897-ci ildə Novruz bayramı münasibəti ilə Mirzə Fətəli Axundovun "Xan Sərabi" adlı komediyası oynanılacaq idi. Bu tamaşanın rejissorluğu mənim öhdəmdə ikən imtahan üçün mehtər Kərimin rolunu Xələfova və eşikağası Ağabəşirin rolunu Xələfovun məktəb yoldaşı Mahmud Kazımovskiyə vermişdim.

Bu iki gənc bir-birilə səmimi dost olduqları sırada nədənsə aktyorluq iddiasında bir-birilə rəqabətə başlamışlardı və hər ikisi tamaşadan iki həftə əvvəl öz rollarını əzbərləmişlərdi. Tamaşa gecəsi Xələfov öz rolu barəsində həmişəkindən daha artıq sinirlilik göstərirdi. Səhnə arxasında aktyorlarla dolaşdığım əsnada hər qədəmdə məni qarşılayıb müzəc suallarla məni şaşırdırdı. Hüseynin səyi göz önündə olub, rolunu yaxşı oynayacağı gözlənilirdi. Lakin oyun vaxtında mehtərin gülünc rolu əsəbi debyutantın məzacına müvafiq olması görülmədi.

Vəzir Mirzə Cəbinin fərmanı ilə fərraşlar Ağabəşirin ayaqların fələqqəyə salıb, dabanlarını çubuqladıqları əsnada yanda dayanmış Hüseyn öz vəzifəsindən xaric cəzə-fəzə edərək səhnə dolusu bağırmağa başladı. Mənim nəzərimdə boylə yersiz bağırtı tamaşa üçün böyük nöqsan hesab olunacaq idi. Bu nöqsandan məlul olaraq müqəssir Xələfova məzəmmət qəsdinə gəlmişdim.

Lakin o zaman azərbaycanlı tamaşaçılar səhnə rüsumuna nabələd olduqları səbəbə mehtərin bağırtısına qəhqəhə ilə gülüşüb, gurultu ilə alqışlamağa başladılar. Hüseyn öz rolunu qurtaran kimi əynində mehtər paltarı ilə kulis bucaqlarında dolaşmağa başladı. Hər kəs rast gəldikdə tez yanaşaraq:

- Sən Allah, yaxşı oynadımmı? - deyib rəylərini sorurdu. Şagirdimin boylə təlaşı diqqətimi cəlb etdikdə onun psixolojisini düşünməyə başladım. Alqışlamadan təkəbbür hasil etmiş xam aktyor öz oyunundan o qədər xoşnud idi ki, boylə halda ona məzəmmət etmək onun boğazın kəsmək kimi olurdu. Mən sütun dalısından onu görürdüm. Yanıma çağırıb çiynini sığalladım: - Sağ ol, Hüseyn, sən öz rolunu çox gözəl oynadın, - dedim. O isə son derəcə şadlıq ilə: Mirzə, tamaşaçılar hamıdan çox mənə əl çaldılar, - deyib, yoldaşları tərəfə cumdu. - Siz öləsiniz, Mirzə mənə dedi ki, sən hamıdan yaxşı oynadın... Odur ki, inanmayırsınız gedin özündən sorunuz...


***

Sonralar Bakıda Azərbaycan ictimai həyatı tədricən təkamül etmək ilə bərabər, teatroçuluq işi də bir sənət kimi olmuşdu. Boylə məsud cərəyanda bir neçə həvəsli gənc Azərbaycan səhnəsi üfüqündə səhər ulduzları kimi parlamaqda idilər. 1900-cü ildən başlayaraq bir taqım azərbaycanlı həvəskarlar truppa təşkili həvəsinə düşdülər. Bu işdə Hüseyn Xələfov ən fəal başçılardan birisi idi.

1905-ci ildə mən Gürcüstana nəqli-məkan etdiyimdən Xələfovdan məlumatım olmayırdı, ancaq təsadüfən 1908-ci ildə onun ilə görüşə bildim. Xələfov imdi "Ərəblinski" ləqəbilə zəngin bir teatr rəyasətində Bakıdan Tiflisə qastrol üçün gəlmişdi. O gecə "Kazonnı" teatrda təntənəli tamaşa var idi.

Əbdülrəhim bəy Haqverdiyevin tərəfindən yeni yazılmış "Ağaməhəmməd şah Qacar" faciəsi oynanılırdı. Xonsa Qacarın rolunu Hüseyn Ərəblinski oynayacaq xəbəri afişalarda iri hərflərlə yazılmışdı. Şom-şövkət "Zəlif'in nikbətli həyatı səhnə dairəsində çətin rollardan birisi olduğunu bildiyimdən Hüseynin bu rolu lazımınca oynayacağına güman etməzdim, ona görə də tamaşaya tənqid nəzərilə baxmağa meyl idim, lakin bu dəfə də səhvdə olduğumu iqrar etməli oldum. Əvvəllərdə gördüyüm napüxtə Hüseyn, imdi sənətdə mahir və ifadədə təmkinli bir aktyor idi ki, onun haqqında təhsindən səvay bir sözüm yox idi.

Sabahı günü Hüseyn otelə, mənim görüşümə gəlmişdi. Söhbət əsnasında mən ona zarafatyana general Ərəblinski familiyasımı qəsb etdiyini eyham etdikdə ucadan qəhqəhə çəkib dedi:

- Generallardan nə yetər?.. Biz aktyorlar o qədər naxalıq ki, kinli xaqanın tacını səhnə ortasında başından qapıb, ayağımız altında tapdalarız, amma doğrusunu bilmək istərsiniz, mənim əslim Şirvanın Qobustan (qəbiristan) ərəblərindəndir.

Hüseyn bunu dedikdə mən onun üzünə təfiş nəzərilə baxdım. Filhəqiqət surətinin gəlişi ərəb liqasında idi, dedim:

-Doğrudan da, Hüseyn, sən əsil ərəb oğlu ərəbsən! Öz əslini itirməmisən! Bunu deyərkən birdən-birə təğyiri-hal olaraq, bilməm hankı əhvalatı dərxatir etdisə, dərin bir ah çəkib həzin səslə dedi:

- Ah, Mirzə, siz mənə ata məqamında ustadsınız. Dərdimi sizə deyə bilərəm. Mənim qohum-əqrəbam mənə çox cəfalar edirlər.

Onların nəzərində aktyorluq fəzahətli bir peşə olduğundan "komediyaçı", "bığıqırxıq" ad qoyub ədavət edirlər. Bilməm bığ qırxmaqla halalzadə olmağın nə ziddiyyəti var ki, arvadiar da mənim bədbəxt anacığıma fahiş əməllər isnad verib sərzəniş oxlarilə onun ürəyini oxlayırlar. Söz bu məqamə yetdikdə mən biixtiyar nəzərimi onun qırxıq bığlarına çevirdim. Miskin aktyorun çıplaq dodaqları ağlamsınaraq, uşaq dodağı kimi əsəbi ixtilac ilə səyrişirlərdi...

Ərəblinski, demək olur, səhnə məcnunu idi. Səhnə mühitində yalnız sənətkar olmayıb, bütün vücudilə teatra məftun bir zat idi və bəlkə özü öz artistlik zəkavətinə aşiq idi. Hüseyn Ərəblinski kimi işıqlı çıraqlar möhtəşəm dahilər məşəlindən alımmış şərarə qorlarıdır ki, onların zühuru bizim üçün şayani-təəccüb deyil, bəlkə şayani-iftixar olsa gərəkdir. Sənətdə Ərəblinskinin ampluası möhtəşəm qəhrəmanlar, müşəddid tiranlar rolu idi. Ağaməhəmməd Qacar, Nadir şah Əfşar, Napoleon Bonapart və bu qisim mətanətli simalar idi.

Xüsusən zindənam Şillerin "Qaçaqlar" adilə yazdığı faciənin fəri-alisi Karl Morun rolunu nəhayət əzəmətlə oynayırdı. Bu rolda Ərəblinskini iki dəfə gördüyümdən mübaliğə hesab olunmasa deyə bilərəm ki, səhnə məktəbi və ya sair bir studiya görməmiş bir azərbaycanlı oğlu alman dahisinin nəqşiyyəsini qərb artistlərinin çoxundan doğru oynamağa müvəffəq olurdu. Ərəblinski əksər övqat suflyorsuz oynardı.

***

Ərəblinskini son dəfə 1919-cu ildə iralılar müsamirəsi münasibətilə Bakı klubu səhnəsində gördüm. Klubun salonları büsbütün elektrik ilə çıraqban idi. Bucaqlarda müvəqqəti yapılmış köşklər içrə əcnəbi damalar büllur qədəhlərdən qonaqları şampan şərabı ilə sirab edirdilər. Xanımların dekolte umuzlarına, daraqlı saçlarına əlvan konfeti ovuc-ovuc səpələnirdi. Qəhqəhələr, şənliklər, komplimentlər qərənfil butələrilə qovuşub klubun bucaqlarına sığmayırlardı, bu esnada işarə verildi. Musiqi çalındı. Həzərat əllərində proqram vərəqələri gurultu ilə baş salona tərəf yanaşdılar.

Pərdə qalxdı. Səhnə açıldı. Ərəblinskinin səfayi buxunu tam təxəttür ilə səhnə ağuşunda göründü. Nəriman Nərimanovun "Nadir şah" dramasından axırıncı akt inşad olacaqdı. Aktyorun hər bir hərəkət, səkənatını, yüz-gözünün hər bir qırışığını aydınca görə bilirdim. Tarixi-bəşərdə nüdrətən "nadir" düşmüş böyük Əfşar qulduru haləti-nəzdə hövl ilə çəkdiyi can üqubəti qarşıda dayanan azərbaycanlı balası ərvah vadisinin qaranlıq bərzəxlərində qaçıb tam məharətlə göstərirdi...

Bu gecə Hüseyn iqtidarının oğrusu övcündə seyr edirdi. Artistin çöhrəsi büqələmun cildi kimi anənfanən rəngdən-rəngə düşdüyü əsnada ağzından üfürən atəşin söz alovu səməndər nəfəsi kimi tamaşaçıların ürəyini alışdırırdı. Qəzadən, o gecə haman mənhus gecə imiş ki, zavallı artist onun sabahı günü öz faciəsində axır dəfə rolunu oynayıb, əbədən bizimlə əlvida edəcəkmiş!..

***

Müsamirədən üç gün sonra, imdiki Kommunist küçəsilə Hüseyn Ərəblinskinin cənazəsini aparırlardı. Soqaqlar ayrıcında cənazə gah-gah saxlanılaraq, təşyi edənlər yanıqlı nitqlər söyləyirlərdi. Axırıncı mənzil qəbiristan idi. Hüseynin qurşunla yaralanmış əhif bədənini qara topraq ağuşuna tapşırdılar. Bununla hamı haqq-hesab üstə qələm çəkildi. Ərəblinskinin üstündə çatlayan qan çanağı nahəq tökülən qan dəryasından bir qətrə kimi olduğunu diqqətə aldıqda ağızlarda söylənən şayiələrdən vaz keçməyi məsləhət görürəm, ancaq bu qədər bilməlidir ki, nabəkar qatil nadirül-mövcud Azərbaycan artistinin odlu sinəsini bir qırıq qurşun ilə bir dəqiqədə yırtıb, ürəyindəki zövq şərarəsini söndürməklə səhnə xadimlərinin ciyərini ələddəvam yandırmış olur.

Ərəblinskinin fövtü əsil mənada Azərbaycan səhnəsi üfüqündən ən parlaq bir ulduz axdığı kimi təmsil olunsa gərəkdir.

Ərəblinskinin faciəsi Qafqaz azərbaycanlıları üçün matəm hadisəsi idi.

Azərbaycan səhnəsi xadimlərinin və bütün azərbaycanlıların xatirindən Ərəblinski qətiyyən çıxmayacaqdır.

# 136 dəfə oxunub

Oxşar xəbərlər

Rəsulzadənin müəllimi kim olub? – Güllələnən maarif fədaisi

Rəsulzadənin müəllimi kim olub? – Güllələnən maarif fədaisi

12:00 23 mart 2026
"İnsanın tələbatını istedadı təyin edir..." - Erix Frommdan aforizmlər

"İnsanın tələbatını istedadı təyin edir..." - Erix Frommdan aforizmlər

11:30 23 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

15:00 22 mart 2026
Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

14:00 22 mart 2026
"Bir zamanlar Abşeronda"  filmi təqdim olundu

"Bir zamanlar Abşeronda" filmi təqdim olundu

12:30 22 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər