"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru
22 noyabr 2023
# 17:20

Bu gün görkəmli yazıçı, ssenarist Hüseyn Abbaszadənin doğum günüdür.

Kulis.az Zöhrə Fərəcovanın "Həyat həqiqətlərini bədii dildə qələmə alan yazıçı" yazısını təqdim edir.

Bədii yaradıcılığa müharibə illərində başlayıb. O zaman çox gənc idi. 1922-ci il noyabrın 22-də Bakıda dünyaya gələn Hüseyn Abbaszadənin uşaqlıq illəri də o qədər ürəkaçan keçməyib. 1941-ci ildə, on yeddi yaşında isə müharibənin ağrı-acılarını yaşayıb. Orta məktəbi bitirən kimi orduya səfərbərliyə alınıb, Dörd il, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində döyüş yolu keçib. Müharibədə şücaətlərinə görə, "Qırmızı ulduz" ordeni ilə təltif edilib. İlk şeirləri cəbhə qəzetlərində dərc olunub.

Qələbədən arzulara doğru...

O illərdə iştirak etdiyi, yaddaşına həkk olunan çətin döyüşlər gənc Hüseyn Abbaszadə üçün yalnız zəngin həyat məktəbi olmayıb, həm də yaradıcılıq yolunun müəyyənləşməsində böyük rol oynayıb.

Müharibənin ağrılarını o həm də canında daşıyırdı. Böyük Vətən müharibəsində ağır yaralanıb. Yaralı vəziyyətdə qatarla Şimali Qafqaza aparılıb. 1945-ci ilin 9 may günü qələbə xəbərini də o zaman eşidib. Müalicə olunub. Bir müddət sonra tərxis edilib və Bakıya qayıdıb.

Müharibədən yalnız topçu zabit kimi deyil, həm də şair kimi dönən gənc Hüseyn Abbaszadə yarımçıq qalmış arzularını həyata keçirməyə başlayıb. Ali təhsil almaq üçün sənədlərini Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə verib və qəbul edilib. 1948-ci ildə Azərbaycan Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) üzvü olub.

"Pioner" jurnalında əmək fəaliyyətinə başlayıb. Daha sonra "Göyərçin" jurnalının redaksiyasında çalışıb. 1964-1966-cı illərdə baş redaktor, 1966-1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972-1975-ci illərdə isə yenidən "Göyərçin" jurnalının baş redaktoru olub. 1975-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb.

"Dünyadan gör necə insanlar gedib..."

Yaradıcılığa yeni başladığı vaxtlarda Üzeyir bəy Hacıbəyli ilə tanış olması da Hüseyn Abbaszadə üçün ən unudulmaz xatirələrdən biri idi. İstedadlı bəstəkar Ağabacı Rzayevanın Hüseyn Abbaszadənin şeirinə bəstələdiyi mahnını təhlil edən Üzeyir bəy şeirin müəllifini görmək istəyib. O, gənc şairə musiqi mətni yazmağı hər şairin bacarmadığını deyib və tövsiyə edib ki, bəstəkarlarla daim əlaqə saxlasın.

Şeirləri ilə gəldiyi ədəbiyyat zaman keçdikcə onu daha da cəlb edib, cazibəsinə salıb. Hüseyn Abbaszadə gənclik coşqusu ilə qələmə aldığı şeirlərdən başlanan yaradıcılıq yolunu nəsr əsərləri ilə davam etdirib. Müxtəlif mövzularda hekayələr, povestlər, romanlar yazıb. "Uçurumdan keçən yol", "Dağ dağa rast gəlməz", "Təsəlli", "Meynə", "Çəmbərəkənd balladası", "Ocaqçı", "Köhnə sandıq", "Büllur mürəkkəbqabı və bənövşəyi "Jiquli", "Siz kimsiniz?" və digər əsərlərində həyat həqiqətlərini əks etdirib.

Yazıçının daimi mövzularından biri də müharibə idi. Çoxlarından fərqli olaraq Hüseyn Abbaszadə cəbhə, döyüşlər barədə başqalarından eşitdiklərini, oxuduqlarını deyil, həm də gördüklərini qələmə alırdı.

H.Abbaszadə həm də bir sıra şair, yazıçı, bəstəkar və alimlər barədə xatirələrini yazıb. Həmin xatirələr yazıçının "Dünyadan gör necə insanlar gedib..." kitabında toplanıb.

Hüseyn Abbaszadə Azərbaycan tarixində, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, elminin inkişafında böyük xidmətlər göstərmiş bir çox şəxsiyyətləri yaxından tanıyıb, onlarla ünsiyyətdə olub, dostluq edib. Hələ Teatr institutunun tələbəsi ikən Hüseyn Abbaszadə aktyor və rejissor Sidqi Ruhullanın yaradıcılığından diplom işi yazıb.

Dahi bəstəkar Üzeyir bəyi isə o, yeniyetməlik illərində yaxından görmüşdü. Onda on dörd-on beş yaşlarında olub. Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasından bir səhnəni məhəllənin uşaqları ilə səhnələşdirib, küçədə oxuyublar. Yoldan ötən Üzeyir bəy onları görüb. Yaxınlaşıb, "Koroğlu" operasına baxıb-baxmadıqlarını soruşub. Baxmadıqlarını söyləyiblər. Bəstəkar cibindən bilet çıxarıb, uşaqlara verib, onları operaya baxmağa dəvət edib.
Hüseyn Abbaszadənin qələmə aldığı xatirələrdə eyni zamanda o vaxtların siyasi hadisələrinin ağır kölgəsini, böyük sənətkarların üzləşdikləri ağrı-acıları görmək mümkündür. Yazıçı özü də bu hadisələrdən tamamilə kənarda qalmayıb.

Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan, böyük nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçı Hüseyn Abbaszadənin kino sahəsində də xidmətləri olub. Əsərləri əsasında çəkilən "Dənizə çıxmaq qorxuludur" (1973) və "Dörd bazar günü" (1975) filmləri kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Hüseyn Abbaszadə 1979-cu ildə Əməkdar incəsənət xadimi fəxri adına, 1984-cü ildə Dövlət mükafatı laureatına, 1991-ci ildə "Xalq yazıçısı" fəxri adına, 1997-ci ildə "Şöhrət" ordeninə layiq görülüb.

Yazıçı 2007-ci ildə, səksən beş yaşında dünyasını dəyişib.

# 510 dəfə oxunub

Oxşar xəbərlər

Tahir Tahiroviç:  "Mənim namizədim Rasim Balayevdir"

Tahir Tahiroviç: "Mənim namizədim Rasim Balayevdir"

12:34 5 mart 2024
Süni intellektlə çizgi filmi hazırlandı

Süni intellektlə çizgi filmi hazırlandı

12:30 5 mart 2024
Şeyx Əbdül:  "Bu, tarixi günahımızı yumaq konfransıdır"

Şeyx Əbdül: "Bu, tarixi günahımızı yumaq konfransıdır"

12:25 5 mart 2024
Azərbaycandakı iki kino ittifaqı birləşəcək - Sədr seçiləcək

Azərbaycandakı iki kino ittifaqı birləşəcək - Sədr seçiləcək

12:10 5 mart 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:50 5 mart 2024
Hollivud ulduzunun sevgi məktubları üzə çıxdı

Hollivud ulduzunun sevgi məktubları üzə çıxdı

11:30 5 mart 2024
# # #