Don Kixot - Etimad Başkeçidin yeni pyesi

azıçı və tərcüməçi Etimad Başkeçid

azıçı və tərcüməçi Etimad Başkeçid

14 iyul 2026
# 12:00

Bu gün tanınmış yazıçı və tərcüməçi Etimad Başkeçidin doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun "Don Kixot" adlı yeni pyesinin birinci pərdəsini təqdim edir.

İştirak edirlər:

Don Kixot (Alonso Kixano)

Sanço Pansa

Antoniya

Mirzə (Miqel de Servantes)
Pero Peres (Keşiş)

Diyakon
Sanson Karrasko
Komissar Rodriqo
Doktor Pedro

Kastellan (Taverna sahibi)

Xuan
Aldonso Lorenso

Usta Nikolas (Dəllək)
Çoban oğlan (Andres)

Varlı kəndli (Xuan Aldudo)

Hersoq

Majordom

Qadınlar (Balta Ordeni)

BİRİNCİ PƏRDƏ

I ŞƏKİL

Birmərtəbəli daş ev. Evin köhnə, əyilmiş taxta qapısı aralıdır. Həyətdə su quyusu – mancanaqdan köhnə taxta vedrə asılıb. Tövlə, ağac, xırda müxəlləfat anbarı görünür.

Arxa planda, ala qapının o tayında kənd yolu uzanır. Hasardan müxtəlif məişət əşyaları asılıb. Yoxsul zadəgan evinin anturajı: rəngi solmuş divarlarda köhnə rəsmlər; çərçivələrdən biri boşdur. Pəncərənin taxta laylarından biri açıq qalıb. İri çarpayı, kreslo, masa. Çarpayının yanındakı tül pərdə yüngülcə tərpənir. Hər tərəfdə kitablar yerə səpələnmiş, masanın üstündə qalaqlanmış halda. Divardan köhnə cəngavər geyimləri, paslı dəbilqə, sınıq qalxan asılıb. Səssizlik. Uzaqdan eşidilən kənd səsləri.

İşıq yavaş-yavaş öləziyir, səhnə qaranlığa qərq olur.

Yalnız kağız üzərində sürüşən (yazı yazan) qələmin quru xışıltısı eşidilir. Get-gedə qələmin xışıltısı damcı səsləri ilə əvəz olunur: tır...tıp...tıp... cıqq...çıqq... Damcı səsləri sanki boş kilsənin içində əks-səda verir...

Qəfildən işıq topası divardakı boş çərçivənin üzərinə düşür. Boş çərçivədə bir anlığa əlində nizə tutmuş atlı silueti çapır.

Ardınca damcı səsləri bər taqqıltılarla əvəzlənir: alaqapını döyürlər.

Səhnə işıqlanır

Pero Peres. (Alaqapıdan içəri boylanır, əlində «Bibliya» və iri xaç tutub. Yanındakı diyakonun əlində şamlar, buxurdan, müqəddəs su qabı var. Diyakona). Oğlum, bir səslə, görək kim var, kim yox evdə?

Diyakon. (İrəli çıxır). Ev yiyəsi, sinyor Kixano… Sinyor idalqo… Antoniya… (İçəridən səs gəlmir). Hanı bunlar? Xadimə də gözə dəymir. Nə yaman sakitlikdir! Lap belə monastır bağçası kimi. Hanı bəs qonşuların dediyi hay-küy, iblis mərəkəsi, filan. Sakitliyə bax, binəva idalqonun evində mələklərin qanadının xışıltısını eşitmək olar. Qonşular niyə bunlardan şikayətlənir, başa düşmürəm.

Pero Peres. Sən sakitliyə aldanma, oğlum: şeytan sakitliyi sevir, çünki onda adamların qulağına pis-pis şeylər pıçıldamağa heç nə mane olmur.

Diyakon. Doğrusunu siz bilirsiniz, müqəddəs ata. Amma yenə də, sinyor idalqonun evi heç cin-şəyətin yuvasına oxşamır… Bizim idalqo – don Kixano yaxşı adamdır, heç kəslə işi yoxdur, öz tükünün üstündə dolanan adamdır, Allah görür…

Pero Peres. (Onun sözünü kəsir). Oğlum! Müqəddəs Antonio buyurur ki, doğrudur, Allah görür, amma qonşular ondan da artığını görür… Sən boş-boş danışmağın başını burax! İşinlə məşğul ol!

Diyakon. Baş üstə! (Əllərini rupor kimi ağzına tutub, bərkdən bağırır). Ev yiyəsi, sinyor Kixano!..

Pero Peres. (Diksinir. Hirsli). Dayan görüm, nə səsini başına atmısan? Ətini kəsirlər, nədir? (Fikirli-fikirli). Onsuz da, çağır, çağırma, xeyri yoxdur!

Diyakon. Necə bəyəm, niyə xeyri yoxdur? Nəsə bilirsiniz, müqəddəs ata?

Pero Peres. Əmin deyiləm, amma mənə elə gəlir ki, ev boşdur. Bilirsən nə var, gəl keçək içəri, hər şeyi öz gözümüzlə görək…

Diyakon. Dəvətsiz keçək, müqəddəs ata?

Pero Peres. (Qapını aralayıb, asta addımlarla içəri keçir). Eksorkiso te… eksorkizo immunde ut rekedas… Arxamca gəl! (Ətrafa göz gəzdirir). Hm, qılınc, qalxan, dəbilqə, dəmir çəkmələr... belə ev olar? Əsl cəbbəxanadır ki! Bu hansı əsrdə yaşayır? (Masanın üstündəki kitablardan birini əlinə götürür). «Əyalət cəngavərinin qəribə və ibrətli şücaətləri haqqında həqiqi hekayətlər toplusu». Hm, kitaba qoyduqları ada bax…

Diyakon. Müqəddəs ata, deyirəm, qəribə zəmanədə yaşayırıq: sinyor idalqoya sakitcə evində oturub kitab oxumağı da çox görürlər – ay nə bilim, iblis belə gəldi, şeytan elə getdi. Deyirəm sizə, sinyor Alonso Kexano sakit, ağıllı adamdır, baxın, görün nə ağıllı kitablar oxuyur!

Pero Peres. Oğlum! Kitab var, adamı ağıllandırır, kitab da var ki, adamın olan-qalan ağlını da alır. Məsələn, bax, bu… bu… bu kitablar (rəfdən kitabları götürüb, diyakonun qucağına yığır) adamı dəli etmək üçündür. Bunu da götür («Əyalət cəngavəri…» kitabını da onlara əlavə edir). Apar, apar bayırda yandır bunları.

Diyakon. Müqəddəs ata…

Pero Peres. Apar dedim! Bunlar inkvizisiyanın yandırdığı kitablardan da betərdir. Belə görürəm, qonşular boş yerə şikayətlənmir: kitab oxumaqdan zavallı Alonso Kexanonun başı xarab olub. Əlli ol, tez qayıt, evi təqdis edək.

(Diyakon tələm-tələsik bayıra qaçır. Pero Peres buxurdanı, şamları, xaçı, müqəddəs su qabı masanın üstünə düzüb, təqdis ayininə hazırlaşır. Təkrarlayır: «Eksorkiso te… eksorkizo immunde ut rekedas…»)

(Xarakterik musiqi səslənir. Az sonra bayırda yandırılan kitabların tüstüsü içəri dolmağa başlayır. Kitabların tüstüsü buxurdanın tüstüsünə qarışır).

Diyakon (qayıdıb keşişə əl-ayaq verməyə başlayır). İcazə verin buxurdanı mən götürüm!

Pero Peres. Götür. Yandırdın kitabları?

Diyakon. Buyurduğunuz kimi! Müqəddəs ata! Olar bir söz soruşum?

Pero Peres. Soruş görək!

Diyakon. Müqəddəs ata, hardan bildiniz ki, ev boşdur? Hanı bu evin adamları? Evi təqdis etmək üçün sinyor Kexanonun razılığını almalı deyilikmi?

Pero Peres. Eh, Allahın anlamaz bəndəsi… Sənə neçə dəfə demişəm, müqəddəslərin həyatını oxu, apokriflərdən hali ol. Qulaq as, deməli, müqəddəs Pavelin zamamında Romada varlı-hallı bir əyan yaşayırmış. Senator Oktavian. O da bizim idalqo kimi dəmdəməkinin biriymiş. Nə isə, günlərin birində birdən-birə evdəki əşyalar öz-özünə hərəkət etməyə başlayır.

(Sürüklənən əşya səsi eşidilir. İkisi də bir anlığa qulaq kəsilir).

Pero Peres. Nə bilim, qapı açılıb-örtülür...

(Açılıb-örtülən qapı səsi…)

Pero Peres. ...gecələr evdən addım səsləri gəlir!

(Tələsik addım səsləri… İstər-istəməz səs gələn tərəfə boylanırlar).

Pero Peres. Lənət şeytana!.. (Xaç çevirib dodağının altında nəsə mızıldanır).

Diyakon (qorxmuş səslə, xaç çevirə-çevirə). Lənət şeytana, müqəddəs ata, bəlkə əkilək buradan? Nə olar, nə olmaz…

Pero Peres. (Tərs-tərs ona baxır, sözünə davam edir). Hə, sonra Oktavian evdən yoxa çıxır. Külfəti ilə birlikdə. Təsəvvür edirsən, bomboş ev, qu desən qulaq tutular. Günlər keçir, onlardan xəbər çıxmır. Gördüm deyən olmur onları. Axırdan-axıra müqəddəs Pavel işə qarışır: gəlib senatorun evini təqdis edir, dualar oxuyur. Handan-hana əyan tapılır, ardınca da o birilər… Sən demə, şeytan onları aparıb evdən uzaqda, hansısa çöllükdə azdırıbmış.

Diyakon. Belə de! Aman Yarəbb! Fağır idalqonun başına gələnlərə bax! Görəsən nə günah işlədib, şeytan bunu niyə qaralayıb axı?

Pero Peres. Oğlum, günah işlədənlərin işinə Allahın özü baxır, şeytanın işi elə idalqo kimi axmaqları başdan çıxarmaqdı.

(Qapı cırıltısı… addım səsləri…)

Pero Peres. Yaxşı, məni boş-boş danışdırıb vaxtımı alma. Gəl ayinə başlayaq.

(Bir əlində müqəddəs su qabını tutan diyakon o biri əlindəki tüstülənən buxurdanı yüngülcə yellətməyə başlayır. Bir əlində xaç tutmuş Pero Peres o biri əlindəki fırçanı müqəddəs suya batırıb, ətrafa çiləməyə, oxuya-oxuya evi təqdis eləməyə başlayır).

Pero Peres.
Uca Tanrı, ey külli-ixtiyar Rəbb,
Bu evin astanasından keçən hər kəsi mübarək qıl.
Hər növ vəsvəsəni, qorxunu uzaq et bu evdən.
Sənin lütf və mərhəmətin
İndi və əbədiyyən könüllərdə bərqərar olsu-u-un...

Xorla.
Exorcizo te, omnis spiritus immunde,
ut recedas ab hoc loco-o…

Pero Peres.
Murdar ruh nə gündüz, nə gecə
Nə fikirdə, nə sözdə
Qalmağa cürət etməsi-i-in bu evdə-ə-ə…

Xorla.
Exorcizo te, omnis spiritus immunde,
ut recedas ab hoc loco-o…

(Kilsə musiqisinin müşayiəti ilə təqdis ayini davam edərkən qapı bərkdən çırpılır. Keşişlə diyakon yerlərində donub qalırlar. Səslər kəsilir, dərin sükut çökür. Qəfildən Don Kixot əlində qılınc, böyük hay-küylə səhnəyə atılır, Pero Peresin başının üstünü alır).

Don Kixot. Aha-a-a! Cadugər Friston, Səni göydə axtarırdım, yerdə əlimə keçdin! Diz çök, yaramaz, təslim ol, boynuna al, de görüm, səni kim göndərib üstümə?

Pero Peres. Sinyor Kixano, İsa xatirinə! Bu mənəm, keşiş Pero Peres… Tanımadınızmı məni?

Don Kixot. Səni yaxşı tanıyıram, zəhləmgitmiş Friston, indi də keşiş qiyafəsində qalalara soxulursan?

Pero Peres (kənara). Başı gedib yazığın. (Ucadan). Sinyor Kixano, əzizim, bir diqqətlə bax, keşişəm mən... Qonşular şikayətlənir, deyirlər sənin evində pis ruhlar at oynadır, şeytanlar mərəkə qurur. Bizi baş keşiş Arsensio ata göndərib ki, evini təqdis edək…

Don Kixot. Aha-a, deməli, Brandabarbaran mənimlə açıq döyüşdən çəkinir, sehrbazlardan, cadugərlərdən mədəd umur, hə? Yox, bata bilməzsiniz mənə! Diz çök dedim, yalvar mənə, imdad dilə, yoxsa… yox, dua elə, çünki bu dəqiqə başını bədənindən ayıracağam!

(Keşiş diz çökür. Diyakon kənarda qərarsız dayanıb).

Pero Peres. Sinyor Kixano! İcazə verin…

Don Kixot. Nə Kixano, Kixano salmısan? Kixano kimdir? Mən nəhəng Brandabarbaranla, qoluzorlu Karakuliambronun qənimi, məzlumların ümid yeri və himayədarı, adıbəlli Lamançlı Don Kixotam.

Pero Peres (diyakona, dodağının altında). Bu havalanıb, tez bir şey fikirləş, yoxsa öldürəcək bizi! (Ucadan). Sinyor Lamançlı Don Kixot!..

Don Kixot. Dua elə dedim, yaramaz, yoxsa ruhunu tapşırmadan ölmək istəyirsən?

Pero Peres (diyakona, dodağının altında). Oğlum, bir şey fikirləş dedim, nəsə elə, eşitmirsən?

Diyakon. Bəs dua eləyirəm də, müqəddəs ata…

Pero Peres. Oğlum! Dua eləmək vaxtıdır məgər? Öldürəcək bu məni…

(Don Kixotun kənarda dayanmış diyakona gözü sataşır).

Don Kixot. Aha-a! Ençantador sehrbaz Marfio… Sən də burdasan? Gəl görüm, sən də gəl bunun yanında diz çök… Şanlı bahadır Lamançlı Don Kixotun əlinin düzündən dadın, yaramaz cadugərlər.

Diyakon. Əcəb işə düşdük…

(Bu zaman Antoniya ilə əlində zənbil tutmuş bir kəndli qadın həyətə gəlirlər. Antoniya Don Kixotun qılınc çəkdiyini görüb irəli atılır).

Antoniya. Vay-vay, bu nədir, dayı, Allah xatirinə! Aman Tanrım! Bu zavallıların günahı nədir? Müqəddəs ata… diyakon… Nə gəzirsiniz burada?

(Don Kixotun gözü kəndli qadına sataşır. Antoniyanı görmürmüş kimi. Qılınc əlindən düşür, heyranlıqla dal-dalı çəkilir. Keşişlə diyakon fürsətdən istifadə edib, aradan çıxırlar. Diyakon qaçarkən təqdis vasitələrindən bir neçəsini ətəyinə yığmağa macal tapır).

Don Kixot. Tobosolu Dulsinaya… Dünyanın bütün gözəlliyi, yaradılışın bütün ehtişamı səndə cəmləşib. Xanımım mənim, gözümün işığı, həyatımın mənası, bütün qəhrəmanlıqlarım sənə görədir. (Yaxınlaşıb, qadının qarşısında diz çökür, onun əllərini öz əlinə alır). Mən yalnız sənin adını yüksəltmək üçün qılınc çalacağam, təkcə səninçün yaşayacağam, ey könlümün pasibanı! Sən təzə-tər bir çiçəksən, bənzərsən günə, Aya, Tobosolu Dulsinaya…

Kəndli qadın. Nə danışırsınız, sinyor? Mən Aldonsoyam, cütçü Simeone Lorensonun qızıyam, adi qazotaranam, siz məni kiminləsə səhv salırsınız, sinyor idalqo. Toboso hara, mən hara?

(Gözlənilməz diqqətdən karıxmış Aldonso əzilib-büzülməyə başlayır, hiss olunur ki, Don Kixotun sözlərindən xoşlanır).

Aldonso. Xahiş edirəm, buraxın əllərimi, işim-gücüm var. Sinyora Antoniya, dayınıza deyin, əllərimi buraxsın…

Antoniya. Dayı, həvəsdir, bəsdir. Bizi qonum-qonşunun yanında biabır eləməyin. Bu kəndli qızı Aldonsodur, mənə kömək eləyir. (Aldonsonun qolundan tutur). Gəl, bacım, gəl gedək, fikir vermə, dayım zarafat eləyir.

(Aldonso nazlana-nazlana zənbili götürüb Antoniyanın arxasınca gedir).

Don Kixot (könülsüz qızın əllərini buraxır. Onun arxasınca baxa-baxa). Getdi o rəna gözəlim, günəşim, ayım söndü. Eh, Tobosolu Dulsinaya, sənin sinsi ayrılığına bu yaralı qəlbim necə dözsün… Gözəl Dulsinaya, rica edirəm, sənin üçün kirpiyiylə od götürən, hər cür fədakarlığa hazır olan bu qara qulunu unutma!

(Sanço Pansa qaça-qaça səhnəyə daxil olur. Yaxası açıqdır, papağı yana əyilib. Əlində şərab şüşəsi, hiss olunur ki, sərxoşdur).

Sanço Pansa. Sinyor idalqo, sinyor idalqo!..

Don Kixot (yerindən dik atılıb, qılıncını qamarlayır). Lənətə gəlmiş ençantadorlar, cadugərlər! Yenə düşmən ordusu qapını kəsdirib, hə? De görüm, Sanço, nə olub, nə xəbər?

Sanço Pansa. Sinyor… ordu-filan yoxdur, amma…

Don Kixot. Amma nə? Danış görüm!

Sanço Pansa. Sinyor Kixano, qəsəbədə danışırlar ki, idalqo havalanıb, şeytana uyub…

Don Kixot. Hm…

Sanço Pansa. Deyirlər, idalqonun evi cin-şəyətin yuvasına çevrilib, qəsəbənin yolunu şeytana siz tanıtdırmısınız, deyirlər.

Don Kixot (fikirli-fikirli oturub, qılıncına söykənir). Bütün bunlar lənətə gəlmiş Fristonun işləkləridir. Sanço, dostum, qoy qəsəbə nə düşünür düşünsün, tarix bizim haqqımızda həqiqəti yazacaq…

Sanço Pansa. Tarix nə yazacaq, bilmirəm, amma bu gün qəsəbə camaatı məni ələ salıb gülür, deyirlər, ağıllı adam belə dəlinin arxasınca getməz. Onlar səndən Müqəddəs Ermandadaya şikayət etmək istəyirlər.

Don Kixot. Sanço, sən kiçik dünyanın kiçik qayğıları ilə yaşayırsan. Məlumun olsun ki, bu dünyada cəngavərə göydə Tanrı, yerdə isə yalnız sevgilisi hökm eləyə bilər. Başqa heç kəs! Müqəddəs Ermandada və komissar Rodriqo xəbis sehrbazların alçaq xidmətçiləridir. Onlar bizə heç nə eləyə bilməzlər. Papağını düzəlt, dostum Sanço, bizi irəlidə böyük qəhrəmanlıqlar gözləyir. Səni özümün vəfalı dostum və silahdaşım təyin edirəm. Biz xanimanlar yıxacağıq, Sanço, çox qəhrəmanlıqlar göstərəcəyik. Adımız dillərdə dastan olacaq…

Sanço Pansa (bir az tərəddüdlə papağını düzəldir, gözləri parlayır). Silahdaşım?! Sinyor, mən ömrümdə bircə dəfə də olsun, əlimə silah almamışam, tək bildiyim şey tarlada bel vurmaqdır. Amma madam ki, bu qədər böyük işlərdən danışırsınız… Nə deyirəm… Sadəcə ümid edirəm, yağlı tikə sevdasına düşüb, bir parça çörəyimizdən də olmayacağıq.

Don Kixot. Mənim vəfalı silahdaşım Sanço, ruhun azadlığını vəsf edən bir cəngavərə çörəkdən danışmaq təhqirdir! Biz zalımlara qalib gələndə, məzlumların duası ən böyük ruzimiz olacaq! Amma sənin əməyin də yerdə qalmayacaq. Elə bu başdan sənə gözəl bir ada boyun oluram. Sən o gözəl, yaşıl adanın qubernatoru olacaqsan; mələksima Beliyanisi zalım, qaniçən Blankoflorun cəngindən qurtarıb sənin ixtiyarına verəcəyəm. Gün görüb, dövran sürəcəksiniz.

Sanço Pansa. Yox, yox, Beliyanisi istəmirəm – arvadım Teresa Pansa çox qısqancdır. Məni canavarın ağzına vermə, sinyor Kexano, elə qubernatorluq bəsimdir.

Don Kixot. Özün bilərsən! Artıq yola çıxmaq vaxtıdır, tale bizi səsləyir. Tələs, dostum Sanço, yaraq-əsləhəmi götür, atları çək, məni qala qapısında gözlə, nə qədər ki sakitlikdir, çıxaq aradan. Yolçu yolda gərək, bizi çətin sınaqlar, macəra dolu səfərlər gözləyir, Sanço.

II ŞƏKİL

Don Kixotla Sanço Pansa yol kənarında, qayanın önündə oturublar. Atla eşşək kənarda ot qırpır. Don Kixot cəngavər geyimində, əlini qaşının üstünə qoyub, uzağa baxır. Uzaqdan qaraltı görünür.

Don Kixot (yerindən dik atılaraq qalxanını və nizəsini götürür). Sanço, dostum! Görürsənmi? Tale bizə elə ilk addımda böyük bir qəhrəmanlıq, şan-şöhrət və qənimət vəd edir. Bax o uzaqdan gələn cəngavərə! Ürəyimə damıb ki, bu, mənfur Brandabarbaranın silahdaşıdır. Əlindəki torbaya bax! Bu, onun məğlub etdiyi cəngavərlərdən topladığı xəracdır.

Sanço Pansa (gözlərini ovuşdurur). Sinyor, mənim gördüyüm sadəcə eşşəyin belində oturan bir adamdır, o torba da daha çox dəllək torbasına oxşayır. İçində yəqin ki, ülgüc, sabun, daraq, filan var. O yazıq kəndlərdə bir-iki adamın saqqalını qırxıb, bir-iki peso qazanmaq istəyir. İcazə verin, əvvəlcə öyrənim, görüm kimdir, nəçidir, haradan gəlib, hara gedir…

Don Kixot. Eh, Sanço, səni cəhalət basıb, sən bu fitnə əhlini yaxşı tanımırsan. Yaxşı, dostluğumuzun xatirinə, bu dəfə xahişini yerə salmayacağam. Öyrən görək, kimdir, nə yuvanın quşudur?

(Eşşək fınxırtısı eşidilir. Yolçu eşşəkdən enir, yoğun addımlarla yaxınlaşıb, yükünü yerə salır. Maraqla onları süzür. Üzündə istehzalı bir təbəssüm).

Dəllək. Salam, ey qədim zamanların yadigarı qəhrəmanlar!

Sanço Pansa. Salam.

Dəllək. Hansı karnavaldan gəlirsiniz? Bu paslı dəmirləri muzeydən oğurlamısınız yoxsa? Sinyor, bu oyuncaq qılıncla milçək də öldürmək olmaz! (Pıqqıldayır). Hi-hi-hi, bunun atına baxın. Qanadları olsa, deyərdim ki, bu Peqasdır, belə isə Makedoniyalı İsgəndərin atı Buşefaldır ki var… Nə olsun, qabırğaları çıxıb. Bıy, eşşəkləri də varmış… Ha-ha-ha…

Don Kixot (dişlərini qıcayır). Görürsənmi, Sanço? Mənfur sehrbazlar onu elə azğınlaşdırıblar, hətta səyyah cəngavəri məsxərəyə qoymağa cürət edir. Ey, Brandabarbaranın alçaq nökəri, mən adi bir insan olsaydım, səndən soruşardım ki, mənim fələklərlə əlləşən Rosinantımın Buşefaldan nəyi əskikdir? Amma mən cəngavərəm və səninlə ağızlaşmaq mənə yaraşmaz. Ona görə də, təslim et o xərac torbasını və məndən əfv dilə, yoxsa ruhun cəhənnəmə vasil olacaq!

Dəllək. And olsun bütün müqəddəslərə, sinyor, sizin bu gülməli görkəminiz mənə elə ləzzət edir ki, pulsuz-parasız da saqqalınızı qırxaram.

(Torbasını açıb, əşyaları çıxarmağa başlayır. Don Kixotun gözü parıldayan mis ləyənə sataşır).

Don Kixot. Hərbə-zorbanı kəs, dilinə güc vermə, sinyor…

Dəllək. Nikolas! Mənim adım Nikolasdır. Hamı məni usta Nikolas kimi tanıyır!

Don Kixot. Madam bu qədər cəsarətlisən, usta Nikolas qılıfına girmiş sehrbaz, gəl o qızıl dəbilqənin möhkəmliyini yoxlayaq. Görək cəngavər qılıncının zərbəsinə tab gətirəcəkmi? Qoy o dəbilqəni başına!

Dəllək (varam də belə zarafatlara). Buyurun, sinyor! Mənim dəbilqəm elə bərkdir ki, onu heç top gülləsi də deşməz! (Mis ləyəni bərk-bərk başına keçirib, gülə-gülə dayanır).

Don Kixot (nərə çəkir). İndi isə qoru özünü!

(Qılıncını havada fırladıb bütün gücü ilə ləyənə ağır bir zərbə endirir. «Cıınnn!..» – qulaqbatırıcı bir səs ətrafa yayılır. Zərbə o qədər güclü olur ki, dəlləyin gözləri kəlləsinə çıxır, dizləri bükülür və o, tir-tap yerə sərilir. Torbasındakı sabunlar, ülgüclər hərəsi bir tərəfə dağılır).

Sanço Pansa (dəhşət içində). Aman Allah, adamı öldürdünüz!

Don Kixot (hələ də qılıncını havada tutaraq). Sakit ol, Sanço! O, sadəcə bu ağır sınağa dözməyib, huşunu itirdi. Amma bax... (günəşin altında parıldayan ləyəni göstərir). Sən mənə bunun sadəcə dəllək ləyəni olduğunu deyirdin? Bax bu parıltıya! O gördüyün sıradan bir əşya deyil, məşhur Mambrinonun dəbilqəsidir! Onu ələ keçirmək hər bir səyyah cəngavərin borcudur. O qorxaq sehrbazlar dəbilqənin əsl görkəmini gizlətməyə çalışsalar da, qılıncımın zərbəsi həqiqəti üzə çıxardı!

(Dəllək özünə gəlib, qorxu içində ətrafına baxır, hələ də zirehli adamın qarşısında olduğunu görüb, canının hayına düşür. Yarımhuşsuz halda, tir-tir əsərək eşşəyinə tərəf sürünməyə başlayır).

Don Kixot (qılıncını yerə dirəyib, vüqarla ona baxır). Dayan, ey məğlub edilmiş rəqib! Qaçmağa tələsmə. Bil ki, mən sənə qarşı amansız olmaq istəmirəm. Sənin cəsarətin, hər nə qədər cahillikdən irəli gəlsə də, mənə xoş gəldi. Bu gün mən sənə ən böyük neməti – həyatını bağışlayıram!

Dəllək (dili-ağzı quruyub, kəkələyir). Sinyor... aman günüdür... mən sadəcə saqqal qırxmağa gedirdim... ləyənim də, torbam da sizin olsun, təki məni sağ buraxın!

Don Kixot. Sus və dinlə! Sənə bağışladığım miskin həyatının qarşılığında sən mənə bir xidmət borclusan. (Zirehinin altından bir kağız parçası çıxarır). Al bu məktubu! Əgər yolun uzaq Toboso tərəflərə düşsə, orada yer üzünün ən gözəl mələyi, qəlbimin sultanı Tobosolu Dulsinayaya rast gəlsən, bu məktubu ona çatdır. De ki, onun sadiq cəngavəri mənfur sehrbazlarla, ədalətsiz feodallarla vuruşaraq onun şərəfini ucaldır!

Dəllək (məktubu titrəyən əlləri ilə götürür). Baş üstə, sinyor... mütləq... İşimi-gücümü buraxıb, elə bu dəqiqə Tobosoya yola düşürəm. Harada olsa, tapıb verəcəyəm, əmin olun... təki məni buraxın!

Sanço Pansa (kənardan baxıb ah çəkir). Sinyor, bu yazıq adam Tobosonun yolunu heç xəritədə də tapa bilməz. O indi ancaq öz canını qurtarmağın dərdindədir. Görürsünüzmü, eşşəyinə necə sarılıb?

Don Kixot. O, mənim elçimdir, Sanço! Tarix yazacaq ki, Don Kixot ən qatı düşmənini belə mərhəməti ilə özünə sadiq qul etdi. (Dəlləyə tərəf). Gedə bilərsən!

(Dəllək məktubu cibinə qoyub, canını qurtardığına şükür edərək, ayaqqabılarını belə götürmədən eşşəyini çapıb uzaqlaşır. Don Kixot isə yerə düşmüş ləyəni (onun gözündə dəbilqəni) təntənəli şəkildə başına qoyur).

(Elə bu vaxt uzaqda, təpənin üstündə nəhəng, qolları ağır-ağır fırlanan yel dəyirmanı görünür).

Don Kixot (gözləri parlayır, əli ilə uzağı göstərir). Bax, Sanço! Tale bizə düşmənlərin ən qəddarı ilə üz-üzə gəlmək fürsəti verir! Görürsənmi o nəhəngi? O çoxqollu divi? Adı Briarey olmalıdır, qollarının sayı-hesabı yoxdur!

Sanço Pansa (təşvişlə uzağa baxır). Hansı div, sinyor? Mən orada ancaq qanadları küləkdən fırlanan yel dəyirmanı görürəm. O qollar dediyiniz isə dəyirman daşını fırladan taxta pərlərdir!

Don Kixot. Ah, Sanço, sən hələ də qorxudan özünə gəlməmisən! Sehrbazlar yenə sənin gözlərinə pərdə çəkiblər. Amma mən o mənfur nəhəngi hərəkətlərindən tanıyıram. O, bizi döyüşə səsləyir! Mən indi onunla təkbətək vuruşub bütün qollarını kəsim, sən də gör! Sən burada qal və mənim zəfərimə şahidlik et!

(Don Kixot Rosinantı mahmızlayıb irəli atılır).

Sanço Pansa. Sinyor, dayanın! İsaya and olsun ki, o dəyirmandır! Boş yerə özünüzü təhlükəyə atmayın!

Don Kixot (eşitmək belə istəmir, nizəsini qabağa uzadır). Qoru özünü, ey azğın nəhəng! Sənin qollarının çoxluğu mənim gözümü qorxuda bilməz! (Rosinantı amansızca mahmızlayır). İrəli, Rosinant! Şərəf və qəhrəmanlıq naminə!

(Don Kixot nərə çəkərək dəyirmana doğru şığıyır. Külək daha da bərk əsir və dəyirmanın qanadları sürətlə fırlanmağa başlayır. Sanço isə arxadan əl-qolunu ölçərək qışqırır, amma artıq gecdir… Don Kixot Rosinantı sürətlə irəli çapır. Nizəsini bərk-bərk sıxıb, hədəfi, yəni «divin qolunu» nişan alır. Bu anda güclü külək qopur, dəyirmanın nəhəng pəri sürətlə aşağı enərək Don Kixotun nizəsini parça-parça edir, onun özünü isə atı ilə birlikdə göyə qaldırıb, yerə vurur. Don Kixot bir az aralıda ağır zirehi ilə yerə çırpılır. Başındakı mis ləyən (dəbilqə) cingilti ilə səhnənin ortasına yuvarlanır).

Sanço Pansa (təngnəfəs özünü yetirir. Don Kixotun yanında diz çökür). Sinyor, sinyor… Vay-vay, hayıf səndən, zavallı idalqo! Vay mənim bəxti kəm ağam, vay! Göylərin qartalı, eşq sərrafı ağam! Sən getdin, tozlu yollar boş qaldı, paslı qılıncın kimsəsiz qaldı…

(Eşşəyin fınxırtısı eşidilir. Sanço dönüb ona baxır).

Sanço Pansa. Hə, mənim dilsiz-ağızsız dostum, hər şey bura qədər imiş. Əlvida, mənim xəyallardakı adam, eh, bəxtsiz Sanço, heç vaxt görmədiyin adanla vidalaş. Mən artıq özümü o adanın qubernatoru kimi görürdüm: qarnım tox, yatağım yumşaq, hamı mənə təzim edir... Görünür, taleyimə qubernator yox, elə ömürlük nökər olmaq yazılıb. Heyif o dualardan, heyif o xəyallardan...

(Kəmərindən asılmış şərab tuluğunu açıb, içməyə başlayır).

Don Kixot (iniltili səslə). O-o-ox... Sanço... mənim vəfalı dostum...

Sanço Pansa. Sinyor, sinyor, sağsınız?

Don Kixot. Səncə?..

Sanço Pansa. Vallah, inildəyirsinizsə, deməli sağsınız, amma səsiniz elə bil o dünyadan gəlir…

Don Kixot (zirehinin altında güclə tərpənərək dərindən, titrək bir səslə inildəyir). O-o-ox... Sanço... Sus, vəfalı silahdaşım... Sənin bu ümidsiz sözlərin mənə o xain cəngavərin nizəsindən daha ağır yara vurur... Sanço, mənim qılıncım sındı, qalxanım parçalandı… mən ölürəm, Sanço… Heyf, ölümü təkbətək döyüşə çağırmaq olmur… Ora bax… buludların arxasından Dulsinaya boylanır… görürsənmi? Necə gözəldir…

Sanço Pansa. Görürəm, ağam, görürəm. Gözəlliyi göz qamaşdırır, elə gözəldir, günəş onun yanında şam işığına bənzəyir.

Don Kixot (ağır-ağır nəfəs alır, öskürür, pafosla əlini sinəsinə qoyur). Dulsinayaya deyərsən… deyərsən ki, mən onlarla… yox, yüzlərlə məkrli sehrbazla döyüşdə qəhrəmancasına həlak oldum! Sanço, kitablarda deyilir ki, cəngavər öləndə göy üzü parçalanmalıdır, atlar dil açıb ağlamalıdır... Bəs niyə belə sakitlikdir? Hanı mənim Rosinantım? Niyə quşlar hələ də oxuyur?

Sanço Pansa (onun zirehini çıxarmağa kömək eləyir). Çünki quşlar kitab oxumur, ağam. Elə mən də. Amma atların, eşşəklərin dilindən anlayıram. Odur, Rosinant orada dayanıb, məlul-məlul sizə baxır, çox güman sizin üçün dua eləyir. Odur ki, əgər ölməmisinizsə, qalxın (çiyinlərindən tutub, qaldırmağa çalışır). Çünki, baxın, odur, oradan biz tərəfə bir təşrifat gəlir. Sizi bu vəziyyətdə, çarəsiz, aciz görsələr haqqınızda nə fikirləşərlər? Deməzlər ki, şan-şöhrəti dünyalara sığmayan, ordular yenən, dağ boyda nəhəngləri devirən Lamançlı Don Kixot budur? Budur…

Don Kixot (birdən-birə canlanır, yavaş-yavaş dikəlir). Dayan!.. Bilirsən nə var, Sanço? Kitab oxuya bilməsən də, bəzən sən də yanılıb, doğru sözlər danışırsan. Doğru buyurursan, Sanço, mən belə ölə bilmərəm. Mənim oxuduğum o minlərlə kitabda... o qədər cəngavər dastanında belə bir aqibət yazılmayıb! Hansı qəhrəman belə səssiz-səmirsiz, tozlu yolun kənarında can verib? Amadis de Qalual, Palmerin... onlar ya döyüş meydanında, ya da sevgililərinin qollarında haqqın dərgahına ucalıblar. Mən belə şərəfsiz, ucuz ölümü qəbul eləyə bilmərəm. Bu, o xain sehrbazların oyunudur, məni belə miskin hala salıb rüsvay etmək istəyirlər! Yaxşı, kömək elə mənə görüm!

Sanço Pansa (onu güclə ayağa qaldırmağa çalışır, Don Kixotun beli bükülür, ayaq üstə güclə dayanır). Hə, bax belə, ağam! Dişinizi dişinizə sıxıb oturun bu daşın üstündə. Onlar yaxınlaşırlar. Qoy görməsinlər ki, dizləriniz əsir. Qoy elə bilsinlər ki, siz bu daşın üstündə dincəlirsiniz, son döyüşdən sonra növbəti qələbəniz haqqında düşünürsünüz. Amma yalvarıram, o qılıncı hələlik qınına qoyun, qoymayın nahaq qan tökülsün.

Don Kixot. Sanço, dəbilqəmi ver! Qoy gəlsinlər, kim olurlar olsunlar, bilsinlər ki, Lamançlı Don Kixot hələm-hələm dizini yerə qoyan deyil. Amma… Sanço… əlimi buraxma… elə bil, yer ayağımın altından qaçır…

Sanço Pansa. Bərk dayanın, atınızı çəkim. Ayaq əssin, bel oynasın, fərqi yoxdur, ata minənəcəndir – at belində heç nə bilinməyəcək.

(Sanço Pansa tələm-tələsik onu ata mindirir, özü də eşşəyinə minir, əli ilə gələnləri göstərir).

Sanço Pansa. Baxın, ağam, baxın! Gələnlərə baxın! Məni gün vurmayıbsa, şərabdan beynim dumanlanmayıbsa, mən orada qəribə bir mənzərə görürəm. Bir dəstə qadın sanki öküz əvəzinə boyunduruğa girib, nəhəng arabanı itələyirlər.

(Arxa fonda yorğun və toz-torpaq içində olan bir qrup qadın ağır, yüklə dolu bir arabanı güclə itələyirlər. Təkərlərin gıcıltısı və qadınların ağır nəfəsi eşidilir. Ön planda Don Kixot arıq atı Rosinantın, Sanço Pansa isə eşşəyin belində dayanıblar. Nəhayət araba onlarla bərabərləşir).

Don Kixot. Sanço, sən hər şeyi baş-ayaq görürsən. Cəhalət sənin gözlərini bağlayıb, həqiqəti görməyə imkan vermir.

Sanço Pansa. Nə həqiqət, ağam? Göz qabağındadır da! Yazıq qadınlardır, üst-başları toz içində, çarvadar yükü daşıyırlar. Bəlkə də kənddən qovulmuş bədbəxtlərdir.

Don Kixot. Yox, səhv edirsən, mənim sadiq silahdaşım. Bunlar kəndli qadın, filan deyillər. Bunlar sehrlənmiş şahzadələrdir. Görünür, hansısa azğın bədheybət bunları əsir götürüb, gözəl atlarını əllərindən alıb, özlərini də bu ağır taleyə məhkum edib. (Nizəsini havaya qaldırıb, ucadan). Dayanın, zavallılar! Görürəm bu ağır yükü daşımağa gücünüz çatmır, zərif bədənləriniz dözmür, yükün altında əyilir. Deyin görüm, hansı bədxah cadugər sizi bu lənətə düçar edib? Bağlarda çiçək kimi açmalıykən, hansı qara qüvvə sizi bu ağır işə məcbur edib?

(Qadınlar ayaq saxlayıb, dikəlirlər. Onların başçısı əllərini belinə vurub, Don Kixotu başdan-ayağa süzür).

Başçı qadın. Maraqlıdır, niyə sizə elə gəlir ki, bizi hansısa qara qüvvə bu işə məcbur edib?

İkinci qadın (tərini dirsəyi ilə silərək). Şalvar geyinmisiniz, elə bilirsiniz, bu sizə hərzə-hərzə danışmaq haqqı verir? Çəkilin, bizi yolumuzdan eləməyin!

Don Kixot. Yox, ola bilməz! Şahzadələr belə danışmamalıdır: siz sehrin təsiri altındasınız, sayıqlayırsınız. Ağlınız dumanlanıb, səsiniz quru, əlləriniz qabar içində, bu, ağır sehrin, cadunun əlamətləridir. Deyin mənə, sizi əsarətdə saxlayan kimdir, adını deyin, yerin deşiyində də olsa, tapıb o çirkin kahin qəlbini nizəmlə parça-parça eləyim! Sizi bu zillətdən qurtarım!

Üçüncü qadın. Qulaq asın, kişi qırıqları, bizdən heç nə qopara bilməyəcəksiniz. Ona görə, al dillə, yalan-palanla başımızı piyləməyə çalışmayın. Sizin kimi qaçaq-qulduru çox görmüşük. (Don Kixota üzünü tutur). Bir bunun geyiminə-geciminə bax! Çəkil yoldan, yoxsa sənə bir divan tutarıq, sədası aləmə yayılar…

(Qadınlar gülüşür).

Sanço Pansa. Xanımlar, comərd cəngavər, həşmətli sinyor Don Kixotun sözlərini nahaq yerə qəribçiliyə salırsınız. Onun qəlbi təmənnasız yaxşılıq və mal-dövlətdə gözü olmayan bir azadlıq ehtirası ilə döyünür.

Qadınlar. (Xorla oxuyurlar. Ritmik, hərbi marş tempində, araba təkərlərinin gıcıltısı və ayaq səsləri ilə müşayiət olunur).

Tozlu yollar, dik yoxuşlar qorxutmaz bizi,
Biz silmişik qəlbimizdən o köhnə izi.
Nə bir saray istəyirik, nə gümüş, nə zər,
Bizim azad ruhumuzdur ən böyük zəfər!

Sizin kimi quldurları çox görmüşük biz!

Sizin kimi quldurları çox görmüşük biz!

(Əllərində oraq, yaba, dırmıq, bel tutmuş qadınlar yavaş-yavaş Don Kixotla Sanço Pansanı əhatəyə almağa başlayır. Onlar dal-dalı çəkilməyə başlayır).

Sanço Pansa. Xanımlar, xanımlar, bir dəqiqə. Konsertə görə təşəkkür edirik, amma… deyəsən, siz sinyor cəngavərin niyyətini düzgün başa düşmədiniz. Biz qaçaq-quldur deyilik, sadəcə sizin kimi şanlı, zərif məxluqların qəlbini fəth etmək istəyirdik…

Don Kixot (vüqarını pozmadan, başındakı ləyəni düzəldir). Dayanın, ey zərif məxluqlar! Məlumunuz olsun ki, cəngavər kodeksi qadınlara qarşı qılınc çəkməyə icazə vermir. Amma görünür, o mənfur sehrbaz Friston sizi də öz cadusuna salıb, əlinizə bu kəndli alətlərini verib, mənə qarşı ordu düzəldib!

Başçı qadın (orağını yelləyərək). Nə cadu, hansı sehrbazdan danışırsan, ay ağlı kəm?! Sən bizim kəndin yeganə dəlləyini vurub şikəst eləmisən! İndi bizim kişilərin saqqalını kim qırxacaq? Xəstələrdən kim qan alacaq? Alın payınızı!

(Qadınlar daha da yaxınlaşır, yaba və dırmıqlar havada hədələyici şəkildə tərpənir).

Sanço Pansa (geri-geri gedərək, əlləri ilə başını qoruyur). Xanımlar, xanımlar, yanlışlıq olub! Sinyorum sadəcə bu dəlləyin başındakı ləyəni... yəni dəbilqəni yoxlamaq istəyirdi. Sinyor Don Kixot o cəngavəri… yəni dəlləyi sağ buraxdı, sadəcə bir az başı fırlanırdı! (Don Kixotun qolundan yapışır). Sinyor, İsa xatirinə, indi qəhrəmanlıq vaxtı deyil, necə deyərlər, qaçmaq da igidlikdəndir! Bu qadınların dırmığı sizin nizənizdən də itidir! Rosinanta tərəf qaçın!

Don Kixot (tərəddüdlə). Sanço, axı cəngavər döyüş meydanını tərk etməz... Amma bir tərəfdən də… qadınlarla döyüşmək cəngavər qanunlarına ziddir. Bəli, bu geri çəkilmək deyil, sadəcə strateji bir manevrdir!

Sanço Pansa. Elədir, sinyor, sadəcə manevrdir, mövqe dəyişikliyidir!

(Sanço özünü eşşəyin belinə atır, Don Kixot isə birtəhər Rosinanta dırmanır. Qadınlar qışqıra-qışqıra onların ardınca qaçır, yerdən kəsək və daş götürüb atırlar. Don Kixotun başındakı mis ləyən «taqq-tuqq» səsləriylə atılan daşlardan qorunmağa kömək edir. Musiqi sürətlənir, daşların ləyənə dəymə səsi ritmik bir döyüş marşına çevrilir).

Don Kixot (atın belində yellənə-yellənə, ləyəni hər dəfə düzəldərək). Eşidirsənmi, Sanço? Bu sədalar mənim qəhrəmanlığımın səsidir! Mambrino dəbilqəsinin çıxardığı səslər, elə bil, göylərdən gələn alqış sədasıdır!

Sanço Pansa (eşşəyini var gücü ilə qovur, başını aşağı salıb). Sinyor, məncə bu, qonşu kəndin qadınlarının «xeyir-duasıdır»! Tez olun, yoxsa yabayla Rosinantın qarnını deşəcəklər!

(Onlar bir qədər qaçdıqdan sonra qadınların səsi uzaqlaşır. Toz-torpaq içində meşənin kənarına çatırlar. Don Kixot Rosinantı saxlayır və nəfəsini dərir, ləyəni başından çıxarıb baxır. Sonra atdan, eşşəkdən düşüb, yerə əyləşirlər).

Sanço Pansa. Şükür, yaxşı qurtardıq. Şükür göylərin kəramətinə!

Don Kixot (maraqla onun üzünə dikilir). Dostum Sanço, bəs deyirdin kitab oxuya bilmirsən, savadsızsan. Əvvəllər ağzın qatıq kəsmirdi, sözü sözə qoşub danışa bilmirdin. Bu cür bəlağətlə, ibarəli danışmağı haradan öyrənmisən?

Sanço Pansa. Sinyor, atı atın yanına bağlarsan, ya huyunu götürər, ya xasiyyətini.

Don Kixot. Aydındır! Sən hələ məndən çox şeylər öyrənəcəksən, mənim vəfalı dostum. İllər, qərinələr keçəcək, yer üzündəki bütün xalqlar bizim şücaətlərimizdən danışacaq.

Sanço Pansa (yerə sərdiyi süfrədən bir parça çörək götürüb dişləyir). Sinyor, bu günlük bu qədər şücaət və «strateji manevr» bəsimizdir. Mənim bu «manevrlərdən» sonra qarnım elə quruldayır, elə bil içimdə on dənə yel dəyirmanı fırlanır.

Don Kixot (uzaqlara zillənərək). Haqlısan, Sanço. Qəhrəmanlar da dincəlməlidir. Gedək o uzaqdakı işıq gələn tərəfə. Orada bizi möhtəşəm bir qala, ləziz təamlar və bəlkə də yeni bir macəra gözləyir. Amma əvvəlcə toqqanın altını bərkitmək, yaxşıca yatıb dincəlmək lazımdır. Çünki başımda şiddətli ağrılar hiss edirəm…

Sanço Pansa. Təəccüblü deyil, o Mambrino şlemi olmasaydı, indi başınızda yel dəyirmanının daşı böyüklüyündə bir şiş vardı. Qadınların qırımını gördünüz də…

Don Kixot (acıqlı səslə). Nə dəyirman, dəyirman salmısan? Bəsdir yel dəyirmanından danışdın! Ömründə bircə dənə kitab oxumuş olsaydın bilərdin ki, dediyin o qadınlar Balta Ordeninin üzvləriydi.

Sanço Pansa. Hansı ordenin?

Don Kixot. Balta ordeninin! Sanço, doğrudur, cəngavərin silahdaşı savadsız olsa yaxşıdır, amma day bu qədər də yox! Xəbərin olsun, qadınlardan ibarət «Balta Ordeni»ni Barselonanın qrafı dördüncü Ramon Berenger yaradıb. Bu, Avropada yeganə qadın cəngavər ordenidir.

Sanço Pansa (kənara). Zalım oğlu, gah deyir sehrlənmiş şahzadələrdi, gah da deyir Balta Ordeniydi..., nə bilim, Oraq ordeniydi.

(Onlar yavaş-yavaş üfüqə tərəf addımlayırlar. Arxa fonda meşənin sakitliyi və Sançonun eşşəyinin ayaq səsləri eşidilir).

Pərdə

# 154 dəfə oxunub

Oxşar xəbərlər

Media və Yayım Şurası yaradılır

Media və Yayım Şurası yaradılır

12:17 14 iyul 2026
Şuşa Qlobal Media Forumunda süni intellektin media sahəsinə təsiri müzakirə olundu

Şuşa Qlobal Media Forumunda süni intellektin media sahəsinə təsiri müzakirə olundu

11:45 14 iyul 2026
Van Qoqu, Freydi və Darvini roman qəhrəmanına çevirən yazıçı kim idi?

Van Qoqu, Freydi və Darvini roman qəhrəmanına çevirən yazıçı kim idi?

11:40 14 iyul 2026
"Maykl" filmindən rekord

"Maykl" filmindən rekord

11:20 14 iyul 2026
Qızıl rəngin və ehtirasın rəssamı - Qustav Klimt kimdir?

Qızıl rəngin və ehtirasın rəssamı - Qustav Klimt kimdir?

10:47 14 iyul 2026
Haluk Leventin dərnəyi ilə bağlı 22 nəfər saxlanlıdı

Haluk Leventin dərnəyi ilə bağlı 22 nəfər saxlanlıdı

10:20 14 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər