"Biz diplomu dəliyə verdik, yoxsa dahiyə?" - Qaudinin sirlərlə dolu həyatı

"Biz diplomu dəliyə verdik, yoxsa dahiyə?" - Qaudinin sirlərlə dolu həyatı
10 iyun 2026
# 12:00

Bu gün görkəmli katalon memar Antonio Qaudinin anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Antonio Qaudi i Kornet 1852-ci il iyunun 25-də Kataloniyanın Reus (bəzi mənbələrə görə Riudoms) qəsəbəsində misgər ailəsində dünyaya göz açmışdı. Onun uşaqlığı həmyaşıdları kimi küçələrdə qaçaraq, səs-küy salaraq keçməmişdi. Ağır revmatizm xəstəliyi balaca Antonionun hərəkətini məhdudlaşdırmışdı. Bəzən ağrıları o qədər şiddətli olurdu ki, o, evdən ancaq eşşək belində çıxmağa məcbur qalırdı. Qardaşlarını və anasını erkən yaşlarında itirməsi isə onu daha da içinə qapalı, tənha bir uşağa çevirmişdi.

Lakin bu fiziki məhdudiyyət onun vizual qavrayışını, müşahidə qabiliyyətini fövqəladə dərəcədə itiləşdirdi. Uşaqlarla oynaya bilməyən Qaudi saatlarla oturub təbiəti, buludların hərəkətini, ağacların yarpaqlarını, suyun axışını, ilbizlərin qabığını, böcəklərin anatomiyasını müşahidə edirdi. Sonralar böyük memar olanda dühasının sirrini bu cümlə ilə ifadə edəcəkdi:

"Mənim ən böyük müəllimim pəncərəmin önündəki ağacdır."

Qaudi ailəsinin evi

Gənclik illərində memarlıq təhsili almaq üçün Barselonaya yollanan Qaudi heç vaxt standart, qaydalara tabe olan tələbə olmadı. Klassik memarlığın sərt qaydaları, simmetriya və riyazi qəliblər onu sözün əsl mənasında boğurdu. O, öz layihələrini cızarkən mühəndislikdən daha çox heykəltaraşlıq prinsiplərinə, biologiyaya əsaslanırdı. 1878-ci ildə Barselona Memarlıq Məktəbini bitirəndə məktəbin direktoru Elies Rocent diplomu ona təqdim edərkən tarixə düşən o məşhur sözləri dedi:

"Biz bu diplomu bir dəliyə verdik, yoxsa bir dahiyə, bunu yalnız zaman göstərəcək".

Və zaman direktorun tamamilə haqlı olduğunu sübut etdi. Qaudi həm dəli idi, həm də dahi. O, təbiətin riyaziyyatını tapmışdı. Qaudiyə görə, təbiətdə kəskin uclar və qüsursuz düz xətlər yoxdur. "Düz xətt insanlara, əyri xətt isə Tanrıya məxsusdur" deyən memar, öz binalarında təbiətin asimmetrik, lakin qüsursuz harmoniyasını yaradırdı.

Qaudi (arxada) atası (mərkəzdə), qardaşı qızı Roza və həkim Santalo ilə birlikdə Montserrata səfəri zamanı (1904)

Maraqlıdır ki, Qaudinin gənclik illəri heç də gələcəkdəki tərkidünya və tənha həyatına bənzəmirdi. O dövrlərdə o, bahalı kostyumlar geyinən, teatra, operaya gedən, kübar cəmiyyətdə parlayan bir gənc idi. Qadınlarla münasibətləri isə heç vaxt uğurlu alınmadı. Dəfələrlə rədd edilən Qaudi ömrünün sonuna qədər heç vaxt evlənmədi və eşqi yalnız sənətdə, daha sonra isə dində tapdı.

Onun həyatını və sənətini kökündən dəyişən hadisə kataloniyalı zəngin sənayeçi Eusebi Güell ilə tanışlığı oldu. Güell Qaudidəki qeyri-adi istedadı ilk görən və ona sonsuz maliyyə azadlığı verən şəxs idi. Onların bu ittifaqı Barselonaya "Güell Parkı""Güell Sarayı" kimi şedevrlər bəxş etdi. Qaudinin mozaikalarla bəzədilmiş əyri skamyaları, qırılmış keramikadan yaratdığı trencadís sənəti məhz bu dövrün məhsuludur.

Qaudi binaları sadəcə layihələndirmirdi, o, binaları sanki torpaqdan "yetişdirirdi".

Casa Batlló (Sümüklər evi): Bu binanın fasadına baxanda adamın ağlına gələn ilk şey canlı bir orqanizmdir. Eyvanlar insan kəlləsini xatırladır, sütunlar isə sümükləri. Damı isə qətlə yetirilmiş nəhəng bir əjdahanın pulcuqlu belini təcəssüm etdirir.

Casa Milà (La Pedrera): Qaudinin ən səs-küylü əsərlərindən biri. Dalğalanan dənizi xatırladan bu daş kütləsində bir dənə də olsun düz bucaq yoxdur. Damdakı bacalar isə sanki gələcəkdən gəlmiş yadplanetli döyüşçüləri xatırladır.

Lakin Antonio Qaudinin həyatının əsl mənası, onu həm ucaldan, həm də daxilən və xaricən əridib fəda edən o böyük əsər – "Sagrada Família" (Müqəddəs Ailə Kilsəsi) oldu. 1883-cü ildə o bu kilsənin inşasını öz üzərinə götürəndə gənc idi. Ömrünün 43 ilini yalnız bu layihəyə həsr etdi. Son 12 ilində isə o, başqa heç bir sifariş qəbul etmədi, ailəsi və evi olmayan bu dahi, elə tikinti meydançasındakı kiçik bir otaqda yaşamağa başladı.

Sagrada Família - Wikipedia

Kilsə onun üçün sadəcə bir memarlıq abidəsi deyildi; bu, daşla yazılmış bir İncil, Tanrıya uzanan bir dua idi. Gəncliyindəki dünyəvi həvəslərini tamamilə bir kənara atan Qaudi dərin bir asketə çevrildi. O, yaxşı yeməkdən, gözəl geyimdən imtina edir, vaxtilə qulluq etdiyi otağını tərk edib tozun-torpağın içində yatırdı. Barselonanın ən qabaqcıl memarı indi nimdaş, yamaqlı paltarlarda gəzirdi. Kilsənin tikintisi üçün vəsait tükənəndə, qürurunu bir kənara qoyub şəxsən özü küçələrə çıxır, tikintinin davam etməsi üçün yoldan keçənlərdən, vaxtilə saraylar tikdiyi zənginlərdən sədəqə yığırdı. Cəmiyyət yavaş-yavaş onu tərkidünya bir dəli kimi görməyə başlayırdı.

Müxbirlər, dostları ondan daim eyni sualı soruşurdular: "Bu nəhəng kilsə nə vaxt bitəcək?" Qaudi isə baxışlarını göyə dikərək gülümsəyir və o məşhur cavabını verirdi:

"Mənim Sifarişçim tələsmir".

Ölümü və qurtuluş

Və o məşum iyun günü... "Sagrada Família"nın inşası ilə bağlı emalatxanasından çıxıb hər gün getdiyi Sant-Felipe Neri kilsəsinə dua etməyə yollanarkən tramvayın altında qalan, kimsəsiz kimi can verən böyük ustad.

İyunun 12-də onun dəfn mərasimi Barselona tarixinin ən böyük hüzn günlərindən birinə çevrildi. Bütün şəhər vaxtilə ona yuxarıdan aşağı baxan varlılardan tutmuş küçədəki ən yoxsullara qədər hər kəs onun tabutunun arxasınca addımlayırdı. Şəhər öz memarına, öz atasına ağlayırdı. Onu ən böyük və hələ də tamamlanmamış əsərinin – "Sagrada Família"nın yeraltı sərdabəsində dəfn etdilər.

1936-cı ildə başlayan İspaniya Vətəndaş müharibəsi zamanı anarxistlər Qaudinin emalatxanasını yandırdılar, onun illərlə əziyyət çəkib qurduğu gips maketləri, eskizləri məhv edildi. Ancaq onun zehniyyəti artıq tələbələrinin beyninə və Barselonanın genetik koduna elə həkk olunmuşdu ki, kilsənin tikintisi dayanmadı.

Qaudinin dəfn mərasimi (12 iyun 1926)

Bu gün Barselona deyəndə ağıla gələn ilk və tək sima odur. Şəhərin hər küncündə, hər döngəsində Qaudinin nəfəsi duyulur. Yarımçıq qalmış "Sagrada Família"nın isə memarın ölümünün 100-cü ildönümündə – 2026-cı ildə tamamlanması planlaşdırılır.

Antonio Qaudi təbiətin və sonsuzluğun memarı idi. O, cansız daş bloklarına sadəcə forma vermədi, onlara ürək döyüntüsü bağışladı. Dünyanın ən tənhalarından biri kimi yaşadı, ancaq özündən sonra milyonların heyranlıqla baxdığı, insanlıq var olduqca yaşayacaq bir daş meşəsi qoyub getdi. O, bəlkə də küçədə can verdi, amma ruhu çoxdan öz yaratdığı qüllələrin zirvəsindən göyüzünə – öz böyük Sifarişçisinə qovuşmuşdu.

# 84 dəfə oxunub

Oxşar xəbərlər

Yeni nəşrlərin vahid elektron reyestrinin yaradılması təklif olundu

Yeni nəşrlərin vahid elektron reyestrinin yaradılması təklif olundu

12:49 10 iyun 2026
Almaniyada Kelt mədəniyyətinə aid  nadir məzar tapıldı

Almaniyada Kelt mədəniyyətinə aid nadir məzar tapıldı

12:40 10 iyun 2026
Bir xalqın dastanını yazan təkgözlü şair: Luiş di Kamoeş kim idi?

Bir xalqın dastanını yazan təkgözlü şair: Luiş di Kamoeş kim idi?

12:30 10 iyun 2026
77 il əvvəl götürülmüş kitab kitabxana təhvil verildi

77 il əvvəl götürülmüş kitab kitabxana təhvil verildi

11:30 10 iyun 2026
Əliağa Vahidi ölümdən qurtaran adam kim idi?

Əliağa Vahidi ölümdən qurtaran adam kim idi?

10:30 10 iyun 2026
Erməni qırğınlarından qaçan uşaq necə böyük bəstəkar oldu?

Erməni qırğınlarından qaçan uşaq necə böyük bəstəkar oldu?

10:09 10 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər