Bəstəkar: "Efirdə erməni musiqisindən istifadə olunur..." - Müsahibə

Bəstəkar:  "Efirdə erməni musiqisindən istifadə olunur..." - Müsahibə
29 noyabr 2024
# 09:00

Kulis.az Həmid Piriyevin bəstəkar Azər Hacıəsgərli ilə müsahibəsini təqdim edir.

- Bildiyim qədər, çoxşaxəli fəaliyyətin var.

- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkarlıq kafedrasının müəllimiyəm, Akademik Milli Dram Teatrının Musiqi hissə müdiriyəm, Azərbaycan radiosunda musiqi redaktoruyam və Bəstəkarlar İttifaqının üzvüyəm, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvüyəm. Mənim profilim audiovizual, elektron və akademik musiqidir. Konsertlərdə əsərlərim səslənir, festivallarda iştirak edirəm. Filmlərdə, tamaşalarda işləmək də mənə doğmadır. Djorje Belanın qələmə aldığı “Mən Rixard Vaqnerəm” əsərində belə bir mükəmməl məntiq irəli sürülür: “Müasir və maraqlı layihə alınması üçün yaradıcılıqda müxtəlif sənət sahələrini birləşdirməyi bacarmalısan”. Mən nə isə kəşf etmək istəmirəm, konstruksiyalar qurmaq, yeni nəticələr əldə etmək daha maraqlı görünür. Bu yolla da gedirəm.

- Efirlərdə bayağı musiqiyə çox yer verilir. Buna münasibətin necədir?

- Bu dəqiqə çoxundan soruşsanız, musiqini yüksək səviyyədə bildiyini sizə sübut etməyə çalışacaq. Əslində, istər teatr olsun, istər mədəniyyət mərkəzi olsun, istər telekanal olsun – hər yerdə musiqi işini bilən şəxslər lazımdır. Çünki bu gün platforma həddindən artıq böyüyüb və internetdə çoxlu kontent tapa bilərsən, amma o kontentin keyfiyyəti, kimə mənsub olması vacib məsələdir.

Məsələn, Audiovizual Şura efirdə səsləndirilən hər hansı bir sözdə, ifadədə nöqsanlar tapır, kanallara irad bildirir. Amma bunun musiqi tərəfinə fikir verən yoxdur, əslində, bu daha vacibdir. Çünki səsləndirilən musiqi uşaqlara mənfi təsir göstərə bilər, axı kanallara ailələr baxır. Əlbəttə, bayağı musiqinin psixoloji təsiri də var. Bunu eynilə filmlərə də aid edə bilərik, çünki musiqi şüuraltına işləyir. Bəzən efirdə erməni musiqisindən istifadə olunur. Amma, bunun fərqinə varmırlar, çünki mənbəni bilmirlər. Bunlara qarşı da mübarizə aparmaq lazımdır. Bunu araşdırmaq üçün ciddi musiqişünaslara ehtiyac var.

- Yəni hər kanalda bədii şura olmalıdır?

- Yox, çox da bunun tərəfdarı deyiləm. Belə deyək, olması da ziyandır, olmaması da. Çünki həmin şura subyektiv ola bilər, öz zövqündən çıxış edə bilər. Vaxtilə müəyyən musiqi parçalarını qadağan etmişdilər, amma sonra məlum oldu ki, onlar çox gözəl sənət əsərləridir. Bunu başqa yolla, daha obyektiv yanaşma ilə idarə etmək lazımdır.

- Deyirlər artıq musiqinin dövrü bitib, hər şey yazılıb, hər şey oxunub. Hətta süni intellekt də mahnı bəstələyir.

- Bununla razı deyiləm. Musiqi əvvəldən riyazi elm sayılırdı. Musiqi əsərləri riyazi üslublarla yazılırdı, hazırlanırdı. İnkişaf getdikcə o rəqəmlərin mürəkkəbliyi də artıb. Həyat qloballaşır və mürəkkəbləşir. Lakin musiqinin süni intellektdən fərqi məhz yaradıcı şəxsin təəssüratından gəlir. Misal üçün kədərli bir obraza süni intellekt hüzn dolu bir musiqi bəstələyə bilər, lakin həddən artıq kədərli bir səhnə bəstəkarın gözündə şən bir rəqslə və ya ana laylası fonunda daha da faciəvi səslənə bilər. Halbuki süni intellektin bu seçim etməsi qeyri-mümkündür.

Dinləyici məsələsi də var, onu da nəzərdən qaçırtmamalıyıq. Dinləyici musiqiyə qulaq asır, lap klassik əsər də ola bilər, musiqi bəsit olanda ona daha şirin gəlir. Kütlə həddindən artıq böyük rol oynayır burda. Kütlənin zövqü ilə razılaşmaq lazımdır. Zövq üçün ağır əsərlər işləyə bilərsən, amma qazanmaq istəyirsənsə, kütlənin istədiyini yazmalısan. Mən belə fikirləşirəm.

- Hər il yeni filmlər, seriallar çəkilir. Bəstəkarlarla iş hansı səviyyədədir?

- Özəl sektor ümumiyyətlə bəstəkarla işləmir. Telekanallarda çəkilən seriallarda, filmlərdə bəstəkarla işləyirlər, amma səviyyə, keyfiyyət çox aşağıdır. Etiraf etməliyik, rejissorlar son vaxtlar bəstəkarlarla işləməyə can atırlar. Çünki müəlliflik hüququ məsələləri ortaya çıxır və buna görə də bəstəkara ehtiyac duyulur.

Sənə sifariş gəlməsini istəyirsənsə, öz üzərində işləməlisən. Əgər brend olsan, sənə müraciət edəcəklər. Amma maliyyə, büdcə baxımından, hələ də əsl dəyər bilinmir. Bəstəkarın işinin qonorarı düzgün hesablanmır. Bu barədə ən yaxşı sahə hazırda teatrdır. Mən tələbələrimi də teatrlara cəlb etməyə çalışıram. Bir neçə tələbəm “M-teatr”la işləyib. Gənclərə geniş imkanlar yaratdığına görə teatrın baş rejissoru Vidadi Həsənova təşəkkür edirəm. Anlayırıq, teatrın büdcəsi olmadığına görə onlara qonorar verilməyib, amma bu iş uşaqlar üçün çox yaxşı təcrübə oldu. Təcrübə qonorardan daha dəyərlidir. Onu da deyim ki, Vidadi müəllim kimi ustadla çalışmağın özü tələbələrdə böyük həvəs yaradırdı. Çünki bu prosesdə iş yalnız musiqi yazmaqla bitmir, rejissoru dinləmək, onu anlamaq və tamaşaçıları nəzərə almağı bacarmaq çox vacibdir.

- İstər televiziyalarda, istər də müstəqil layihələrdə, veriliş və seriallarda klassik Azərbaycan bəstəkarlarını eşitmək olur.

- Bizim Azərbaycan klassikasından yerli-yersiz çox istifadə ediblər. Məncə, bir çox əsərləri on-on beş il dincə qoymaq lazımdır. Heç bir filmdə, layihədə istifadə olunmasın. Bu həm də müasir bəstəkarlığın inkişafına təkan verə bilər.

- Ermənilər bizim mahnıları çox oğurlayır. Bu barədə nə deyə bilərsən?

- Əslində, bu mənim özüm üçün də çox maraqlı idi, buna görə araşdırma apardım. Ermənilər Türkiyə ərazisində də yaşayıblar və indi də yaşayırlar. XIX əsrdə Komitas adlı erməni kilsə xadimi olub, Fransada musiqi təhsili alıb, bəstəkar kimi də fəaliyyət göstərib. Bizdə Üzeyir bəy, Asəf Zeynallı və başqa bəstəkarlar milli musiqimizi toplamaq üçün bölgələri gəzdikləri kimi, Komitas da təhsilini bitirib qayıdandan sonra kəndləri, şəhərləri gəzib, çoxlu musiqi nümunələri toplayıb və onları nota köçürüb. Bu olub XIX əsrin ikinci yarısında, yəni Azərbaycanda professional musiqinin yaranmasından öncə.

Komitasın bioqrafiyasında da yazılıb ki, o, tək erməni musiqisini deyil, Azərbaycan, türk, fars, kürd mahnı və melodiyalarını da notlaşdırıb. Sonradan o özünün kvartet əsərlərində, başqa erməni bəstəkarlar da öz yaradıcılıqlarında həmin musiqilərdən istifadə ediblər. Hamısı da Komitasın hazırladığı mənbədən götürür, çünki Komitas peşəkar erməni musiqisinin yaradıcısı hesab olunur və ondan sonrakı bütün erməni bəstəkarlar ondan bəhrələniblər. Eynən bizdəki Üzeyir bəy kimi.

Fikrimcə, biz həmin arxivi əldə edib, həmin mənbədən Azərbaycan musiqisini seçib çıxara bilərik. Mən bu sahədə araşdırmalarımı və tədqiqatlarımı davam etdirirəm. Bu bizim haqqımızdır və inanıram, nail olacağıq. Əslində, buna ehtiyacımız da var. Məlum mübahisələrə son qoymaq üçün məsələni kökündən həll etməyə ehtiyac var.

- Belə çıxır, ermənilər Azərbaycan musiqisindən istifadə etməkdə haqsız deyillər, çünki öz arxivlərində var bunlar?

- Haqlı olduqlarını demirəm. Mən bəzi notlara baxdım, orda elə notlar var ki, heç hansı xalqa mənsub olduğu yazılmayıb, sadəcə, azərbaycanca və ya türkcə adları qeyd olunub. Və onlar bundan istifadə edirlər, çəkinmirlər, bu onlarda qəbul edilmiş formatdır. Əlbəttə, yeni musiqi və mahnılardan da istifadə edirlər. Amma məncə, əsas həmin mənbəni aydınlaşdırmalı və təmizləməliyik. Çünki söhbət həm də muğam sistemi və Azərbaycan intonasiyalarının qorunmasından gedir.

- Bəs bizdə musiqişünaslıqda vəziyyət nə yerdədir?

- Musiqişünaslıqda da bəstəkarlıq kimi müəyyən istiqamətlərə ehtiyac var. Məsələn, musiqişünas jurnalistlərə ehtiyac var, çünki jurnalistikada musiqişünas çox azdı. Və ya tənqidçilərin düzgün yanaşmaması, subyektivlik problem yaradır. Gənclərin inkişafı üçün bir platforma yaradılmalıdır. Bu məsələlər çox vacibdir. Hazırda Bakı Musiqi Akademiyasında bu məsələlər nəzərə alınır.

- Son bir ildə teatrda daha fəal işləmisən.

- Bir çox tədbirlər üçün musiqi yazmışam. Son ildə teatrlarla da aktiv çalışıram. Bir az yorulmuşam. Teatrda fəaliyyəti azaltmaq istəyirəm. Çünki işlədiyim əsərlər hamısı ağır və faciəvi əsərlər idi. Hiss edirəm ki, bu mənə psixoloji olaraq təsir edir.

Çalışmağı çox sevsəm də, dayanmadan işləmək yorur adamı. Yəqin ki, gələn ildən bir və ya iki əsər işləyəcəyəm. Son bir ildə “Gün var əsrə bərabər”, “İblis və...”, “Dimetos” tamaşalarına, “Tənha insanın monoloqu”, “13” filmlərinə musiqi yazmışam, hazırda isə “Maqbet”in məşqləri gedir. Hamısı ağır əsərlər idi. Çox istəyərdim, sevgi əhvalatı, komediya, uşaqlar üçün əsərlər işləyim.

Son tamamladığım iş Məsud Pənahinin “Nar-qız” animasiyası oldu. O da çox maraqlı işdir. Animasiya çox vacibdir, Ümumiyyətlə, uşaq əsərləri işləyəndə ehtiyatlı olmalısan, bu siyasətə bərabər bir işdir.

Son olaraq onu demək istəyirəm ki, ümumiyyətlə, internetdən götürülən musiqi və ya kiçik büdcə ilə alınmış parçalar filmlərin, tamaşaların zaman keçdikcə dəyərsizliyinə gətirib çıxaracaq. Pul xərcləməyim deyə bəstəkarla orijinal musiqi ilə işləməkdən imtina etmək daha böyük, ciddi layihələrin tezliklə unudulması ilə nəticələnir.

# 1077 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #