"“Başı gedən” birinə necə dözürük?" - Plagiat məqalələrlə alınan qonorarlar, yalan və böhtan...

"“Başı gedən” birinə necə dözürük?" - Plagiat məqalələrlə alınan qonorarlar, yalan və böhtan...
22 iyul 2025
# 12:00

Kulis.az Lütviyyə Əsgərzadənin "Qorxutmamalı bizləri yollardakı əngəl" yazısını təqdim edir.

“Ədəbiyyat qəzeti”nin 2025-ci il 16 may tarixli sayında dərc olunan həmkarım filologiya üzrə fəlsəfə doktoru E.Qasımovanın “Yanlışlıqlar, həqiqətlər” adlı məqaləsinə Kulis.az mədəniyyət portalında münasibətimi bildirmişdim. O da mənim yazıma elə həmin ünvandan Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri olan Məhəmməd Hadinin insanın cəmiyyətdə mövqe qazanması üçün hansı vasitələrə əl atmalı olduğu barədə düşüncələrini əks etdirən "Elmin, hünərin, mərifətin varsa, buyur gəl, Yoxsa, bu həyat aləminə olma bir əngəl" misraları ilə cavab verib. Sənətkarın bu misralarını eyni ilə qəbul edirəm və “bu həyat aləminə olma bir əngəl", - sözlərini yazı müəllifinin özünə iadə edirəm. Çünki yazdığı yazı bir alim etikasına uyğun yazılmayıb və ona daha çox yaraşır. İllərdir mən ondan “ağzına gələnləri” dinləmək məcburiyyətindəyəm, heç ağlına gələn bir şey danışdığını müşahidə etməmişəm”. Görən bu sözləri yazanda, “özünün təbirincə desək, “başı gedən” birinə, onun lazımsız hərəkətlərinə, sözlərinə və davranışlarına necə dözürük?

Mən də onun təbiətinə artıq illərcə bələd olduğumdan düşünürdüm ki, bir az “üsturublu” cavab verər, çünki o, suda elə yürür ki, izi qalmaz. Görünür, bəhs etdiyim həqiqətlər onun içinin çölə vurmasına səbəb olub. Təəssübünə toxunub. Təəssübünə toxunan isə, mənim bir elm məbədinin əməkdaşı olmamdır. Bəs özü hansı məbədin əməkdaşıdır?

Mən də hər iki məqalə mətninin “Kulis.az” saytında yerləşdirildiyini nəzərə alıb bəzi məsələlərə fikir bildirmək istəyirəm. Özünə gələndə elmi terminlərə belə sahiblik haqqını tələb edən məqalə müəllifi, öz etdiklərini “elmdən və mərifətdən kənar olan xırda təfərrüatlara varmaq və kiçilmək olaraq görmür. “Həmkarım məqaləmin dəyərini dərk etmək üçün cəhd etməkdən çəkinib”, - deyə bəhs etdiyi məqalə, dəyərli elm adamlarının apardığı elmi tədqiqatların xülasəsi və təsviridir. Bu məqalədə münasibət bildirilməli, ona aid bir fikir yoxdur. Əslində, bir məsələdə məqalə müəllifinə haqq verirəm “Bildiklərini deməkdən, bilmədiklərini etiraf etməkdən və öyrənməkdən çəkinmə!” Kaş ki özü buna əməl etsəydi...

“Bəlli həqiqətlər haqqında internet resurslarındakı məlumat bolluğundan özünütəqdim vasitəsi kimi yararlanıb məqaləmizlə heç bir əlaqəsi olmayan əlavələrlə “zəngin bilik” nümayiş etdirmişdir. Heç bir elmi dəyəri, məntiqi bağlılığı olmayan “əsaslarını” bir qədər xatirə, bir qədər nağılvari, uydurma, bəzən də qeybətvari (çalışdığım müəssisədə bu işə siz baxırsınız!) bir tərzdə (“o zaman onun nə bilgisayarı vardı, nə də meil adresi” (?); “dissertasiya işi haqqında ən obyektiv danışan mən, ən kəskin danışan isə məqalənin müəllifi” (?); “bu gün özünü sığortalamaq məqsədilə” (kimdən və ya nədən?); “Alfred de Müsse və onun şeiri haqqında ilk məlumatı verən” (?); “dissertasiyanın ətrafında danışacağını bildirərək, materialları fləşkarta yükləməyimi xahiş etdi” (?); “bilgisayarımdan Məti Osmanoğlunun məqaləsini tapdım” (?) və s.) təqdim etməkdən çəkinməmişdir”. Qeyd edim ki, bu hal və hadisələr bir otaqda oturub çalışan iki əməkdaşın arasında baş vermişdir və bunu mən bildiyim kimi, o məndən də gözəl bilir. Məncə burada utanc gətirən şey yaxşılığın, etimadın itirilməsi olmalıdır. “Həmkarım “əsasları” ilə məqaləmin yazılmasında özünü fikir, ideya sahibi kimi görür, haqqı itirilmiş hesab edir. Bu gün bizi “mənim mənbələrimi (? – E.Q.) görməzdən gəlməsi”, “mənbə olaraq öz kitabını göstərməsi, özünə və yaşına yaraşmayan hərəkət” sahibi kimi ittiham edən L.Əsgərzadənin daha əvvəl yazılmış tədqiqatları kənara qoyub onun 2022-ci ildə çap olunan yarım səhifəlik köçürmə tezisinə istinad edilməsi tələbi hansı yaşın və başın məntiqidir? – Gözəl sualdır. Özünün “yaşlı” və “başlı” sayan həmkarım nə məqsədlə bizim “yarım səhifəlik köçürmə tezisimizə” münasibət bildirmir? Axı qeyd edir ki, biz şöbə əməkdaşları hər gün qarşılıqlı elmi söhbətlər aparırıq. Özünün yazısını hansı əsasla orijinal (?), mənim məqaləmi köçürmə sayır. Köçürmək, başqasının fərdi iş planına salınmış hazır elmi tədqiqatı öz adına nəşr etdirib, qonorar almaq onun işidir. Mənim bəhs olunan bütün mənbələrdən xəbərimin olduğunu özü məndən də gözəl bilir. Hətta mənim bilgisayarımda bu barədə olan bütün materiallardan da xəbərdardır. Söhbət bu gündən getmir, illər öncəsindən gedir. Onun nə bilgisayar işlətməyi, nə də internetdən istifadə etməyi bilmədiyi vaxtlardan gedir.

Müəllif haqlı olaraq yazır ki, özünün dediyi kimi, hələ 2016-cı ildə şöbədə keçirilən dissertasiya müzakirəsindən xeyli əvvəl əlində olan bu materiallardan özünün niyə yararlanmaması maraqlıdır.

Bu gün mən bilgisayarımda onlarla üzərində işləməyi düşündüyüm fayllar yaratmışam. Bu o demək deyil ki, bunların hamısını bir gündə yazıb bitirəcəyəm. Bizim ilk işimiz, əsasən, institutun rəhbərliyi tərəfindən bizə verilən “fərdi iş plan”ını işləmək, o mövzu ətrafında məruzələr etmək və məqalələr yazmaqdır. Və mən hər il verdiyim illik hesabatımda fərdi iş planımdan əlavə 30-40-a qədər məqalə və simpozium materialları təqdim edirəm. İllik məruzələrimin ikisi kitabla nəticələnib. Yəni iş çox, vaxt azdır.

Digər haqlı saydığım bir nüans da var “Nəzirə şeirə yazılan nəzirələr” (2022) tezisini “böyük potensiala malik müstəsna məqalələr” sırasında görən, hamını “heyran edən”, nüfuzlu jurnaldan “əlyazmasının dərc olunması üçün təklif” alan, lakin nədənsə bu günə qədər dərc olunmaması”dır. Müəllifin indiyə qədər nə “web of science”, nə digər nüfizlu jurnallarda məqaləsi çap olunmadığı üçün bunun məsuliyyətini anlamır və ya anlamamazlıqdan gəlir. Bu təkcə mənim yox, bütün elm adamlarının problemidir. Bu prosesdə ən asan şey məqaləni yazmaqdır. Məqalənin yazılması, hətta məqalədə “İstifadə olunmuş ədəbiyyat”I ilə bağlı öz tələbləri vardır. Digər tərəfdən məqalə ingilis dilinə çevrilməlidir. Və bu məqalələrin nəşr olunması üçün 1000, 1500 $ lazımdır. Və bu hər alimin cibinə uyğun gəlmir. Bunlardan xəbərdar olsa, ki, xəbərdardır, dəfələrlə bu mövzuda geniş söhbətimiz olub, bunun səbəbini anlamış olmalıydı.

Müəllifin “L.Əsgərzadənin “Yad et!” şeirinə nəzirə yazan şairlər sırasında M.Hadinin də adının çəkilməsi, yarım səhifəlik tezisin əvvəlki tədqiqatlardan savadsız və məsuliyyətsizcəsinə köçürülməsinin təsdiqi və yanlışın təkrarıdır”-yazması, məncə özünün məsuliyyətsizliyinə, yeni yazlan məqalələrdən xəbərsiz, olduğuna dəlalət edir. Çünki məqalə müəllifinin M.Hadi “Yad et!” rədifli şeirə nəzirə yazmamışdır! – hökmü ilə yazdığı fikri havada qalır.

E.Qasımova “ən azı A.Şaiqin xatirələrinə, M.Hadinin əsərlərinin bu gün əlimizdə olan mükəmməl nəşrinə baxmağı vacib və mümkün” sayır və mənə tövsiyə edir. A.Şaiqin “Xatirələrim” kitabı mənim stolüstü kitabımdır. Cavidşünas olduğum üçün ən azından Məhəmməd Hadididən də xəbərdaram. E.Qasımova bu tövsiyəsində bir az gecikib. Görünür o özü ilə məni səhv salıb. Hələ də asuda vaxt axtarır ki, Məhəmməd Füzulini, Hüseyn Cavidi oxusun. Təəssüf ki, bu hələ də arzu olaraq qalır. Və tələsmək də lazım deyil, oxumaq və öyrənmək heç zaman geç deyil, yetər ki, oxuduğunu, öyrəndiyini “dərk edəsən!”

“Yad et” şeiriylə bağlı akademik Kamal Talıbzadənin belə bir qeydi var: "Şair (Abdulla Şaiq nəzərdə tutulur) avtoqraflarından birində həmin şeirə belə qeyd vermişdir: "Ustadi-əzim Mahmud Əkrəmə nəzirə olan bu şeirimi hənuz 1908-ci sənəyi-miladidə demişdim. Arkadaşlarımdan Məhəmməd Hadi əfəndiyə, Səhhət əfəndiyə, mərhum Sabir əfəndi və bir kaç başqa əhbablarıma oxumuşdum. Arkadaşlarımın xoşuna getdiyi üçün hər biri bir nəzirə yazmaq arzusunda olduqlarından ricalarını qəbul etmişdim. Lahəza bəradərim Səhhət əfəndinin nəzirəsini "İrşad" qəzetəsinin sütunlarında hənuz o zamanlarda oxudum. Sabir əfəndinin nəzirəsi dəxi "Molla Nəsrəddin" jurnalında göründü. Atəşli şairimiz Məhəmməd Hadinin nəzirəsi isə bu haladək bir yerdə nəzərimə çarpmamışdır. A.Şaiq" (Kamal Talıbzadə. Qeydlər // Abdulla Şaiq. Əsərləri, beş cilddə, ikinci cild. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1968, s. 571). Lakin M. Hadinin də bu şeirin güclü təsiri ilə yazdığı şeiri var, nəzirə olmasa da. M.Osmanoğlu (Unutma, bizləri yad et!../Ədəbiyyat qəzeti. ‒ 2019) yazır: “Məhəmməd Hadi isə Müssenin "Yad et" şeirinin təsiri duyulan ən "nikbin" şeirində, hürriyyət xoşbəxtliyini görəcək gələcək nəslə müraciətində belə, bədii düşüncənin keçmişinin - XIX əsr Osmanlı ədəbiyyatının havasından çıxa bilmirdı:

Ey ol vəqti görən məsud,
unutma, bizləri yad et,
Bu yolda həsrət ilə can verən
əhbabi tedad et.
Məzarım üzrə gəl dur,
qəmli-qəmli ağla, fəryad et,
Oxu bu şeiri qəbrimdə..
.”

Daha sonra ömrünün 57 ilini akademiyada keçirən həmkarım özünü öyməyə davam edir: “Lüğət, onun növləri, tərtib prinsipləri haqda heç bir anlayışı olmayan bu elmlər doktorunun” (hər gün neçə dəfə bu misrasına görə M.Müşfiqə rəhmət oxuduğumu bir bilsəniz: “Adamın üzündə həya gərəkdir!”). Mən özümü də, sözümü də bilən, şəxsiyyətimə hörmət edən biri olaraq, Sizə fakt olaraq nələri verdiyimi bilirəm. Məqalə müəllifinin alim etikasına sığmayan davranışları ilk öncə onun “özünün özünə hörmətsizliyinin nümunəsidir”. Qaldı ki “Kündəgir” imzası ilə bağlı yazdığı fikir: “O, kiminsə “hansı kitaba daxildir bu imza?” – sualına necə cavab verəcəyi fərqində deyil? Təbii ki, burada da haqlıdır, çünki artıq imzanı mənimsəmisiniz! Sizin kitabınızdadır!

57 ildir ki, Ədəbiyyat İnstitutunda çalışmağı ilə fəxr edən müəllif bir-birindən dəyərli elm adamlarının: H.Araslı, M.Arif, M.Quluzadə, M.Cəfərov, Ə.Mirəhmədov, K.Talıbzadə, A.Rüstəmova, Y.Qarayev (hamısının ruhu şad olsun!) kimi ustad bələdçiləri olduğunu vurğulayır. Yolçu nabələd olduqdan sonra...

Deyirlər ki, sözü at ortaya, yiyəsi götürəcək. Doğruymuş. Bu qədər məsuliyyətsiz, savadsız, yalan, böhtan sahibi olan məqalə müəllifinin “Bu ayinədə” özünü görməsinə sevindim. Son olaraq, “bəsirət gözü olan insanlardan bəhs etmək isə heç Sizlik deyil!

Ədəbiyyat İnstitutu müqəddəs bir elm məbədidir! Sizin bu günkü musiqimizlə və musiqiçilərimizlə bağlı fikirlərinizə təəssüf ki, mən fikir bildirə bilməyəcəyəm. O işdə Siz mahirsiz. Dəf -dumbul çalmaqda. 57 il öncə nə olduğunu deyə bilmərəm, çünki mən hələ onda balacaq uşaq idim. Amma bu gün Sizin təəsüflə bildirdiyiniz “hər sahədə olduğu kimi, elmdə də “əngəl”lər (M.Hadi) var sözlərinizə qatılıram. Bu “əngəl” Sizsiniz! Və filosof şair H.Cavidə istinadən “Nə əcayib sürü, yahu, bunlar?!” – heyrəti və acısı yaşadan “əzəmət düşkünləri”, “şerü sənətdə yeni yol arayanlar”, “rəqsi təlim edən axsaqlar” elə Sizin özünüzün təqdimidir! Xatırlayırsınızsa, bu misraların hamısını mən Sizə dəfələrlə söhbət əsnasında istifadə etdiyimi. Bu yaxşı əlamətdir. Öyrənmək yaxşı şeydir. Görürsünüzmü oxumağa vaxt tapmadığınız Hüseyn Cavid əfəndidən nələrisə Sizə öyrədə bilmişəm.

Son olaraq onu qeyd etmək istəyirəm ki, bundan sonra bu mövzu ətrafında nə qədər yazılsa da, mən cavab verməyəcəyəm. Bunun üçün arqumentlərim var:

Birincisi, şərəf və ləyaqətimə, şəxsiyyətimə olan hörmətim, ikincisi, çalışdığım elm məbədinə olan hörmətim, üçüncüsü, elmə, həmkarlarıma olan hörmətim!!!

# 543 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda musiqiçini maşın vurub öldürdü

Bakıda musiqiçini maşın vurub öldürdü

16:03 22 iyul 2025
İslamdan imtina, ruslaşdırma və missionelik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

İslamdan imtina, ruslaşdırma və missionelik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

15:00 22 iyul 2025
İlbər Ortaylı  qəzaya düşdü

İlbər Ortaylı qəzaya düşdü

14:01 22 iyul 2025
Kraliçaya məxsus geyimlər Bukinqem Sarayında sərgilənəcək

Kraliçaya məxsus geyimlər Bukinqem Sarayında sərgilənəcək

14:00 22 iyul 2025
Burak Özçivitin yüksək qonorar tələbi rədd edildi

Burak Özçivitin yüksək qonorar tələbi rədd edildi

13:30 22 iyul 2025
Meraya Keridən 6 illik fasilədən sonra yeni albom

Meraya Keridən 6 illik fasilədən sonra yeni albom

13:10 22 iyul 2025
#
#
# # #