"Cavid peşəkar jurnalist deyildi, lakin..." - Onu fərqləndirən nə idi?

"Cavid peşəkar jurnalist deyildi, lakin..." - Onu fərqləndirən nə idi?
22 iyul 2025
# 13:00

Kulis.az Hüseyn Cavidin ev muzeyinin əməkdaşı Nübar Məmmədovanın “Hüseyn Cavid: Qələmin gücüylə danışan vicdan” yazısını təqdim edir.


Azərbaycan mətbuatı milli oyanış və maarifçilik hərəkatının əsas sütunlarından biri olub. Xüsusilə, XIX əsrin sonları və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş “Əkinçi”, “İqbal”, “Açıq söz” kimi qəzetlər yalnız xəbər vasitələri deyil, həm də cəmiyyətin maariflənməsinə, ictimai-siyasi fikrin formalaşmasına və milli özünüdərkin inkişafına xidmət edən publisistik tribuna rolunu oynayıb.
Qeyd etmək lazımdır ki, “Əkinçi”, “İqbal”,”Açıq söz” qəzetləri Azərbaycan publisistikasının inkişafında yeni səhifə açaraq vacib məqamlara diqqət çəkməyi bacarıb:
1) Milli şüürun formalaşması: xalqın milli kimliyini dərk etməsində, azərbaycançılıq ideologiyasının yayılmasında mühüm rol oynayıb.
2) Siyasi fəallığın artırılması: cəmiyyətdə siyasi proseslərə marağın artmasına,insanların ictimai hadisələrə daha fəal münasibət bildirməsinə təkan verib.
3) Ədəbi dilin inkişafı: Azərbaycan ədəbi dilinin zənginləşməsinə, publisistik üslubun formalaşmasına töhfələr verib.
4)Mədəniyyət və maarifçilik: Təhsilin, elmin, mədəniyyətin cəmiyyətdə yayılmasına, qadın hüquqları kimi mütərəqqi ideyaların təbliğinə xidmət edib. Bu mətbu orqanlar azərbaycançılıq məfkurəsinin formalaşmasında publisistikanın keşməkeşli yolunda müstəsna xidmətlər göstərməyi bacarıb və çağdaş Azərbaycan publisistikasının formalaşmasında əvəzsiz rol oynayıb.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin də yaradıcılığı təkcə ədəbi irs deyil, həm də milli-mənəvi dəyərlərin daşıyıcısı kimi mətbuatda geniş təqdim olunub. Hüseyn Cavidin publisistik yazıları əsasən milli istiqlal, azərbaycançılıq, təhsil və mədəniyyət məsələlərinə həsr olunub.

O, qəzet və jurnallarda çıxış edərək, xalq arasında maarifçilik işini aparıb, sosial ədalət və bərabərlik ideyalarını təbliğ edib.
Cavidin məqalələri həm sənətkar, həm də vətəndaş mövqeyindən yazılmış, gənc nəsli maarifləndirməyə çağırıb.

Dahi ədibin yalnız dramaturgiya və poeziyadakı xidmətləri deyil, həm də publisistika sahəsindəki fəaliyyətləri Azərbaycan ədəbi-fəlsəfi fikrinin inkişafında mühüm yer tutur. Hüseyn Cavid “tənviri - əfkar” - maarifçilik ideyasının təbliğatçılarından idi.

Bu ideyanın əsas qayəsi zehni aydınlamanı təmin etmək, maarifləndirmə yolu ilə tərəqqiyə nail olmaq idi. Onun XX əsrin əvvəllərində çıxış etdiyi “İqbal”, “Şərqi-rus”, “Həyat”, “Açıq söz” dövrünün mətbu orqanlarında milli maarifçilik və ideya mübarizəsinin əsas tribunasına çevrilmişdir. Dahi dramaturq əsasən milli azadlıq, mənəvi yüksəliş, Şərq-müsəlman dünyasında oyanış, düşüncə mədəniyyəti kimi məsələləri müdafiə edir, zülmü, istibdadı tənqid edirdi. Cavidin publisistikası ilə yaxından tanış olduqca humanizm, sülhsevərlik, dostluq, sədaqət və vətənpərvərlik kimi əxlaqi keyfiyyətlərin əsas motivlərdən birini təşkil etdiyini görürük.

Dahi ədibin ilk çıxış etdiyi nəşrlərdən biri “İqbal”idi. Burada isə Hüseyn Cavid əsasən poetik və məqalə formasında çıxış edərək milli oyanışın zəruriliyini vurğulayırdı. Cavidin bu dövr məqalələrinə nəzər yetirdikcə görürük ki, istibdada qarşı maarifçilik yoluyla mübarizəni əsas çıxış yolu hesab edirdi. “Həqiqət” qəzetinin 1910-cu ildə nəşr olunan yazısında millətin formalaşmasında dilin vacibliyini hər dəfə qeyd edirdi.

Hüseyn Cavidin publisistik əsərləri arasında milli şüurun yüksəldilməsi, milli dəyərlərin qorunması və inkişaf etdirilməsi mövzuları geniş yer tutur. Onun məqalələrində azərbaycançılıq ideyası, dilimizin və mədəniyyətimizin qorunmasının zəruriliyi vurğulanırdı. Məqalələrində o, həmçinin maarifçilik və təhsilin xalqın tərəqqisində əsas amil olduğunu dəfələrlə vurğulayıb.

Hüseyn Cavid yazırdı: “Bir millətin tərəqqi və tədənnisini bilmək için o millətin məktəbini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər”. Bu yazıya diqqət etsək, görərik ki, burada Hüseyn Cavid təkcə bir ədəbiyyat adamı kimi deyil, həm də maarif və dövlətçiliyə dair fikirləri ilə çıxış edən bir ziyalı mövqeyi ortaya qoymağı bacarır.

Hüseyn Cavid publisistikası açıq-aşkar göstərir ki, o, millətin öz kökünə bağlı olmasının vacibliyini qeyd edir.
Cavid Əfəndi hesab edirdi ki, hər bir millətin mütləq lisan müəllimi olmalıdır, çünki lisan müəlliminin yoxluğu nəticəsində bir çox şagirdlər özlərini unudurlar. Özünü, sözünü bilməyən kimsə isə nəticə etibarilə tarixindən, kökündən xəbərsiz qalır. Bu amil isə bir millət üçün böyük qəflət və tədənnidir.

Hüseyn Cavid düşüncəsinə görə, millətin nicatı maarif və mənəviyyatdadır. Publisistikada bu formada açıq, qorxmaz, cəsarətli fikirləri sayəsində o, dövrünün ictimai-siyasi həyatına fəal müdaxilə edən, ideoloji və əxlaqi məsələlərdə mövqe bildirən bir intellektual obrazı formalaşdırmışdır. Onun qələmində publisistika yalnız informasiya yox, həm də mənəvi təbliğ vasitəsinə çevrilmişdir.

Cavid peşəkar jurnalist deyildi, lakin onun yazdığı məqalələr, seçdiyi mövzular və yazı üslubu onu dövrünün maarifçi publisistləri ilə eyni sıraya qoyur. O, publisistik yazılarında ədəbi üslubla fəlsəfi dərinliyi, sosial məsuliyyətlə poetik duyumu vəhdət halında təqdim edir. Bu isə onu publisistika tarixində fərqli və seçilən bir yerə daşıyır.

Cavidə görə, mətbuat milli ruh, mənəviyyat, azadlıq düşüncəsini yaymaq üçün bir tribuna idi.
Hüseyn Cavid maarifçilik ideyalarını yalnız publisistika ilə məhdudlaşdırmayıb, həm də dramaturgiya və poeziya vasitəsilə xalqı maarifləndirməyə çalışmışdır.

O, teatr əsərlərində və şeirlərində insan azadlığı, milli şüur və ictimai ədalət mövzularını qabardırdı.
Cavid maarifçilik missiyasını yüksək dəyərləndirmiş, gənc nəsilin maarifləndirilməsini və milli ruhda tərbiyə olunmasını önə çəkib.


# 422 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada Vaqif Poeziya Günləri  keçirilir

Şuşada Vaqif Poeziya Günləri keçirilir

18:45 22 iyul 2025
Məşhur cütlüyün qızı ilk dəfə baş rolda

Məşhur cütlüyün qızı ilk dəfə baş rolda

18:00 22 iyul 2025
“Çarpıntı”nın  çəkilişləri başladı

“Çarpıntı”nın çəkilişləri başladı

17:30 22 iyul 2025
Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü keçirildi

Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü keçirildi

17:09 22 iyul 2025
Bakıda musiqiçini maşın vurub öldürdü

Bakıda musiqiçini maşın vurub öldürdü

16:03 22 iyul 2025
İslamdan imtina, ruslaşdırma və missionelik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

İslamdan imtina, ruslaşdırma və missionelik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

15:00 22 iyul 2025
#
#
# # #