Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.
Aqşin Yenisey iki-üç dövlət tədbirində ön sırada əyləşib deyə elə bilir, kim danışsa, ağzının üstündən vura bilər.
Dünən Nadir Yalçınla mübahisələrini gördüm. Aqşin Nadirə deyir ki, sənin haqqında bir il də yazsam, yazı adamı olan deyilsən.
Deyirəm, yaxşı ki, Aqşin AYB sədri-filan deyil, yoxsa onu tənqid eləyən bütün gəncləri dabanından asdırardı "26-lar bağı"nda.
Vallah, mənim yadımdadı, Aqşin Nadirdən yaşca böyük olardı, TV-də Elşad Mirinin üzünə dirənmişdi ki, Ərəbistanda universitet yoxdu. Necə olur ki, o Aqşin yazı adamı ola bilir, Nadir yox?
İndi son illərdə üç-dörd alman filosofun adını öyrənib, tez-tez də feysbukda dəxli oldu-olmadı onlardan sitat gətirir deyə elə bilir ki, çox qabağa gedib?
Ortada ələgələn, dişəbatan bir əsər olmayandan sonra səhərə qədər filosof adı əzbərlə, sitat çək, nə fayda?
Düzdür, danmaq olmaz, Aqşinin gəncliyində yazdığı üç-beş yaxşı şeiri var. Amma elə o qədər, üç-beş şeir, başqa da heç nə.
Bir-iki il öncə də Aqşin bir verilişdə, az qala, mənlə güləşəcəkdi ki, niyə əsərlərimiz dünyaya çıxmır?
Bu cür polemikalar açan Aqşinin son romanlarından birində baş obrazın adı belə idi: CIRTULLA
Həə... Cırtulla...
Nə böyük ironiya, nə böyük yumor, nə böyük sarkazm.
Bütün günü fəlsəfədən, Qərb mədəniyyətindən, Avropa ədəbiyyatından danış, sonra da gəl əsərinin baş obrazının adını Cırtulla qoy. Olmur e belə, Aqşin. Adama gülərlər.
Bütün tanıdığımız tərcüməçiləri bir araya toplasaq da, Cırtulla adını dünyanın heç bir dilinə tərcümə edə bilməzlər. Hələ əsərin özünü demirəm heç.
Uzun sözün qısası, Aqşin yeni ədəbi nəslə dərs deyə biləcək müəllif deyil. Açığı, orta nəsil və yaşlı nəsil yazıçılar arasında yeni nəslə dərs deyəcək, ustadlıq edəcək imza görmürəm, çünki özlərinin ortada sanballı bir əsəri yoxdur.
Yeni nəsil müəlliflər daha sanballı yazır. AYB-AYO davası, vəzifə-pul davası eləmir yeni müəlliflər, sırf ədəbiyyat yaratmağa çalışır. Və bunu bacarırlar da.