Nicat Qulamın rejissoru olduğu “Baba haqqı” sənədli filmi Çinin Şenzen şəhərində keçiriləcək I SmallRig Awards Festivalında iştirak edəcək.
Kulis.az xəbər verir ki, film festivalın finalistlərindən biridir.
23-25 may tarixində baş tutacaq festivalın münsiflər heyətinin sədri Ruby Yang olacaq.
Festival çərçivəsində sosial ədalət, gender bərabərliyi, iqlim dəyişikliyi, səhiyyə və mədəniyyətlərarası dialoq kimi aktual mövzularda filmlərin nümayişi, tanınmış sənətkarlarla master-klasslar, seminarlar, panel müzakirələri, şəbəkələşmə sessiyaları, ictimai səsvermə və film pitçinqləri təşkil olunacaq.
“Gulamba film” istehsalı olan sənədli filmin rejissoru, ssenari müəlifi və operatoru Nicat Qulam, bəstəkarı Ender Güney, prodüserləri Nihad Qulamzadə və Nicat Qulamdır.
Film Hakkı adlı 75 yaşlı atanın övladları və ailəsi haqqında fikirləri, həyata baxışınını əks etdirir.
“Baba haqqı” filmi 15-ci Bakı Beynəlxalq Film Festivalının yerli qısametrajlı proqramında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Qeyd edək ki, rejissor Nicat Qulamın festival səfəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin maliyyə dəstəyi ilə baş tutacaq.