Kulis.az Sadiq İsmayılın yazısını təqdim edir.
Ötən günlərdə yüksək, ali sənətə birmənalı biganə cəmiyyətimizin “tənqid nəzəriyyəsi”ndən və “tənqid tarixi”ndən bixəbər, lakin bu idraki kifayətsizliyə baxmayaraq fitri və radikal tənqidkar profili cızan nümayəndələri yenidən məntiqdən, sistemli analitik düşüncədən kənar “fikir”lərini itiləyib, şəxsi söhbətlərində, sosial medianın şərh guşələrində “hər sözü az demək daha xoş olar” şüarına müxalif şəkildə açdılar ağızlarını, yumdular gözlərini.
Söhbət Alim Qasımov və Üzeyir Mehdizadənin istər öz daxili sənət anlayışlarını ruhani müstəvidə təmin etmək, istərsə də faydaçı düşünərək gələcəkdə pul qazanmaq üçün mikrafona tuşlanan repertuara yeni bir nümunə əlavə etmək cəhdindən doğan duetindən gedir.
Başlayaq ilk subyektimizdən – Alim Qasımovdan. Sənətkara ünvanlanan kəskin tənqidlər, təqribi, “Alim Qasımov kimi sənətkar, Xalq artisti gör, hansı vəziyyətdə düşüb ki, Üzeyir ilə duet oxuyub” cümləsi və ya buna bənzər ifadələrlə bildirildi.
Xatırlayıram ki, daha əvvəl səhnədə ani əhvalı-ruhiyyənin təsiri ilə bir növ yumoristik biçimdə səsləndirdiyi dırnaqarası “rep” ifası da eyni aqibəti yaşamışdı dili xəncər insanımızın nəzərində.
Dürüst olacağam. Şəksiz, Xalq artisti ünvanında rəsmi olaraq yer alan Alim bəy indiki toplumun qulaqlarında mehman olan meyxana, rep, xarici musiqi qurşağının fonunda qətiyyən "Xalq artisti" adlandırıla bilməz.
Bu cəmiyyətin Xalq artisti mağarlarda rasional arqumentlərsiz, Aristotelin və İslamın Qızıl Çağ filosoflarının vurğuladığı kimi ətraf şəxslərə doğru və yanlış hökm vermək qayəsində olmayan, sadəcə onların hisslərinə xitab edərək, başlarına corab keçirən “sənətkarcıq”lardır.
Alim Qasımov bizə məlum olduğu kimi, adətən muğam, təsniflər və bəstəkar mahnılarında məharətini nümayiş edib illər boyu.
Gəlin, özümüzü aldatmayaq və tam səmimi cavab verək: “Siz bir çox hallarda yuxarıda sadalanan musiqi çalarlarına hazır deyildiniz, bir çox sözləri ya bərbad tələffüzdən anlamırdınız, ya da, ümumiyyətlə, kəlmələrin mənalarına heç bələd deyildiniz!”
Alim Qasımov bizim kimi sıravi bir insandır. Belə ki, qanunvericiliyə zidd olmayan, cəmiyyətin yaşamaq hüdudlarına mane olmadığı müddətdə həm öz şəxsi həyatında, həm də sənət fəaliyyətində hər cür seçim edə bilər.
Bu haqq ona verilib və Alim bəy bundan sonuna qədər yararlanmağa qadir və namizəddir.
Gələk, ikinci subyektimizə - Üzeyir Mehdizayə. Düşünürəm ki, Üzeyirə “sənət” ilə başlayan hansısa sözlə xitab eləmək onsuz da Motsarta, Vaqnerə, Şopenə və ucsuz-bucaqsız bu kateqoriyanı dolduran neçə-neçə ustada xəyanətdir.
Onların torpaq altında tərsinə dönməyini, küllərinin rahatsız olmağını, məncə, istəmərik. Bu, öz yerində.
Üzeyir tamamilə praqmatik fikirləşir. Gündəmə gəlmək, məişət üslubuna sızmaq, maşınlara, evlərə musiqinin gücündən istifadə edərək əlini-qolunu sallayaraq daxil olmaq istəyib.
Brend bir sima ilə yan-yana gəlmək buqalemun kimi brendin rənginə bürünməyinizə zəmin yarada bilər təbii ki...
Bunu Eyfel qülləsinin həndəvərində seçkin kafedə qəhvə içən adamın, əslində, əhəmiyyət ərz etməməsi, lakin qüllənin brendyanə qaməti altında müvəqqəti parlamasına bənzədirəm.
Mahnı bəşəriyyətin əylənməsi, acıları unutması, bəzən kədərə iradəli qayıtması üçün vasitədir. Amma bir məsələ var ki, sənin kədərin və sevincin mənimkindən tamamilə fərqlənir. Həmçinin seçimlərimiz də. Hər şey nisbidir.
İfaçılar mikrafon və kamera arxasına keçiblər, söhbətləşiblər, bəlkə də, növbəti proektlər üçün sözləşiblər. Bu, onların seçimidir, ey dili xəncər “tənqidkar”.
Lakin bunların axı nə əhəmiyyəti var?! Bu məsələnin işığında meydanda canından olan, nəfəsi kəsilən, həyatla faciəvi vidalaşan heç kəs yoxdur hazırda.
Bəs bu həngamənin, arsız nalənin səbəbi nədir? Bilirəm: Bütpərəstlik! Fərdi olaraq özünə qayıtmayan, mənliyini kəşf etməyən, dəyərini və ya dəyərsizliyini əsasları ilə həzm etməmiş hər kəs başqa mənliklərdə, özlərdə yaşamağa məhkumdur.
Alim bəyə “ilah” libası geyindirən cəmiyyət, şəxsi “qüsurlu addım” qiymətləndirməsi ilə ümumi, obyektiv sona varmaq niyyətindədir.
Sonda qəlbimin sözlərini belə ifadə edərdim ki, “kainatda zərrə belə olmayan qalaktikanın içində sıfırın hüdudlarında varsan! Alim Qasımov, Üzeyir Mehdizadə, sən və mən!.. Bir az özünə qayıt, gör, mənliyində nələr gizlənib, hörmətli “tənqidkar...”
Alim Qasımova “ilah” libası geyindirən cəmiyyət... - Bu həngamənin səbəbi nədir?
Oxşar xəbərlər
Məşhur müğənni mükafat rekorduna imza atacaq
14:00
22 sentyabr 2026
Sabahın gəlməsini arzulamağa nə haqqım var? - Alen-Furnyenin "Adsız ölkə"sindən
13:30
22 sentyabr 2026
"Tanrı hər ürəyə nəcib bir şey qoyub..." - Tanınmış psixoanalitikdən sitatlar
12:30
22 sentyabr 2026
“Segah İslam” necə əfsanəyə çevrildi? - Qarabağın məşhur xanəndəsinin hekayəsi
12:00
22 sentyabr 2026
Yeni müasir incəsənət muzeyi fəaliyyətə başladı
11:30
22 sentyabr 2026
Ən qədim yazılı sülh sazişi kitabəsi tapıldı
10:45
22 sentyabr 2026