"Adamah – qanlı palçıq deməkdir...” - Adəmin torpaqdan yaradılması ideyasında hansı feminin qatlar var?

"Adamah – qanlı palçıq deməkdir...” - Adəmin torpaqdan yaradılması ideyasında hansı feminin qatlar var?
23 sentyabr 2026
# 10:00

Kulis.az Alov İnannanın "Adəmin aybaşı qanından yaranması" yazısını təqdim edir.


“Ana torpaq”, “torpaqdan yaranmışıq, torpağa da gedəcəyik”, “torpağa tapşırılmaq” və s. kimi ifadələr hələ də eşidilir. İnsanın torpaqdan/palçıqdan yaranması antropogonik miflərdə ən çox rast gəlinən motivlərdən biridir. Bu motiv demək olar ki, dünyanın bütün kulturalarında mövcuddur. Torpaq-insan əlaqəsi monotesit dinlərdə də görünür; yəhudilik, xristianlıq və islamın ortaq nöqtələrindən biri Adəmin Allah tərəfindən yaradılan ilk insan, onun düzəldildiyi xammalın isə palçıq/torpaq olmasıdır. Hər üç dində ilahi qüvvə – Allah – anadan doğulmayıb və kişi cinsində təsəvvür edilir, doğmaq yox, yaratmaq qabiliyyətinin yiyəsidir. Allahın əsəri olan ilk insan da kişidir, özü də qadından doğulmur, əksinə Həvvanın simasında qadın ondan yaranır. Matriarxal dövrlərdə qadın doğuculuğunun ilahiləşdililməsi, müqəddəsləşdirilməsi və rituallaşdırılması bu üç maskulin dinin ortaya çıxması ilə bütünlüklə aradan qalxır.
Bəs əslində, Adəmin torpaqdan yaradılması motivi patriarxal korreksiyadan qabaq necə olub, bu ideya niyə yaranıb, burada


“Adəm” – qırmızı qanlı torpaq deməkdir

Müqəddəs sayılan mətnlərdə və folklor nümunələrində “insan” əvəzinə bəzən “bəni adəm” ifadəsi işlədilir. Həm ilk insanın adı kimi (Adəm), həm də “insan” sözünün sinonimi kimi “adəm” və yaxud “adam” nə deməkdir? Bu sözün ivritcədə “adamah”dan yarandığı, “qırmızı torpaq” mənası daşıması ən geniş yayılmış versiyadır. (Maraqlıdır ki, Yeni Zelandiyada yerli xalqın mifinə görə də ilk insan qırmızı torpaqdan yaradılıb.) Ancaq Mesopotamiya mifologiyasında ilk insan və ilk Sumer kralı Adapadan da söz edilir və Adəm sözünün “Adapa” adından yarandığı deyilir. R. Camphausenə görə “Adəm” adı, qədim xaldeylərin ana-tanrısı Adamunun adı ilə ortaq xüsusiyyətlərə malikdir; çünki bu ana-tanrının adı “qırmızı” deməkdir və mənası birbaşa aybaşı qanı ilə əlaqəlidir. Onunla həmfikir olan E. Neumanna görə də patriarxal miflərdə və dinlərdə, insanın maskulin allah(lar) tərəfindən palçıqdan yaradılması ideyasının alt laylarında qadınla bağlı məqamlar var. Burada söhbət palçığı qızardan nəsnədən gedir və ona qırımızılığı verən səbəb qədim bir Sumer mifi ilə anlaşılan hala gəlir. Mifdə deyilir ki, ana-tanrı Ninqal palçığa özünün “həyat qanı”nı – aybaşı qanını qataraq ilk insanı yaradır. Adəm sözünün “qırmızı palçıq” demək olması, palçığın aybaşı qanıyla qırmızı rəng almasına görədir. Qədim misirlilər də aybaşı qanı ilə qırmızı rəng arasında əlaqə qurublar, məsələn, onlar qırmızı rəng və aybaşı qanı üçün eyni heroqlifdən istifadə edirlərmiş. (D. Wolf.)

D. Wolf yazır: “... qadınlar aybaşı qanı qatılmış palçıqla kiçik qadın heykəlcikləri düzəldirdilər. Adamah – qanlı palçıq deməkdir”.
Qan qatılmış palçıqdan heykəlcik düzəltmənin elmə məlum olan yaşı 30 min ildir. 2016-cı ildə Dolni Vestonikedə (Çexiya) tapılan ana-tanrı heykəlciyinin laboratoriyada rentgen mikro-tomoqrafiyası göstərdi ki, “qanlı torpaq” məsələsi heç də mif deyilmiş: heykəlciyin tərkibində əzilmiş mamont sümüyü, piy, palçıq və qan vardı. Hələ 1991-ci ildə Avstraliyada Canberra universitetinin qədim tarix araşdırmaları üzrə mütəxəssisi T. Loy Avstraliya yerlilərinin qaya və mağara rəsmlərində həqiqi qandan istifadə etdiklərini sübut etmişdi. Bu rəsmlər 30 min il əvvəl çəkilmişdi. O, həmiçinin İsraildə Tabun mağarasında 90 min yaşı olan daş üzərinə qanla çəkilmiş əsərlər tapmışdı. Elmi araşdırmalarını “qırmızı təpə” demək olan Kom Əl-Ahmar (Misir) mağarasında da aparan T. Loy mağaranın üst təbəqəsinin qan və palçıqdan hazırlanan suvaqla suvanmasını da ortaya çıxartdı. Qandakı protein qırmızı rəngi saxladığına, daş və qayaların səthində konservləşib min illərlə qaldığına görə onun tarixini dəqiq müəyyənləşdirmək olur.

Oxra haqqında elmi məqaləsində L. Williams sarı oxranın rəngini qızartmaq üçün yerli Avstraliya qadınların onun içinə ya heyvan qanı ya da öz aybaşı qanlarını qatdıqlarını yazır.
Sual yaranır, torpağa niyə aybaşı qanı, ya da ümumiyyətlə qan qatılırdı?


Ay, aybaşı və qandan yaranma motivi


Qədim zamanlarda insanın sudan, yumurtadan, kosmik bir varlığın parçalarından, ağac koğuşundan, daşdan, heyvandan, küldən, torpaqdan və s. yaranmasına inamla birgə kişinin iştirakı olmadan uşağa qalmağa da inam olmuşdur. Elmi ədəbiyyatda buna latınca “sine concubitu” deyilir. Miflərdə, dastanlarda, nağıl və əfsanələrdə (hətta dini mətnlərdə) qadının dolu dənəsi və ya muncuq udması, meyvə, buğda yeməsi, çiçək qoxlaması, suda çimməsi, gecə yatdığı yerdə bətninə işıq düşməsi və s. ilə hamilə qalması “sine concubitu”yə misal ola bilər. Cinsi akt olmadan bətndə uşağın meydana gəlməsinə inamın ən qədimi aybaşı qanı ilə bağlıdır.

Aybaşı müddəti ilə Ayın bir aylıq dövrələmə müddəti eyni olduğuna görə, uzaq keçmişdə insanlar aybaşı qanamasını Ayla əlaqələndirmişlər. Beləliklə, Ay həm qadınları aybaşı edən ilahi qüvvə, həm də aybaşını dayandırıb ana bətnindəki qana can verən yaradıcı sayılmağa başlayır. (Hindlilərin miflərində, Ay həm də bitki toxumlarını əmələ gətirir.)
Sumerlərin ay tanrısı Nanna üçün yazılmış “Əllərin qaldırılması duası”nda deyilir:
“Ey hər şeyi doğan ana bətni!”

Qədim türkcədə “ay” sözünün mənalarından biri yaradan, yaradıcı deməkdir. Türk mifologiyasında doğum və bərəkət tanrıları Um-ay, Kub-ay və Ayı-sıtın adındakı “ay” sözü həmin sözdür. M. Seyidov vurğulayır ki, Saka (Yakut) türklərində insanı yaradan ana iləhəyə birbaşa “ay” və ya “ayı” deyirlər. Özbəkistanın müxtəlif regional ləhcələrində indi də anaya yaradıcı mənasında “aya”, “ayı” deyə müraciət edilir.

İnsanın yaranmasında ilkin səbəb kimi təsəvvür edilən dişi fiqur Ay, patriarxallığın təsiri ilə maskulinləşməyə başlayır. Bilindiyi kimi, “menstruasiya” (latın dilində Ay dəyişməsi) sözünün kökündəki “mens” Ay deməkdir. “Mens” ilə eyni kökə malik olan ərəbcədə “mina” və ya “maniyy”, yaxud, farscada “məni” sözü – insan toxumu, yəni, sperma deməkdir.
Hamilə qadınların aybaşıdan kəsilməsini müşahidə edən qədim insanlar uşağın ana bətnindəki laxtalanmış aybaşı qanından yaranmasına inanırdılar. Bu motivin izləri bəzi əfsanələrimizdə qalıb; bir kişi Hal anası ilə evlənir və onların iki uşağı olur. Hal anası həmişə ərinə tapşırır ki, uşaqlar yüyrükdə olanda yüyrüyün altına süpürgə çəkməsin. Bir gün Hal anası evdə olmur, kişiyə də maraq güc gəlir, süpürgəni götürüb yüyrüyün altını süpürür. Elə o dəqiqə uşaqlar yüyrükdə laxtalanmış qan parçasına – yəni, başlanğıc hallarına dönürlər.

Qanın həyat yaradıcı xüsusiyyəti başqa bir əfsanəmizdə də ifadə olunur: Bir kişi yolda zahı qadının ciyərini aparan Hal anası ilə rastlaşır və ona əmr edir ki, ciyəri yiyəsinə qaytarsın. Kişinin əlindəki xəncərdən qorxan Hal anası deyir ki, ciyəri suya saldığıma görə, yiyəsi artıq ölüb, ancaq mən qapıdan cıxanda ciyərdən bir neçə damcı qan damlası yerə düşmüşdü, həmin damcıları qaşıyıb suya qarışdırın, zahının boğazına tökün, diriləcək. Elə də edirlər. Zahı öz qanından yenidən yaranır. Öz qanından təkrar yaranma motivi dünyanın ən qədim inamlarından biri olan yenidəndoğumun izi kimi bir çox folklor nümunələrimizdə var. Obrazlardan birinin bir damcı qanından həmin obraz təzədən canlanıb dirilir.
Qanın can yaratma gücü bəzi türk xalqlarının mifik təsəvvürlərində də mövcuddur. Noqay türklərinə görə, öləcəyini hiss edən Albasdı özünü yaralayır və onun axan qanının hər damlası bir uşağa dönür (C. Bəydili).

Teleut türklərinə aid bir mifdə deyilir ki, uşağa qut (ruh, can) verən Anam Yayuçi göyün dördüncü qatında yaşayır. Həmin qut qırmızı qurd şəklində hamilə qadının rəhminə daxil olur. (F. Bayat) U. Harva Anohinə istinad edərək yazır ki, Altay Tatarları uşaq qutlarının göydə olduğuna və göyün dördüncü qatında yaşayan “ənəm Yayuci”nin (yayan, nizamlayan, yaradan ana) uşaqlara qut verdiyinə inanırlar. Uşağın qutu/ruhu kiçik qırmızı bir böcək şəklində ananın qarnına girir və eyni anda doğum tanrıçası uşağın ömrünün uzunluğunu təyin edərək bir kitaba bunu yazır.

Dörböt-Monqollarının əfsanəsinə görə isə insan ruhu qırmızı hörümçək formasındadır. Əfsanədə deyilir ki, eyni yerdə yuxuya gedən iki nəfərdən biri arada oyanıb görür ki, yanında yatan adamın ruhu kiçik qırmızı bir hörümçək şəklində onun ağzından çıxır. Hörümçək tərpənəndə, oyaq adam hörümçəyin üstünə bir az qum atır və yuxuda olan dostunun dodaqlarının arasını tüpürcəklə örtür. Hürkmüş hörümçək, çıxmış olduğu ağıza geri dönmək istəyəndə dodaqların arasındakı tüpürcəyə yapışıb qalır və zorla özünü oradan qurtarıb yatan adamın burnundan təkrar onun bədəninin içinə girir. Bir az keçdikdən sonra yatan adam oyanır və dostuna yuxusunu danışır; deyir ki, yuxuda görüb ki, o, böyük bir meşə yoluyla gedirmiş, üstünə də qızıl və gümüş yağırmış. Bu vaxt arxasınca bir ovçu qaçmağa başlayır. Daha sonra o, dostuna yuxusunda dənizə düşdüyünü, az qala boğulub öləcəyini və özünü güc-bəla ilə qurtardığını deyir.

Görünür, burada qırmızı qurd, ya da qırmızı hörümçək embrionu simvollaşdırır. Məsələn, vaxtilə yaponlarda ölmüş uşaqların qəbrinə, yenidən doğulsun deyə barama qurduna bənzəyən “maqatama” adı verilən yada daşı qoyulurdu. (G.Uhlmann). Həm də ola bilsin ki, laxtalanmış aybaşı qanı qırmızı qurd kimi obrazlaşdırılıb. Bu təsəvvür ərəblərdə də olub; Quranda, insanın yaranması ilə bağlı “laxtalanmış qan” ifadəsi işlənir (Əl-Muminun, 14 və Əl-Həcc, 5).

Manas dastanında qəhrəman Manasın arvadı döyüşcü Kanıkay xanımın dünyaya gələndə əlində qan laxtası varmış.
Qadın qanından bəzən təkrar özü, ya da uşaqları deyil, ayrı-ayrı canlılar da yarana bilir. Məsələn, yunan mifinə görə qəhrəman Perseus ilan saçlı, baxışları ilə adamı daşa döndərən qorxunc qorqon Medusanın başını kəsəndə onun torpağa sıçrayan qanından qanadlı at Peqas yaranır.

Qadın qanından kişi qanına və spermaya keçid

Patriarxal dünyagörüşün və dinlərin təsiri ilə qandan yaranma motivi feminin xarakterini itirməyə başlayır və yavaş-yavaş qadının aybaşı qanı kişi qanı, ya da hansısa bir canlının qanı ilə əvəzlənir. Qanın illah da qadının menstruasiya qanı olması artıq ikinci plana keçir. Bir az əvvəl sumerlilərin ana tanrısı Ninqalın öz aybaşı qanını torpağa qataraq ilk insanı yaratmasından yazmışdıq. Daha sonrakı Sumer mətnlərində torpaqdan insan yaratma əməlini yenə ana tanrı həyata keçirsə də, artıq torpağa qatmaq üçün aybaşı qanı gərəkmir. Məsələn, Sumer miflərinin birində deyilir ki, şəhər tikintisindən sonra yorulmuş tanrılar özlərinə köməkçi istəyirlər. Ana tanrı bu işi bilik tanrısına tapşırır, o da asi tanrılardan birini tutub qurban kəsir və doğum ana-tanrısı Mami/Nintu həmin qurbanın qanıyla, ətiylə torpağı qarışdırır (Həmin ət və qan məsələsi sonralar ta xristianlıqda qurban gedən İsa peyğəmbərə qədər mərasimləşəcək: xristian kultunda çörək – İsanın ətini, şərab isə İsanın qanını simvollaşdırır). Daha sonra ana tanrı Mami/Nintu ət, qan və gil qarışığına öz görünüşünü, yəni insan forması verir. Bütün tanrılar onun üzünə tüpürürlər, o da canlanır (H.İ.Çığ).

Akkadların Sumerə hücumundan sonra Sumerin olan-qalan feminin ruhu aradan qalxır. Ölkəni ələ keçirməklə həm də bütün Sumer kulturasına yiyələnən akkadlar Sumer inanış sistemini demək olar ki, bütünlüklə maskulinləşdirirlər. Məsələn, Babil yaradılış mifi Enuma Elişdə artıq ilk insanı yaradan ana tanrı deyil, allahlar panteonunun başçısı kişi tanrı Mardukdur, o öz nənəsi (!) ana tanrı Tiamatı öldürüb onun vücudundan yeri-göyü yaradır, daha sonra torpağa nənəsinin ikinci əri Kinqonun qanını qatıb ilk insanları yaradır. Beləliklə, torpağa can vermək üçün ana tanrının aybaşı qanından deyil, kişi tanrının qanından istifadə edilməyə başlayır. Kişi qanının yaradıcı gücü yunan miflərində də görünür: Sirenelər, xüsusilə onlardan səkkizi – Thelxiepia, Molpe, Aqlaophonos, Pisinoe, Liqeia, Leuksoia, Raidne və Teles – çay tanrısı Akheolusun qanından doğulan qızlardır. Bəzi miflərdə açıq şəkildə yaradıcı rəhim və vagina qanının yerini penis qanı alır. Məsələn, yunan mifinə görə, Kronos atası Uranı axtalayarkən onun qanı dənizə düşmüş, köpüklənmiş, içindən gözəllik tanrısı Afrodita çıxmışdır. Hesiod göstərir ki, bu qandan Afrodita ilə birgə, qisas ilahələri erinilər və nəhənglər də meydana gəlmişlər. Bir Meksika mifində isə insan əvvəl küldən yaradılır və bu uğursuz olur. Nəhayət, sonuncu cəhddə baş tanrı ölülər diyarıına gedir, qadın və kişi sümüklərin toplayır, onların üzərinə penisindən qan axıdıb onları canlandırır (M.İ.Çığ). W. Westendorf yazır ki, Misir tanrısı Renin fallusunun sünnət qanı yaradıcı güc kimi tanrı cütlüyü Hu və Sianı meydana gətirir. Burada artıq patriarxallığıın təsiri ilə rəhim qanını penis qanı ilə əvəzləndiyini görünür.

Bir sıra Aləvi-Bəktaşi rəvayətlərində, içinə kişi qanı qatılmış qida və suyun qəbul edilməsi ilə qadınların hamilə qaldığını görmək olar. Məsələn, İmam Bakirin dünyaya gəlişi belə təqdim edilir; Ağ Murtaza adlı bir keşiş İmam Hüseynin kəsilmiş qanlı başını hamıdan gizlədib balın içində saxlayır. Bir gün keşişin qızı kəsik başın saxlandığı qabı tapıb ordakı baldan yeyir. Az sonra qız, bakirə olmasına baxmayaraq hamilə qalır və baş verənləri atasına danışır. Daha bir müddət keçdikdən sonra qız möhkəm asqırır, burnundan alov topası, həmin alov topasının içindən isə çağa şəklində İmam Bakir çıxır. Bu hekayətdən məlum olur ki, keşiş qızının hamilə qalmasına səbəb İmam Hüseynin qanı hopmuş baldan yeməsi olub (D. Ertugrul).

Digər Aləvi-Bəktaşi rəvayətlərində Məhəmməd peyğəmbərin və Hünkar Hacı Bəktaşın qan damlamış abdəst suyunu içən qadınlar hamilə qalırlar. Məsələn, aləvilikdə çox sevilən şəxslərdən olan Veysəl Karaninin doğulma hekayəsi belədir: Veysəl Karaninin anası Məhəmməd peyğəmbərin cariyələrindən biri imiş. Bir gün peyğəmbər abdəst alarkən burnu qanayır, cariyə qadın ləyəndəki qan qarışımış suyu atarkən həmin sudan gizlicə içir və Veysəl Karaniyə hamilə qalır (A. Yaşar). Bənzər hadisə Hacı Bəktaşi inanışında da görünür. Burada da abdəst alarkən Hünkar Hacı Bəktaşın burnu qanayır və ona xidmət edən Qadıncıq anaya deyir ki, bu qanlı suyu ayaq dəyməyəcək yerə töksün. Qadıncıq ana hər zaman olduğu kimi bu dəfə də Hünkar Hacı Bəktaşın ləyəndəki abdəst suyunu içir və sudakı burun qanından hamilə qalır (A.Gölpınarlı). (Yeri gəlmişkən, belə qeyri-adi, fövqəladə doğuşlar üçün dini təriqətlərdə “nəfəs övladı” anlayışından istifadə edilir.) Daha bir qandan hamilə qalma motivi türkmənlərə aid “Koroğlunun son dövrü” dastanındadır. Dastanda Goroğluya (Koroğluya) aşiq olub onu 120 il gözləyən Pikir (Fikir) adlı bir qız Koroğlunu öldürüb qanını içir və həmin qandan hamilə qalır (F. Bayat).

Qanın canla əlaqəsi, insan həyatının sinonimi və ya əvəzi kimi simvollaşdırılması folklorumuzda, canlı danışığımızda işlədilən bu ifadələrdən də görünür: ölümdən qorxmaq mənasında – “bir qaşıq qanından qorxmaq”; öldürməyib canını bağışlamaq mənasında – “qanını halal eləmək”; ölümlə nəticələnən düşmənçiliklər mənasında – “qan davası”; qan davalarına qarşı çıxmaq mənasında – “qanı qanla yumazlar”; öldürmək mənasında – “qanı çıxdı, canı cıxdı”; qisas mənasında – “dişə diş, qana qan”; sağlamlıq mənasında – “ətli-qanlı” və s.

Anadoluda “torpağa qan düşsə can olur” məsəli varmış. M.İ.Çığ yazır ki, Anadoluda torpağın bərəkətli və canlı olması üçün qızlar ilk menstruasiya olduqları zaman qanlarını torpağa axıdarmışlar. Əkinçilk mədəniyyətlərində Yaxın Şərqdən Avropaya kimi, can versin deyə menstruasiya qanını torpağa axıtmaq ənənəsi olmuşdur. Belə vəziyyətdə tarlalarda gəzən qadınlar özlərinin bar verici gücünü torpağa ötürdüklərinə inanırmışlar.

Patriarxallığın təsirilə torpağa tökülən qan get-gedə maskulin xarakter qazanmağa başlayır. Məsələn, Misir mifində göstərilir ki, tanrılar hər il dünyanın yenidən doğulması üçün tanrı Setin qanının torpağa səpirlər.

Daha qədimdə, antik Romada və Yunanıstanda tanrılar şərəfinə qan, ya da qan rəngində içki (məsələn, qırmızı şərab) içilir, qalanını torpağa axıdırdılar. Bu mərarsimin adı libasyondur. İnsanın qandan yarandığına inanıldığına görə, qanın torpağa da can verdiyi düşünülürdü.

C. Bəydilinin yazdığına görə, Güney Azərbaycanda Qaraqoyunlu türkmənlər Bahar bayramında kəsdikləri qurbanın qanını tarlalara axıdarlarmış.
İnsanın meydana gəlməsində kişinin rolu bilindikdən sonra torpaq-qan birliyini torpaq-sperma əvəz edir. Məsələn, daha qədim sumer miflərindən fərqli olaraq, daha yeni sumer miflərində feminin ruhun öləzidiyi görülür və belə miflərin birində göy tanrısı üstündə heç bir bitki olmayan şoranlıq torpağı dölləyir, yer hamilə qalıb ağacları, otları doğur. Dağı da dölləyir, yaz qış doğulur, Dəclə və Fərat çaylarını da dölləyir, öz spermasını həmin çaylardan axıdır. Əvvələr qadın kimi düşünülən su beləcə maskulinləşir. Başqa bir sumer hekayətində Enki kişilk orqanını qamışların arasına soxur. M.İ.Çığ yazır ki, bu qamışlar yer tanrısının qadınlıq orqanının qıllarını simvollaşdırır. Sumerdə qadın tanrı İnannaya həsr olunan şeirlərin birində İnannanın qadınlıq orqanı əkilməmiş tarlaya bənzədilir: “kim mənim uca tarlamı ... şumlayacaq?” (Qadınların tarlaya bənzədilməsi Quranda da var; Əl- Bəqərə, 223)

Eləcə də fars mifində Gayomatın yerə tökülən toxumlarından insanlar bitki kimi yaranırlar.
Bir zamanlar qana yüklənən feminin məna ilə nəsil xətti matrilinear qəbul edilirdi, yəni nəsil deyərkən, eyni ulu ananın (aybaşı) qanından törəyənlər, eyni ulu ananın qanını daşıyanlar anlaşılırdı. “Qanı qanımdan, canı canımdan”, “qan çəkir”, “qanı xarabdı”, “qanı qarışıqdı” və s. kimi ifadələr həmin təsəvvürün qalıqlarıdır. Almancada da nəsil, soy demək olan “Geblüt” sözü – qan mənası bildirən “Blut” sözündən yaranmışdır.

Yeri gəlmişkən, qan tabuya çevrildikdən sonra aristokrat təbəqə özünü belə “xilas etdi”; onlar başqalarından fərqli olaraq qırmızı deyil, mavi rəngli qandan meydana gəlmələri, qanlarını mavi rəngdə olmaları haqqında mif uydurdular.

İnsan, torpaq, yenidəndoğum

“Qırmızı torpaq” mənası verən “adam” sözünü insan sözünün sinonimi kimi də işlədirik. Latıncada da insan demək olan “homo” və yaxud “human” sözü ilə torpaq, qum demək olan “humus” sözünün etimolojiq kökü eynidir. Göründüyü kimi, həm “adam”, həm də “human” sözlərinin etimoloji mənası torpaqla bağlıdır.

Başlanğıcın və törənişin simvolu olan torpaq dünyanın bir çox kulturalarında ana ilə eyniləşdirilir. Mifologiyada torpaq tanrılarının qadın kimi düşünülməsi bununla bağlıdır. Məsələn, qədim türklərdə ana tanrı Ötükən həm məkan adı, həm də ana rəhmi demək idi. Qədim yunan ana-tanrısı Demeter torpağın anası, torpağın, yerin ana rəhmi deməkdir. Qədim Romada qadın cinsində təsəvvür edilən Ceres yer tanrısıdır, mənası da elə yerdir. (Demeter və Ceresin adlarında De/Cer ilə yer sözü arasındakı səs və məna oxşarlığını təsadüfi hesab etmirəm). Eləcə də qədim Romada Terra-Mater, etrüsklərdə Turan, yaponlarda İzanami, almanlarda Ambet və s. – qadın cinsində təsəvvür olunan torpaq tanrıları idi.

Torpağın hər payız ölüb yazda yenidən canlanması dünyanın ən qədim inamı olan yenidəndoğum inamının meydana gəlməsində böyük rol oynamışdır. Qədim Yunanıstanda və Romada ölünün yenidən doğuluşunu təmin etmək üçün məzara qan və ya qanı simvollaşdıran şərab tökülürdü (Bu da libasyondur.) Bu kultun kökləri qədim Misirəcən gedib çıxır. R. Briffault yazır ki, qədim Misirin birinci Dinastiyasına aid, ana tanrı Nutun menstruasiya qabı tapılıb. Qabın içindəki qırmızı rəngli xardal ilahənin aybaşı qanını simvollaşdırırdı və bu qan qədim misirlilərə görə “həyat və yenidəndoğum” gücünə malik sayılırdı. Ölülərin yanına qoyulan belə qabların onların yenidən doğumunu gerçəkləşdirəcəyinə inanılırdı.

Məzara qan əvəzi qırmızı xardallı qab qoymaq, ya da qan və ya qan əvəzi qırmızı şərab tökmək – qazılan qəbrin ana rəhmi kimi dəyərləndirlməsindən irəli gəlir. Məsələn, Talmud mətnlərində həm ana rəhminə, həm də qəbrə “kəbər” deyilir. Min illər boyunca ölünü, yenidən dirilməsi üçün qanı simvollaşdıran qırmızı oxraya boyayıb ana bətnində imiş kimi fetus formasında basdırıblar. Eyni faktı qırmızı küp qəbirlərdə də müşahidə etmək mümkündür, çünki küplər də ana rəhmi kimi təsəvvür edilirdi. Müəyyən zaman keçdikdən sonra qırmızı oxra boyasını Yunanıstandan ta Hindistana kimi qırmızı kəfən əvəz edir. Homer əsərlərində ölülərin qırmızı kəfənə büküldüyündən bəhs edir.

Ta bu yaxınlara qədər Yaxın Şərqin bəzi yerlərində, Anadoluda, Azərbaycanda qadınlar yerdə qazılan çalaların içinə doğurdular; torpaq-ananın çağanı qoruyacağı inamı ilə. Təzələnmələri və yenidən sağlam doğulmaları üçün ağır xəstələrin boğaza kimi yerə basdırılması ənənəsi də oxşar mifik düşüncənin məhsuludur.
Torpağın ana sayılması, adamın/Adəmin torpaqdan yaranıb torpağa getməsi düçüncəsi hələ də bir çox kulturalarda aktuallığını qoruyur.

Quranda Rəhman surəsi, 14-cü ayədə deyilir ki, “O, insanı bişmiş kərpicə bənzəyən gildən yaratdı.” Bilindiyi kimi, gil bişəndə qırmız oxra rəngi alır. Yəni qızarır. Beləcə “bişib” qırmızı rəng alan “gil” Quranda da insanın çövhəri kimi təqdim edilir. Göründüyü kimi, on min illiklər boyunca yaşayan matriarxal təsəvvürlərin izi itmir; ana tanrı Adamu kişi Adəmə döndərilsə də, aybaşı qanı qatılan torpaq – “qırmızı torpaq” ya da “bişmiş kərpicə bənzəyən palçıq” kimi təqdim edilsə də...

Xülasə əvəzi

İlk insan, qan və torpaq əlaqəsinin xülasəsini verək:
– İlk variantda qadınlar torpağa aybaşı qanı qatıb ana tanrı bütləri yaradır. Yaradıcı qadındır, yaradılan qadın cinsindədir. Məsələn, otuz min illik ana tanrı bütü, həmin bütün tərkibi torpaq və qadının aybaşı qanıdır.
– Belə bütlərdən biri “qırmızı” mənası verən xaldey ana tanrısı Adamudur.
– Sumer mifində ana tanrı Ninqal aybaşı qanını torpağa qataraq hər iki cinsdən ilk insanları yaradır. Yaradıcı qadındır, yaradılan hər iki cinsdir, yaradılanın tərkibi torpaq və aybaşı qanıdır. Artıq qan və torpaq qarışığından kişi də yaranır.
– Daha sonrakı Sumer mifində ana tanrı Nintu torpağa kişi tanrılardan birinin qanını qatıb qadınlı-kişili ilk insanları yaradır. Yaradıcı qadındır, yaradılan hər iki cinsdir, istifadə edilən xammal torpaq və kişi qanıdır. Artıq qadının aybaşı qanını kişi qanı əvəz edir.
– Sonra akkad kişi tanrısı Marduk kişi tanrı Kinqunun qanıyla torpağı yoğurub hər iki cinsdən ilk insanları yaradır. Yaradıcı kişidir, yaradılan həm qadın, həm də kişidir, xammal kimi torpaq və kişi tanrının qanından istifadə edilir. Artıq yaradıcı ana tanrını kişi tanrı əvəz edir.
– Yəhudiliklə başlanan hər üç monoteist dində kişi kimi təsəvvür edilən Allah ilk insanı Adəmin simasında kişi cinsində, sadəcə su qatılmış topraqdan, Həvvanın simasında isə qadını Adəmdən (onun qabırğasından) yaradır. Yaradıcı kişi cinsində təsəvvür edilir, yaradılan kişidir, xammal kimi sadəcə sulu torpaqdan istifadə edilir. Qana ehtiyac yoxdur. Ancaq Adəmin adı qırmızı torpaq kimi qalır.


# 89 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur sənətçi evtanaziya ilə həyatına son qoydu

Məşhur sənətçi evtanaziya ilə həyatına son qoydu

10:20 23 sentyabr 2026
Nobel mükafatının məbləği artırıldı

Nobel mükafatının məbləği artırıldı

10:07 23 sentyabr 2026
Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər