Mədəniyyət Nazirliyində nələr baş verir?

Mədəniyyət Nazirliyində nələr baş verir?
13 may 2020
# 10:33

Cəmiyyətin hüquqi məsuliyyətlə yanaşı mənəvi məsuliyyət daşıyan sahələr də var. Məsələn, sair sahələrə nisbətən din aləmində baş verən qanunsuzluqlar və haqsızlıqlar daha eybəcər görünür. Axı dinin əxlaqi mahiyyəti də var. Zaman-zaman din insanların düz yoldan sapmasının qarşısını alan mühüm bir vasitə olub. Din mütəxəssisinin özü yolundan sapıbsa, bu, sözün bitdiyi yerdir.

Mədəniyyət də əxlaqi-mənəvi məzmununa görə cəmiyyətin seçilən sahələrindəndir və mədəniyyət adamlarının, mədəniyyət xadimlərinin, yaxud bu sistemdə işləyən məmurların geniş, Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat keçirməsinə səbəb olacaq qanun pozuntularına yol verməsinə adam inanmaq istəmir. Nə yazıq ki, belədir və faktlar göz qarşısındadır.

Dəfələrlə yazılarımızda qeyd etmişik; sanki kinematoqrafiya ilə bağlı qurumlar olmasa kino, incəsənətlə bağlı qurumlar olmasa teatr, təsviri sənət və musiqi, yazıçılarla bağlı qurumlar olmasa ədəbiyyat inkişaf edər. Elə bil, bizdəki inzibati sistem aid olduğu sahəni inkişaf etdirmək üçün yox, inkişafdan saxlamaq üçün mövcuddur. Xırda bir misal. Son 5-10 ildə mədəniyyət və ədəbiyyat sahəsinə ayrılan vəsaiti hesablayaq və aldığımız nəticəyə baxaq. Bir neçə yerli əhəmiyyəti və uğuru bir az da şişirdilmiş sənət nümunəsindən başqa heç nə görməyəcəyik. Niyə? Cavab sadədir. Çünki inzibati resurslarda çalışanların çoxu ciddi uğurdan çox marginlar maraqların peşindədirlər.

Bu barədə dəfələrlə yazılıb, səhnəciklər göstərilib, müsahibələrdə danışılıb, ancaq elə bil qədim arxetipə söykənən və az qala milli-mental dəyər səviyyəsinə qaldırılan şəxsi maraqlar həmişə hər şeydən üstün tutulub. Bu presedentin tam aradan qaldırılması xam xəyal olardı. Vəziyyət 50-50-yə də həqiqətin xeyrinə deyil.

Vəziyyətin indiki həddə çatmasına səbəb bir az da “ipin boş buraxılması”ndandır. İndi isə bir az fərqli dövrdəyik. Pandemiya bəlası ilə üz-üzəyik, neftin qiymət düşüb, ölkəmiz çətin sınaqlar qarşısındadır. Bu gün fanilik duyğusunun pik həddə çatdığı bir vaxtda dövlətin əmlakını talamaq, utanıb-çəkinmədən bir daha şəxsi maraqların arxasınca saymazyana qaçmaq çox iyrənc görünür.

Nə yazasan?

Nə deyəsən?

Əslində, hər şey o qədər aydındır ki...

Qanunun icrasında boşluq ola bilər, amma abır-həya da yaxşı şeydir. Şəxsi xarakterlər nəticəni dəyişməsə də vəziyyətin bu dərəcədə biabırçı şəkil almamasına əsas verə bilərdi.

Böyük şairimiz Məhəmmədhüseyn Şəhriyar yüz il bundan əvvəl demişdi:

Bizdən qabaqdadır avropalılar
İşi işbilənə tapşırır onlar

Lakin bizdə adətən yaxşı sözlər yalnız söz olaraq qalır. Bəzən elə insanların elə sahələrdə ixtiyar sahibi olduğunu görürsən ki, heyrətdən gözün böyüyür. Məntiqi ardıcıllıqla düşünəndə nəticə heyrət doğurmur. Amma yenə də, yenə də adam məəttəl qalır. Bunun adı nədir axı? Qudurğanlıqmı, reallıq hissinin itirilməsimi, saymazlıqmı?

Talançı-yağmaçı düşüncə ilə külli ixtiyar sahibi olan bu cür adamlarla yüz dərdi olan bu gözəlim məmləkəti hara aparıb çıxaracağıq? Bunlarlamı inkişaf eləmiş cəmiyyət quracağıq? Bunlarlamı mütərəqqi dünyaya, Məhəmməd Hadi demiş, imza atacağıq?

Hansı günahın sahibiyik ki, əlimizi atdığımız hər yer bizi peşman etməkdədir? Nə edək? Kosmosdan xüsusi insan nəsli sifariş edib genefondumuzumu dəyişək?

Bu qədər rəngü-riya ilə aqibətimiz adamı mükəddər edir...

Bircə ona ümidliyik ki, oğurluqla adını yazmaq istəmədiyim o məşhur peşə 40 gün yox, 40 il də getsə axırı açılır, ifşa olur, keçi-keçi ayağından, qoyun-qoyun ayağından asılır. Axıra günahkarlar üçün utanıb-ölmək qalır.

Haqq üzülmür, görürsünüz.

Gec-tez öz yerini alır.

Ona görə azca düşünmək, azca adam olmaq, azca insafla davranmaq qaçılmaz həyat kredosuna çevrilir.

# 6407 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı yazıçı-şairləri hər fürsətdə alçaltmağa çalışanların məqsədi nədir? - Vüqar Van

Azərbaycanlı yazıçı-şairləri hər fürsətdə alçaltmağa çalışanların məqsədi nədir? - Vüqar Van

11:54 16 iyun 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:24 16 iyun 2025
Bu gün hər şey o romandakı kimi olacaq - "Blum günü"

Bu gün hər şey o romandakı kimi olacaq - "Blum günü"

10:00 16 iyun 2025
15 iyun -  Gələcəyə gedən yol

15 iyun - Gələcəyə gedən yol

13:24 15 iyun 2025
Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi

Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi

22:05 14 iyun 2025
İran haqlıdır, yoxsa İsrail? - Müharibəyə sevinənlərin səhvi

İran haqlıdır, yoxsa İsrail? - Müharibəyə sevinənlərin səhvi

15:39 14 iyun 2025
#
#
# # #