Arandan belə səs çıxmır

Arandan belə səs çıxmır
27 aprel 2020
# 13:51

Aranda səs olmur, amma bir də görərsən ki, illərin istisindən cadar-cadar olmuş aran yarıldı, bağrından bir bulaq çıxdı, səs bulağı. Burda ən qiymətli şey sudu, bir də siz bulaq fikirləşin.

O çay deyil, bulaqdı, safdı. Çox deyil, məlhəmdi, dərmandı. Bu nadir səslərdən biri də Zakir Əliyevdi. Onun səsi hekayədi, artığı əskiyi yoxdu.

Oxumaq var adamı vəcdə gətirir, davaya sövq edir, qəhrəmanılığa çağırır. Zakirin oxumağı insanı, özünü dinləməyə, tarixinə baxmağa, başını iki əlinin arasına alıb fikiləşməyə, düşünməyə səsləyir.

Onun səsində rənglər var, çalarlar var, hərəni öz rəngində boğur, hərəni öz çalarında tutur bu səs. Onun oxuduğu muğamları görmək olur. Onun səsindən boylansan, düzü-dünyanı görərsən, tanıyarsan.

Zakirin səsi tariximizin süzgəcindən keçib, uzaqlardan gəlir. Ömrünün və sənətinin elə yerinə gəlib çatıb ki, musiqinin və dünyanın harmoniyasının içində əriyib, bütövləşib.

Mənə elə gəlir ki, Zakir saralan-solan gülün üzərinə oxusa, o gül yaşıllaşar, qönçə bağlayar. Onun səsi tənhalığın, faniliyin səsidi. Düşünürəm göydən bizə Zakir oxuyanda qulaq assaydılar, bizi məhv etməzdilər, əfv edərdilər.

Onun səsi leysan səsi deyil, onun səsi sızqa yağış səsidi, sümükləri sızladır, hansı fəsildə oxumağından asılı olmayaraq adam özünü payızda hiss edir. Azca qulaq asmaq kifayətdi ki, doğulduğun ocaq, gəzdiyin yerlərin havası burnuna gəlsin, səni özündən alsın aparsın.

Onun səsi sükutun səsidi, dinlədikcə aramlıq tapır, yaşadığın illərin ahənginə qarışırsan. Zakir oxuyanda insana kamança ayağı verir, səsinin olub-olmamasına baxmayaraq qoşulub oxumaq istəyirsən.

Yüksək həssaslıqla seçdiyi musqilər, muğamlar adamı ilk məhəbbətindən, ən yaxın dostlarından ayrı düşməyinə kədərləndirmir, həyatın mənasının bu ayrılıqlarda olmasını öyrədir.

Belə bir deyim var, musiqinin sözə ehtiyacı yoxdu, amma elə musiqilər var ki, Zakirin səsinə müştaqdır. Bu iki gözəllik bir yerdə ilahi dəstgahı əmələ gətirir. İfaçı mədəniyyəti, bir də onların musiqi alətlərinə, onların çıxardığı səslərə olan sevgisi... Zakir oxuyanda tara, kamana elə sevgi ilə baxır ki, sanasan, çıxan səslər onun könlünün məlhəmidi. O, artıq Azərbaycan ifaçılıq sənətində sal daşdı, heç yerə tərpənməyəcək, ağırlaşdıqca ağırlaşacaq.

Nədənsə mənim qəlbimdə hər bir sənətkarın səsi bir rənglə asossasiya olur. Zakirin səsi mənimçün yaşıldı. Əminəm ki, bu torpağım yuxuları da, ilğımları da yaşıldı. Bəlkə də aranın cadar-cadar bağrından qopduğu üçün, o ellərin gün yandırmış otlaqlarını bu səslə rəngləmək keçir içimdən, ondandır.

# 4863 dəfə oxunub

Oxşar xəbərlər

“Freaky Friday”nin davamı gəlir

“Freaky Friday”nin davamı gəlir

18:50 1 avqust 2025
“Ulduz”un iyul-avqust sayı dərc edildi

“Ulduz”un iyul-avqust sayı dərc edildi

18:40 1 avqust 2025
Erkən xristianlığın mərkəzi olan  şəhər aşkarlandı

Erkən xristianlığın mərkəzi olan şəhər aşkarlandı

18:23 1 avqust 2025
Tanınmış teatr rejissoru vəfat etdi

Tanınmış teatr rejissoru vəfat etdi

16:45 1 avqust 2025
"Görən, bu çöllərdə kimim var mənim?"  - Arif Babayevlə vida mərasimindən reportaj

"Görən, bu çöllərdə kimim var mənim?" - Arif Babayevlə vida mərasimindən reportaj

16:43 1 avqust 2025
"Yarım qalmış şeir" - Yeni hekayə

"Yarım qalmış şeir" - Yeni hekayə

16:00 1 avqust 2025
#
#
# # #