"Sərgüzəşti-vəziri-xani-Lənkəran" İrəvan Teatrının səhnəsində - Uğurlar və çatışmazlıqlar nə idi?

"Sərgüzəşti-vəziri-xani-Lənkəran" İrəvan Teatrının səhnəsində - Uğurlar və çatışmazlıqlar nə idi?
23 sentyabr 2026
# 15:00

Kulis.az sənətşünas Ziyadxan Mövləlinin ""Sərgüzəşti-vəziri-xani-Lənkəran" İrəvan Teatrının səhnəsində" yazısını təqdim edir.

Azərbaycan peşəkar milli teatrının əsasını qoyan və səhnəmizdə 150 ildən artıq zəngin bir keçmişə sahib olan “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası bu dəfə İrəvan Dövlət Azərbaycan Dram Teatrının yozumunda tamaşaçılarla görüşdü.

Sentyabrın 20-də İrəvan Dram Teatrında baş tutan premyera bir çox maraqlı cəhətləri ilə yadda qaldı.



Demək lazımdır ki, "Sərgüzəşti-vəziri-xani-Lənkəran" sıradan bir pyes deyil, Azərbaycan teatrının vizit kartıdır. Tamaşaçının yaddaşında artıq oturuşmuş, qəlibləşmiş Mirzə Həbib və Lənkəran xanı obrazları var. Rejissorun qarşısında duran ən çətin vəzifə 150 illik bu zəngin tarixi yükün altında əzilməmək, təkrara yol verməmək və ən əsası, klassikanın ruhunu zədələmədən ona tamamilə yeni, müasir fəlsəfi don geyindirməkdi.

Gümrah Ömərin teatr fəlsəfəsi hər zaman mürəkkəb insan psixologiyasını, metaforik səhnə dilini və modern vizual həlləri ön plana çıxarması ilə seçilir. Rejissor bu tamaşada da ənənəvi stereotipləri sındırmağı bacarıb.

Onun quruluşunda pyesin baş qəhrəmanı olan Vəzir (Mirzə Həbib) sadəcə evində qadınların kələklərinə aldanan, sarayda isə aciz qalan gülünc bir personaj deyil. Əksinə, Gümrah Ömər Vəziri hadisələri öncədən proqnozlaşdıran, uzaqgörən, xanlığın həqiqi varisini layiq olduğu məqama gətirmək üçün pərdəarxası böyük siyasi oyunlar quran bir strateq kimi təqdim edir.

Rejissor hakimiyyət və ailə, ağıl və ruh, fərd və sistemli düşüncənin kəskin qarşıdurmasını səhnədə ustalıqla canlandırmagı bacarıb; pyes quruluşçu rejissor Gümrah Ömərin təqdimatında dərin ictimai-siyasi və psixoloji alt mətnləri olan ciddi bir səhnə əsəri kimi yenidən doğulur.



Aktyorlar rejissorun mürəkkəb tapşırıqlarının öhdəsindən layiqincə gələrək parlaq obrazlar qalereyası yaradır.

Vəzir (Natiq Həziyev) obrazın daxili təlatümlərini, diplomatik gedişlərini və fərqli iradəsini yüksək aktyorluq texnikası ilə tamaşaçıya çatdırır. Xan (Niyaməddin Səfərəliyev) müstəbid, lakin eyni zamanda idarəçilikdə sistemin qurbanına çevrilən xan obrazını xüsusi şarm və satirik çarlarlarla canlandırır.

Ziba xanım (Elnarə Heydərova) və Şölə xanım (Güney Əliyeva) vəzirin hərəmxanasındakı daxili intriqaları, qadın ağlı və kələyini canlı, dinamik oyun tərzi ilə çatdırır. Teymur ağa (Samir Əliyev) və Nisə xanımın (Pərvin Dadaşova) uğurlu duetini də qeyd etmək lazımdır. Ümumiyyətlə, tamaşa səhnə əsərinin ritmini tamamlayan, kütləvi səhnələrdə fərdiliyi qoruyan yaddaqalan ifalar təqdim edir.

Tamaşanın estetik bütövlüyü onun bədii tərtibatında özünü qabarıq göstərir.

Quruluşçu rəssam Umay Həsənovanın qurduğu vizual dünya həm klassik koloriti saxlayır, həm də minimalist, simvolik elementlərlə modern teatrın tələblərinə cavab verir.

Tamaşanın diqqətçəkən tərəflərindən biri də Anar Mikayılova məxsus olan plastik həlldir. Aktyorların hərəkət dinamikası, bədən dili pyesin sətiraltı mənalarını özünəxas tərzdə vizuallaşdırır.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının dövlət sifarişi ilə hazırladığı “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası, teatrımızın keçmişinə ehtiram göstərməklə yanaşı, gələcək inkişaf istiqamətinə də işıq tutur.



Gümrah Ömərin rejissor sənəti, aktyorların və bədii heyətin peşəkarlığı sayəsində premyera paytaxtın mədəniyyət xronikasında uzun müddət yaddan çıxmayacaq parlaq bir hadisəyə çevrildi.

Təbii ki, hər bir iddialı premyera, xüsusən də ilk nümayiş özü ilə müəyyən daxili eksperimentlər və aradan qaldırılması vacib olan texniki məsələlər də gətirir.

Sentyabrın 20-də baş tutan tamaşada diqqətdən qaçmayan əsas məqamlardan biri zalın akustika problemi ilə bağlı idi. Səhnə mizanlarının dinamikliyi, bəstəkar Azər Hacıəsgərlinin gərgin və ritmik musiqi tərtibatı fonunda bəzi hallarda personajların nitqində qopmalar hiss olunurdu.

Akustik çatışmazlıq səbəbindən aktyorların monoloq və dialoqlarının mətni bəzi hallarda zaldan tam aydın eşidilmədi ki, bu da tamaşaçını istər-istəməz öz daxili diqqətini maksimum dərəcədə gərginləşdirməyə, aktyorun dodaq hərəkətlərini və sözlərini "tutmağa" məcbur edirdi.

Klassik və fəlsəfi bir mətndə hər bir kəlmənin ideoloji yük daşıdığını nəzərə alsaq, bu növ akustik maneələr tamaşanın ümumi tempinə və ritminə, tamaşaçı qavrayışına müəyyən rəng qatsa da, növbəti nümayişlərdə səsləndirmə üzərində daha həssas işlənilməsini zəruri edir.



Sonda bizə yalnız yaradıcı heyəti təbrik etmək qalır.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər