Kulis.az Gülsadə İbrahimlinin yeni şeirlərini təqdim edir.
Yelləncək
Boş yırğalanan yelləncək kimiyəm. 
Şəhərin ən tənhası... 
Üstümə çökmüş yoxluğun, 
Ümidlərim ayaqyalın. 
Gəlmələrinin yolgüdəniyəm, 
Gedişlərinin yorğunu.
 İnsanlar xoşbəxt... 
Mən bu şəhərin təkiyəm, 
sənsiziyəm. 
Tutmaz əlimdən düşsəm yollar. 
Dənizindən gəmisini uman sahiləm. 
Bir boşluq asılıb içimdən 
Və sən orda yellənirsən sonsuzuma. 
Ölməyə yerim var 
Bir şeir darıxmağım var yenə, 
Bir ömür bitkinliyi çiyinlərimdə. 
Mələklərim günahlarımdan yorğun. 
Tanrının soyuq nəfəsini duyuram sinəmdə... 
...ölümlə hədələyir. 
Gecəmin vəbalı sabahıma qalmış. 
Neçə günəşi aldatmışam ovuclarımda. 
Ömrüm dibi lilli dəniz...
başında qağayılar pərvaz. 
Dodaqlarımda ayrılığın səpkili qafiyəsi, 
əllərim ana, 
gözlərim qadın,
ruhum qız. 
Hələ də ölməyə yerim var. 
...Biraz təklik, biraz da dikbaş qorxular. 
Güzgüdə özümə baxıram bayaqdan...
biraz öldürdüyüm həvəs, 
biraz aldığım kilolar. 
Hesablanmış təklik
Nədən bütün darıxmaqlar 
gecələrin taleyinə yazılıb, 
Nədəndir hər təkliyin 
bir xəyala hesablanması? 
Hər susqunluğun bir tərkedilişin alınyazısı olması? 
Sən getdin... 
İndi bir təkliyimin ömürlük susqunluğu möhürlənib 
Ardına çəkdiyin qapının kimlik yerində.