Bir gecəlik əlimdi kürəyin üstdən keçən...- Sevinc Yunuslunun yeni şeirləri

Sevinc Yunuslu, şair

Sevinc Yunuslu, şair

16 mart 2026
# 15:00

Kulis.az Sevinc Yunuslunun yeni şeirlərini təqdim edir.

Getdin, gedişinlə dünya uçmadı
Xoşbəxtlik adında röyadan çıxdım..
Sən məni sevəndə özüm kimiydim,
Mən səni sevəndən dünyadan çıxdım..

Getdin nərgizlərin gözləri doldu
Heç nə dəyişmədi gedişin ilə..
Məni qorxutmatdı nə həsrət, nə qəm -
Dost idim dünyanın gərdişi ilə..

Nərgizlər gülürdü gülüşlərinlə
Bütün dəliliyim sənin üçündü.
İndi sinəm üstən axan yaşların
Hamısı gözlərin, əlin üçündü...

Həyat da beləymiş qarşı masanın
Bayaq boşluğuna içəsi oldum..
Səninlə sevinib getdiyim yolu
Az öncə tək-tənha gedəsi oldum..

İlahi, sən gördün bu gecə necə,
Söykəndim divara, gözəl ağladım.
Açdım pəncərəni Xəzərə baxdım
Gecədən sübhəcən Xəzər ağladı..

Qolumda uyudu yastığın, çayın,
Xəyalın sübhəcən keşiyim oldu..
Bu küçə, bu otaq mənə yad idi,
Niyə bu yad yataq beşiyim oldu?

Ağrısı dayanmır sol tərəfimin
Hara dönürəmsə orda bir Sən var
İlahi, arada dönüb yerə bax
Bəlkə, bu dünyada səndən küsən var...

Nərgizlər gülürdü gülüşlərinlə
Nərgiz gözlərində yuyuldu adın..
Hamının sevimli şairi idi
Hər gecə dərdindən ölən o qadın..

**
*

Səni kimsə mənim tək görməz
Kimsə sevməz mənim tək.
Bədənindən ruhunadək
söz-söz, şeir-şeir
bir də kimsə əzbərləməz..

Kimsə səni bilməz mənim tək
Mənim tək kimsə toxunmaz..
Dodaqlarına yazdıqlarım
Umm-el əlifbasıdır
heç yerdə heç vaxt oxunmaz...

Mənim tək
kimsə gözlərini tutmaz sevişəndə...
Kimsə səni qoxlamaz...
Qoxuna vurulmaz...
Ürəyimin döyüntüsünü
Sənin tək kimsə yoxlamaz...

İnsanlar kordur,
kardır..laldır...
Mən səni çox sevmişəm,
Gəl, bu qanmaz adamları gücün çatır, inandır...
Mənim tək ağlada bilməzsən heç kimi,
Axı hər qadın
heç gözəl də ağlamaz..

***

Od istisi, gün alovu kimiydi
Nəfəsinə inanmışdım halbuki..
Baxışının dörd yanımda qurduğu
Qəfəsinə inanmışdım halbuki..

Zəhər idi, bal dadırdı, bilirdim..
Ürəyimi oynadırdı, bilirdim..
Aldadırdı..aldadırdı bilirdim..
Həvəsinə inanmışdım halbuki..

Öpüşləri xəyalımdan getməyən
Taleyimin boz üzündə itməyən,
Qara moruq kollarında titrəyən
Qu səsinə inanmışdım halbuki..

Məndən ötə aşiq gördün, de görüm?
Yalan oldu Məcnun, Dante, Yevgenin..
Məhəbbətin, ehtirasın, sevginin
Qısasına inanmışdım halbuki..

İndən belə nə üzülər, ağlaram,
Üç-beş şeir, bir bağlama bağlaram..
Quzeylərdə qar ələnmiş dağların
Zirvəsinə inanmışdım halbuki..

Od istisi, gün alovu kimiydi
Nəfəsinə inanmışdım halbuki..
Baxışının dörd yanımda qurduğu
Qəfəsinə inanmışdım halbuki..

***

Elə gözəl, elə xoş öldürürsən adamı,
Əllərində ən iti bıçaqdırsa, görünmür..
Bu nə gediş, dünyanın ay allahsız bəndəsi,
Getdiyin yol küncdürsə, bucaqdırsa görünmür..

Mənə mini dolaşıb həsədxanadan baxsa,
Fərqi yoxdu canıma cəsədxanadan baxsan.
Dönüb Şamaxıdakı Rəsədxanadan baxsam,
Mənə doğru açdığın qucaqdırsa, görünmür..

Bir gecəlik əlimdi kürəyin üstdən keçən..
Bu payız küləyiydi diləyim üstdən keçən..
Bizi ayıracaqsa, ürəyim üstdən keçən-
Fərqi nədi qatardır, uçaqdırsa, görünmür..

Könlün işıq haləsi közdən üz çevirdisə,
Bu yaz qanlı lalələr düzdən üz çevirdisə..
Heyif, bu eşq, bu tale bizdən üz çevirdisə-
Getdisə, getdi daha, qaçaqdırsa, görünmür..

Qayıt, söndür könlümdə qaladığın odları,
Necə sınır bilirsən quşların qanadları?..
Tanrı yazan sevdadan qaçanların adları-
Qızıl hərflə yazılsa “qoçaqdır“ sa, görünmür..

* *
Neçə saatdır yatırsan, nə görmüsən yuxunda?
Gəl sənə toxdaqlıq verim, şeirdir də, oxuma..
Gözəl gözlüm, yaram çoxdur əllərinlə toxunma
Bağrımdakı köz izləri, qan ətri sənlik deyil..

Eh..nə deyim, bu həyata heç könlün aldanmasın.
Götür göz yaşımı göydən..götür xətrin qalmasın.
Mənim tək Tanrı heç kəsi od ilə sınamasın
Od içinə düşən könlüm axı üzərlik deyil..

Hər çiynimə dəyən əli əynimə çuxa bildim
Of!..nələr çıxdı qarşıma dağıdıb yıxa bildim.
Nə sənə qovuşa bildim..nə səndən çıxa bildim..
Bənövşənin göz yaşına günah çəmənlik deyil.

Küləklərdi ağacların saçını yolub gedən
Mənəm bulud yaddaşına yağışlar dolub gedən.
Öz başıma deyiləm ki, hər şeyi alıb gedəm-
İndən belə sənsiz ömrü sürmək ta mənlik deyil..

Səndən ötəri alışan bu odda bir ürək var
Tanrını, məni bir edən sən adda bir ürək var.
Əllərini uzat mənə əllərinə gərək var-
Bu eşqdi, qurban olduğum, bu bir nəfərlik deyil..

# 172 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər