Göyərtisatan qadın - Zöhrə Fərəcovanın hekayəsi

Göyərtisatan qadın - Zöhrə Fərəcovanın hekayəsi
16 mart 2026
# 16:00

Kulis.az Zöhrə Fərəcovanın "Göyərtisatan qadın" hekayəsini təqdim edir.


- “Müvəqqəti narahatlığa görə üzr istəyirik”... – İrili-xırdalı çaylaq daşların, dəmir relslərin arası ilə addımladıqca müvazinətini saxlamağa çalışan orta yaşlı qadın xeyli müddətdir quraşdırılmış hasarın üzərindəki yazını sanki ilk dəfəydi görürdü. Əzbərləyirmiş kimi bir də oxudu. Bu dəfə ağzını əyə-əyə təkrarladı:

- “Müvəqqəti narahatlığa görə üzr istəyirik”. Bizi zəlil-sərgərdan eləyiblər. Hələ utanmaz-utanmaz yazdıqlarına bax.

Tanımadığı gənc oğlanın qolundan bərk-bərk yapışmış yaşlı qadın zarıya-zarıya dilləndi:

- Canımızı çıxarmamış bu andırı tikib başa gətirməyəcəklər.

- Amma deyirlər ki, çox gözəl vağzal olacaq. – Gənc qız yaşlı qadına deyil, onun qolundan sallaşdığı oğlana qıyqacı baxa-baxa qımışdı. Oğlanın da bayaqdan bir gözü ondaydı.

- Başlarına dəysin yaxşılığı da, pisliyi də, – Üz-gözündən narazılıq yağan orta yaşlı kişi elə bil barıt çəlləyiydi. Əlinin dalıyla daz başından, alnından üz-gözünə süzülən təri silə-silə deyindi. – Kimlərsə qaz vurub, qazan doldursunlar deyə, biz zibilə salıblar.

- Hə, vallah... Bu daşlar bizdə ayaqqabı qoymaz qala. - cavan qadın əvvəl nimdaş geyiminə sonra da toz-torpaqdan rəngi seçilməyən ayaqqabılarına peşman-peşman baxa-baxa gileylənəndə gənc qız yenə yaşlı qadına kömək edən oğlanı gözaltı süzüb nazlandı:

- Ayaqqabıdı da... dabanı sınırsa, sınsın. Təki ürək sınmasın.

- Əşi, cəhənnəm olsun ayaqqabı, özümüzə bir şey olmasın.

Səs arxadan gəldi. Hamımız başımızı çevirib bu sözləri deyən qadına zəndlə baxdıq. Ona görünüşünə görə otuz beş yaş vermək olardı. Deyingən kişi qadının boyalı üz-gözünü, uzun, qaynaq saçlarını, əndamına yapışmış, dizindən bir qarış yuxarı parıltılı donunu ikrahla süzdü.

- Sənin nə vecinədi... – dedi. - Mənim də ayaqqabı alanım olsa, vecimə olmaz...

- Ay kişi ey, özünü yığışdır ha! – Qadın onun sözünü ağzında qoydu. – Birincisi, alanım varsa, sənə nə? İkincisi də sən hardan bilirsən alanım var? Mən elə bəxtəvərəm? Özümə də ayaqqabı alıram, hələ özümdən başqa üçünə də... İki uşaq, bir ana mənim əlimə baxırlar.

- Düz deyir də, sənə nə? – gənc qız deyingən kişinin cavabını hamıdan qabaq verdi. Bu dəfə heç cavan oğlana tərəf baxmadı da.

Oğlanın qolundan tutmuş yaşlı qadın vaysındı:

- Can, ay gəlin, sənin də yükün ağırmış. – Sonra kişiyə acıqlandı. - Bildiyinizi də danışırsız, bilmədiyinizi də. Heç kim bilmir kim nələr çəkir. Kənardan baxanda deyirsən bunun nə dərdi var... Dindirirsən, başa düşürsən yazıq nə zülmlər çəkir. Ona görə deyirlər e, danışanın bir, danışmayanın min dərdi var.

- Yazıq düşmənim olsun...- qadın dodaqaltı mızıldadı.

Müdafiəçiləri onun sözlərini eşitməzliyə vurdular.

- Dayday, heç kimə geyim-keciminə görə qiymət vermə, - bunu da bayaqdan dil- boğaza qoymayan yaşlı qadını az qala, darta-darta aparan cavan oğlan dedi.

Matı-qutu qurumuş kişi təkləndiyini görüb susdu.

Söhbətin bu məqamında dəmir relsləri arxada qoyduq, çınqıllarla örtülü yolda son addımlarımızı atıb asfalt yola çıxdıq. Dəstə hələ də eyni tərəfə getsə də, bir-birini tanımırmış kimi hərə öz aləminə çəkildi.

- Göyərtidən az qaldı, axşamtərəfidi, ucuz verəcəm...

Səsini eşitməsəydim, onu görmədən yanından ötüb keçəcəkdim. Və elə o an yadıma düşdü ki, evə göyərti almaq yadımdan çıxıb.

Dəstədən ayrılıb dəmiryolunun yaxınlığındakı daxmalardan birinin kölgəsinə sığınmış göyərtisatana yaxınlaşdım. Yerə saldığı salafanın üstünə qalaqladığı göyərtilər öləzimişdi.

Dönüb gedəcəkdim ki, göyərtisatan tez dilləndi:

- On köpükdən verəcəm. Hamısını götür, lap beş köpükdən apar.

Gülümsədim:

- Bu qədər göyərtini neynirəm?

Onunla üzbəüz dayanmış qısaboylu, dolubədənli qadın gözlərini qıyıb zəndlə mənə baxırdı. Alıcıya oxşamırdı. Yəqin elədim ki, mənim gəlişimlə söhbəti yarımçıq qalıb. Səbirsizliklə getməyimi gözləyir.

Göyərtisatan yanımızdan deyinə-deyinə keçən adamlara işarə elədi:

- Yazıqlar neynəsinlər. İşdən yorğun gəlirlər. Hərə bir tikə çörəyinin əsiridi... Bu daşlıqdan, dəmir-dümürdən, – relsləri deyirdi, - keçmək də müsibətdi. Mən də, - başını yuxarı qaldırıb çənəsi ilə qarşı tərəfi göstərdi, – orda alver eləyirdim. Biz də yerimizdən-yurdumuzdan olmuşuq.

Dəmiryolu vağzalının tikintisi başlayandan bazarın çölündə alverə icazə vermirdilər. Orda meyvə-tərəvəz satanlar pərən-pərən düşmüşdülər. Təhlükəsizlikdən danışmağın mənası yoxuydu. Göyərtisatanı əlində qalmış göyərtiləri maraqlandırırdı:

- Orda alver yaxşıydı, - dedi. - İndi gətirdiyim göyərtiləri sata bilmirəm.

Söhbəti uzatması qırsaqqız olub yapışmış tanışını başından eləməkdən ötrüydü. Göyərtisatanın yalvarışdolu baxışlarından oxudum bunu. Ayaq saxladım. Göyərtisatan gah istidən, gah vağzalın tikintisini uzadanlardan, gah da göyərtilərinin satılmamasından şikayətləndi. Qısaboylu qadın axır ki, gözləməkdən bezib xudahafizləşmədən getdi.

Göyərtisatan onun arxasınca baxıb gileyləndi:

- Buna bax... deyinən, sənin nə borcunadı. Qonşusan, otur qonşu yerində. Yapışıb yaxamdan ki, neynirsən o kişini, dalından təpik vur, at küçəyə. Niyə atıram? Uşaqlarımın atasıdı. Bir də ki, heç ərim deyil, dayım oğludu. Anam ölənəcən öz oğlanlarını, qardaşlarını qoyub bunun canına and içdi. Allah var başımın üstündə, bunun, – qonşunun getdiyi yolu göstərdi, - dediklərində yalan yoxdu. Kişi mənə göz verir, işıq vermir. Qonşular da beziblər. Adam nə qədər içib dava salar. Dava salar deyəndə ki, məndən başqa heç kimnən işi-gücü yoxdu ha... başı batmamışın. Elə qoyasan məni döyə, söyə...

Bura qədər danışdıqlarını mənə yox, özünə deyirdi. Diqqətlə qulaq asdığımı görüb gözlərini qonşusunun getdiyi yoldan yığıb mənə zillədi:

- Tək qardaşının bircə oğlu olanda noolar... Anam məni vermirdi. Bilirdi qardaşı oğlu ərköyündü, işə-gücə yarayan deyil. Deyirdilər ki, ata yurdunun çırağını yandıracaq. Ay yandırdı ha... Ondan çırağ yandıran olar? Dayım bir ətək pul verib instituta düzəltdi, orda da oxumadı. Əsgər getdi. Sonra xəbər gəldi ki, bir rus qızına ilişib. Neçə il kəndimizin yolunu da yadırğadı. Elə dədəsinin axırına da o çıxdı. Yazıq dayımın qəddini əydi. Nə qədər yalvardı-yaxardı ki, bala, bu boyda ev-eşik qurmuşam, gəl, yiyə dur. Vecinə almadı. Bir də dədəsinin axır günlərinə çatdırdı özünü. Onda dayım məni oğluna almaq üçün anama çox yalvardı. Anam da qardaşı bu dünyadan gözüaçıq getməsin deyə razılıq verdi. Mən də nə başa düşürdüm ərə getmək nədi... Heç qoydular ki, gözüm açılsın. Atasız qızıydım. Qardaşlarım balacaydılar. Hamımız anamın əlinə baxırdıq. Atestatımı almamış toyumuzu elədilər. Bir həftə sonra dayım öldü. Atasının qırxını gözləmədi. Dedi ki, malım-pulum qalıb xarabada. Gedib nəyim var, satım-sovum, birdəfəlik gəlim. O gedən oldu. Qaldım damın altında qayınana, iki baldızla. Günümü göy əskiyə bükdülər. Demə, boyuma uşaq düşübmüş. Oğlum oldu, dayımın adını qoydular. Qayınanam, baldızlarım uşağı qucaqlarından yerə qoymurdular. Bircə acıb ağlayanda mənə verirdilər. Qalmışdım bir qıraqda. Elə bilirdim, bircə uşağa süd vermək üçün o evdəyəm. Başqa heç kimə, heç nəyə lazım deyiləm. Qayınanam ümüddüydü ki, oğlunu görsə, dayana bilməz Rusiyətdə, qaça-qaça gələr. Onda da belə şəkil çəkən telefonlar yoxuydu. Nə şəkilçəkən e, heç əl telefonunun nə olduğunu bilmirdik. Yazıq arvad körpəni atırdı kürəyinə. Gedirdi rayona. Uşağın cürbəcür şəklini çəkdirirdi. Məktubla göndərirdi oğluna. Uşaq da elə topuş, elə şiriniydi... Ancaq qayınanam oğlunun ürəyini şəkillərlə yumşalda bilmədi.

Baldızlarımın ikisi də ərə getdilər. Mənə göz verib işıq verməmişdilər. Ancaq onlara yazığım gəldi. İkisi də atasız, qardaşsız gözüyaşlı gəlin köçdü. Qayınanamın axır nəfəsinəcən gözləri yoldan yığılmadı. Oğlu heç onun dəfninə də çatmadı. Yeddisinəcən gəldi. “Anam onun-bunun çiynində gora getdi, kül mənim oğul başıma”, - deyə-deyə başına döyüb ağladı.

Beş yaşlı oğlumuzu qucağından yerə qoymurdu. And içirdi ki, daha ayağını kənddən kənara qoymayacaq. Altı-yeddi ay qaldı. Yenə dayana bilmədi. Qızının heç doğulmasını da gözləmədi. Qarnım burnumda çıxıb getdi. Dönüb arxasına baxmadı. Qohum-əqrabanın nə toyuna gəldi, nə yasına. İki körpə qaldı mənim umuduma. Qızımın bir yaşı olanda şəklini göndərdik. Bacısına yazdı ki, “Qızımın şəklinə baxıb ağlayıram, eynən anamdı. Xəcalət çəkirəm, utandığımdan ölüb yerə girirəm ki, ailəm başsız qalıb. Burda canımdan bezmişəm. Bir həftəyə qayıdıram, Rusiyətə dönsəm, heç kişi deyiləm. Gəlmədi. Bir-iki ay tez-tez məktub göndərdi. Hər dəfə də yazırdı ki, gəlməyə hazırlaşıram. Gah işlərini yoluna qoya bilmədi, gah sənədlərində problem çıxdı. Vaxt uzandıqca uzandı. Sonra məktubları da azaldı. Gəlməyi başına dəysin, bir köpük də pul göndərmirdi. Qohum-əqraba bir tərəfdən, mən bir tərəfdən yazırdıq ki, uşaqların çörəyə möhtacdı, pul göndər. O qədər yazdıq, yazdıq, bezdi. Məktubları da o kəsilən-kəsildi.

Əvvəllər yenə yaxışıydı. Kolxozda işləyirdim, birtəhər balalarımı dolandırırdım. Kolxoz dağılandan sonra bilmədim başımıza nə çarə qılım. Müharibə başlamışdı, ermənilər torpaqlarımızı işğal edirdi, qaçqınlar gəlirdi. Çörək qəhətə çıxmışdı. Hərə özünün, ailəsinin hayındaydı. Onda bacımın əri gəldi Bakıya işləməyə. Bir-iki ay sonra bacımla uşaqlarını da bura gətirdi. Kənddə iş yoxuydu. İki körpə gözümün içinə baxırdı. Bacım kəndə gələndə yalvardım ki, mən də sizinlə gedim. Əri yaxşı adamıydı, rəhmətlik. Bacıma demişdi ki, bir gün bacının qapısını açıb görəcəyik damın altında acınan qırılıblar, baballarından çıxa bilməyəcəyik.

Danışdıqca gülümsəyirdi. Söhbətimizin başından məni ən çox təəccübləndirən onun üzündən bir an belə çəkilməyən təbəssümüydü. Kənardan baxan sanardı ki, o, çəkdiyi məşəqqətlərdən yox, həyatının ən xoş günlərindən danışır.

- Bacımla əri gəldilər bizə. Yeznəm dedi ki, şəhərdə həm kirayə haqqı verəsən, həm dolanasan, çox çətin olar, ondansa mal-qara, toyuq-cücə, qır-qızıl... nəyin var, sataq, sənə Bakıda ev alaq. Əvvəl qorxdum, sonra nə yaxşı ki, razılaşdım. Bir inək, beş-altı qoyun qalmışdı. Qır-qızıla da nə pul verəcəkdilər. O vaxt kəndimizdə ən yaxşı evlərdən biri bizimiydi. Ancaq ev alan kimiydi... Nəyimiz vardı, hamısını dəyər-dəyməzinə satdım. Bacımın əri Sabunçudan mənə ev aldı. Ev deyəndə ki, uçuq-sökük daxmaydı.

Bacımgil də bizdə qalırdılar. Üç uşaq, ər-arvad onlar, iki uşaqla mən. Səkkiz nəfər iki balaca otağa yığışmışdıq. Bacımın əri ustaydı, gündüzlər işə gedirdi, axşamlar o daxmaya əl gəzdirirdi. Ordan-burdan taxta-tuxta daşıyıb gətirirdi. Həyətin bir tərəfində iki otaq da qaraltdıq. Bacımgil ora yığışdılar.

Əlimdə bir az pul qalmışdı. Onu da yedik, bitirdik. Bacımla bazarda xırım-xırda satmağı öyrəndik. Müharibədən sonra bacımgil qayıtdılar kəndə. Yeznəmin az-çox qazancı olurdu. Bacımla əl-ələ verib pay torpaqlarında da taxıl, arpa, yonca əkirdilər, həyətlərində dirrikləri vardı, toyuq-cücə, qaz, ördək, qoyun-quzu saxlayırdılar. Mən neyləyəcəkdim? Deyirdim ki, yenə Allah şəhərə bərəkət versin. Alverlə başımızı saxlayırdım. Bacımgilin qaldıqları o iki otağı da kirayə verdim. Şəraiti yaxşı deyildi, ona görə çox az kirayə haqqı alırdım.

Uşaqlarım balacalıqdan “yoxdu”ya alışdılar. Heç birinin məndən elə bir istəyi, tələbi olmadı. Oğlan doqquzuncu sinifdən çıxdı məktəbdən. Peşə məktəbində oxudu, sonra da başladı malyar işləməyə. Qızımı da doqquzdan çıxartdım. Ancaq onu texnikumda oxutdum. Oğlum da əlimdən tuturdu. Qızı heç texnikumu bitirməmiş böyük baldızım oğluna istədi. Məndən olsa elə tez verməzdim. Qoyardım texnikimu bitirərdi, işləyərdi. Gözləri açılardı. Amma neyləyim? Fikirləşdim ki, yenə öz bibisidi. Həyan olar uşağıma. Toyunu elədik. Köçürdüm qızı.

- Yoldaşınız qızınızın toyuna gəldi?

Sualı verəndə başa düşdüm ki, göyərtisatanın hekayəsi əməlli-başlı marağımı çəkib.

Yenə təbəssümlə cavab verdi:

- Hardan?! Baldızım yüz dəfə zəng elədi ki, ay qardaş, gəl otur elçi məclisinin başında, qızını səndən istəyim. Elə dedi ki, “gəlirəm, gəlirəm”. Gəlmədi. Necə ay ona görə nişan da ləngidi. Sonra qızın toyuna gələcəyinə söz verdi. Amma Allah var başımın üstündə, onda doğrudan, gəlirmiş. Bilet də alıbmış. Yola düşəndə işi çıxıb. Gələ bilməyib. Toydaydıq, zəng vurdu. Bacısıyla danışanda elə ağlayırdı... Yalvarırdı ki, ay bacı, qızıma denən atasını bağışlasın. – Göyərtisatan doluxsundu. Ancaq birdən onu yenə gülmək tutdu. – Başı batmamış onda da lülqəmbəriydi. Sözləri höccələyə-höccələyə deyirdi. Ona görə heç dediyinə inanan olmadı. Olan da qızıma oldu. Yazıq balam elə pərt oldu ki, toyun axırınacan iki gözü iki çeşməydi. Bibisi qızıma yaxşı qayınana oldu. Nəvələrimiz oldu, onların da zəhmətlərini məndən çox o çəkdi. – Bir az susub dilləndi. - Nəvələrini görməyə də gəlmədi.

- Bəs nə vaxt gəldi, qocalanda? – özümdən asılı olmadan qəzəblə xəbər aldım.

- Qocalanda... Hə... Amma qayıtmağa üzü gəlmirdi...

- Amma gəldi.

- Oğlum gedib gətirdi. - Mənim təəccüblə baxmağımdan sıxıla-sıxıla oğluna haqq qazandırdı. - Uşaqlıqdan yükü ağır oldu balamın. Nə uşaqlıq yaşadı, nə cavanlığın dadını bildi. Yaşından böyük işlərə qatlaşdı. Balacalıqdan mənə qoşulub göyərti satdı. Bazarda ona-buna yük daşıdı. Sonra bir qonşumuz vardı. Onunla tikintiyə işləməyə getdi. Ölüm-zülüm doqquzuncu sinfi bitirəndə dedim ki, barı düz-əməlli sənət öyrənsin. Peşə məktəbində mənim sözümü yerə salmamaq üçün oxudu. Hara getdisə, üzümü ağartdı. Heç kimə cavab qaytarmadı, nə iş tapşırdılarsa, etiraz eləmədi, “ağırdı”, “gücüm çatmır”, “yorulmuşam” demədi. Evlənməkdən söz salmırdı. Gördüm yaşı keçir. Tay-tuşlarına ağız açdım ki, aramızda pərdə var, mən soruşa bilmirəm, heç soruşsam da deməz, siz xəbər alın, bəlkə gözaltısı var. Yoxdusa, qohum-əqrabada nə çox gözəl-göyçək, ağıllı qız, birini alım. Dedilər ki, ay xala, istədiyi var. Qızın yerini-yurdunu öyrənəndə fikrimdən keçdi ki, bəlkə deyim, ay bala, gəl ayağımızı yorğanımıza görə uzadaq. Mən necə gedib dünyanın o başından sənə qız alım.

- Başqa ölkədəndi qız?

Yenə uğundu. İstər-istəməz mən də gülümsədim.

- Yox, rayonları uzaqdadı, - dedi. - Qızın əmisigil qonşuluğumuzda kirayədə qalırdılar. Orta məktəbi bitirdiyi il onlara qonaq gəlmişdi. Oğlumla bir-birlərini görüb bəyəniblər. Qız mənim də xoşuma gəlmişdi. Ancaq gəlin gözüylə baxmamışdım. Oğlumun onu istədiyini eşidəndə dedim ki, olmaz, mən o boyda yolu gedə bilmərəm. Bunun elçiliyi var, nişanı var, bayramlıqları var, toyu var... Heç qızın qohumları da razı deyildilər. Qızlarına söz keçirə bilmədilər. Ancaq mənim oğlum sözümdən çıxmaz. Onda da razı olmadığımı biləndə heç nə demədi. Gördüm fikir çəkir, yeyib-içməkdən kəsilib. Qıymadım. Qıza elçi getdim, nişan apardım. Toyuna az qalmışdı, gördüm yenə oğlumun qaş-qabağı açılmır. Bir gün özü açdı məsələni.

Demə, kənddəki qohumlardan eşidib ki, atası xəstədi. Rus arvadı da dalından təpiyi vurub, küçələrdə qalır. Oğlum dedi: “Ana, icazə versən də, verməsən də, gedib atamı gətirəcəm, özüm baxacam ona. Düzdü, nə mən, nə də bacım onun atalığını heç görmədik. Bizi böyüdüb boya-başa çatdırana qədər sənin nə müsibətlər çəkdiyini də hamıdan yaxşı mən bilirəm. Amma nə olursa, olsun, yenə də atamdı. Onu elə vəziyyətdə qoysam, adam arasına çıxa bilmərəm. Deyərlər ki, sən kişi olsan, atana yiyə durarsan”. Gördüm, anasıölmüş düz deyir. Əvvəla, atasıdı, deyə bilmərəm ki, qoca, xəsrə halında qoy küçələrdə qalsın. Heç Allaha da xoş getməz. İkincisi də, el-oba bizə nə deyər... Sabah başımıza qaxınc edərlər.

Fağır balam, haranı tanıyırdı?! Mənim dayım oğlu yol-yolağı bilir. Onun da cavanlığı Rusiyyətdə keçib. Əli-ayağı işdən-gücdən qalandan sonra, yarımcan qayıdıb gəldi ev-eşiyinə. Oğlum ona qoşulub Rusiyətə atasını gətirməyə getdi. Mən də toy tədarükünü yarımçıq qoymadım. Onlar gələndə hər şey hazırıydı. Toy dəvətnamələrini də paylamışdım.

Oğlum atasını gətirməyinə gətirmişdi... Ancaq elə vəziyyətdəydi ki, gözlər olsun, görməsin. Demə, neçə iliymiş orda bomj kimi yaşayırmış. Aparıb xəstəxanaya qoyduq. Əlimizi üzmüşdük. Elə bilirdik, öləcək. Səksəkə içində, xəstəxanadan xəbər gözləyə-gözləyə uşağın toyu elədik. Toyu burnumuzdan gətirdi. Ancaq ölmədi.

Onu xəstəxanadan çıxarıb evə gətirəndən sonra başa düşdük ki, Allahın bizə yazığı gəlib. Toyda iştirak eləsəydi, biabır olardıq. Elə xəstə yatağında başladı arağın kürlüyünü eləməyə. Canı cəhənnəm, alıb gətirirdim. Zəhərləndən sonra da sakitləşmir. Bu, başı batmamışa araqdan sonra bir güc gəlir. Əlinə alır baltanı, bıçağı, düşür mənim dalımca ki, səni öldürəcəm. Bu dəqiqə bizə getsən, bir dənə kəsər tapmazsan. Hamısını gizlətmişəm.

Həyətdəki evimdə qalan kirayəçilərim başlarını götürüb qaçdılar. Sonra gələnlər də bircə ay qalmadılar. İndiyədək də ev boşdu.
Oğlum sabahdan axşamadək işdə olurdu. Mən gəlinə görə evdən çıxa bilmirdim. Deyirdim, xalxın uşağı qorxar, xəstəlik tapar, ya da uşağa nəsə olar. Gəlin artıq ikicanlıydı. Qorxduğum başıma gəldi. Kişi yenə araqdan zəhərlənib məni girləyirdi ki, döysün. Gəlin qışqırmağa başladı. Əvvəl elə bildim qorxusundan eləyir. Sonra gördüm yox, iraq balalarımın canından, başıma daş düşüb. Qonşuları köməyə çağırdım, çatdırdıq xəstəxanaya. Həkimlər dedilər ki, uşaq tələf olub. Ata-anası gəlini xəstəxanadan götürüb öz evlərinə apardılar. Atası dedi ki, mən uşağımdan bezməmişəm.

Anası ağladı ki, ölərəm, qızımı o evə qoymaram. Oğlum da inad elədi ki, mən atamı atan deyiləm. Onu birtəhər dilə tutdum. Yalvarıb-yaxardım ki, başına dönüm, onsuz da bu ev sənindi. Bibin uşaqları rayonda tikintiylə məşğuldular. Neçə vaxtdı sənə də yalvarırlar ki, gəl bizimlə işlə, əllərin qızıldı. Kənddəki evi satmışıq, canın sağ olsun. Heç kəndimizə qayıtma, get rayonumuza. Bibin uşaqlarıyla işlə. Əvvəl razı olmadı. Başa saldım ki, burda onun-bunun yanında işləyirsən, o qədər əlləşirsən, aldığın qəpik-quruşdu, bibin uşaqları yadlar kimi insafsız olmazlar.

Gedib arvadını qayınatasıgildən götürdü. Birbaşa rayona getdilər. İndi orda ev də alıb. İki də balası var. Yazıq oğlum heç qohumdan da xeyir görmədi. Yenə çox işləyib, az qazanır. Əsas odu ki, başı dincdi. Mən də telefonla danışanda deyirəm ki, dədən içkinin daşın atıb. İnanmır. Amma heç nə demir.

Göyərtisatan yenə güldü:

- Rusiyətdən gətiriləndə ölürdü e, indi boynu sınmamışın boynunun dalı dönmür. Kökəlib, cavan oğlana oxşayır. Məndən neçə yaş böyükdü. Baxsan elə bilərsən ana-balayıq. Niyə qocalsın ki? Dünyaya gələndən çətinlik görməyib. Elə onun-bunun bucağında yeyib-içib, şellənib. İndi də mənim əlimə baxır. Əslində, mənə elə ziyanı da yoxdu e... Qazanıram da.

Hər gün beş manat siqaretinə verirəm, beş manat da “çubuş”a.
- Çubuşa niyə?
Göyərtisatan gözləri yaşaranacan güldü. Qabarlı əlləriylə gözlərinin yaşını silə-silə:

- “Çubuş” araqdı e... – dedi. - Yeməyimiz, şükür Allaha, əskik olmur. Qazanımız qaynayır. Yağlısın, yaxşısın ona çəkirəm. Axşamnan bişirib qoyuram. Gedib görürəm bir qazan yeməkdən bir tikə qalmayıb, hamısın yeyib. Bəxtəvərin iştahası çox yaxşıdı. Yesin e... yeməyində deyiləm. O arağı, zəhrimarı içəndən sonra dava salmasın.

- Araq alma, - dedim.

Gülə-gülə cavab verdi:

- Almasam, məni öldürər.

Evə getmək o, əlini gözlərinin üstünə günlük eləyib qüruba üz tutan Günəşə baxanda yadıma düşdü.

- Vaxtdı, mən gedim, - göyərtisatan cəld yır-yığışa başlaya-başlaya dedi. - İndiyə siqareti qurtarar. Siqareti olmayanda lap nervilənir.
Göyərtilərin hamısını böyük bir salafan torbaya yığdı. Uzatdığım pulu aldı. Saymadan böyründən aşırdığı pulqabısına qoydu. Mən göyərtiləri götürəndə o da yerə sərdiyi salafanı qatlayırdı. Birdən qamətini düzəltdi. Diqqətlə mənə baxdı. İlk dəfəydi ki, onu təbəssümsüz görürdüm. Qupquru, yad səslə dilləndi:

- Bilirəm ki, ölümüm onun əlindən olacaq. Bir gün eşidəcəksiz ki, məni qanıma qəltan eləyib.

Səsində nə yalvarış vardı, nə də imdad diləyirdi. Ancaq gözlərindəki kədərdən üşəndim.

- Niyə yanında qalırsan axı. Çıx get rayona, uşaqlarının yanına.
- Dalımca rayona gedəcək. Burda tək qalandı o? Rayona da getsə, uşaqlarımın düzənləri pozulacaq. Yenə oğlumun evi dağılacaq. Qızım da nə olsun öz bibisinin ocağındadı, hamının yanında başıaşağı olacaq. Bura baxma, şəhər yeridi. Rayonda hamı bir-birini tanıyır. Bunun belə olduğunu demirik ki. Elə bilirlər adamdı. İstəmirəm atalarını balalarımın başına qaxsınlar. Uşaqlarım indi-indi Allah gününə çıxırlar. İndi də atalarına görə xəcalət çəksinlər?

Dəmiryolu vağzalı istifadəyə veriləndən sonra yenə bazarın çölündə meyvə-tərəvəz satmağa icazə verildi. Hər gün işdən qayıdanda onu görürdüm. O ucaboylu, irisümüklü, arıq qadın sabahdan gün dönənədək yerdə saldığı salafanın üstündə qaladıqları göyərtiləri satırdı. Qış-yay geyimi dəyişmirdi. Topuğunacan uzanan donunun üstündən geyindiyi arxalığı, belinə sarıdığı şalı, qalın corabları, rezin çəkmələri, hamısı bozarmış qara rəngdəydi. Bir də üzündəki təbəssümü dəyişmirdi. Göyərtiləri satılmayanda yoldan ötənlərə gülümsəyə-gülümsəyə deyirdi:

- Gəlin göyərti alın. Ucuz verəcəm. Dəstəsini on köpükdən. Hamısını götürsəz, beş köpükdən verərəm.

Arabir böyründən aşırdığı pulqapısından pullarını çıxarıb sayırdı. Yəqin ərinin siqaretinin və arağının pulunu hesablayırdı.
Göyərti almayanda da başımızla salamlaşırdıq. Ancaq mən ayaq saxlayıb, hal-əhval tutanda o, kəsə cavab verirdi.

Tənha bir yer seçmişdi özünə. Heç kimə qaynayıb qarışmırdı. Belə başa düşdüm ki, əslində, danışqan adam deyil. O gün ürəyini boşaltmaq istədiyindən dil-boğaza qoymurmuş...
Sonra yeni layihəynin icrasına görə işdən gec çıxmağa başladım. Mən evə dönəndə göyərtisatan getmiş olurdu. Bazar günləri onu yenə həmişəki yerində görürdüm. Amma daha əvvəlki kimi gülmürdü. Nə satdığı göyərtiləri tərifləyir, nə də aşağı qiymətə təklif eləyirdi. Heç salamımı da eşitmirdi. Susqun baxışları yol çəkirdi.

Sonra bazara gəlmədi. Günlər keçdikcə təlaşlandım. Göyərtisatan qadın fikrimdən çıxmır. Adı nəydi? Neçə yaşındaydı? Hansı ünvanda yaşayırdı? Bilmirəm.

Qəzetlər, saytlar, televiziyaların xəbər proqramları hər gün qadın cinayətlərindən yazır, reportajlar verirlər... İndi fərqinə varıram, ölkədə əri tərəfindən qətlə yetirilmiş nə çox qadın varmış. Onların adları, yaşları, təhsilləri, ünvanları ayrı olsa da, taleləri birdir...

# 240 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər