Kulis.az Türkiyənin məşhur şairi Haydar Ergülenin şeirlərini təqdim edir.
Yuxu kimi
Bu gecə
            bir qonaq
                        gələcək sənə,
Yorğun təbəssümdən
            tanımasan da,
sürgündə söylənmiş
            türkü kimi,
ürəyinə
            səssiz-səmirsiz
                        bir yağış çiləyəcək -
bu gecə
            yanına
                        bir qonaq gələcək...
Günün
            bir ucundan
                        həyat girir,
bir ucundan ölüm...
Biz ikisindən də yapışdıq -
öldük-dirildik,
dirildik-öldük...
Qorxma
            ölüm sazağından -
əllərin üşüsün,
ayaqların üşüsün,
böyür-başını
            eşqlə basdır,
üstünü sevgiylə ört -
            ürəyin üşüməsin...
Ağrıların,
            acıların,
                        nisgillərin
                                    üstündən xətt çək,
bu gecə
            yanına
                        bir qonaq gələcək...
Gözlərindən
            bəmbəyaz yuxu süzüləcək,
bax,
            o vaxt yanına
                        bir qonaq gələcək,
dərd çəkməyi,
            üzülməyi bacaranım -
                        qadınım mənim,
qar sazağı
            o zavallı, sadəcə,
qızınmaq istəyəcək...
Adam
İdilə
O şəhərə
            olduğun kimi ol
                        mənə də,
o şəhərə
            necə gedirsənsə,
                        mənə də elə gəl -
uça-uça,
            enə-enə,
                        qona-qona,
tək olduğum zaman
əl salla:
            "Əlvida, mənim kiçik adamım!"
Uşaqlıqdan
            bir şəhəri
                        necə adam etdinsə,
                                    necə sevdinsə,
məni də
            elə adam et,
                        sev!
Mənim də
            körpülərim var,
çıx üstünə,
            seyr et -
                   ürəyinin əlində qalmış
                          bir dəliqanlı görəcəksən,
dalğınmı, dalğın,
çarəsizmi, çarəsiz...
Mənim də
            gecələrim var -
sənin olsun ulduzları,
sənin olsun Ayı,
sənin olsun buludları...
Mənim də
            şəhərlərim var -
nə telefon,
            nə qapı zəngi
                        oyatsın məni,
yıxılmaqdan
            dizləri qanamış
bir velosipedli qız
            pəncərəmdən səsləsə,
                        yetər!
Mənim də
            parklarım var,
bir çəmənimdə uzan,
bir budağımdan tut,
mənim də
            yarpaqlarım var -
üstündə bahar,
üstündə günəş!
Amma,
            ən önəmlisi,
mənim
            şeirlərim var,
                        şeirlərim -
sənin
            o şəhəri sevməyinə bənzər...
O şəhəri qısqanıram,
            mənim elə nəyim var ki?
Bu
            mənim üzüm,
                        bu da bu şəhərin,
bir suçum varsa,
            desin,
susqun xatirələrdən savayı...
 
Quşlarsız
            bir şəhər var,
                        gizli-gizli uzanan
                                    saçlarımda,
sevgidən
və
            xatirələrdən qalma
                        bir ovuc küləm,
uğur diləyə-diləyə
            arxamca axar
                        kiçicik çaylar -
onların duaları
            aparır məni
                        böyük irmağa...
Bu
            mənim üzüm,
                        bu da şəhərin,
bir suçum varsa,
            desin,
susqun xatirələrimdən savayı –
yığa bilmirəm
            qırıq aynalarından
                        xəyallarımı...
Tərcümə: Dilsuz