Kulis.az Əli Şirin Şükürlünün şeirlərini təqdim edir.
Ədəbi suprematizm:
Birləşmə – mənzərə dolu qəza
Sürətlə şütüyən avtomobildən 
seyr edirəm həyatı –  pəncərədən irəli, 
sonra da sağa – sola baxıram tez-tez,
paralel xətlər arasından irəli uzanan yolun 
heç zaman bitməyəcəyi təsəvvürü 
var düşüncəmdə. 
Sağ tərəfə yönəldirəm baxışlarımı – 
yaşıllıq daha çox cəlb etsə də məni, 
yorulur baxışlarım, uzun müddət tab gətirmir 
biristiqamətli müşahidələrə, 
baxışlar yeni mənzərələr axtarışında:  
Budur. 
Göy üzü sanki nəhəng bir çadırdı 
bir qırağı çöküb 
uzanan yolun uzaqlığına – 
yerlə göy birləşib bu “qəza” nəticəsində. 
Və gedirsən, gedirsən, gedirsən ... və düşünürsən 
artıq çatmalı idim axı mən qəza baş verən məkana.   
Amma nə qədər getsən də ötə bilmirsən 
mümkün olmayan hadisənin baş verdiyi məkanı: 
irəlidə isə hələ də birləşmənin 
şəkilə bənzər dəyişməyən əsrarəngiz mənzərəsi.   
Evə çatarkən soruşur xanımım:
“Necə keçdi səfərin, necə gedib-gəldin?” 
“Yaxşı” – söyləyirəm, sonra 
üzümdə təbəssüm düşünürəm:
“Mənzərə dolu qəzadan keçib gəlmişəm – sonsuzluqdan:
mümkün olmayan hadisənin baş verdiyi məkandan”.   
2022
Dualizm
                                                                 
Dünya ona görə mövcuddur ki, biz ona baxırıq.
C.Berkli
                                                                     
Olur ki, varlığımda iki adamın 
dartışması gedir elə bil. 
Sanki siam əkizləridi,  
hərə bir tərəfə çəkir məni.
Son dəfə kənddə 
uzaqdan sıra dağların boz rəngli mənzərəsinin göründüyü 
və hələ uşaqlıqdan sevdiyim məkanda gəzdiyim zaman
içimdəki şəhərli qoymurdu məni kənd adamı olmağa: 
“bu yerlərdən gedəcəksən a tezliklə”. 
Fəlsəfəsi beynimi məşğul edən 
Hissəciklər fizikası yenə də düşür yadıma – birdən   
“mən” gəzdiyim zaman sevdiyim məkanların birində 
yolum kəsişərsə “antimən”lə, yəni “antiözüm”lə, 
(rastlaşdıq, ola bilər də, elm elə-belə deməzdi axı) 
o zaman 
nə soruşarıq öncə bir-birimizdən – yəqin ki:
“Əziz mən, sən necəsən, sən nə düşünürsən indi?”  
Sonra, dəqiq, hər iki “mən” fikirləşər ki, 
gerçək olan kimdir, görəsən. 
İndi şəhərdə beton piltələr döşənmiş sahilindən 
seyr edərkən dənizi
içimdəki bir kənd adamı səsləyir məni 
uzaqdan heyrətamiz tabloya bənzəyən 
boz rəngli sıra dağların göründüyü 
çox sevdiyim məkana: 
“Gerçək olan nədir, görəsən, – 
doğurdanmı, yalnız baxdığım hər şey?! 
04.04.2022
Əlahiddə bacarıq
Əlahiddə bir qabiliyyət var  məndə – inanın:
qorxudur məni hərdən. Nə barədə düşünürəm 
tez-gec keçir həyata. 
Belə ki,
bu bacarıq sayəsində
pozula bilər tarazlığı kainatın:
heç nə elə-belə yaranmayıb ki.
Məsələn: 
Böyük bir evdir. Azca aralı zibil qutuları.  
Açılır geniş həyət darvazası o evin 
və gözəl bir qadın 
gözündə iri çərçivəli qara eynək 
çıxır küçəyə. 
Ürəyimdən keçir ki, bu gözəl qadınla
zibil qutusunda eşələnən adamın
ulduzları barışsın.
Ya da
varlı bir kişi saxlayıb bahalı avtomobilini,
salam versin 
hər gün laqeyd-laqeyd ötüb keçdiyi küçəni 
süpürən üzü örpəkli qadına.
Beləliklə, 
zibil qutusunda eşələn o adam
tezliklə çevrilir yaraşıqlı kişiyə,
küçə süpürən qadın
qara eynək taxmağı sevən gözəl xanıma. 
Amma
bir məsələ var burda – 
onu demək istəyirdim bayaqdan:
bu çevrilmədə, görən, 
pozula bilərmi tarazlığı kainatın, 
bir səadət öldürərmi başqa birini. 
Axı
heç nə elə-belə yaranmayıb ki.   
Bir həqiqət var
qoy onu da deyim:
Həyata keçən hər arzu qatildi əslində.  
Biosentrizm nəzəriyyəsi və yanlış zəng
(şeir-esse)
Yaz tətili vaxtı uşaqlıqdan sevdiyim, 
kənd evimizdən bir az aralı, 
dayandığım yerdən üç tərəfə uzandıqca uzanan 
çöllüyə üz tuturam. 
Boşluğu və hüdudsuzluğu uzaqlara yollayan yaşıllığı 
yarımçevrə boyu qapayan evlərdə sınır baxışlarım. Sınıb 
qayıdır gözlərimə və gözlərimdən beynimə süzülür 
gətirdiyi mənzərələr bir anın içində. 
Yaşıllığın uzaqlara ötürdüyü boşluğun nizamını 
adda-budda gözə dəyən iribuynuzlular 
və çəmənliyə qonan çöl quşları pozur azacıq.   
Yaşıllıqda otlayan mal-qara, hənirtidən ürküb qəfil uçan 
çöl quşları yaşamaq və özünü müdafiə instinktindən xəbər 
verir. Düşünürəm ki, ağıl – yaşamaq naminə mübarizə üçün yox, 
yaratmaq üçün Tanrı bəxşişidir. 
Haranı və nəyi seyr edirəmsə sonsuzluqdan söz açır sanki; 
uzandıqca uzanan yaşıllığın qoynuna sığınan boşluq, boşluğu 
yarımçevrə boyu qapayan evlərin getdikcə gözdən itməsi, 
çəmənlikdə gövşəyən mal-qaranın biganəliyi, qəfil pırr edib uçan 
çöl quşları, yaxınlıqdakı su kanalı, qışdan sonra çılpaq ağaclar... 
məkan və məkanı dolduran nə varsa “mən sonsuzam” –  
söyləyir sanki astadan – “son: ani dayanmaları sonsuzluğun, 
sürətlə şütüyən qatarın ani dayandığı stansiyalar misalı”. 
Bir film kimi gördüyüm mənzərəyə daldığım zaman 
ölüm dəyir gözümə birdən, 
su kanalının kənarında çürüyən it cəsədinin üstünə qonan. Ölüm – 
bu da gözgörəsi son. Amma qulağımda yeni bir pıçıltı: 
ölüm bir illüziya, şüurun doğurduğu aldanış, mən sonsuzam, 
N sayda kainatda N sayda versiyada mövcudam 
azacıq fərqli  ehtimallarla – 
çoxlu sayda cürbəcür səslər qarışır bir-birinə.             
Telefona zəng gəlir, diksinirəm: 
gəl oynayaq, təzə zərlər almışam ... – səs 
çox uzaqdan gəlir elə bil, lap uzaqdan və getdikcə zəifləyir, 
sanki hardasa bir məchulluqda gizlənir yenidən 
sirli harmoniyası ilə birgə. 
... yanlış zəng.
 
Amma dinlənildiyimi duyduğumdan 
cavab verməyə macal tapıram: 
axı mən ancaq şahmat oynayıram.