"Yuxudan başqa heç yerdə görmədim atamı..." - Mana Ağayinin şeirləri

"Yuxudan başqa heç yerdə görmədim atamı..." - Mana Ağayinin şeirləri
26 oktyabr 2025
# 12:00

Kulis.az Məhəmməd Nurinin tərcüməsində şair Mana Ağayinin şeirlərini təqdim edir.


Mana Ağayi 1973-cü il, avqust ayının 23-də İranın Buşehr şəhərində anadan olub. Atası qaşqay türkü, anası lurdur. 1987-ci ildə ailəsi ilə birlikdə Stokholma mühacirət edib və indi də orada yaşamaqdadır. Şairənin indiyədək üç şeir kitabı – “Ölümdə sənin dodaqların olsaydı” (2003), “Mən özüm oğlu İsayam” (2007) və “Qış mənim sevgilimdir” (2012) məcmuələri işıq üzü görüb. Mana Ağayi şeir yazmaqla yanaşı elmi-ədəbi tədqiqat və bədii tərcümə ilə də məşğul olur.


Uşaqlıq

Qızmar bir yay günündə dünyaya gəldim.
Həmin il xurma ağacının kölgəsi
yandırardı yeri
və dəniz iri bir suluq idi limanın alnında.
Anam gözünün yaşı
və ürəyinin ahıyla böyütdü məni
əllə toxunmuş həsirdən fərşin üstündə.
Bütün uşaqlar kimi mənim də əynimdə
buluddan köynək vardı,
başımın altındasa yumyumşaq röya balışı.
Yuxudan başqa heç yerdə görmədim atamı.
Uzaq səfərə getdiyini deyərdilər.
Cırılmış ayaqqabıları əlimizə sonralar çatdı.
O günlər hələ
müharibə bizim küçəyə gəlməmişdi.
Mən göyərçinlərlə danışardım.
Divarlar alçaq idi
və göyün tavanına çatardı çərpələngin əli.
Səhərlər məktəbə gedərdim
Günəşlə çiyin-çiyinə.
Axşamçağılarsa şən bir fırfırayla
evə qayıdardım.
Pəncərənin kənarında oturub
yağışın sözlərinə fikir verərdim.
Həmin soyuq, dəmir millərin arxasından
tanıdım yoxsulluğu.
Həmin nazik, çəhrayı pərdənin arasından
ilk dəfə aşiq oldum.
Güzgünün dediyinə görə,
on dörd yaşım var idi.
Qorxu və mürəkkəb qoxusu gələrdi barmaqlarımdan.
Bütün kitablarımın arasınasa
qırmızı gül ləçəkləri qoyardım.

Qış

Qış mənim sevgilimdir.
Bəmbəyaz yaddaşı olan
və uzun boynunu
qürurla dik tutan adam.
Buz bağlamış bir göl üstə rəqs edən
gözəl bir qu quşuna bənzəyir o,
qarların altında.

Ona sarılıram,
əriyir
az-az,
az-az əriyir
və axıb tökülür.
Sanki heç vaxt olmayıb
məni isitməli olan bu mühacir adam.

Yer və göy

Göyə barmaq göstərə bilərəm.
Lənətləyə bilərəm.
Hətta bir daş da vıyıldada bilərəm.
Amma yer yekə bir qırmızı alma deyil ki, təpiklənsin, diyirlənsin
və asanlıqla uzaqlaşsın bir oyun topu kimi.

Gecə monoloqu

Gecə keçir aramla.
Göy üzü qaranlıqdan bir dənizdir,
içində üzür pulcuqları bərq vuran
minlərlə balıq.
Məndən
və göyərtə üzərində fit çalan yeldən başqa
yatıblar
yerin bütün sərnişinləri.

Ulduzları saymaq
yalnız aşiq dənizçiləri
və nigaran səyahətçiləri
oyaq saxlayır.

Qırx iki

Qırx iki bahar vermişəm yelə.
Qırx iki qış
daha da ağardığına tamaşa etmişəm
saçlarımın.
Qırx iki payız
cücələri saymışam.
Amma yaydan başqa
heç bir fəsil üzməyib məni:
Qırx iki daş
atdım gölməçəyə.
Su üzərində qırx iki titrək dairə.

Son şeir

Karandaşlarımı yonuram bitənə qədər.
İcazə verirəm ki, kağızlar
qətrə-qətrə əmsinlər qələmin qanını.
Barmaqlarımı gicgahıma qoyub
son hərfə,
son cümləyə,
son şeirə çatıram.

Tətiyi çəkirəm:
Quşlar
doldururlar buğda zəmisinin səmasını.

Ölüm

Mən öləndə bir nəfər gələcək.
Gəncliyimə bənzəyən biri.
O bir nəfər ki, düşüncələrimi düşünəcək,
ayaqqabılarımda gəzəcək
və həmin otaqda,
həmin oturacaqda gözləyəcək.

Mən öləndə özüm
başqa bir qadının
soyuq məzarında yatacağam.
O da naməlum bir vətəndaş,
pasportsuz bir kənizcik,
dünya paytaxtlarından birinin didərgini.
Nə fərqi var?

Mən öləndə hələ güllələr yağacaq Afrikada.
İraq səmasında bir ulduz
parça-parça olacaq.
Beytləhmdə körpələr başsız doğulacaq.

Mən öləndə ağlamayacaq heç kəs.
Ağ olan məzar daşımın şəkli
qəzetə düşməyəcək.

# 571 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər