Bu gün şair Ələddin Əzimlinin doğum günüdür.
Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.
Labirint
Yolum düşdü yad şəhərdə
bir küçədən bu səhər.
Elə bildim
bizimkidir bu şəhər.
Binalar da, tanışdı,
adamlar da tanışdı.
Az keçmədi
göy tutuldu,
hava qəfil qarışdı.
Daldalanmaq istədim.
Gördüm,
heç bir yana yolum yox,
hər tərəfim divardı.
Ayıldım,
məni fikir apardı...
***
Bu payız üşüdəcək məni,
elə ağacları da.
Ağaclar
yarpaq-yarpaq göynəyəcək,
ağlayacaq,
güləcək çılpaqlığına.
Yaşıl-yaşıl yuxular
diksindirəcək ağacları
yaşıl-yaşıl ümidlər gələnəcən...
***
Qulaqlarımı kar eləyən
ayaq səslərindən,
dünyanın bu yorğun kəndindən,
gecənin boşluğundan
baş alıb qaça bilmədim.
Sapsarı Ay işığı
tutdu əlimdən...
***
Ürəyimin
içi bomboşdur bu axşam.
Deməyə
sözüm qalmayıb,
oxumağa nəğməm.
Ayaqqabılarım
yırtılıb gəzməkdən.
Başım
ağrıyır yatmaqdan.
Bir yandan da
ürəyimin
içi bomboşdur bu axşam...
Tənhalıq
Tənhayam
dənizin göz işlədikcə
uzanan sahilində.
Qumluqdan götürdüyüm
heç bir işə yaramayan
qamış parçası var
əlimdə.
Ancaq və ancaq
səni zikr edirəm –
susuzluqdan qurumuş,
qaysaq bağlamış
dodaqlarımda.
Qadın
Axşamdan
Bürüyüb otağı
O qadının
Məstedici qoxusu.
Bir də
bir həzin gecənin
qarmaqarışıq yuxusu.
O qadın
gecədən keçmiş
məndən ayrılsa da,
çıxıb getsə də,
açılmır səhər,
uzanır gecə.
Mürgü içindədir
burda nə varsa –
yorğun bədən də.
Sərməstəm,
sərxoşam
sanki bu anda.
O qadın
ruhumu aparıb bəlkə,
burdan gedəndə?!...
Van Qoqa
Günəşə baxa-baxa
boy-boy dartıla-dartıla,
xumarlanan günəbaxanlar.
Günəş batır,
axşam düşər,
kökü ilə bağlandığı
bərəkətli torpağa baxa-baxa,
başı enər sinəsinə,
utanar günəbaxanlar.
Pəncərə arxasında düşüncələr
Bu şüşənin o üzündə
Dünyadır –
Günəşiylı,
Ağacıyla,
Quşlarıyla fıravan.
Bu şüşənin bu üzündə
Mən varam –
Paltarımla,
Bədənimlə,
hissələrimlə bərabər.
Bu şüşənin o üzündə
dünyadır
Bu üzündə -
Gözlərim.
Sükut
Sükut –
göylərin fəryadı.
Barmaqlarının ucunda yeriyən qadın.
Sükut –
bir daş parçası,
içində ağlayan,
boğulan
qarışqa nəfəsi.
Sükut –
dodaqların, dişlərin arasında
oğrun-oğrun gizlənən dil.
Sükut –
yaxamdan yapışan,
məni harasa sürükləyən
möhkəm bir əl.
Qardaş, gəl burax yaxamı,
bacarırsansa,
qışqır,
ucadan qışqır,
poz sükütu.
Çalış,
qurtar məni bu məhbəsdən!..
