Kulis.az təbrizli şair Rəsul İsmailianın şeirlərini təqdim edir.
Böyüyür
Doğulduğunda
şüşələrin parçalanması olur xiyabanlarda
çağrılır uca səslə
yazılır plakatlara
böyüyür
Uşaqlığında
böyük bir yara olur sükutun əynində
boşaldır bütün gecələri səssizlikdən
toxunur qaranlığa
böyüyür
Gənc çağlarında
özgə bir qadın olur xiyabanda
baxıb, gülümsəyib, keçir
böyüyür
Qoca çağlarında
şəhərin bütün adreslərini unudub artıq
yapışır əlimizdən
addım-addım dolandırır bizi
asta-asta addımlarla
heç bir yeri xatırlamadan
böyüyür
Öldüyündə 
yuxularımızın dodaqlarının şirinliyi olur azadlıq.
***
Ölüm
adi bir kəlmədir artıq
mən hər gün bilirəm özlüyümün bir parçasının öldüyünü
bir gün barmaqlarım
bir gün ayaqlarım
bir gün gözlərim
bir gün qulaqlarım
bir gün səsim
doğrusu hər kəsim
öyrənmişəm ölümə
bir tablo divara öyrənən kimi
tanıyıram zil-bəmin artıq
illərdir təkrarlayıram ölümü
bu da yaşamın bir bölümü
doğrusu
beynimdə yeri dolmuş bir nöqtədir ölüm
gündən günə böyüyür
böyüyür
böyüyür
mən cümə günlərinin
axşam çağların darıxması oluram
sanki bütünlüyüm ölüb
sanki bir dostum ölüb tənhalığında
ölürəm xəbərsizliyimdən
yalqızlıq ölümün başqa bir adı olur o an
kimsə boşaltmaz ürəyini
böyüyər
böyüyər
yalqızlığın boyu
teleqraf dirəklərindən, mobil qüllələrdən daha uca
ona yumruq sıxmaq olmaz
ona yalvarmaq olmaz
bütün bağlı qapılar, içəridən açılacaq.
 
Uşaqlıq şəkli
Maraqlı gəlirsən mənə
Xiyabanlarda gördüyüm 
başqa bir ölkənin vətəndaşı kimi
Ay uşaqlığımdan qalan şəkil.
Şeir
Şeir xain birisidir
Yalqızlıq şeiri yaradır
şeir insanı yalqızlıqdan qurtarır.
***
Kişi
Göyün ucalığına yerləşmədiyində
əyilib zibil boşqasını geyib əyninə
varaqlayırdı zibilləri
romantik bir qəzəl kitabı kimi
günəş qızarırdı peysərində
yuxusunu izləyərkən
biz dolu bir tüfəngin lüləsində
yaşayıb
günəş şəfəqlərinin öpüş həsrətində
öləcəyik
yum gözlərini…
***
Artıq qırx yaşıma yaxınlaşdığımda
sanki bütün həyatımı yaşayıb əzbərləmişəm
və bundan sonra nə üz verəcəyini də bilirəm
artıq qırx yaşıma yaxınlaşdığımda
dəyişirəm  xiyabanlarda göz qoyduğum insanları da
dəyişirəm addımlamağa bəyəndiyim qaldırımların bir çoxunu
dəyişirəm
yoldaşlarımdan olan intizarlarımı
sevdiyim qiyafətlərin bir çoxunu
dəyişirəm bir çox şeyi
bir bir
artıq qırx yaşıma yaxınlaşdığımda
düşünürəm
küçələrdəki yaşlı qadınların gözlərində hırıldayan yalqızlıq
o qədər böyük ki
tanrını da qurtara bilər yalqızlığından
artıq qırx yaşıma yaxınlaşdığımda
qorxularımı gerçəklərlə tutuşdura bilmədiyimdə
artır qorxmazlığa bazlığım
ölümə danqazlığım1
artıq qırx yaşıma yaxınlaşdığımda
yetkinliyimin bir bölümünü öldürürəm
1-yekələnmək, boşboğazlıq
 
***
Heç bir şey yenidən üz verməyəcək
gecə ulduzlarıyla fəxr etməsindən başqa
və heç bir doğulmuş, bir ölmüş qədər önəmli olmayacaq
mən, Füzulinin qəzəl kıtabından silinmiş bir sərəbəst şeir
sən, hökumət radio xəbərlərində susmuş sərbəstlik
yaşam, həsrət xarabasında quylanmış bir xəzinə
artıq heç bir şey
suyun üzərində sürünən yarpaqdan gözəl deyil
bağla radionu
hər bir kəsin
öz həqiqətləri, öz yalanları var.
***
Yalqız buraxıb getdilər
yuxusunu pozmadan
röyalarının sonu bir cəsəd
ata, əyildi başmaqlarının bağını bərkidib
addımladı kürəyindəki şallaq izlərinin düm-düzlüyünü
düz
sanki beş barmaq izi
düz
sanki ana demişkən ehdinəlsiratəlmüstəqim1
düz
sanki bir yol
elə o yolda bir gün
xatırlayacaq tarix eniş-yoxuşunu
düz
sanki dar ağacı
düz
sanki xavərmiyanədə2 bir neft quyusu
düz
sanki bir başmaq bağı
bəlkə də uzandı o bağ
asıldı bir ağaca
görəsən
hansı meyvə dəriləcək o ağacdan
hansı ağızdan səsələnəcək adı
hansı kitabda yazılacaq o kəlmə
unudulmuş bir kəlmə
titrək bir kəlmə
inanılmaz  bir kəlmə
zorla oğurlanmış acı bir öpüşün xatirəsidir o kəlmə
onu hansı qapından qovdular
hansı kitabdan pozdular
hansı yolda azdırdılar
hansı ağacdan asdılar
hansı ağızdan oğurladılar
birisi anlatsın
nədən bu otaqda
oxuduğum kitabların səsi
habelə
nədən anam qıldığı namazların səsi
ac qarınların səsindən uca olmadı heç
birisi anlatsın
nədən qaranlıq, dişlərini otağın pəncərəsinə sıxanda
bütün yer kürəsi boğulur bu otaqda
nədən
nədən
nədən
boş ver
mən
sənin kənarında öz adımı tapdım
elə o kəlməni
inandım bütün dilinə gətirmədiklərinə də…
1-bizi doğru yola hidayət eylə
2-orta doğuda
***
Baxışlarında
biri vardı
gülüşlərində
biri yoxuydu
baxışların ağladığım gecənin yarısı
gülüşlərin ən məğrur şeirim
biri vardı
dilə tutur məni
söylədiyim nağıllarda
biri vardı
oğlu boydadır nağılı
yəni
göz ol özündən
yəni
göz ol məndən.
***
O qədər qışqırdıq 
göyərdi səsimizin bir yanı 
yalqız qaldıq 
tanrıların iqtidarı oldu yalqızlıq 
savaşdıq xəşablara1 dolan fişənglərimiz 
qəbirlərə basdırılan cəsədlərimiz oldu 
və ən gözəl mahnımız 
bıçaqların itilənmək səsi, 
o qədər qışqırdıq 
unutduq 
gözlərimizin nələr gördüklərini 
qulaqlarımızın nələr eşitdiklərini 
budur bütün payımız ölkədən 
budur bütün payımız yaşamdan 
sazaqdır 
yoldaş 
əllərinin istiliyini gülüşlərində gizlət.
1-güllə darağı, güllə xəzinəsi
***
Beynim kiçik bir Orta Doğu
Savaşa girir beynimdə gündə neçə ölkə
Mən isə atası ölən uşaqların darıxması oluram
Ağlamaq istərəm
Eşidilsin aydıncasına
Astaca səs qırıqlarım
Burda
Oddan yaranıb hər bir şey
Burda
Bütün bayramlar başa çatar, dadı hiss edilmədən
Burda 
Hər bir şey atılıb
Yuxu həbləri kimi
İzlənirik anbaan
Gözəlliyimiz olmasa da, doluyuq duyğulardan
Doluyuq boşluqlardan
Qürbətdə yazılan vətən şeiri kimi
Oxuyun bizi
Biz sizin savaş meydanınızıq.
***
21-ci yüzillikdə 
Bir gülüş, sadəcə bir gülüşdür artıq 
Bir baxış sadəcə bir baxış 
Və hər bir şey, unudulur rahatcasına 
bir anda 
21-ci yüzillikdə 
İnsan 
Möcüzəsini unudan bir peyğəmbərdir 
Sankı öldürülüb tanrısı, 
Umudsuz 
Üzgün 
Nə söylənəcək sözü qalmış
Nə göstərəcək yolu 
Doğrusu 
21-ci yüzillik 
İnsanın 
Başının ağrımasından başlanıb 
Yuxu həblərinin atılmasında bitəcək 
Bu isə  ən böyük uğur sayılır 
21-ci yüzillikdə yaşayan insana.
***
Hərdən xiyabanın o tayında 
Restoranda görünən bir boş masa 
Götürüb aparır səni keçmişlərə 
Elə o an Xiyabanın eni boyundan uzun olur 
Hərdən 
Duvarda boş bir şəkil çərçivəsi 
Dolu olur xatirələrlə.
***
Dilimdə heç başa çatmayan 
bir mahnı səslənir 
bu xiyabanın boyunu addimlayanda 
Sankı keçmişlərdə bu xiyabanı addımlayanlar 
Yazıb-bəsləmiş bu mahnını 
Sankı addımlarım, addımlarının ardı 
Baxışlarım, baxışlarının qalanıdır 
Sən isə başa çatmayan bir yolu addımlayıb 
Sonu gəlməyən bir mahnını səsləndirəcəksən 
Darıxmaların, darıxmalarımın ardı olacaq 
Sevdiklərin, sevdiklərimin ardı
Doğrusu 
Dünya hər zaman bir şeyin ardıdır
Hər kəs bu dünyada özü qədər yaşayıb, 
olduğu qədər öləcək 
Hər kimsə sadəcə öz nağılının qəhrəmanıdır, oğlum.
***
Sevməyin sərhəddi yoxdursa,
Nifrətin sərhəddi yoxdursa,
Darıxmağın sərhəddi yoxdursa,
Vətənin də sərhəddi yox.
Vətən bir başmaq qədər kiçik,
Bir düşüncə qədər geniş ola bilər.
Sıxıla bilər bir şeir misrasına,
Dalğalana bilər bir bayraqda,
Yaradıb öldürə bilərik içimizdə.
Satılar da,
Alınar da,
Atılar da,
Bir həb kimi,
Bir dost kimi.