Kulis.az "Günün şeiri" layihəsindən Ramiz Qusarçaylının "Mən kənddən çıxanda gecə yarıydı" şeirini təqdim edir.
Mən kənddən çıxanda gecə yarıydı
Söyüdlər yol üstdə tellənirdilər.
Coşan ürəyimin duyğularıydı,
Sinəmdən süzülüb sellənirdilər.
Enib dərələrin, düzlərin üstə,
Gecə öz diliylə layla deyirdi.
Baş qoyub dağların dizləri üstə
Yollar şirin-şirin mürgüləyirdi.
Mehlə sığallanıb nazilən otlar,
Şehli nəvazişə bükülürdülər.
Ayağım altında əzilən otlar,
Torpaqdan yapışıb dikəlirdilər.
Qönçələr çəmənə pıçıltı salıb,
Yuxulu-yuxulu çiçəkləyirdi.
Yumru evlərini çiyninə alıb
İlbizlər izimlə iməkləyirdi.
Gedirdim, gecənin haysız, haraysız,
Həzin nəğməsindən doyammamışdım.
Qəlbimdə sübhədək oyaq qalan qız …
Hələ yuxusundan oyanmamışdı…
Mən kənddən çıxanda gecə yarıydı,
Ay örpək çəkmişdi çöllərin üstə.
Heyrətim yolunu azan arıydı,-
Uyuyub qalmışdı güllərin üstə …