Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj
25 avqust 2026
# 18:20

Kulis.az APA-ya istinadən Firuzə Vahidin "Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi" adlı reportajı təqdim edir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin proqramı Buxara şəhərində davam edir.

Buxara hava limanına yaxınlaşdıqca şəhərin üzərindəki bayram ovqatı daha aydın hiss olunur. Hava isti, günəş yandırıcıdır. Termometr 33 dərəcəni göstərsə də, açıq havada istilik daha çox hiss olunur. Amma hamının diqqəti eyni nöqtəyə – Azərbaycan Prezidentinin təyyarəsinin enəcəyi uçuş zolağına yönəlib.

Aeroportun qarşısında Azərbaycan və Özbəkistan bayraqları yanaşı dalğalanır. Əllərində kiçik bayraqlar tutan uşaqlar sıra ilə düzülüb. Milli geyimlərinin rəngləri günəş işığında daha da parlaq görünür. Onların arasında həyəcanını gizlədə bilməyənlər, son anda geyimlərini düzəldənlər, əllərindəki bayraqları daha möhkəm tutanlar var.

Meydanda qarşılanmanın son məşqləri gedir. Milli geyimli rəqs qrupları addımlarını bir daha təkrarlayır, musiqiçilər alətlərini yoxlayır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya gül buketlərini təqdim edəcək xanımlar da mərasim üçün məşq edirlər. Əllərindəki rəngbərəng gülləri necə tutacaqlarını, hansı anda irəli çıxacaqlarını, buketləri necə təqdim edəcəklərini bir neçə dəfə təkrar edirlər.

Hər şey ən kiçik detalına qədər hazırlanır.

Kimin harada dayanacağı, uşaqların bayraqları hansı anda qaldıracağı, rəqs qrupunun musiqinin hansı hissəsində meydana çıxacağı əvvəlcədən dəqiqləşdirilir. Amma bütün bu hazırlıqların içində süni bir rəsmi ab-hava hiss olunmur. Əksinə, meydanda xoş bir həyəcan, sanki böyük bir bayramı gözləyən insanların səmimi sevinci var.

Günəşin altında dayanan uşaqların üzündə yorğunluqdan çox həyəcan görünür. Bayraqlar küləyin təsiri ilə dalğalanır, musiqinin sədaları isə qarşılanma meydanındakı coşğunu daha da artırır.

Nəhayət, Azərbaycan Prezidentinin təyyarəsi Buxara hava limanına enir.

Bir neçə dəqiqə əvvəl sakit gözləyən meydanda hərəkətlilik daha da artır. Uşaqlar əllərindəki bayraqları qaldırır. Gül buketlərini təqdim edəcək xanımlar da öz yerlərini alırlar.

Dostluq mesajı

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayırlar.

Milli geyimli uşaqların Azərbaycan Prezidentini və birinci xanımı özbək dilində salamlaması rəsmi qarşılanma mərasiminə xüsusi səmimiyyət qatır.

İki ölkənin bayraqları, uşaqların üzündəki təbəssüm və isti qarşılanma Buxaranın ilk mesajını verir: Xoş gəlmisiniz.

Buxara sadəcə qədim şəhər deyil. Bu şəhər əsrlər boyu müxtəlif coğrafiyaları, xalqları, dinləri, elmi məktəbləri və ticarət yollarını birləşdirən böyük qovşaq olub.

Azərbaycanla Orta Asiya arasında əlaqələrin tarixini yalnız siyasi hadisələrdə deyil, məhz belə şəhərlərin yaddaşında da axtarmaq mümkündür. Biz bunu Buxaranın küçələrində addımladıqca daha aydın hiss edirik.

Toqi Miyona darvazasından tarixə

Qarşılama mərasimindən sonra yolumuz Buxaranın ən mühüm tarixi-mənəvi məkanlarından birinə – Bahaəddin Nəqşbənd memorial kompleksinə aparan Toqi Miyona darvazasına düşür.

Bu darvaza sadəcə giriş deyil. O, ziyarətçini bir şəhərin gündəlik həyatından çıxarıb başqa bir zamana aparan tarixi keçiddir.

Toqi Miyona darvazasından Bahaəddin Nəqşbənd məqbərəsinə aparan tarixi yol son illərdə bərpa edilib. Darvazanın hər iki tərəfində bağ salınıb, ərazidə muzey və dəstəmazxana yaradılıb.

Yüz ilə yaxın dağılmış vəziyyətdə olan bu darvazanın bərpası Buxaranın tarixi irsinin yenidən canlandırılmasının nümunələrindən biri kimi təqdim olunur. Buradan başlayan yol bizi XIV əsrin böyük sufi alimi, Nəqşbəndiyyə təriqətinin banisi Bahaəddin Nəqşbəndin dəfn olunduğu müqəddəs məkana aparır.

Kompleks əsrlər ərzində formalaşıb. Bu gün burada məqbərə, xanəgah, iki məscid, müxtəlif sülalələrin hökmdarlarının dəfn olunduğu məzar kompleksi və sufilik tarixinə həsr olunmuş muzey yerləşir. Burada tarix yalnız daşlarda deyil, məscidlərin sakit həyətində, məzar daşlarındakı yazılarda, köhnə tikililərin divarlarında, hətta muzeydə qorunan əşyalarda yaşayır.

Muzeydə sufilik tarixinin izləri

Kompleksdəki muzeyə daxil olanda Buxaranın başqa bir siması ilə qarşılaşırıq. Burada söhbət yalnız bir tarixi şəxsiyyətdən getmir. Ekspozisiya Bahaəddin Nəqşbəndin həyat və fəaliyyətini, Nəqşbəndiyyə təliminin yaranmasını və sufilik ənənəsinin müsəlman dünyasına təsirini göstərir.

Muzeydə müxtəlif dövrlərə aid dini və məişət əşyaları, sufilərə məxsus geyimlər, kitablar və əlyazmalar nümayiş etdirilir. XIX əsrə aid Quran əlyazması, dua xalçası və sufi geyimi ekspozisiyanın diqqət çəkən nümunələrindəndir.

Burada diqqəti çəkən başqa eksponatlar da var. Sufilərin gündəlik həyatında istifadə etdiyi əşyalar, yemək hazırlanması üçün istifadə olunmuş böyük qazanlar və digər məişət nümunələri həmin dövrün mənəvi həyatının yalnız kitab və dini mətnlərdən ibarət olmadığını göstərir.

Muzeydən çıxanda isə qarşıda yenə bir məscid görünür. Burada dini həyatla tarix bir-birindən ayrılmır. Məqbərə, məscid, xanəgah və muzey bir kompleks daxilində yanaşı dayanır.

Bəlkə də Buxaranın özünəməxsusluğu məhz bundadır: şəhər keçmişi sadəcə qorumaqla kifayətlənmir, onu gündəlik həyatın bir hissəsi kimi yaşadır.

Qarabağdan Buxaraya uzanan elm yolu

Buxaranın Azərbaycan üçün xüsusi əhəmiyyətini isə başqa bir ad daha da dərinləşdirir – Yusif Qarabaği.

XVII əsrin görkəmli filosofu və alimi Qarabağdan çıxaraq Səmərqənd və Buxaraya yol alıb, burada fəaliyyət göstərib. 1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib.

Bu gün onun məzarı Buxaradadır.

Bir şəhərdə Bahaəddin Nəqşbəndin mənəvi irsi, digər tərəfdə Qarabağdan gəlmiş alimin elmi izi.

Beləliklə, Buxara Azərbaycanla Özbəkistan arasındakı əlaqələrin yalnız bugünkü siyasi münasibətlərdən ibarət olmadığını göstərir. Bu əlaqənin arxasında əsrlər dayanır.

İsmayıl Samani türbəsində: tarix qarşısında dayanmaq

Buxaraya gəldikdən sonra Azərbaycan və Özbəkistan prezidentləri və birinci xanımların proqram üzrə ilk ziyarət etdikləri məkanlardan biri İsmayıl Samani türbəsi olur. Türbəyə yaxınlaşanda ilk diqqəti çəkən onun nəhəngliyi deyil. Əksinə, ölçüsünə nisbətən yaratdığı təsirdir.

IX əsrin sonu – X əsrin əvvəllərində inşa edilmiş bu abidə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı nümunələrindən biri hesab olunur. Bişmiş kərpic burada adi tikinti materialı deyil, memarlıq dilinə çevrilib. Kərpiclərin müxtəlif hörgü formaları günəş işığının təsiri ilə türbənin görünüşünə fərqli çalarlar verir.

Prezidentlərin və birinci xanımların bu abidə ilə tanışlığı Buxaranın yalnız keçmişin şəhəri olmadığını bir daha göstərir.


Burada müxtəlif əsrlər bir-birinin ardınca danışır.

Samanilər dövrü, İslam mədəniyyətinin yüksəlişi, şəhərçilik ənənələri, elm və memarlığın inkişafı...

Və bütün bunların fonunda Azərbaycan nümayəndə heyətinin bu şəhərdə olması başqa bir məna yaradır.

Çünki Azərbaycan da İslam dünyasının, Şərq elminin və şəhər mədəniyyətinin böyük tarixi mərkəzlərindən biridir. Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Qarabağ – bu coğrafiyanın müxtəlif şəhərləri əsrlər boyu Şərqin ümumi elmi-mədəni məkanında iştirak edib. Buxara da həmin böyük xəritənin digər mühüm nöqtəsidir.

Ark: hakimiyyətin yaddaşı

Yolumuz Ark qalasına düşür.

Buxaranın bu qədim siyasi mərkəzinin tarixi eramızdan əvvəl IV əsrə qədər gedib çıxır. Bu gün görünən əsas hissəsi isə sonrakı əsrlərdə formalaşıb. Bir vaxtlar bu divarların arxasında Buxara hökmdarları yaşayır, dövlət qərarları qəbul edilir, elçilər qarşılanırdı. Bu gün isə Ark başqa missiya daşıyır. O, hakimiyyətin deyil, yaddaşın mərkəzidir. Burada insan bir daha anlayır ki, Buxaranın tarixini yalnız bir abidə ilə izah etmək mümkün deyil. Bu şəhər müxtəlif dövrlərin bir-birinin üzərinə yazıldığı böyük bir tarix kitabına bənzəyir.

Poyi-Kalon: Çingiz xanın qarşısında dayanan minarə

Buxaranın tarixi mərkəzinə doğru irəlilədikcə şəhərin siluetini dəyişən nəhəng tikili görünür: Poyi-Kalon.

“Böyüyün ətəyində” mənasını verən bu kompleks Buxaranın ən tanınmış memarlıq ansambllarından biridir. Buraya Kalon minarəsi, Kalon məscidi və Mir-i Ərəb mədrəsəsi daxildir.

Kompleksin əsas tarixi təbəqələri XII-XVI əsrləri əhatə edir. Amma bu minarəni məşhur edən yalnız onun hündürlüyü deyil. Onun divarları Buxaranın ən dramatik tarixlərindən birini də yaddaşında saxlayır. 1220-ci ildə Çingiz xanın orduları Buxaranı ələ keçirəndə şəhərin böyük hissəsi dağıdılıb. Poyi-Kalon ərazisindəki əvvəlki cümə məscidi də məhv edilib. Lakin Kalon minarəsi salamat qalıb. Tarixi mənbələrdə qeyd olunur ki, Çingiz xan minarənin əzəmətindən heyrətlənib, onu hətta xan sarayı zənn edib. Nəticədə Buxaranın dağıdılması zamanı ərazidəki digər tikililər məhv edilsə də, minarə toxunulmaz qalan əsas tikili olub.

Bu gün 45 metrdən çox yüksələn Kalon minarəsinə baxanda bu hekayəni düşünməmək mümkün deyil. Əsrlər əvvəl şəhəri dağıdan imperiyanın izi artıq yoxdur. Amma minarə hələ də buradadır. Kərpicdən hörülmüş divarları günəş altında rəngdən-rəngə düşür. Sanki hər bir kərpic ayrı bir əsrin şahididir.

1127-ci ildə inşa edilmiş Kalon minarəsi bu gün Buxaranın əsas simvollarından biridir. Onun ətrafında sonrakı əsrlərdə yeni memarlıq kompleksi formalaşıb. XVI əsrdə inşa edilmiş Kalon məscidi və Mir-i Ərəb mədrəsəsi ilə birlikdə bu məkan Buxaranın dini və elmi həyatının əsas mərkəzlərindən birinə çevrilib.

Burada üç anlayış bir nöqtədə birləşir:

Din.
Elm.
Şəhər həyatı.

Poyi-Kalonun qarşısında dayananda Buxaranın niyə əsrlər boyu böyük elm mərkəzi olduğunu anlamaq çətin deyil. Məscidlərdə ibadət edilir. Mədrəsələrdə elm öyrədilir. Ətrafdakı ticarət məkanlarında isə karvanların gətirdiyi mallar satılırdı.

Buxaranın gücü də məhz bu üç dünyanın bir-birindən ayrılmamasında idi.

Qədim İpək Yolundan Orta Dəhlizə

Buxaranın küçələrində gəzərkən İpək Yolunun tarixini hiss etməmək mümkün deyil.

Bir vaxtlar bu küçələrdən karvanlar keçirdi, tacirlər gəlirdi, mallar satılırdı və müxtəlif ölkələrdən insanlar burada qarşılaşırdı.

Buxaranı böyük şəhərə çevirən yalnız onun abidələri deyildi. Onun əsas üstünlüyü müxtəlif istiqamətləri bir-birinə bağlayan mövqeyi idi.

Əsrlər əvvəl bu bağlantını karvan yolları təmin edirdi. İpək Yolunun üzərində yerləşən Buxara Şərqlə Qərb arasında malların, ideyaların, mədəniyyətlərin və insanların hərəkət etdiyi mühüm dayanacaqlardan biri idi.

Bu gün həmin tarixi məntiq yeni formada davam edir.

Karvanların yerini müasir nəqliyyat dəhlizləri, dəvələrin yerini qatarlar və yük avtomobilləri, qədim bazarların yerini isə yeni logistika mərkəzləri və iqtisadi tərəfdaşlıqlar tutur.

Bu mənada Orta Dəhliz yalnız müasir nəqliyyat layihəsi deyil, tarixi İpək Yolunun yeni dövrün tələblərinə uyğun məntiqi davamı kimi də görünür.

Çin və Mərkəzi Asiyadan Xəzər üzərindən Azərbaycan ərazisinə, oradan isə Avropaya uzanan Orta Dəhliz müxtəlif coğrafiyaları bir-birinə bağlamaq baxımından qədim İpək Yolunun yaratdığı əlaqə fəlsəfəsi ilə səsləşir.

Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilməsi isə bu tarixi xəttin yeni mərhələsini formalaşdırır. Azərbaycan və Özbəkistan arasında nəqliyyat, ticarət, investisiya və logistika sahələrində əməkdaşlığın genişlənməsi bu baxımdan ayrıca əhəmiyyət daşıyır.

Qədim karvan yolları Buxaradan keçərək müxtəlif bazarları birləşdirirdi. Bu gün isə yeni marşrutlar eyni coğrafiyanı daha sürətli, daha böyük həcmdə və daha geniş iqtisadi şəbəkə daxilində birləşdirə bilər.

İpək Yolunun ruhu dəyişmir: dəyişən onun daşıyıcıları və imkanlarıdır.

Qədim karvan yollarından yeni tərəfdaşlığa

XV əsrdə güc və ticarət mərkəzi olan Buxara. Amma artıq dünya dəyişib, lakin dəyişməyən odur ki, Mərkəzi Asiya hələ də beynəlxalq ticarət və logistikanın mərkəzidir. Özbəkistan isə Mərkəzi Asiyanın ürəyinə çevrilib. Buxara keçmişdə olduğu kimi bu gün də Mərkəzi Asiya, Avrasiya xəritəsində strateji rol oynamaqdadır. Əsrlər əvvəl bu, ticarət yolları ilə baş verirdi. Bu gün isə həmin əlaqələrin yerini yeni nəqliyyat marşrutları, investisiyalar, turizm, təhsil və mədəni əməkdaşlıq tutur. Azərbaycan və Özbəkistan münasibətlərində də eyni xətti görmək mümkündür.

Daşkənddə dövlət səfəri çərçivəsində əldə olunan razılaşmalar, qarşılıqlı ticarət dövriyyəsinin artırılması hədəfi və yeni investisiya layihələri iki ölkə arasında münasibətlərin praktiki məzmununu genişləndirir. Bu əməkdaşlığın nəqliyyat istiqaməti isə tarixi İpək Yolunun müasir reallıqlarla birləşdiyi nöqtələrdən biridir.

Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərindən, Azərbaycanın isə Xəzərdən Avropaya çıxan nəqliyyat imkanları bir-birini tamamlayır. Orta Dəhlizin inkişafı bu iki ölkənin yalnız öz aralarındakı əlaqələrini deyil, daha geniş regionlararası ticarət xəritəsində rolunu da gücləndirə bilər.

Beləliklə, Buxaranın qədim karvan yolları ilə başlayan hekayəsi bu gün yeni məzmun qazanır: İpək Yolunun tarixi coğrafiyası Orta Dəhlizin müasir nəqliyyat coğrafiyası ilə üst-üstə düşür.

Günün sonunda şəhərin küçələrinə yenidən baxıram. Eyni daş yollar. Eyni kərpic divarlar. Eyni tağlar. Eyni minarələr. Şəhərin tarixini yalnız abidələr müəyyən etmir. Burada Qarabağdan gəlmiş bir alimin izi də var. Yusif Qarabağinin məzarı bu şəhərdədir. Burada Bahaəddin Nəqşbəndin mənəvi irsi qorunur. Toqi Miyona darvazasından keçən yol əsrlər əvvəl olduğu kimi insanı müqəddəs məkana aparır. Poyi-Kalonun Kalon minarəsi isə Çingiz xanın dağıtdığı şəhərin içindən bu günə qədər gəlib çıxmış səssiz şahid kimi yüksəlir.

Şəhər əsrlərlə dəyişib. Dövlətlər dəyişib. Hökmdarlar dəyişib. İmperiyalar gəlib-gedib. Amma daşlar qalıb. Minarələr qalıb. Məzarlar qalıb. Kitablar, əlyazmalar, məscidlər, mədrəsələr qalıb. Və onların hər biri başqa bir dövrü danışır. Qarabağdan Səmərqəndə, Səmərqənddən Buxaraya uzanan elm yolu da həmin yaddaşın bir hissəsidir.

Bu gün Azərbaycan və Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyarkən Buxaranın qədim küçələrində tarixlə müasirlik bir nöqtədə görüşür. Əsrlər əvvəl karvanların keçdiyi İpək Yolu bu gün yeni nəqliyyat şəbəkələri ilə davam edir. Orta Dəhliz isə həmin tarixi əlaqənin müasir geoiqtisadi reallıqlardakı yeni ifadəsinə çevrilir.

Qədimdə karvanlar Buxaranı digər şəhərlərlə birləşdirirdi. Bu gün dəmir yolları, avtomobil magistralları, limanlar və logistika mərkəzləri Azərbaycanı Mərkəzi Asiya və Avropa ilə bağlayan yeni xəritə yaradır.

İpək Yolunun daş yaddaşı ilə Orta Dəhlizin müasir xəritəsi arasında əsrlər olsa da, məntiq eynidir: yollar xalqları, bazarları, mədəniyyətləri və ideyaları bir-birinə yaxınlaşdırır.

Buxaranın daşları sanki bir şeyi xatırladır:

Tarix yalnız keçmişdə qalan hadisələrin məcmusu deyil.

Bəzən tarix gələcəyin yolunu da göstərir.

Və Buxaranın qədim daşları bu gün həmin yolun üzərində Azərbaycanla Özbəkistan arasında yeni bir səhifənin açıldığını göstərir.

# 123 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər