Kulis.az gənc şair Malik Atilayın şeirlərini təqdim edir.
Saat 8-i göstərərkən...
Gözəl yaşamaq yetməz,
Gözəl ölmək də lazımdı 
Çünki 
Daha çox ölümüylə yadda qalır adamlar
Saat 8-i göstərərkən 
Sentyabr ayının son günlərində 
Yağanda yağış 
Çətirini evdə unutduğun üçün
Tabutun ölçüsünü götürən usta kimi 
Qarış-qarış ölçəcək bədənini damlalar
Lev Tolstoy küçəsindən keçəndə 
Əriylə dalaşan qadının
Sevgisindən ərini nişan almayıb 
Pəncərədən tolazladığı külqabı
Düz yanına düşəcək
Həyatın sonuncu addımıyla bir addım ayıracaq səni
Xəzri kimi soyuq ölüm nəfəsbənəfəs arxanca gələndə
Bütün işıq dirəkləri - dar ağacı
Bütün ulduzlar - intihar həbi kimi görünəcək
Ölməyəcəksən...
Ölməyəcəksən...
Ayrılıq
Üzü qapıya sarı cütləmişik hər ikimiz
Çəkmələrini sevgimizin 
Bir azdan 
kədərli nəğmə bəstələyəcək ayrılıq 
Boş içki şüşələrində
Sən evində
Mən Bakının gözyaşı içməkdən sərxoş olmuş küçələrində 
Üzüyü çəkilmiş qumbara kimi 
Ovcumuzda bərk-bərk sıxacağıq xatirə dolu qəlbimizi
Mahnı kimi oxunacaq 
Film kimi bitəcəyik
Məni heç vaxt unutmayacaqsan,
Səni bir də görməyəcəm. 
Ölümlə açırıq səhərimizi
Xırda qayıqları görməzdən gələn
Nəhəng Gəmi əzəmətiylə
Zaman keçir ürəyimizdən 
Ümidə bənzər
Kədərə bənzər 
Ölümə bənzər 
Bir şey tərk edir bizi 
Ölüm xəbəriylə açırıq səhərimizi 
İllər əvvəl  
Noyabr ayında 
Yağışın altında çətirsiz gəzməyimiz yadıma düşür 
O gün mən 
Hardan əsdiyi bilinməyən külək kimi sərxoş 
O gün sən
Küləkdə sovrulan yarpaq kimi yorğun 
Qaçmışdıq adamlardan 
Qırxpilləkəndə gözlərdən uzaq 
Öpüşmüşdük yağmurlu dodaqlarla 
Şimşək çaxmışdı 
Şəklimizi çəkmişdi göylər 
...Ölümlə açırıq səhərimizi
Qırx pilləkəndə 
Köhnə sevgilimin saralmış əllərinin şəkli...
İllər sonra
İllər sonra
Kəsişərkən yollarımız
Ağrıların ovcunda vərəq parçası kimi
Əzik-əzik olmuş 
Ürəklərimizdən tanıyacağıq bir-birimizi 
Sənin xətrinə Tanrı keçir günahlarımdan
Heç bir kitaba düşməyən sehrli ayəsən
Sənin xətrinə Tanrı keçir günahlarımdan
Sən olmasaydın əgər 
Kədər 
Yuvasında yem gözləyən körpə sərçə kimi 
Ürəyimdə qanad çalardı
Alardı məni Xəzər
Bir daha içməyəcəyinə and içib bütün badələri divara vuran sərxoş kimi 
Asi bir dalğa hansısa qayaya çalardı məni 
Daha çox dava edərdim
Aynadan mənə baxan adamla 
Bir gün haqq-hesab çürütmək üçün dilsiz əksimlə
Sındırardım güzgüləri 
Min parça olub
Min parçamla döyüşərdim...
Yorulardım...
Uduzardım...
Hələ ölməmişdi sevdiyim adamlar
Qaranlıq göyüzündə çərpələngim vardı 
Qanadında ulduz kimi yanardı şamlar
Hələ xəstələnməmişdi itim,
Payızın kədərli simfoniyası kar etməmişdi qəlbimi
Hələ ölməmişdi sevdiyim adamlar
Axşamlar 
Kibrit çöpü kimi tez yanıb qovuşardı işığa
Oxuduğum kitablarda səni tapardım
Dəli vardı məhləmizdə
Sevdiyi qız köçüb gedəndən sonra hər səhər bağırardı
"Günəşi özüylə apardı"
Bilməzdim hər adam 
bir günəş payıyla gələrmiş dünyaya
Bilməzdim ən sevdiyi adam 
kömür rəngli qaranlığa məhkum edərmiş onu 
Yandırarmış-yaxarmış köz buraxarmış özündən sonraya
Nöqtə
Kəllə sümüyünü deşib keçən güllə
Nöqtə qoydu
Divar saatında yazılan 
Cümləsinə zamanın...
