Kulis.az gənc şair Amil Amalın kinematoqrafik şeirlərini təqdim edir.
Yeni dərs ilində
təzəsini almağa 
pulları çatmadığı üçün
çəkdiyi bütün rəsmləri silib 
köhnə albomundan 
təzəsini düzəldən şagirdə
müəlliməsi demişdi: 
“nə səliqəsiz uşaqsan sən,
təzə almısan
amma tez kirlətmisən,
sənə yağlı bir iki”.
***
Karuseldən düşmək üçün
göydə ağlayan uşaq
nə bilərdi axı,
karuselə minmək üçün
yerdə ağlayan uşağa
təsəlli olduğunu.
***
Ömürlük həbs olunmuş məhbusun 
dəfn mərasimi...
Görən azad olundu 
ya təzədən tutuldu?
***
Üzü payıza 
boşalır kafelər.
Çöldə bir küncdə 
məyus halda düzülmüş 
başıaşağı stulların 
düz olan birisində
tək oturub səfil adam,
bir zamanlar fil adam.
Bir günəşdi bir də o.
Biri bərq vuran,
biri bərk vuran.
***
Soyuq fevral gecəsi...
İndi hardasa 
əlcəksiz bir uşaq
yeni kəşf öyrənir
yırtıq corablarından.
***
Qocalıq 
əllərini arxasına qandallayıb
beli bükük bu qocanı
əbədi olaraq 
ölümlük 
həbs etmək niyyətindədir.
***
Külqabı meydandır
başı öz kötüyündə vurulan 
siqaret kötüklərinə.
***
Dişləri çıxacaq körpə 
ağrıdan ağlayır.
Dişləri tökülmüş 
mırıq babası 
sevincdən gülür.
***
Görən hansı baxır özünə?
İki güzgü qarşı-qarşıya...
***
Qaranlıqda
uzaqdan görsənən siluet kimi
bir anlıq bilmirəm
gəlirsən 
yoxsa gedirsən.
***
Gülə, çiçəyə
ən böyük haqsızlıqdır,
qoxlayıb “ətir kimidir” demək.
***
Neçə illərdir başımı
çiyninə qoymuram.
Yastıqdan düşən təki
boynubükük gəzirəm.
Çiyinlərin, dizlərin
hər ikisi sümükdən.
Bəs necə olur axı
başımı üstünə qoyanda
dünyanın ən yumşaq
yastığı kimi olur.
***
Qucaqda,
ayaqda,
kürəkdə,
bələkdə
yellənmədən yatmır
dünyadan bixəbər
bu üç günlük 
körpə belə.
***
Sonuncu dəfə
işə getməsin deyə
onunla qalsın deyə
atasının batinkalarını 
gizlətmişdi.
Atası əsəbləşib
bir şillə çəkmişdi.
 
İndi təmtəraqla oğula 
bayraq, forma,
altında isə
həmin batinkaları
təqdim edirdilər.
***
Kirpilərin əti şirin
kaktusların içi acı olur
Nə olsun 
hər ikisinin də çölü 
tikanlıdır. 
Qəbiristanlıqda nahar vaxtı
Əti dişinə çəkən molla,
qarşısında quyruq bulayan it,
bir az aralıda
ərini ağlayan qadın
sümüklər haqqında 
nəyi deyir görəsən?
Qəbiristanlıq itləri
görən heç xəbərdardırmı
yerin altındakı 
bu boyda sərvətdən?