Kulis.az Tahir Taisoğlunun şeirlərini təqdim edir.
Qabcaq
Pambığı  yığılmış  
boş qozalara   “Qabcaq” deyirlər 
yumru, boş qab kimidir.
Yığımdan sonra kolların üstündə düzülüb qalır
 dimdik, birər-birər.
...Qar yağmışdı,
Bütün qabcaqlar  dolu idi qarla
elə bil təzədən pambıqlamışdı tarla!
Gördüm yaraşıqlı, nağılvari bir qışdı,
pambıq kimi yumuşaq qarla,
qar kimi ağappaq “pambıqla” hər tərəf  örtülmüşdü.
Bir vaxt isti, qaynar  tarla
 Bəyazlığı ilə yandırırdı insanı,
İndi bəmbəyaz qarlı kollar dondurdu damarda qanı.
 Yayda yanan, qışda  donan tarlanın 
 üzü -gözü, açıqalnı  ağ idi!
Amma hamıdan bəxtiyar yenə də
Ürəyi  yayda  qar kimi pambıqla,
Qışda pambıq kimi  qarla  dolu 
 qabcaq idi.
Onun gözəl günüsü
Ərinin onun  üstünə gətirdiyi  cavan günüsü
O xanımın ömrünə-gününə soğan doğruyurdu.
O da bədəbətdə iki qız  kəsiklərini
Hərəsini bir döşünə sıxıb dururdu.
Özünü də balalarını da Günəşin doğmasıyla yox,
qürubuyla, çöküşüylə  ovundururdu...
 Onun  yaraşıqlı, cavan günüsünün 
gözlərinə, üzünə
Gülüş, təbəssüm, istehsa lehimlənmişdi
Hamam  çiləyinin  altında belə qopmurdu  heç biri!
Külfətinin iki uşaqlı zövcəsini-dost-doğma arvadını
Bir damın altındaca azdırmaq istəyirdi,
gözgörəti, diri-diri.
Onun cavan günüsü...geniş otaqlar boyu
bəzəkli   tovuz quşu kimi 
gəzirdi gah o yana, gah bu yana.
Gecələr yanan ağappaq şam kimi,
Sevgili kişisinə dilini göstərirdi
baxırdı yana-yana.
Bir evdə iki xanım
hərəsinin öz istəyi, öz ürəyi.
Hər birinin içində gizli bir sirr boxçası.
Biri- barı sovuşmuş uru  bostan yatağı,
Biri- təzəcə cicəkləyən al-əlvan gül bağçası!
... Evin xanım-xatın  övrəti  günlərin bir günündə 
ərinin xatirinə günüsüylə barışdı-
bir erkəyi iki yerə böldülər-
Günübacı oldular!
Sənsən mənim qaraçuxam
Həyat,  yalqız sayma məni,
Çox da əzmə, oyma məni,
İllər  örtmüş  xatirəni-
Hürkürtmərəm, oyatmaram.
Bir insanam qəlbi yuxa,
Gedirəm dağ çıxa-çıxa…
Sənsən mənim qaraçuxam-
Sən yatmasan, mən yatmaram.
Bu sözləri sayma sirdən,
Gəlib keçən əsrlərdən.
Amma üzüm dönən yerdən-
Mən gedərəm...qayıtmaram.
Hər çəməndə  bir titrək üz,
Hər  qırpımda işarə, söz. 
Hər  bir sözdə məna  köz-köz...
Qaysağını  qopartmaram.
Sən su kimi sakit, dərin,
Mən   ot kimi kövrək, sərin,
Şəfəq saçan zirvələrin-
Kölgəsində mən yatmaram...
Ağ qar... Qara qarğalar...
İndiyəcən  heç kim görməmişdi belə qarı,
 adamların qara paltoları, qara papaqları, 
qara fikirləri belə  qar altında  ağarmışdı.
 Elə bil qara gün, qara qəm,  kin- küdurət
Götürülmüşdü  yer üzündən,
Sərt qış vurub   gözündən 
dağıtmışdı  hamısını!
Örtülmüşdü hər  şeyin üstü,
Yaxşının da, pisin də,
hisin də, pasın da!
 Sən demə, bu dünya tərtəmiz, ağ  yuxu imiş,
  Yer  üzündə heç bir yamanlıq, xəyanət  yox  imiş-
bunları özündən uydurubmuş adamlar!
Bircə   itib batmayan, 
üstünü qar örtməyən
bacalardan çıxan  ağ tüstülər  idi-
 Onlar  da  səmada   qara qarışıb
 yola getmirdilər  bir-biriylə-
 görürdüm ki, göylərdə   də ara qarışıb!
Hər şeyin itib batdığı,
qarın  altında yatdığı,
 bəmbəyaz aləmdə qara qarğalar
Qara günlərini qablaşdırmayır,
əksinə  “Qarrr”...  “Qarrr”...  edir  oynaşırdılar,
 Sevincdən  atılıb- düşür, qaynaşırdılar!
Yenə də qar istəyirdilər,  qar...
 mətləblərini  beləcə  ağardırdılar
qara  qarğalar!
Müşəmbə örtüklü qapı
O  qədər   girib - çıxan adamın
 əllərini görüb ki, əlcəyin,
axırda təntimisən özün də.
İsti əllər, soyuq  əllər,
hirsli, yazıq əllər...
Sən ey, qəbul otağının hövsələsiz  qapısı,
müşəmbə  örtüklü üz-gözündə 
qalmasa da təpik, yumruq qarası,
çox əllərin  təmasını  duymusan.
Bəzən də özünü bilməzliyə qoymysan.
Əvvəl səninlə görüşüblər
Sonra qəbula düşüblər.
Sənin bəri tayında bir cür olub   üzləri,  
 o biri tayında başqa.
 İçəridən çıxan adamları  bəzən
tanıya bilməmisən-
elə gündə çıxıblar ki, bayıra...
Yenə də bir kimsəylə  sirrini  bölməmisən.
Heç kimə də açmamısan   eşitdiyin, gördüyün
 sözün, söhbətin  axırını, dibini;
Biri  dolu dərdini keçirə bilməyib içəri,
Biri də boş cibini.
Başını quyruğunun üstünə qoyub yatan it
Kosa  çoban gecə vaxtı
Alaçıqdan çıxaraq
Kibrit çəkib qaranlığı  çərtdi.
Əynində bir dar-düdük kürk,
çiynində çatal tüfəng.
 Yerişi asta, ləng...
Quzuların üzü Günbaxana qazılmış 
qazmasına baş çəkib qayıdanda
gördü   it başını  yumuşaq quyruğunun üstünə 
qoyub yatıb.
Bildi ki, yeyib, içib, doyub yatıb.
Düşündü :- “Buket” adlı bu itin vaxtında qulaqlarını,
quyruğunu kəssəydim...
belə yatmazdı.
Yazığım gəlmişdi  o zaman ona-
İndi mənə bu da azdı!
...Hər yanda  ağaqqaq bir qışdı,
 Qarakeçə alaçığın  qırağnda ölgün kölgələr
üşüyə-üşüyə qalmışdı.