Vitiliqo - Şahin Səmədovun hekayəsi

Vitiliqo - Şahin Səmədovun hekayəsi
25 iyul 2026
# 11:30

Kulis.az Şahin Səmədovun "Vitiliqo" hekayəsini təqdim edir.

Onu yaxşı tanıyırdım. Hər gün səhər eyni saatda gəlib həmişəki yerində, yol kənarındakı qoca ağacın altında oturub qırmızı güllər satırdı. Onlarla danışırdı, güllər onun boynubükük dinləyiciləri olurdular. Yaxşı gülü qoxusundan duya bilirdi, buna görə təcrübəli burnuna minnətdar idi. Güllərə həsr olunmuş ömrünün maraqlı olan bir hissəsini onları əkib yetişdirməklə keçirmişdi. İndi isə qərənfil alıb satırdı, qocalığında dincliyə yetişə bilməmişdi. Digər tərəfdən də heç bir kəsi qalmamışdı. Beli sual işarəsinə bənzəyən bu naməlum kişinin cavanlıq dövrü heç də indikindən yaxşı olmamışdı. Bərbad görkəmdə olduğunu özü hər kəsdən yaxşı bilirdi. Belələrini yaraşıqlı olduqları barədə yalan fikirlərlə aldatmaq mümkün deyil. Bu qoca yaramazın hələ cavan vaxtlarında dərisində yaranmış ağ ləkələr onun həm zahiri, həm də daxili cəhətdən qapalı yaşam tərzinə gətirib çıxarmışdı. Tərslikdən ləkələr bədəninin ancaq görünən nahiyələrində- üzündə və qollarında idi. Zaman keçdikcə bu ləkələr böyüyərək dərisinin çox hissəsini əhatə etmişdi. Üzünü saç-saqqal və eynəklə masqalamasaydı, milçəklər də ona yaxın gəlməzdilər. Ən isti havalarda belə uzunqol köynək geyinərdi. Əvvəllər ona təəccüb və təəssüflə baxsalar da irad tutmurdular. Əlbətdə, belə olmasında günahkar özü deyildi. Qocaldıqca üz dərisindəki qırışlar ləkələrin fonunda mənzərəni daha dözülməz etmişdi.

Lənətlənmiş qocanın görünüşü və digər xüsusiyyətləri yazacağım hekayədəki obraza uyğun gəldiyi üçün bu xəstəliyin dəqiq adını tanış dermatoloqdan soruşmalı olmuşdum, ancaq indi əhəmiyyətini itirdiyi üçün unutmuşam. Amma haşiyəyə çıxıb deməliyəm ki, düşündüyüm hekayəni yaza bilmədim, daha doğrusu istədiyim kimi alınmadı.

Onu lap yaxından tanımaq üçün araşdırmalar aparıb bəzi məlumatlar əldə etdim. Əvvəlcə belə bir kimsəsiz durumda, bu yaşda və acınacaqlı görkəmilə nə üçün yaşadığını, ölmək istəmədiyini anlamağa çalışdım. Qərara gəldim ki, o heç özü də istəklərinin və arzularının fərqində deyil. Gül satır və yeyib-içib yaşamaqla sadə ömür sürür. Adi gözlə görünsə də əslində hər kəsdən qaçıb gizlənmişdi. Fikirlərini heç kimlə bölüşmürdü, suallara qısa cavablar verirdi. Onun düşüncə və duyğularını asanlıqla oxuya bilirdim.
Bir dəfə ona orta yaşlı qəşəng bir qadın yaxınlaşdı:
- Qərənfil neçiyədir?
- Bir manat.
- Altı dənə verin zəhmət olmasa , - deyərək qadın tələsmədən çantasındakı pulqabıdan altı manat çıxarıb masanın üzərinə qoydu.

Qoca heç nə demədən cəld gülləri bükdü və başını qaldırıb baxmadan qərənfilləri qadına uzatdı. Qadın da öz növbəsində bir söz demədən gülləri götürüb getdi. Gün ərzində dörd-beş müştərini belə razı yola saldıqda böyük bir iş görmüş olurdu. Burada iş təkcə maddi qazancdan getmir. Bədbəxt insan həm də adam arasına çıxıb ünsiyyət qurmuş olurdu.

Başqa bir vaxt isə qocanın yaxınlığında dayanmış maşın digərinə siqnal verirdi. Sonra hay küy düşdü və ara qarışdı. Hər kəs baş verənlərlə maraqlanmağa başladı. Onun isə heç nə vecinə deyildi. Səs küyü eşitsə də həmin istiqamətə baxmırdı. Özünü belə aparmasının xarici görünüşü ilə əlaqədar olduğunu düşünmək olardı. Eybəcər görkəmi bütün hisslərinə və fikirlərinə təsir edirdi, maraqlarını müəyyən edirdi.

Həm də xarici görünüşü normal olan adamlarla müqaisədə çox həssas idi. İllər keçdikcə qocalığın gətirdiyi həssaslıq payı da bura əlavə olunmuşdu. Buna görə də onun ürəyinə dəymək su içmək qədər asan idi, bu fürsətdən istifadə edənlər hər gün əhvalını pozurdular.

Və yayın bir qızmar bazar günü o həmişəki yerində oturub gül satırdı. Günəşin altında temperatur qırx dərəcəni göstərirdi. Həmin o bazar günü heç gözləmədiyi bir vaxtda onun kölgəlikdəki yerini və işini əlindən aldılar. Ümumiyyətlə isə bir daha küçədə gül satmasına icazə vermədilər. Həqiqətən də onun ticarəti qanunsuz idi. Özündən soruşsaydılar ticarətin çox mənasız, axmaq bir iş olduğunu deyərdi və "hansı ticarət qanunidir?" sualını verərdi. Ancaq ondan heç nə soruşmadılar. Güllərlə sağollaşdıqdan sonra onları qəzetə büküb zibil qabına yolladı. Özü isə sonra necə olacağını dərk etmədən günortanın qızmar istisində alnında puçurlanan təri silə-silə çıxıb getdi və qayıtmadı. İndi də oturub gecikmiş ölümünü gözləyir.

Amma mənim üçün nə qədər çətin olsa da sonda mütləq qeyd etməliyəm : haqqında danışdığım gül satan qoca başqası deyildi, o mən idim.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər