"Saxta xatirələrin ara-sıra onu narahat etdiyi vaxtlar olurdu..." - Corc Oruell

"Saxta xatirələrin ara-sıra onu narahat etdiyi vaxtlar olurdu..." - Corc Oruell
25 iyun 2026
# 12:00

Bu gün görkəmli ingilis yazıçı Corc Oruellin doğum günüdür.

Kulis.az onun "1984" romanından bir hissəni Vilayət Quliyevin tərcüməsində təqdim edir.

Telekekran bir anlığa susdu. Uinston tez başını yuxarı qaldırdı. Məlumat bülleteni? Yox, sadəcə, musiqini dəyişdilər. Afrikanın xəritəsi gözlərinin önündən çəkilmirdi. Orduların hərəkətini diaqram kimi aydın təsəvvürünə gətirirdi. Qara ox təhdidedici şəkildə yuxarı, cənuba yönəlmişdi. Ağ isə qaranın quyruğunu kəsərək üfüqi şəkildə şərqə uzanırdı. Sanki, bayaqdan bəri beynini məşğul edən suallara cavab almaq üçün divardan onu sakit nəzərlərlə süzən portretə baxdı. İkinci ağ oxun olmaması ağlasığan şey idimi?

Hadisələrə marağı yenə itdi. Cindən bir qurtum alıb ağ atla daha bir sınaq gedişi etdi. Şah! Lakin bu, tamamilə yanlış gediş idi, çünki... Çağırılmamış xatirələr yadına düşdü. Şamla işıqlandırılmış otaq, üstünə ağ örtük çəkilmiş böyük çarpayı, bir də o özü, döşəmədə oturub stəkana doldurduğu oyun zərlərini var gücü ilə şaqqıldadaraq ürəkdən gülən doqquz, ya da onyaşlı oğlan. Üzbəüz oturmuş anası da ona baxıb gülürdü.

Bu, deyəsən, anasının həmişəlik yoxa çıxmasından bir ay əvvəlin hadisəsi idi. Ailələrində qısa müddətə də olsa, əmin-amanlıq yaranmışdı, daim qarnında gəzdirdiyi dəhşətli aclıq unudulmuşdu, anasına əvvəlki məhəbbəti yenidən ürəyində baş qaldırmışdı. Uinston o günü çox yaxşı xatırlayırdı; tutqun hava idi, şıdırğı yağış yağırdı, leysanın suyu pəncərə şüşələri ilə üzüaşağı axırdı. İçəri yarımqaranlıq olduğundan oxumaq da mümkün deyildi. İki uşaq balaca, qaranlıq yataq otağında darıxdıqlarından nə edəcəklərini bilmirdilər. Uinston zarıyır, şıltaqlıq edir, səylərinin hədər olduğunu bilsə də, yemək istəyirdi.

Bir yerdə dayanmırdı, otaqda o tərəf-bu tərəfə qaçırdı, əlinə keçən hər şeyi vurub dağıdırdı, üstünə nazik suvaq çəkilmiş taxta divarları təpikləyirdi. Səs-küyə əsəbiləşən qonşular o biri tərəfdən divarı hirslə döyəcləyirdilər. Kiçik bacısı isə hər beş dəqiqədən bir qiyyə çəkib qışqırırdı. Nəhayət, anası dözmədi: “Özünü yaxşı apar, sənə oyuncaq alacağam, – dedi. – Özü də yaxşı oyuncaq. Mütləq xoşuna gələcək”. Göydən yağış tökməsinə baxmayaraq, küçəyə çıxıb yaxınlıqdakı ara-sıra açıq olan dükana getdi. Bir azdan karton qutu ilə qayıtdı. Yaş kartonun iyi indiyə qədər Uinstonun burnundan çəkilməmişdi.

Bu qəribə oyun “Çərpələng-Pilləkən” adlanırdı. Oyuncaq çox kobud hazırlanmışdı. Taxta lövhə bir neçə yerdən çatlamışdı. Zərlər isə elə düzəldilmişdi ki, atanda güclə bir tərəfi üstə dayanırdı. Əvvəlcə oyuncaq maraqlı görünmədiyindən Uinston qaş-qabağını töküb baxırdı. Anası tez şam yandırdı, oynamaq üçün döşəmədə üzbəüz oturdular. Az keçməmiş oyunun nəşəsi onu bürüdü. Gülməkdən özünü saxlaya bilmirdi. Zərlər atıldıqca kiçik lövhəciklər gah “çərpələnglə” üzüyuxarı qalxıb qələbəyə yaxınlaşır, gah da “pilləkənlə” aşağı sürüşüb yenidən başlanğıc nöqtəsində dayanırdılar. Səkkiz əl oynadılar, hərəsi dörd dəfə uddu. Hələ çox balaca olduğunua görə oyundan başı çıxmayan bacısı da yastığın üstündə oturub elə hey gülürdü.

Çünki qardaşı ilə anası gülürdülər. Həmin gün qaranlıq düşənə qədər uşaqlığının lap ilk illərində olduğu kimi, üçlükdə xoşbəxt idilər. Uinston bu idillik lövhəni özündən uzaqlaşdırdı. Saxta xatirələrdir. Saxta xatirələrin ara-sıra onu narahat etdiyi vaxtlar olurdu. Amma belə şeylərin həqiqi qiymətini biləndə təhlükəliliyi itirdi. Həqiqətən də, bəzi işlər olmuşdu. Bəziləri isə olmamışdı. Uinston yenə şahmat taxtasına baxdı. Təzədən ağ at fiqurunu əlinə götürdü. Dərhal da onu taqqıltı ilə taxtanın üstünə saldı. Sanki, bədəninə iynə batırılıbmış kimi yerindən dik sıçradı. Şeypur səsləri havanı lərzəyə gətirmişdi. İndicə bülleten oxunacaqdı! Qələbə! Əgər məlumat bülletininin oxunuşundan əvvəl şeypur çalınırsa, bu. qələbə deməkdir. Kafenin içindən, elə bil, güclü bir elektrik cərəyanı keçdi.

Hətta ofisiantlar da diksinib qulaqlarını şəklədilər. Görünməmiş hay-küydə şeypur sədaları eşidilməz olmuşdu. Teleekranda həyəcanlı bir səs nə isə üdüləyib tökürdü. Amma kütlənin hər tərəfə yayılan sevinc bağırtıları içərisində onun nə dediyini anlamaq olmurdu. Yenilik ildırım sürəti ilə bütün şəhərə yayılmışdı. Uinstonun teleekrandan eşitdikləri hər şeyin əvvəlcədən təsəvvüründə canlandırdığı kimi olduğunu söyləməyə kifayət idi: qüvvələrini son dərəcə məxfilik şəraitində cəmləşdirən armada, düşmənə arxadan endirilən dəhşətli zərbə... Ağ ox qara oxun quyruğunu kəsib atmışdı.

Səs-küyün içərisindən zəfər təntənəsi ilə dolu ayrı-ayrı ifadələr qulağına çatırdı: “Möhtəşəm strateji manevr... qüvvələrin qüsursuz qarşılıqlı əlaqəsi... vahimə içərisində geri çəkilmə... yarım milyon nəfər əsir... düşmən mənəvi cəhətdən darmadağın edilmişdir... Afrika tam şəkildə ələ keçirilmişdir... müharibənin sonu yaxın gələcəyin məsələsinə çevrilmişdir... qələbə... bəşəriyyət tarixində misli-bərabəri görünməmiş qələbə... qələbə... qələbə...”

Uinstonun ayaqları masanın altında aramsız titrəyirdi. Oturduğu yerdən qalxmasa da, fikrində qaçır, gücü gəldikcə qaçırdı. Küçədə, qışqırmaqdan qulağı batmış kütlə ilə birlikdə idi. Yenə Böyük Qardaşın portretinə baxdı. Bütün Yer kürəsini öz üzərində saxlayan əzəmətli sütun! Asiya ordularının çırpılıb məhv olduğu sarsılmaz qaya! Uinston fikirləşdi ki, on dəqiqə bundan əvvəl, cəmisi on dəqiqə əvvəl hələ ürəyində şübhələr cövlan eləyirdi, cəbhədən qələbə, yoxsa məğlubiyyət xəbərinin alınacağını bilmirdi. Bu anlarda heçliyə qovuşan Avrasiya ordularının məğlubiyyətindən də mühüm hadisə baş vermişdi.

Sevgi Nazirliyinə düşdüyü ilk gündən onun daxilində çox şey dəyişmişdi. Son, zəruri, sağlamlaşdırıcı dəyişiklik isə məhz indi, son bir neçə saniyənin içərisində baş vermişdi. Teleekrandan eşidilən səs hələ də qırğınlar, əsirlər, hərbi qənimətlər haqqında nağılını davam etdirirdi. Küçədən gələn bağırtılar isə get-gedə sakitləşirdi. Ofisiantlar təzədən işlərinə başlamışdılar. Onlardan biri əlində cin şüşəsi Uinstona yaxınlaşdı.

Munis xəyallara dalmış Uinston hətta qədəhinin necə doldurulduğunu görmədi. O artıq kütlə ilə birlikdə qaçmırdı, sevincdən qışqırmırdı. Yenidən Sevgi Nazirliyində idi, əfv edilmişdi, ürəyi qar kimi ağappaq, tərtəmiz idi. Müttəhimlər kürsüsündə oturmuşdu, bütün günahlarını boynuna almışdı, hamının əleyhinə ifadə vermişdi. Ağ kaşı döşənmiş koridorla üzünə günəş doğmuş adam kimi şəstlə gedirdi. Arxasınca silahlı nəzarətçi addımlayırdı. Uzun müddətdən bəri gözlədiyi güllə başını dələrək beyninə girirdi. Uinston gözlərini zilləyib qarşıdakı portretin nəhəng sifətinə baxırdı.

Onun qara bığları arxasında gizlənən təbəssümü dərk etmək üçün qırx il vaxt lazım olmuşdu. Ah, qəddar, lüzumsuz anlaşılmazlıq! Ah, sevimli ağuşdan kənar düşməyə can atan tərs, inadkar qaçaq! İki damla göz yaşı Uinstonun burnunun kənarlarından üzüaşağı yuvarlanırdı. Amma indi yaxşıdır. Hər şey qaydasındadır! Mübarizə başa çatıb. O, öz üzərində qələbə çalıb. O, Böyük Qardaşı sevir.

# 119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər