"Niyə bu qədər az nəvaziş göstərmişdim?" - Silvio Pellikonun "Mənim həbsxanalarım" əsərindən bir hissə

"Niyə bu qədər az nəvaziş göstərmişdim?" - Silvio Pellikonun  "Mənim həbsxanalarım" əsərindən bir hissə
24 iyun 2026
# 15:00

Bu gün italyan yazıçı Silvio Pellikonun doğum günüdür.

Kulis.az onun "Mənim həbsxanalarım" əsərindən bir hissəni təqdim edir.

***

Üç ay əvvəl mən Turinə gəlmişdim və uzun ayrılıqdan sonra orada əziz valideynlərim, qardaşlarımdan biri və hər iki bacımla görüşmüşdüm. Biz ailədə hamımız bir-birimizi ürəkdən sevirdik! Amma anamla atam heç kimi mənə etdikləri qədər hər cür nəvazişə qərq etmirdilər. O, görüş zamanı onları gözlədiyimdən də qat-qat çox qocalmış görüb necə də mütəəssir olmuşdum! O vaxt onlardan bir daha ayrılmamağı, özümü onlara qulluq etməyə həsr etməyi, qocalıqlarında onlara təsəlli olmağı necə də çox istəyirdim! Turində qaldığım qısa müddət ərzində bir çox başqa vəzifələrin məni doğma ocaqdan ayırması mənə necə də ağır gəlirdi, onlara daha çox vaxt ayıra bilmədiyim üçün necə də kədərlənirdim. Yazıq anam hər dəfə qəmli bir şəfqətlə deyirdi: "Ah! Bizim Silvio Turinə bizim üçün gəlməyib!"

Mən səhər tezdən Milana yola düşdüm, doğmalarımdan ayrılmaq isə olduqca qəmli idi. Atam mənimlə birlikdə arabaya əyləşib məni bir milə qədər yola saldı, sonra isə tənha və kədərli halda evinə qayıtdı. Ona baxmaq üçün geriyə boylandım və ağladım, anamın mənə bağışladığı üzüyü öpdüm; doğmalarımdan uzaqlaşarkən heç vaxt içimdə belə boğucu bir nisgil hiss etməmişdim. Qabaqcadangörmələrə inanmasam da, kədərə üstün gələ bilmədiyim üçün öz çarəsizliyimə təəccüblənir və dəhşət içində öz-özümə deyirdim: "Bu nə qüssədir, bu nə narahatlıqdır?" Və mənə elə gəlirdi ki, gələcək bədbəxtliyi öncədən hiss edirəm.

İndi, həbsxanada olarkən o vaxtkı dəhşət və qüssə yenidən yadıma düşdü; valideynlərimin üç ay əvvəl dediyi bütün sözlər, anamın o acı gileyi - "Ah, Silvio bizimlə görüşmək üçün gəlməmişdi Turinə!" - yenidən qəlbimə ağır bir daş kimi oturdu. İndi özümü qınayırdım: axı niyə, niyə onlara qarşı bu qədər az nəvaziş göstərmişdim? Onları canımdan çox sevirəm, amma bunu onlara necə də az demişəm! Bəlkə də, mən onları bir daha heç vaxt görməyəcəyəm, halbuki o əziz cizgilərə doyunca baxa da bilmədim!.. Niyə mən övladlıq sevgimin sübutlarında bu qədər xəsislik etdim? Bu cür düşüncələr qəlbimi param-parça edirdi.

Mən pəncərəni bağladım, bütün gecəni yata bilməyəcəyimi düşünərək təxminən bir saat otaqda var-gəl etdim. Sonra çarpayıya uzandım və yorğunluq məni yuxuya verdi.

***


İlk dəfə, gecə vaxtı həbsxanada ayılmaq dəhşətlidir. Harda olduğumu xatırlayaraq öz-özümə deyirdim: "Doğrudanmı bu mümkündür? Doğrudanmı mən buradayam? Yoxsa bu bir yuxudur? Dünən məni həbs etdilər? Dünən məni uzun-uzadı sorğu-sual etdilər? Sabah da sorğu-sual edəcəklər? Və kim bilir bu nə vaxt bitəcək? Dünən axşam isə, yuxuya getməzdən əvvəl doğmalarımı düşünüb necə də çox ağlamışdım..."

İstirahət, tam sükut və əqli qüvvələrimi bərpa edən qısa yuxu sanki kədərimin gücünü on qat artırmışdı. Onları ovunduracaq heç bir şeyin olmadığı bir vaxtda doğmalarımın dərdi, xüsusən də mənim həbs olunma xəbərimi eşidəndə ata və anamın çəkəcəyi iztirab xəyalımda inanılmaz bir şiddətlə canlanırdı.

Öz-özümə deyirdim: "Bax, bu dəqiqə onlar hələ rahatca yatıblar, yaxud da harada olduğumu ağıllarına belə gətirmədən məni şəfqətlə düşünürlər. O, mənim bədbəxtliyimin xəbəri Turinə çatmamışdan əvvəl Tanrı onların canını alsaydı, necə də xoşbəxt olardılar! Belə bir zərbəyə dözmək üçün onlara kim güc verəcək?"

Sanki daxili bir səs mənə cavab verdi: "Bütün bədbəxtlərin çağırdığı, sevdiyi və varlığını özlərində hiss etdikləri O Kəs! Anaya, Oğulun arxasınca Qolqofaya getməyə və Onun çarmıxı önündə dayanmağa güc verən O Kəs! İnsanların dostu, bədbəxtlərin dostu!"

Və o zaman mənim qəlbimdə ilk dəfə din zəfər çaldı, mən bu nemətə görə övladlıq sevgisinə borcluyam.

Əvvəllər dinə qarşı olmasam da, ona çox az və pis riayət edirdim. Adətən dinə qarşı edilən etirazlar mənə elə də əhəmiyyətli görünmürdü, amma yenə də minlərlə sofistik şübhə imanımı zəiflədirdi. Lakin bu şübhələr artıq çoxdandır ki, İlahi varlığa toxunmurdu; mən öz-özümə deyirdim ki, əgər Tanrı varsa, Onun ədalətinin qaçılmaz nəticəsi, yer üzündə belə nahaq yerə əzab çəkən insan üçün axirət dünyasının olmasıdır. Buradan isə belə bir nəticə çıxırdı - həmin o ikinci həyatın nemətlərinə can atmaq, Tanrıya və yaxınlarına sevgi bəsləmək, təmənnasız fədakarlıqlarla durmadan özünü təkmilləşdirməyə can atmaq. Artıq çoxdandır ki, mən öz-özümə bunları deyirdim və əlavə edirdim: "Bəs xristianlıq özünü durmadan təkmilləşdirmək üçün əbədi bir canatmadan başqa nədir ki?"

Artıq çoxdandır belə düşünüb hiss etməyimə baxmayaraq, yenə də son qənaətə gəlməyə cəsarət etmirdim: "Ardıcıl ol! Xristian ol! Yanlışlıqlardan narahat olma! Kilsə təliminin başa düşülməsi çətin olan hansısa bəndini pis tərəfə yozma, çünki onun ən əsas və ən parlaq bəndi budur: Tanrını və yaxınını sev!"

Həbsxanada mən bu qənaətə gəlməyə qərar verdim və gəldim də.

Yenə də bir qədər tərəddüd edirdim; düşünürdüm ki, kimsə mənim əvvəlkindən daha dindar olduğumu bilsə, məni riyakar, bədbəxtlikdən alçalmış bir ikiüzlü hesab edər.

Lakin nə o, nə də bu olmadığımı hiss edərək, əsassız, amma mümkün ola biləcək qınaqlara tamamilə məhəl qoymamağa, bundan sonra xristian olmağa və özümü xristian elan etməyə qəti qərar verdim.

Rus dilindən tərcümə: Sevinc Mürvətqızı

# 189 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər