"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər

"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər
7 avqust 2026
# 10:00

Bu gün hind yazıçı, şair, bəstəkar, rəssam və ictimai xadimi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqorun anım günüdür.

Kulis.az onun "Fəlakət" romanından bir hissəni Əli Səbrinin tərcüməsində təqdim edir.

Üçüncü fəsil

Duman çəkildi. Ay uzaqlara doğru uzanıb gedən cansız qum zolağını parlaq işığa qərq edirdi, sanki qumluğun üstünə dul qalmış qadının şəffaf libasını sərirdi. Çayda bir dənə də olsun qayıq yox idi. Suyun səthi sakit, hərəkətsiz idi. Su və yer də dərin bir sükuta dalmışdı, elə bil ki, əzabın şiddətindən zara gəlmiş xəstəni ölüm əbədi rahat etmişdi.

Huşu başına gəldikdə Romeş özünü çayın su çəkilən kənarında uzanmış gördü. Baş vermiş hadisəni təsəvvürünə o qədər də tez gətirə bilmədi. Nəhayət, qəza-qədərin təfsilatı dəhşətli bir yuxu kimi onun yadına düşdü.

Atasının və qalan müsafirlərin başına nə gəldiyi yadına düşdükdə yerindən dik qalxdı, ətrafa diqqətlə baxdı. Lakin kimsəni görmədi. O bütün qumlu sahili yoxlamaq istədiyi üçün irəlilədi. Ağ, kiçik ada Padmanın iki qolu arasında mehriban ananın ağuşundakı körpə kimi uzanırdı.

Romeş əvvəlcə adanın bir tərəfini yoxladı, sonra o biri tərəfinə keçdi və birdən yaxında paltar parçasına bənzər qırmızı bir şey gördü. O, addımlarını yeyinlətdi və yaxınlaşdıqda al-qırmızı gəlin paltarı geymiş bir qızın huşsuz halda uzandığını gördü. Romeş suda boğulanları ayıltmaq qaydasını bilirdi. O, qızın qollarını xeyli və səylə açıb bükməklə onu hərəkətə gətirdi. Nəhayət, qız nəfəs alıb gözlərini açdı.

Romeş özü bərk yorulub gücdən düşmüşdü, qızdan təfsilatı soruşmağa taqəti olmadığı üçün dinib-danışmadan oturdu. Qız da görünür hələ tamam özünə gəlməmişdi: yalnız bir an gözünü açdı, sonra kirpikləri yenə qovuşdu. Romeş qızın nəfəsini yoxlayıb, onun sağ olduğunu yəqin etdi. Romeş indi boş, qupquru sahildə həyatla ölüm arasında olan bu qızın zəif Ay işığı düşən üzünə xeyli baxdı.

Kim deyir ki, Suşila gözəl deyil! Ucsuz-bucaqsız göy qübbəsinin altında, Ayın sakit şəfəqinə qərq olmuş dünya, Romeşin nəzərində bu əzəmətli sakitliklə yatan gözəl simalı qızın mücəssəməsinə yalnız nadir bir şəkilin çərçivəsi kimi görünürdü.

Romeş dünyada hər şeyi unutdu. "Yaxşı ki, mən bu qıza orada, toy mərasimində, camaatın arasında baxmamışam. Onu heç yerdə indi olduğu kimi görə bilməzdim. Onun həyatını özünə qaytardığım üçün nikah mərasiminin köhnəlmiş, mənasız ifadələrinin mənə verdiyi səlahiyyətindən daha artıq səlahiyyət və hüquq qazanmış oldum. Birinci halda mən onu qanuni olaraq özümün hesab edəcəkdim. İndi isə o mənim üçün mərhəmətli tale tərəfindən verilmiş bir bəxşişdir".

Nəhayət, qız gözünü açdı. Qalxıb oturdu, əzilmiş paltarını düzəltdi və örtüyü üzünə çəkdi.

Romeş soruşdu:

– Səninlə qayıqda olanların başına nə gəldiyini bilirsənmi?

Qız dinməz-söyləməz başını yırğaladı.

– Onda sən burada otur, mən isə bir də ətrafa göz gəzdirim, bəlkə onlardan birini görə bildim. Tez qayıdaram.

Qız heç bir şey demədi. Lakin onun qorxudan əsən bədəni, üzündəki iztirab sanki: "Məni burada tək buraxma, yalvarıram" – deyirdi. Romeş başa düşdü. Yerindən tərpənməyərək, ətrafı diqqətlə süzdü. Lakin ağ qumlar arasında heç bir həyat əlaməti görmədi. Qohumlarından bəlkə də birisi onun səsini eşidər ümidi ilə o, bağırmağa başladı.

Romeş səmərəsiz təşəbbüslərdən sonra yorularaq yerə çökdü. O gördü ki, qız hönkürüb ağlamaq dərəcəsinə gəldiyindən sinəsinin qalxıb-düşdüyünü gizlətmək üçün əlləri ilə üzünü örtdü. Romeş təsəlli verməyin heç bir əhəmiyyəti olmadığını anlayaraq, qıza yaxınlaşıb onun başını tumarlamağa başladı. Qız davam gətirə bilməyib hönkürdü və anlaşılmaz səslərlə dərdini ifadə edərək, gözünün yaşını tökdü. Romeş də ağladı.

İztirabın kəskin ağrısı sakitləşib göz yaşları quruyarkən Ay batmışdı. Gecənin qaranlığı bu tənha yer zolağına xüsusi bir zinət verirdi: dumanlı bir şəkildə ağaran qumlar bir xəyal kimi görünür, ulduzların gah parlayıb, gah da sönən işığı altında suyun səthi də işıqlanır, şəffaflanır, nəhəng bir ilan qabığı kimi parıldayırdı. Romeş qızın qorxudan buz kimi olmuş barmaqlarını əlinə alaraq, onu yavaşca özünə tərəf çəkdi. Qorxuya düşmüş qız müqavimət göstərmədi, çünki o indi hər şeydən artıq tək qalmaqdan qorxurdu. Qız qatı qaranlıqda Romeşin sinəsinə sığınaraq sakitləşdi. Burada daha utanmağın yeri deyildi. Oğlanın ağuşunda yerini rahatlayaraq yuxuya getdi.

Parıltısı zəifləmiş ulduzlar bir-birinin ardınca sönərkən və şərqdə dan yeri çayın mavi səthi üzərində qızararkən göründü ki, Romeş qumun üzərində dərin yuxuya getmiş və qız, qollarını onun döşünün üstündə başının altına qoyub rahat yatmışdır.

Nəhayət, səhərin mehriban günəşinin şüaları onların kirpiklərini oxşadıqda hər ikisi oyandı. Bir müddət təəccüblə ətrafa baxdılar, sonra birdən evdə olmadıqlarını anladılar, dünən fəlakətə uğradıqları yadlarına düşdü.

Dördüncü fəsil

Səhər balıqçı qayıqlarının ağ yelkənləri çayın üzünü bürüdü. Romeş qayıqlardan birini yanına çağırıb, balıqçıların köməyi ilə böyük avarlı barkas kirayə etdi, itmiş qohumlarının axtarılmasını polis nəfərlərinə tapşırıb evlərinə yola düşdü.

Romeşin yaşadığı kəndin körpüsünə yanaşar-yanaşmaz ona xəbər verdilər ki, polis nəfərləri onun atasının, qayınanasının və bir neçə qohum və dostunun meyitini tapmışlar. Bir neçə avarçıdan başqa kimsənin salamat qurtarmasına ümid yox idi.

Romeşin nənəsi evdə qalmışdı. O, nəvəsini gəlinlə yalqız görəndə qışqırıb ağladı və zarımağa başladı. Qonşu evlərdə də ağlaşma başlandı, çünki qonşu evlərdən də bu bədbəxt toy səyahətində iştirak edənlər çox idi. Musiqi çalınmırdı, qadınların şən səsləri eşidilmirdi, cavan qızı təbrik edən yox idi, hətta onun üzünə də baxmırdılar.

Dəfn mərasimi qurtaran kimi Romeş arvadı ilə buradan köçüb uzaq bir yerə getməyi qət etmişdi, lakin atasından qalan irs məsələsini həll etmədən gedə bilməzdi. Bundan başqa, yasa batmış qadın qohumların yasına getmək istəyirdilər, onların da qeydinə qalmaq lazım gəlirdi.

Başqa işlərlə yanaşı o, məhəbbət hüququnu da unutmadı. Onun nişanlısı deyilən kimi o qədər də cavan deyildi. Hətta kənd qızları qıza gülür, evdə qalıb qartımışdır, deyirdilər. Bunların hamısına baxmayaraq, heç bir elmi əsər məhəbbəti necə izhar etmək məsələsində bakalavr gəncə məsləhət verə bilməzdi. Romeş uzun müddət nədən və necə başlayacağını təsəvvürünə gətirə bilmir, hətta mümkün də hesab etmirdi. Təəccüb etməlidir ki, bu kimi məsələlərin Romeşin kitablardan əxz etdiyi təcrübə ilə heç bir əlaqəsi olmasa da, onun yüksək təhsilə malik olan ağlı yavaş-yavaş bütünlüklə izahedilməz bir hissin hökmünə tabe oldu, bu hiss onu qarşısıalınmaz bir qüvvətlə qıza bağlayırdı. O, qızı artıq öz evinin Lakşmisi kimi təsəvvür edirdi. Bu qız Romeşin xəyalında gah nişanlısı kimi, gah gənc məşuqəsi kimi, gah da uşaqlarının mülayim xasiyyətli anaları kimi canlanırdı.

Bir nəqqaş və ya bir şair şəkil və ya poema yaratmaq fikrinə düşərkən qabaqcadan öz gələcək əsərini tamamlanmış gözəl və kamil bir şəkildə təsəvvür etdiyi, yalnız bu fikirlə yaşadığı kimi, Romeş də daim gələcək arvadı haqqında düşünərək, öz ürəyində ideal gözəl bir surət yaratmışdı.

Beşinci fəsil

Üç aya qədər belə keçdi. İşlər tamamilə sahmana düşdü, qohumları olan qadınlar ziyarətə hazırlaşdılar, qonşu arvadlardan bəziləri, nəhayət, Romeşin gənc nişanlısına fikir verməyə başladılar. Qızla Romeşin ürəklərini bir-birinə bağlayan sevgi telləri getdikcə möhkəmlənirdi.

Romeşlə nişanlısı tez-tez damın üstündə bəsir salaraq, axşamı açıq havada keçirirdilər. Bəzən Romeş ya yavaşca arxadan qıza yanaşır, birdən onun gözlərini əli ilə tutur və ya da başını bağrına basırdı. Bəzən də qız qaranlıq çökmədən yuxulayıb şam etmədikdə Romeş onu oyatmaq üçün səksəndirirdi, qız oyanıb Romeşi zarafatla söyürdü.

Belə gecələrin birində Romeş əlini qızın hörüklərinə çəkib dedi:

– Suşila, bu gün sən saçlarını yaxşı daramayıbsan.

Qız birdən soruşdu:

– Bilmirəm siz hamınız burada niyə adımı Suşila qoyubsunuz?

Romeş təəccüblə ona baxdı. O bu sualın nə demək olduğunu başa düşmədi.

– İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı? – deyə qız sözünə davam etdi. – Mən axı uşaq vaxtından bədbəxtəm, ölənə kimi də bədbəxt qalacağam.

Bu sözləri eşitdikdə Romeş nəfəsini belə ala bilmədi, rəngi ölü rəngi kimi ağardı. Onun beynində dəhşətli bir fikir oyandı. Romeş soruşdu:

– Necə olub ki, sən hələ uşaq vaxtından bədbəxt olubsan?

– Mən hələ dünyaya gəlməmiş atam ölübdür. Altı ayım tamam olar-olmaz anam da öldü. Əmimin evində mən çox pis yaşayırdım. Birdən eşitdim ki, haradansa sən gəlib çıxıbsan. Sənin xoşuna gəldim. İki günün içində bizə toy elədilər. Sonra nə oldu, sən özün yaxşı bilirsən!

Mütəkkəyə söykənmiş Romeş yerindəcə quruyub qaldı.

Aydın Ay işığı idi, lakin Romeşə elə gəldi ki, Ayın işığı birdən söndü. Sonrasını soruşmağa cəsarəti çatmadı. O bu saat istərdi ki, indicə eşitdikləri bir yuxu, bir sayıqlama kimi ötüb keçsin.

Yazın isti küləyi bayılmış adamın gözünü açarkən dərin köks ötürməsi kimi fışıldayıb yox oldu. Ayın işığında ququ quşunun səsi gəlirdi. Körpünün yanında bağlanmış qayıqdan hambalların nəğməsi eşidilirdi.

Romeşin sükutunun səbəbini başa düşməyən qız əlini astadan ona toxundurub soruşdu:

– Yatıbsan?

– Yox, – deyə Romeş cavab verib, yenə uzun müddət susdu.

O susan zaman qız yuxuya getdi. Romeş ayağa qalxaraq, qızın üzünə diqqətlə baxmağa başladı. Yaradanın qızın alnında yazdığı sirrin nişanələri onun simasında indi də qətiyyən görünmürdü. Belə bir dəhşətli tale qızın bu qədər cazibədar zahiri görünüşü altında necə də gizlənə bilərmiş!

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər