Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının onuncu hissəsini təqdim edir.
Yay tətili başladı. Kəndə gedəndə gördüm, anamın nə dişləri düzəlib, nə əyin-başı. Evdə də dişə dəyəsi heç nə yoxdur. İş o yerə çatıb ki, bacısı qızları nənəmə yemək bişirib gətirirlər. Ailə kənardan gələn ərzaqlarla dolanır. Daha mağazalar heç kimə nisyə mal vermirdi. Məni görəndə mağaza sahiblərinin üzü güldü. Çünki evin nisyə borclarını bağlayacaqdım. Evdə nə bir sağmal qalmışdı, nə bir yumurtlayan toyuq. Nənəm canıyla əlləşirdi. Dərmanlarını Bakıdan alıb gətirmişdim. Dava dərman rayonda çox baha idi.
Kənddə nənəmin dərmanlarını eşib aptekçinin göstərişini başa salmaq istəyəndə gördüm, ən bahalı bir neçə dərman yoxa çıxıb. Soruşanda atam o biri otaqdan gətirdi, dedi, yazılarını oxuyurdum.
Axşam yeməyi vaxtı süfrədəkilərə sual verdim:
– Nənəmin pensiyasını alırsız?
– Hə, alırıq.
– Mənim prezident təqaüdümü necə?
– Onu da alırıq.
– Tələbə təqaüdümü də?
– Bəli.
– Bəs niyə bu gündəsiniz?
Suala çox gec cavab verdilər. Atam dedi:
– Bala, nənən xəstə, mən xəstə, dava dərman od qiymətinə. İşıq pulu, qaz pulu... Elə bilirsən, asandır?!
– Bundan sonra nənəmin dərmanlarını mən alıb göndərəcəm. – anama xitabən davam elədim, – Təqaüd kartımı sənə verib dedim, dişlərini düzəltdir, əyin-baş al, hanı? Zalım qızı, üst-başından vağzal dilənçisinə oxşayırsan.
Anam susurdu, mən davam elədim:
– Hazırlaş, aparım səni Bakıya, dişlərini düzəltdirim.
Birisi günə hazır ol.
***
Yusifin geniş əlaqələri vardı, hər şeyin yaxşısını tapa bilirdi. Anamın həkimini də o tapmışdı. Anamı həm də Cincilimlə görüşə hazırlayırdım. Yaxşı geyim-kecim almışdım. Dişləri də cağbacağ düzəlib qurtarmışdı. Həkim son tamamlama işlərini görəndə Yusiflə mən yaxınlıqdakı çayxanada mürəbbəli çay içirdik. Yusif dedi:
– Qaqa, xəbərin oldu, bə Ülkərin quluncunu qırdım.
– Doğrudan? Necə? Harda? Nə tez?
– Qaqanı bilmirsən? İnan, ay yarıma hazır elədim.
O bütün təfərrüatları şirin-şirin, zövq-səfa ilə danışıb qurtardı. Mən onun hərəkətlərini izləmək üçün bu iyrəncliyi gülümsəyərək dinləməyə məcbur oldum. Ülkər bakirəliyi ilə vidalaşmışdı. Oğlanların təbiri ilə desək, “gülü dərilmişdi”.
Yusifi bu yoldan çəkindirmək üçün öz köhnə üsuluma keçməyə qərar verdim:
– İndi o qızın taleyi necə olacaq?
– Mən nə bilim, necə olacaq?! O qədər dəyyus, qurumsaq var ki, biri atıb boynunun dalına alacaq, biz də verəcəyik gedəcək.
– Birdən qardaşı, ya atası bildi, namusunu təmizləmək üçün səni öldürmək istədi, onda necə olacaq?
Ağsaqqal kişilər kimi tərbiyəvi intonasiya ilə dedi:
– Yadında saxla, qeyrətli oğlanın bacısı hoteldə oğlanla görüşməz.
– O sənə inanıb, güvənib.
– İnanmazdı.
– Bir gün ilişəcəksən. Belə şeylər eləmə. Kefin duranda get masajxanalara...
– Həyatı boyu qıza, qadına pul verməmişəm. Pulla görüşən nə olacaq?! Mənə yaraşmaz pulla çıxan qadın yanına gedim. Özüm qızlara, qadınlara pul xərclədirəm.
– İndi neyləyəcəksən?
– Uje qırmağa başlamışam. Deyir, qaçırt məni, dedim, get hoppan.
– Nə deyib qırırsan?
– O gün gördüm, mağazaya oğlan girib, bu da dişlərin ağarda-ağarda ona nəsə satır. Dedim, çaşmısan, oğlanın üzünə niyə gülürsən? Sən elə əxlaqsızsan?! Day bir qız ki, ərzaq dükanında işləyə, üzü üzlər görə, o nə qız olacaq?! Yaxasından tutub itələdim ki, niyə oğlana gülürdün. Neçə gündür beynimi xarab edib. Elə bilir, barışacam. Rədd olsun e, zibildir. Başını buraxacam.
– Birdən səni polisə verdi.
– Nə deyib verəcək? Zorlamamışam ki, özü girib altıma. Yaşı da 19-dur. Qaqa, bilirsən, necə ləzzət elədi. Qışqırtısı aləmi götürmüşdü. Dıcrın uşaqlarının otelinə aparmışdım. Uşaqların ağzının suyu axırdı. Dedilər, bu nədir ə?
Mən qəfil mövzunu dəyişdim:
– Yusif adının mənası nədir?
– Peyğənbər adıdır.
– Peyğəmbərin adını hansı dəmşalaq qoyub sənə? – deyib səsli gülməyə başladım. Yusifin özünü də gülmək tutdu.
***
Anamı Cincilimin görüşünə hazırlama işimi tamamlayıb Günkayla Yusifdən bu işdə mənə kömək etmələrini xahiş etdim. Cincilim ailə albomlarını götürüb evdən bir bəhanə ilə çıxdı, Günka ilə birlikdə “Stellaria”ya gəldi. Cincilimə içi ağ çiçəklərlə dolu bahalı bir gül buketi verib Günkayla birlikdə banket zalına gətirdim. Ağ zanbağım onun üçün açılmış süfrəni görəndə dedi:
– Niyə əziyyət çəkirdin?
– Sən bundan da yaxşısına layiqsən. Gəl. Gələcək qayıtnanan bax orda əyləşib. Sizi tanış edəcəm.
Cincilim: “Aaa!” – deyib ağzını tutanda, anam bizi gördü. Anama necə davranmağı, necə danışmağı əvvəlcədən öyrətmişdim. Nə olur olsun? Cincilim anamdan razı qalmalıydı. Qadın ayağa durub Cincilimin hüzuruna tələsdi. Onu öz övladı kimi qucaqlayıb öpdü. Günkanı da öpdü. Sonra gələcək gəlininin qoluna girib süfrə başında öz yanında əyləşdirdi. Xalam və qadın aşpazın biri də orda idi. Yusif, mən və bir neçə ofisiant ən dəyərli qonağımız üçün əlayağa düşmüşdük. Xalam içi mandarinli dondurma hazırlamışdı. Anama bağışlaması üçün hədiyyə qutusu hazırlatmışdım: qızıl saat, yaylıq, ətir, kosmetika məhsulları, iki kitab və mənim xatirə dəftərim... Anam Cincilimdən xatirə dəftərindəki 19-cu suala evdə cavab yazmasını xahiş edəcəkdi. Sualın nə olduğunu bilmirdi. Bilmədən deyəcəkdi. Bunu mən belə istəmişdim, o da razılaşmışdı.
Anam xalama dedi:
– Gəlinimiz gözəldir, hə, Müjgan?
– Su pərisidir, maşallah!
– Ərəl, mama qurban, bu şirin qızı hardan tapmısan?
– Dəllək Qəzənfərin əncir ağacından.
Hamı güldü. Cincilim utandı. O, cavabımı hamıdan yaxşı başa düşdü.
Anam Cincilimgilin ailə albomundakıları bir-bir soruşandan sonra ona dedi:
– Ərəl oğlum olduğuna görə demirəm, qoçaq uşaqdır. Hələ bir dəfə məni incitməyib. Bapbalaca idi, nobata gedirdi, əkinə gedirdi. Həm də ağıllı, savadlıdır. Qəbulda rekord qırdı. Təhsil naziri ona məktub göndərdi. Universitetdən də məktub gəldi. İndi nazir oğlanları ilə oturubdurur. O gün bura dostları gəlmişdi. Bax bu cür işi də bu yaşda Ərəl tək qurub. Həəə... Mənə deyir, mama, Cincilimlə mehriban ol. Elə davran, səndən razı qalsın. Dilindən Cincilim sözü düşmür. Mənim üçün çox dəyərlidir, deyir. Səni yaman çox istəyir. Elə çox istəməli qızsan. Dalaşıb eləmirsiniz?
– Yox. Heç vaxt dalaşmamışıq.
– Mən Cincilimlə dalaşa bilmirəm, mama.
– Biz dava edə bilmirik.
– Mərdimazar həmişə olur. Heç kimə fikir verməyin. O qədər istəməyənlər var. Özü də Ərəl ağır oğlandır. Kənddə o qədər qız istəyirdi onu, heç birinə gözünün ucuyla da baxmadı. O qədər qız gəlib öpürdü məni. Bilirdim, Ərələ görə öpürlər. Balam yaraşıqlıdır axı. Sən də gözəlsən, qızım. Yaraşırsınız birbirinizə.
Anam məni tanıyan ilk insan olub. O, nənəmlə, bibimlə savaşıb dilləşəndən sonra taleyindən qisas almaq üçün ya məni, ya bacımı döyürdü. Mən əsasən çöldəbayırda olduğumdan, bacım günahsız yerə daha çox döyülürdü. Qız elə qorxaq öyrənmişdi ki, yanından keçəndə də özündən asılı olmadan gözlərini qırpır, əlqolunu qaldırırdı. Yəni Cincilimdən fərqli olaraq qorxanda heykəl kimi dayanmırdı. Mən evdə olanda bacımın əvəzinə özümü anamın qarşısına atırdım. Bir dəfə anama dedim: “Döyəndə, məni döy, o qorxub gözün qırpır”.
Bu sözdən sonra anam bir daha bizə əl qaldırmadı.
Kiçik yaşlarımdan anamın fikri bu idi ki, onun oğlu ağıllıdır. Mən anamın həyata bağlılığını artırırdım. Murtuzaya ərə gəlməsinə lənət oxusa da, mənim varlığım bu lənəti söndürürdü.
Anam mənim canıma and içirdi.
Həmin gecə anam mənimlə restoranda qaldı. Yatmazdan əvvəl xeyli söhbət etdik. Anamla heç vaxt belə uzunuzadı söhbət etməmişdik. Birdən necə oldusa, dedi:
– Bu Şaiqin qızı Könül harda tutdu məni öpür, nə məsələdir?
– Heç... Yaxam ipləmə əlində qalıb.
– Səni istəyir?
– Hə.
– Onların ailəsindən xoşum gəlmir.
– Heç mənim də xoşum gəlmir. Ay maa, atamla Cincilimin anasının məsələsi necə olub?
– Bayaq şəklinə baxdım, bəxtəvər qəşəng qalıb. Atanın fərsiz olduğunu bilib, qaçıb başqasına. Heç qaçdığını da istəmirmiş.
– İstəmirdisə, niyə qaçırdı?
– Əsmər Monqol Qasımın oğlu Çaykovski Səmədi istəyirmiş. Səməd əsgərliyə gedən kimi dədən rəhmətlik babanı Kəko Kərimin yanına elçi göndərir. Qız Səmədi istədiyini deyəndə gec imiş, kişilər söz danışıblarmış. Qız sakit dayanıb ki, Səməd gələr, qoşulub qaçar. Bibin bir toyda Əsməri görüb, hədələyib, deyib, nişanlı qızsan, özbaşına toya nəyə gəlmisən? Bir sözlə, camaatın yediyini-içdiyini burnundan töküb. Sözsöhbətə son qoymaq üçün toyu tezləşdirirlər. Əsmərin planları pozulur. Qız bir də ayılır ki, bir həftəyə toyudur. Dədəndən zəhləsi gedirmiş. Yanmış gözəl olduğu üçün çox oğlan istəyirmiş. Dədənə nişanlı olanda oğlanlar Əsmərdən gözün çəkib, bircə Vaqifdən savayı. Vaqif hələ də Əsmərə qaçırma təklifini edirmiş. Qız bir həftə ağlayıb ki, məni Murtuzaya verməyin. Kəko Kərim deyib, İsmayıl kişiyə söz vermişəm, məni el içində rüsvay eləmə. Bir yandan da istədiyi oğlan əsgərlikdə! Qız çıxılmaz vəziyyətdə Səmədin bacılarına söz göndərib, deyib, Səmədi təcili çağırın, qaçırtsın məni. Məktub yazıb Səmədə, cavab almayıb. Səməd Almaniyada sovet hökumətini qoruyur, sevdalısı da burda əldən gedir. Qızlardan da xəbər çıxmır. Dədənlə kəbinləri də kəsilir. Ancaq toy günü məcburiyyətdən Vaqifə qoşulub qaçıb. O vaxtdan kəndə gəlmirlər. Uşaqlarını göndərsələr də, özləri gəlmirlər.
Mənə qalsa, ağıllı iş görüb. Rəhmətlik Əhəd baban məni gözüyumulu bu fərsizə verəndə heç nə qanmırdım. Halbuki o qədər istəyənim var idi ki!
Anam öz bədbəxtliyini Murtuzada yox, onun əlindən qaçan Əsmərdə görürdü: “Onu görüm, balasından çəksin! Özü qaçdı, məni atdı odun içinə!”
Amma indi öz oğlu Əsmərin qızını istədiyi üçün daha onları qarğımırdı.
Anam Bakını bəyənmişdi. Kəndə qayıtmaq istəmirdi.
– Elə bil Sibirə sürgünə gedirəm.
– İstəyirsən, bir az da qal.
Əslində, getməsini istəyirdim. Nənəm yataq xəstəsi idi, zarıya zarıya bacımın ümidinə qalmışdı. “Bir az da qızı gəlsin baxsın”, – deyirdi anam.
Sən demə, atam alıb göndərdiyim bahalı dərmanları nənəmə vermir, yarı qiymətinə rayon mərkəzindəki apteklərə satırmış. Arvada yalnız ucuz ağrıkəsicilər vururmuş.
Anamın yoxluğu atama sərf edirdi; evi daha rahat talayırdı. Nənəm can verirdi, amma ölmürdü. Elə şeylər var, onu düşmən düşmənə etməzdi, atam öz doğma anasına edirdi. Adolf Hitlerin özü belə anasının zarımağına dözməzdi, atam dözürdü.
2001ci il sentyabrın 11i günü şahzadəm xalamın hazırladığı mandarinli dondurmadan istəmişdi, Yusiflə Günaygilə buzun içində dondurma aparırdıq. Günka onları öz adından Cincilimə verəcəkdi. Atası da çox xoşlayırdı bizim dondurmanı. Elə bilirdi qızı ilə rəfiqəsi hazırlayır. Maşının radiosu ABŞda təyyarələrin ekiz qüllələrə çırpılmasından danışırdı. Bu hadisədən qısa müddət sonra Hüsamə Bin Laden adlı şəxsi bütün dünya tanıyacaqdı.
Yusif mənə baxıb anasını Günka ilə tanış etmək istədiyini dedi. Daha doğrusu, Günka bizə baxıb “gələcək qaynanasi” ilə tanış olmaq tələbini Yusifin qarşısına şərt kimi qoydu. Qarşılığında Yusif hotelə getmə təklifini, bəlkə, yüzüncü dəfə dilə gətirmişdi. O elə bir “akula” idi ki, lap Marqaret Tetçer də onunla hotelə getsə, əlindən salamat qurtula bilməzdi.
– Yusif, qızla ciddisən, ya eləbelə?
– Yox e, hələ bir tanış olsunlar görək. Günay söz verib, mamamla tanış olan kimi mənimlə hotelə gedəcək.
– Yusif, sizin şəxsi həyatınıza müdaxilə etməli olacam.
– Başa düşmədim.
– Əgər qızı almayacaqsansa, uzaq dur ondan.
– Sən mənə zapret qoya bilməzsən. Alacam, ya almayacam, bu mənim öz işimdir. Dostuq, qardaşıq, öz yerində.
– Sən qardaşımsan, o qız da bacım. Ya onunla evlənməlisən, ya da uzaq durmalısan. Elə hesab elə ki, qız mənim bacımdır.
– Mənim evlənmək fikrim yoxdur. Hər qıza da bacı deyə bilməzsən.
– Onda onu bədbəxt eləyə bilməzsən. O hər qız deyil. Sən avtoqəza törədəndə qızın sənə görə necə ağladığını görmüşdüm. Sən onu birdəfəlik stəkan kimi istifadə edib ata bilməzsən.
Mübahisəmiz qırmızı xəttə yaxınlaşırdı deyə söhbəti dəyişdim. Onu sözlə başa sala bilməyəcəkdim.
Yusifin son sözü bu oldu: “Qız məndən soyusa, günahkar sənsən!” O mənə də problem yarada bilərdi. Günka və Cincilim onun narsist olduğunu bilsə, məni də onun gözünə qatacaqdılar. Axı biz hər gün bir yerdə olurduq. Hər şeyi birlikdə edirdik. Düşünərdilər ki, xəyanəti də birlikdə edirik. Halbuki bu mövzuda Yusif mənə axmaq kimi baxırdı: “Sənin işin qalıb Allaha. Bu yaşa gəlmisən, hələ qadın üzü görməmisən. Necə dözürsən, necə yaşayırsan, çatmır mənə. Qız nə biləcək sən nəsə etdin, ya etmədin. Qaqa, açığını deyim, sən dəmşalaqsan. O gün iki civi tapdım, iki qardaş dincələk dedim, gəlmədin. Civinin biri pustoy yazdı”.
Cincilimlə Yusif barəsində danışmalı idim. Bu özümü sığortalamaq üçün lazım idi.
İkinci kursda bir pis halla üzləşdik: Cincilimin qardaşı Kənan BDU nun yaxınlığındakı universitetlərdən birinə qəbul oldu və bacısı ilə bir gəlib getməyə başladı. Könkanın öyrətməsi ilə qəfildən ortadan çıxdığına görə bizim üzbəüz görüşməmiz tam məhdudlaşdı. Özümü ona göstərsəm də, heç vaxt mənə salam vermirdi. Bir dəfə özüm ona yaxınlaşıb salam verdim. Mənimlə soyuq şəkildə görüşüb verdiyim sualları acıqlı cavablandırdı. Onu restoranıma dəvət etdim, qəbul etmədi. Hər ehtimala qarşı “hər şeyim”in adını telefonumdan sildim. Onsuz da onun nömrəsini ürəyimə yazmışdım.
Kənanın davranışları məni narahat etməyə başlamışdı. Görüşlərimizin azalmasına baxmayaraq, Cincilimlə yenə görüşürdük. Növbəti görüşlərin birində ona son model fotoaparat hədiyyə etmişdim. Evdə deyəcəkdi ki, qrup uşaqları “atışıb” alıb, saxlamaq üçün ona veriblər. Cincilim fotoaparatın oraburasını qurdalayıb qurtardı, sonra öz təbiri ilə desək, mırtlaşdıq. Axırda ciddi söhbətə başladıq. O, uşaqlığımızı xatırlayaraq dedi:
– Ərəl, yadındadır, mənə cücə bağışladığın?
– Hə, evdən oğurlamışdım. Nənəm bütün günü cücə axtarmışdı. O cücəni görəndə sən yadıma düşürdün, yetim.
– Uşaq ağlımla fikirləşirdim ki, cücəni gətirəcəm eyvanımıza, böyüyüb yumurtlayacaq. Sonra balaları olacaq, onlar da böyüyüb yumurtlayacaq. Bütün eyvanlar cücəylə dolacaq. Bütün Əhmədli cücəyə bürünəcək.
Mən gülüb dedim:
– Köpdürüb öldürdün yazığı. Dediyin olsaydı, indi cücə fabrikimiz olardı.
– Hə, kanala atdıq.
– Bizim bir fərqli cücəmiz də vardı. Onun çıxdığı yumurtanı atama kimsə vermişdi. Fərqli sort idi. Çilçil. Adını Gülsənəm qoymuşduq. Bacımla mən onu ovcumuzda böyütmüşdük. Onunla adam kimi söhbət edib dərdləşirdik. Şarikdən başqa ikinci heyvan idi mən onu adam yerinə qoyub söhbət edirdim. Cücə böyüdü, toyuq oldu. Cinim, inan, liderlik xarizması var idi toyuqda. Amma pis bir xüsusiyyəti də var idi.
– Nə?
– Bizdə yeyib, qonşuda yumurtlayırdı.
Cincilimi gülmək tutdu.
– Atam dirəşdi ki, bu bizə ziyan verir, qonşuya xeyir. Bacım da, mən də nə qədər yalvardıq, xeyri olmadı, atam tutub kəsdi. Nə mən, nə bacım Gülsənəmin ətindən yeyə bilmədik. Əslində, bir toyuq bizə elə də ziyan vurmurdu. Atam onu kəsməyə bilərdi. Gözəl toyuq idi. Həyətə yaraşıq verirdi. Hamı Gülsənəmin sortunu soruşurdu. Nə olardı qonşuya fayda verəndə?! Gərək qonşuya fayda verəsən də.
– Ərəl, sən qəribə oğlansan. Həssassan. Heç kimə bənzəmirsən. – bir az ara verib soruşdu, – Niyə mən? Niyə məni seçdin?
Kədərli notlardan çıxmaq üçün zarafata salıb dedim:
– Çinarın cəmdəyinə lənət. Hamısını o elədi.
Gülüb soruşdu:
– Yazıq nə etdi ki?
– Gül kimi doqqazın ağzında oynayırdıq. Gətirdi məni Qəzənfərin çəpərinin yanına, burnunu çəkə çəkə səni göstərdi, hara getdimsə, beynimdən çıxmadın. Babamgildə də fikirləşirdim səni. Təzə oyuncaqlarımı oynatmayıb sənə saxlayırdım. Sən kəndə gələndə sevinirdim. Sən güləndə baxırdım. Sən yeriyəndə ölürdüm.
Gülümsünən simada sükuta qərq olub birbirimizə baxdıq. Onu öpsəydim, etiraz etməzdi. Amma öpmədim. Hələ onun əllərini tutub əllərimdə saxlamamışdım. Təzə uçmağı öyrənən quş kimiydi. Toxunsam, uça bilərdi. Nəfəsini qoxladım. Qıyıb öpmədim.
Əslində, Yusif məsələsini deməyə gəlmişdim. Demədim. Kefimiz yaxşı idi. Korlamadım. Nə olur olsun, sabah yenidən görüşməli və vacib bir məsələni müzakirə etməli olduğumuzu dedim. Yusif və Günay bunu bilməməli idi. Bərkbərk tapşırıb sağollaşdım. Fotoaparatı götürüb evlərinə getdi.
Səhər 171 saylı məktəbin arxasındakı şamlıqda görüşdük. Günkaya hələlik deməməsi şərti ilə Yusif haqqında bildiklərimi ona danışdım. Qız qab sındırmış uşaq kimi mənə və ətrafa baxırdı. Yusifdən belə şeylər gözləmirdi. Amma mənə inandı:
– Yazıq qız. Mən deyə bilmərəm ona, Ərəl.
– Nə sən deyəcəksən, nə mən. Bunu başqası deyəcək.
– Kim?
– Ərzaq dükanında işləyən həmin Ülkər!
– Necə? Tanıyırsan onu?
– Yerini yurdunu bilirəm. Sənə deməmiş onunla danışa bilməzdim. Başqa cür başa düşərdin. Ülkərlə hər şeyi sən danışacaqsan.
– Necə?
– Hələ vaxtı gözlə. Bunu elə etməliyik ki, Yusif bizdən bilməsin. Təsadüfi görüş olmalıdır. Bilirsən də, mənim restoran sənədlərim Yusifin adınadır. Yanvarın 7 si 18 yaşım tamam olur. Hər şeyi öz adıma keçirəcəm. Ondan sonra rahat hərəkət edəcəyik. Hə, Cinim, müştərilər xeyli çoxalıb, belə getsə, evimizi tez alacağıq.
– Allah qoysa. Gör nə alçaq adam imiş. Necə rola girib əclaf.
– Hələlik başını burax. Özünü şübhəli aparma. Bax söz danışdıq, ha.
– Şokdayam e, Ərəl. Yaxşı ki, sən elə deyilsən.
Sağollaşanda soruşdum:
– Bəs sən niyə məni seçdin?
– Nə deyim, vallah. Uşaq vaxtı “Bakuş”la başımı aldatdın. Sonra da dedin, gecə saat 2 də burda olacam. Gəlməyi ağlıma gətirmirdim. Gəlib tez Könkanın xatirə dəftərini oxudum. Güzgüyə baxıb gülümsədim ki, görüm Nailə İslamzadəyə oxşayurammı? Heç ağlıma da gəlməzdi gecə durub ora gedəm.
– Bəs niyə gəldin?
– Yata bilmədim. Fikirləşdim, görüm, sən ora gələcəksən, ya yox? Amma sözsöhbət çıxanda zəhləm getdi səndən. Yaxşı ki, özün tapdın məni. Aralıqda ağlayanda pis oldum, – zarafata salıb davam elədi, – zırıldaya-zırıldaya saqqızımı oğurladın.