"Əşrəf, bəxtin gətirib, sənin heybəni ağzınacan doldurublar..." - İsmayıl Şıxlının "Dəli Kür" romanından bir hissə

"Əşrəf, bəxtin gətirib, sənin heybəni ağzınacan doldurublar..." - İsmayıl Şıxlının "Dəli Kür" romanından bir hissə
17 mart 2026
# 17:00

Kulis.az Xalq yazıçısı İsmayıl Şıxlının "Dəli Kür" əsərindən bir hissəni təqdim edir.

Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa əllərinə keçən quru çırpılan, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar.

Oğlanlar bundan başqa, meşədən uzun payalar kəsib gətirmişdilər. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı. Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar.

Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi.

Pakizə evdə o yan-bu yana qaçır, anasına və gəlinlərinə əl-ayaq verir, həm də axşamın tez düşməsini gözləyirdi. O, nədənsə, bu il Novruz bayramını daha böyük həvəs və eşqlə qarşılamağa hazırlaşırdı. Nəhayət, yenicə cücərib yaşıllaşan yamacları, torpaqdan baş qaldıran çiçəkləri isti nəfəsi ilə xumarlandıran günəş qərbə doğru əyildi, üfüqdəki pənbə buludlar çəhrayı rəngə boyandı. Kürün üstünə qanadını gərən axşam kölgəsi sürünə-sürünə kəndə doğru yeridi. Pəncərələrdə solğun işıqlar göründü. Ancaq heç kəs içəri, evə girmək istəmirdi. İlıq bahar havası hamını xumarlandırırdı.

Pakizə təzə paltarını geyindi, qapıda xeyli hərləndi, sonra damın belinə çıxdı. Əlini gözünün üstünə qoyub yasəmən rənginə çalan üfüqə boylandı. Kürə, yenicə yaşıllaşan meşəyə, sahilin göy otlarına baxdı. Hava ilıq idi. Kür tərəfdən əsən meh isti nəfəs kimi adamı məst edirdi.

Yaxındakı həyətlərdən birində tonqalı yandırdılar. Onun dalınca bütün qonşular tonqallara od vurdular. Əvvəlcə nəm küləş alışmadı, ağ tüstü layları burula-burula havaya qalxdı, kəndin üstünü elə bil duman bürüdü. Sonra otlar alışıb çatırdadı, alov ucaldı, tüstü bir müddət qığılcımlarla çarpışdı və çəkilib getdi. Kənd şəfəqlərə qərq oldu. Cavanlar lopaları yandırıb damların üstünə sancdılar. Oğlanlar neçə gündən bəri hazırladıqları fişəngləri mazuta buladılar. Üstünə bir az neft çilədilər, od vurdular. Fişənglər alovlandı. Gücləri gəlincəyə qədər firlayıb havaya atdılar.

Pakizə böyük heyranlıq və valehliklə havada bir-birini qovub daha yüksəyə qalxmaq istəyən fişənglərə baxdı. Oğlanlar bəhsə girişdilər. Onlar öz güclərini göstərir, fişəngləri var qüvvələri ilə yuxarı tolazlayırdılar. Vıyıltı ilə havaya qalxan fişəng güyültü ilə yerə düşürdü. Kəndi ahəngdar bir uğultu bürümüşdü. Pakizə lap aşağılarda, Kürün yaxası boyu məskən salan kəndlərin üstündə də göy üzünün qızardığını gördü. Elə bil hər şey alışmışdı. Hətta Kürün suları da qızartdaq idi.

Kəndin birdən-birə alova qərq olduğunu görən itlər qorxdular. Zəlzələ, ya da gün tutulan zaman ağız-ağıza verib ulaşdıqları kimi, indi də zingildəşib səs-səsə verdilər. Onlar azacıq sonra sakitləşdilər. Uşaqlar əl-ələ verib tonqalların ətrafında oynaşdılar. Hər şey nağıllardakı kimi qəribə idi. Kölgələr uzanıb yerlə sürünür, bəzən evlərin divarına düşür, bəzən də lap Kürün sahilinə qədər enirdi. Tonqallar qorlandıqca qığılcım göydə oynayırdı. Bu hal çox davam etmədi. Tonqallar yandı, lopalar söndü, fişənglər öləzidi.

Xoş bir yaz axşamı kəndin üstünə qanadını gərdi. Səs-küy azaldı. Sönüb qurtarmaqda olan tonqalların ətrafındakı uşaqlardan və bir də malqaranı rahatlayanlardan başqa bayırda heç kəs qalmadı. Hamı evə çəkildi. Pakizəni də çağırdılar. Qız getmədi. O, səhərə qədər damın belində dayanıb hər şeyə tamaşa edər, baharın ilk ilıq havasını udmaqdan doymazdı.

Çəpərin dibində bir dəstə qız dayandı. Pakizə qaça-qaça doqqaza çıxdı. Qızlara qoşuldu. Gülüşə- gülüşə evdən uzaqlaşdılar. Bayram axşamı qapı pusmaq, iynəlik salıb bəxt sınamaq qızların adəti idi. Oğlanlar isə baca-baca gəzərdilər. Onlar balaca heybələrini götürüb damın üstünə çıxar, iplə bacadan içəri sallayardılar. Adət üzrə ev sahibi heybəyə şirniyyat qoymalı idi. Qızlar qapıları pusa-pusa xeyli gəzdilər və nəhayət Pakizənin xalasıgilə gəldilər. Səs-küylə içəri doluşdular.

Pakizənin xalası üstü taxtapuşlu qara damı səliqə ilə süpürmüşdü. Taxtın üstünə gəbə salınmışdı. Ortaya iri bir sini qoyulmuşdu. Sininin çevrəsi boyu şam düzmüşdülər. Zəfəranlı plovun ətri evə dolmuşdu. Pakizə xalasını öpdü, qoynundan konfet çıxardıb uşaqlara verdi sonra ev sahibi kimi ərklə qızları süfrəyə dəvət etdi. Xonçadakı saçaqlı konfetləri xışmalayıb qızlara payladı. Pakizənin xalası iri siniyə plov çəkdi. Taxtın üstünə qoydular. Qızlar sininin ətrafında hərləmə bardaş qurub oturdular. Heç beş dəqiqə keçmədi ki, sini boşaldı. Süfrəni yığışdırdılar.

Qızlardan biri gülə-gülə iri bir badyanı su ilə doldurub ortalığa qoydu. - Gəlin iynəlik salaq. Onlar iki iynə götürdülər. Uclarına pambıq doladılar. Sonra Pakizənin xalasına üz tutdular: - Ay xala, sən de, bu iynə kimin olsun? Arvad qızlara xeyli baxdı. Gözünü yaşı on altını ötmüş Fatmaya zillədi:

- Qoy onun olsun, hamınızdan böyükdür, - dedi.

- Oğlanı da özünüz bilərsiniz. Qızlar iynələri suya saldılar. Pakizə də onlara qoşuldu. Ancaq bir şey başa düşmədiyindən, təkrar soruşdu: - Bu iynənin biri Fatmadır, bə o biri kimdir?

- Onu özü bilər. Ürəyində hansı oğlanı tutubsa, odur. İynələr suda üzməyə başladı.

Qızların nəfəsi suya toxunduqca iynələrdən gah biri qaçır, o biri qovur, gah da, əksinə, qaçan dayanır, qovan qaçırdı. Qızlar öz ürəklərində belə hesab edirdilər ki, əgər iynələr birləşsə, demək, oğlanla qız göruşəcək və evlənəcəklər. Növbə Pakizəyə çatdı. Qızlar onu dürtmələdilər. - Hansı oğlana gözün düşübsə, ürəyində tut, görək birləşəcəksinizmi?

Pakizə qızardı və heç nə demək istəmədi. Elə bu vaxt itlər hürüşdü. Bir dəstə oğlan hay-küylə həyətə girdi. Azacıq sonra onların ayaq tappıltıları damın üstündə eşidildi. Qızlar səslərini kəsib təəccüblə bir-birilərinin üzlərinə baxdılar.

Pakizənin xalası onları sakitləşdirdi:

- Qorxmayın, oğlanlardır. Baca-baca gəzirlər.

Doğrudan da aradan heç ikicə dəqiqə keçməmiş bacadan təzə, buxara ipəyindən tikilmiş, xoruz quyruğu kimi al-əlvan rəng çalan bir heybə sallandı.

Pakizə xısın-xısın gülüb ayağa qalxdı. Az qala pıçıltı ilə:

- Ay qızlar, - dedi, - işiniz olmasın, bu saat onların başına oyun açacam.

Heybə evin ortasına düşdü. Pakizə onu götürüb işığa tutdu. Əli ilə sığalladı:

- Nə qəşəngdir!

Qızlar da yaxınlaşıb heybəyə baxdılar. Pakizənin xalası üzünü bacısı qızına tutdu:

- Gətir bura, paylarını verək.

- Yox, ay xala, sənin işin olmasın.

Pakizə küncdəki iri qara bülövü götürüb heybənin bir gözünə qoydu, taxtın üstündə yatan pişiyi də o biri gözünə saldı.

- Çəkin, - deyə qışqırdı. Oğlanlar kəndiri dartdılar. Onların səsi aydınca eşidildi.

- Ə, nə yaman ağırdır! Əşrəf, bəxtin gətirib, sənin heybəni ağzınacan doldurublar.

Əşrəf heybənin ağzını açanda pişik movultu ilə kanara sıçradı. Qızlar qəşş edib taxtın üstünə yıxıldılar. Oğlanlar gurultu ilə damın üstündən həyətə endilər. Evin içinə torpaq töküldü.

Pakizə qapının cəftəsini vurub dayandı. Qapını döydülər. Açmadı. Yumruqla döyəclədilər, hətta təpiklə taqqıldatdılar. Qız qapının az qala dabanından çıxacağını görüb qorxdu. Kürəyini söykədi. Oğlanlardan biri bərkdən qışqırdı:

- Açın, payımızı verin!

- Olanımızı verdik, daha heç nəyimiz yoxdur.

- Onda qızınızı aparacağıq.

- Qızımız da yoxdur.

- Bəs sən nəsən?

- Mən? – deyə Pakizə duruxdu və kəkələdi. - Mən qonağam.

- Nə olar, qonaq daha əzizdir.

- Ölsəniz də qapını açmaram.

- Onda bacadan düşəcəyik.

Pakizə qorxdu:

- Ay xala, qoyma, - deyə qışqırdı. Arvad gülməkdən yaşarmış gözlərini silib özünü güclə sakitləşdirdi:

- Ay günüqara, bizi xataya saldın, aç gəlsinlər, yoxsa əl çəkməyəcəklər.

Pakizə ehtiyatla cəftəni qaldırıb geri çəkildi. Qapı gurultu ilə açıldı. Əşrəf hamıdan əvvəl içəri girdi. Divara qısılan Pakizəyə baxdı və birdən onun qolundan yapışdı:

- Mənim heybəmə pişik salan sənsən?

- Tutaq ki, mənəm.

- Onda səni aparacam. Demək, mənim qismətim sənsən.

Pakizə qolunu dartdı. Biləyini onun əlindən çıxartmaq istədi. Oğlanın barmaqları daha da möhkəm sıxıldı. Qız acizliyini hiss edib altdan-yuxarı Əşrəfin üzünə baxdı. Onların nəzərləri bir-birinə sancıldı. Pakizənin bədəni gizildədi. Ona elə gəldi ki, başı gicəlləndi. Qızın səsi də yumşaldı:

- Burax, qolum ağrıyır.

- Deynən qələt eləmişəm. - Niyə deyirəm?

Pakizənin xalası ayağa durdu. Gülə-gülə onlara yaxınlaşdı:

- A bala, höcətləşməyin, gəlin xörək yeyin. Yaxşı plovum var. Qayınananız sizi yaman çox istəyirmiş.

Əşrəf qızın qolunu buraxdı. Pakizə biləyini tutub ovxaladı. Qaşqabağını sallayıb astadan:

- Ciyəri yanmış. Oğlanlar iştaha ilə plov yeməyə başladılar. Qızlar da taxtın bir küncündə oturdular. Ancaq Pakizə kənardaca dayanıb küskün nəzərlərlə Əşrəfə baxdı. Oğlanlar plovu yeyib durdular:

- Ay xala, şirni payımızı da ver.

Arvad saçaqlı konfetlərdən onların heybəsinə tökdü. Əşrəf axıra qaldı. Getməzdən əvvəl dönüb Pakizəyə baxdı:

- Küsmə, taqsır özündə oldu.

- Bir buna bax, könül almaq da bacarır. Bircə eşiyə çıx!

Pakizənin xalası Əşrəfi gülə-gülə qovdu. Onlar getdilər. Bu hadisəni qızlar, bəlkə Əşrəfin özü də unutdu. Ancaq Pakizə unuda bilmədi. Ondan sonrakı illərdə, Novruz bayramında yenə qapı pusdular, tonqalın üstündən atıldılar, şirni yedilər, ancaq Pakizə o ləzzəti ala bilmədi.

O böyüdükcə, qolundan yapışmış barmaqların ilk təmasını daha tez-tez xatırlayır, bəzən həmin təması biləyində təkrar hiss etmək arzusunun qəlbinin dərinliklərindən baş qaldırdığını sezirdi.

O bu dumanlı hissin nə demək olduğunu aydın başa düşə bilmir, bu arzunun nədən irəli gəldiyini özünə etiraf etməkdə qorxurdu.

Çox vaxt da bu xatirəni yox etməyə, hafizəsindən silib atmağa çalışırdı, ancaq özünün özünə gücü çatmırdı...

# 221 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər