“Bu əlləri bir də öləndə buraxacam...” - Hoteldə çəkilən gizli videonun üstü necə açıldı?

“Bu əlləri bir də öləndə buraxacam...” - Hoteldə çəkilən gizli videonun üstü necə açıldı?
7 mart 2026
# 10:00

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının on birinci hissəsini təqdim edir.

Onuncu hissə burada

Anamı kəndə yola salarkən yolxərcini ödədim, cibimdə topa pulları gördü. O ilk dəfə idi bu qədər pulu bir yerdə görürdü.

– Sənindir?
– Hə ay maa, yığıb ev alacam.

– Mama qurban, heç kimə bildirmə. Heç atana da. Pulunu oğurlayarlar. Ver xalan saxlasın.
– Atama niyə bildirməyim?
– Arxayınlaşacaq. Qoy iş tapsın özünə. Bir də Bakının lotuləçərlərinə uyarsan ha birdən. Pis xəstəliklər də var. Heç olmasa, o aptekdə satılan şeydən al.

Məni gülmək tutdu.

Anam kəndə çatarçatmaz hay düşdü ki, bacım dünyanın gözünü kor qoyub, Dıbışın oğlu Mosuya qoşulub qaçıb. Mən bacımın qaçmağına yox, Mosuya qaçmağına təəssüfləndim.

Artıq gec idi.

Biz bacıqardaş olsaq da, dost ola bilməmişdik. Bu mənim bacıma qarşı ən böyük səhvim idi. Onunla dost ola bilsəydim, Mosuya getməzdi.

Sən demə, əclaf bacımı lap uşaqlıqdan istəyirmiş. Özündən başqa bacımı istəyəni də sındıracağı ilə hədələyirmiş. Mosunun qorxusundan heç kim bacımı istəməyə ürək etmirmiş. Bacım da görüb onu Mosudan başqa heç kim istəmir, cəhənnəmin bir bucağından digər bucağına qaçıb.

Atam cehiz haqqında fikirləşmək əvəzinə azyaşlı olduğu üçün polisə şikayət vermişdi və iki min dollar təzminat tələb edirdi. Ona zəng vurub camaatı özünə güldürməməsini, qızı satlıq mal hesab etməməsini və polisdən şikayətini geri götürməsini söylədim. Dedim, bilmirsənmi, Dıbışın sənə verəsi bir manatı da yoxdur?! Atam doğurdan da Dıbışdan istədiyi məbləği ala bilməyəcəyini görüb otuz “şirvan”a şikayətini geri götürdü. Bibim, əri və oğlu mənə ultimatum göndərdilər: “Hardadı o biqeyrət? Niyə gəlib öz namusunu təmizləmir?!”. Yəni mən ya Mosunu, ya bacımı öldürməli idim. Fərqi yox idi. Hansı əlimə keçsə. Heç kimə fikir vermədən: “Allah xoşbəxt eləsin!” – dedim.

İki həftə sonra Mosuyla bacımın toyunun uzaqdan dalğa-dalğa gələn səsi nənəmin eşitdiyi son musiqi səsləri oldu. Həmin gecə səhərə yaxın, sübh namazına bir saat qalmış nənəm, nəhayət, canını tapşırdı. Mən həm nənəmin yası, həm də bacımın cehizi üçün bəlli miqdarda pul götürüb Yusiflə birlikdə kəndə yola düşdüm. Tələbə yoldaşlarım və yaxın çevrəm də yasa gəlmişdi. Ehsanat üçün ərzağın alınmasında atam elə davrandı, elə bil ölən bunun anası deyildi. Mən çatanda quru çay və limondan başqa heç nə yox idi. Onu da nənəmin bacısı oğlu almışdı. Yaxşı bazarlıq görüb nənəmin ehsan süfrəsini açdıq. Yaspulu üçün qoyulan dəftərləri götürmək istəyəndə atam dedi:

– Camaatın dədəsinə borcum yoxdur. O qədər pul yazılmışam yaslarına. Dəymə dəftərlərə.

Anam məni çağırıb uzaqdan bibimi və onun əlindəki dəftəri göstərdi:

– Bax o pisniyyət bibinə. Dəftəri əlində gəzdirib, öz adına gələnləri ora yazır, pulu da cibinə qoyur.

– Heç nə demə. Qoy eləsin. Qəti şəkildə nənəmin yasının urvatsız olmasını istəmirəm.

Yasdan yığılan pullar həm qırx mərasiminin verilməsinə, həm də nənəmin baş daşının xərclərinə artıqlamasıyla bəs edirdi. Bəzi adamlar babamın borcunu qaytarmaq üçün diri qoyun belə gətirmişdi. Bacım təzə qoşulub qaçdığı üçün yasa gəlməsə də, qəbirüstü ziyarətə getmişdi. Dıbışgil ağsaqqallı, ağbirçəkli yasa gəlmişdi. Təəccüblü bir hal da baş verdi: Şaiqlə Gülər də gələnlər arasında idi. Tosu əlində podnos qonaqlara qulluq edirdi. Şıpı və Çinar əsgərliyə getdiklərindən, yox idilər. Onların da yanına getməyi planlamışdım.

Adətən hamıda qırx mərasiminə qədər başdaşı hazır olurdu. Mən qırxa bir gün qalmış kəndə gəlib ziyarətə getdim, gördüm, başdaşı qoyulmayıb, nənəmin qəbri torpaq təpəcikdən ibarətdir. Acıqla atama dedim:

– Bu nə biabırçılıqdır? Başdaşı niyə qoyulmayıb?

– Oğraşlar yaman aldatdı məni. Deyirlər, əlimizdə iş çoxdur, çatdıra bilmirik. Uzağı onon beş günə hazır olacaq.

– İşin üstünə düş də. Sən maraqlanmırsan, onun nə vecinə. Hardadı daş sexi?

– Özüm danışmışam. Hazır olacaq.

Qırxdan iki gün sonra bacım köçdüyü evdə utanmasın deyə anamla birlikdə cercehiz almaq üçün rayon mərkəzinə getdik. Soyuducu, televizor, tozsoran, sokçəkən, qabqacaq və digər əşyalar alıb kəndə qayıdanda, anama bacımı görməyə gedəcəyimi dedim. Etiraz etdi:

– Hələ barışıq olmayıb. Ayınoyunu göndər, özün getmə. Camaatdan ayıbdır.

– Camaat qələt eləyir. Yox, bacımı görməyəcəm ki, camaat pis baxır. Sən düş get evə. Cercehizi verib, görüşüb, ordan da çıxıb Bakıya gedəcəm. Sabaha dərs var. Qayıblarım xirtdəkdədir.

– Gəl onda öpüm səni.

Cer-cehizi görəndə bacımın kefi açıldı. O hələ də atamın etdiyi şikayətin və pul təzminatının xəcalətini çəkirdi. Ev sakinləri məni görəndə təəccüblənsələr də, xoş qarşıladılar. Sanki baxışlarıyla deyirdilər: “Barışıq olmayıb, bunun burda nə işi var?”

Süfrənin başında ərkyana oturdum. Cehizlər yerləşdirildi. Fəhlələr gedəndən sonra Şəfiqə mənə dedi:

– Ərəl, mənim balam, aclığın varsa, süfrə açaq?

Belə olanda adətən “çox sağ olun, toxam, əziyyət çəkməyin” – deyirlər. Mən başqa söz dedim:

– Hə, Şəfiqə xala, acından ölürəm, imkan varsa, mənə yemək verin.

Əslində aclığım yox idi. Onların nə yeyib-içdiyini dəqiqləşdirmək istəyirdim. Ev sakinlərinin hərəsi bir tərəfə dağıldı. Biri hardansa soğan, biri kartof, biri də mənim gəlişimə kəsmək üçün xoruz tapıb gətirdi. Xoruzu islam qaydası ilə nümayişkaranə kəsib əl evinə apardılar. Onlarda yemək bişmirdi. Nadir hallarda bişəndə də mətbəxdə yox, əl evində bişirirdilər. On beşdən çox adama bir litrlik sok da qoymuşdular. Mənim şərəfimə kəsilmiş xoruzun yalnız bir qanadını və para kartofu götürdüyüm yadıma gəlir. Bir də başımı qaldırıb baxdım ki, nəlbəkidə çimdiklənmiş duzdan başqa heç nə yoxdur. Elə bil indicə süfrədən piranabalıqlarının sürüsü keçmişdi. Gülməkdən özümü güclə saxladım. Adamlar yeyib dağılışandan sonra bacımla ikilikdə qaldıq. Mosu evdə yox idi. Bacım dedi:

– Ərəl, bunlar ləlöyün imiş.

Bundan sonra ürəkdən güldüm. Bacım da güldü. Güləgülə dedim:

– Öl elə. Sənə bu da azdı. Sənin nə itin azmışdı bu Azıx mağarasında?

– Bunlara baxanda Azıx mağarasında əməllibaşlı mədəniyyət olub. İnan, yazıq Mosu günü iki “şirvan”a işləyir, evə nəsə alıb gətirir, ərzağı evin giriş qapısında necə pardaqlayırlarsa, mənə gəlib çatmır.

Mosu həqiqətən də bacıma ərzağı cibində gizlədib keçirirdi. Kasıb olsa da, bacımı xoşbəxt etmək üçün çalışırdı. Bu, müsbət hal idi. Bütün günü qida axtarıb özü belə yemədən bacıma gətirirdi. Məsələn, dəvət olunduğu qonaqlıqdan pinqvin deyilən sellofan kulyokda bacıma kabab oğurlayıb gətirmişdi. Başqa evlərdə kimsə xanımının könlünü almaq üçün qızıl zinət alırdısa, Mosu bir alma ilə məhəbbətini yeniləyirdi. Evdə o qədər uşaq var idi, camaat adlarını qarışdırırdı. Oxşatmadan bilirdilər ki, bu, Dıbışın uşağıdır. Evlərində yalnız Novruz bayramında yeməyə nəsə tapmaq olardı. Qara bayram adətinə görə hamı öz öləninin qəbri üstünə şirniyyat və digər qidalar qoyub gedəndən sonra ilk Dıbışın uşaqları hücum çəkirdi. Sanki indicə ölüləri də qəbirdən çıxardıb yeyəcəkdilər. İlk çərşənbədən papaq atmağa başlayırdılar. Bunu nəzərdə tutub bacıma dedim.

– Qara bayrama bir şey qalmayıb, döz, bolluq olacaq.

– Mosu deyir, pul yığaq, ev tikdirib ayrılaq. Bir az yığmışıq. Bilsəydim, cehiz alacaqsan, deyərdim, pulunu ver torpaq alaq.

– Nə qədər yığmısınız?

– On iki “şirvan”.

Bu altı kilo ətin pulu idi. Gülmək istədim, bacımın xətrinə dəyməkdən qorxdum. Artıq o, hamilə idi. Vitaminli qidalar lazım idi. Bu evdə isə heç vitaminsiz qida da yox idi. Əlli “şirvan” pul verib istədiyini alıbyeməsini tapşırdım. Üstüörtülü yaxşı qidalanmasının vacib olduğunu bildirdim.

***

Ülkər narsistdən qurtulub, şantajçıya rast gəlmişdi. Yusifin marketdə üzünə gülüb irişdiyi oğlana görə onu atması, əlaqələrin bitməsi və yalvarışların təhqirlə cavablandırmasından sonra qız mühafizəkar qohumlarının qorxusundan bakirəliyini tibbi yolla bərpa etdirmək qərarına gəlmişdi. Bunun da qiyməti çox baha idi. Mağazada işləməklə pul yığa bilməzdi. Qəlbində marketdə üzünə irişən oğlana nifrət edəedə yad yerdən kişilər axtarıb pula çıxmaq qərarına gəlmişdi. Düşünürdü ki, “bərpa”dan sonra daha pula çıxmayacaq. İşə başlayan kimi fahişəliyin asan olmadığını gördü. Papilomalı, tər qoxusundan iylənmiş, paçası bişməcəli, qıllı kişilər onun ürəyini ağzına gətirib hər şeydən iyrəndirmişdi. Belə bir vəziyyətdə gənc bir oğlan onunla cinsi əlaqədə olanda mobil telefona çəkib qızı şantaj etməyə başlamışdı. Oğlanın nə Allah, nə bəndə, nə qanun, nə vicdan qorxusu vardı. Hər gün ondan pul tələb edir, pulsuz cinsi təlabatını ödəyir, onu iyrəndiyi şeylərə məcbur edirdi. Ülkəri elə hala salmışdı ki, qız müştərilərə ərzağı qorxaqorxa satırdı. Ətrafdakı hər kəs pərişan halda olan qıza nəsə olduğunu hiss edirdi. Və bütün bunları Tanrı özü də görürdü. Ülkər isə qorxunun təsirindən Tanrıya hamıdan çox inanırdı. İnşallah Yusifin qəlbinə xof salar, onu bağışlayar.

Yusif anasını Günka ilə tanışlığa birtəhər razı sala bilmişdi:
– Mən tanımadığım qızı ala bilmərəm! – demişdi anası.

– Dost kimiyəm, mama, eləbelə tanış olacaqsız. Sən deyən qızı alacam, narahat olma. Böyüyümün sözündən çıxmaram, – cavabını vermişdi Yusif.

Qohuməqrəba bu sözünə görə onu böyüyünün sözünə baxan ağıllı oğlan kimi alqışlamışdı:

“Cavandı, qızlarla günün keçirir, qoy keçirsin, əsas odur anasını eşidir”.

Cincilimin təkidi ilə ikimiz Ülkər işləyən marketə getdik. Evdən qrup yoldaşının ad gününə getmək adı ilə çıxmış, bundan ötrü dikdaban ayaqqabı geyinmişdi. Əslində, guya mənə görə bəzənibdüzənmişdi. Dikdabanda güclə yeriyirdi. Teztez müvazinətini itirir, az qala yıxılırdı. Çox narahat idi. Mən də onun narahatlığından narahat idim. Danışığımız belə olmuşdu ki, o, yalnız qıza baxacaq, sakitcə qayıdıb gələcəkdik. Belə olmadı. Biz marketə girəndə Ülkər bir neçə müştərini yola saldı, mən Cincilimə fanta, özümə kokakola alıb pulu Ülkərə uzatdım. Məni tanıyırdı. Yusifin yanında dəfələrlə görmüşdü. “Sağ ol” deyib marketin qapısında Cincilimə yol verəndə arxadan dedi:

– Hardadır o?

Biz ayaq saxlayıb Ülkərə tərəf çevrildik.

– Akademiyada oxuyur. Bu il bitirib rayona qayıdacaq. Bu qız istəklimdir, – gəliş məqsədimi açıqlamağı planlamasam da, dedim, – əslində, istəklimi sizi görməyə gətirmişəm.

Qız sevinən kimi oldu:

– Bizi barışdırmağa gəlmisiniz?

– Yox. Başqa bir söhbət üçün.

– Mən sadəcə oğlanın sözünə gülmüşdüm. Heç onu tanımırdım. Yusif məni səhv başa düşdü.

– Siz oğlanın üzünə baxıb ağlasaydınız da, Yusif sizi atacaqdı.

– Necə yəni?

– Yadındadır, sizi xalanız oğlunun toyuna getməyə qoymadı.

– Hə.

– O istəyirdi siz toya gedəsiniz və ayrılmağa bəhanə tapsın. Siz getmədiniz. Gördü alınmır, bu bəhanəni gətirdi. O elə bilirdi, Yusifin ona toxunduğunu mən bilmirəm.

– Bəs niyə tanış olurdu? Mən ona pislik etməmişdim axı. Heç bir sözündən çıxmamışdım. Özü deyirdi, xasiyyətimiz tutur.

İstehza ilə gülümsündüm:

– O mənim bura gəlməyimi bilməməlidir. Sizi bağçanın həyətində gözləyirik. Tək gələcəkdim, amma istəklimdən icazəsiz sizinlə görüşməyim düz deyildi.

– Məni niyə görmək istəyirdiniz, xanım?

Suala mən cavab verdim:

– Onun rəfiqəsi də ilişib Yusifə. Özü də sizdən əvvəl. Bizi gördüyünü, nə danışdığımızı Yusif bilməməlidir. Məndən qisas ala bilər. Ona görə də məni görməmisiniz. O mənim dostum olmasa da, dost kimi görünməyə məcburam.

– Heç görürəm ki, onu. Nömrəsini də dəyişib. Bizi barışdıra bilərsiz?

Qız hələ də Yusifə inanırdı. Stress onu kallaşdırmışdı. Okeanın ortasında tutunmağa saman çöpü axtarırdı.

– Deyəsən, hələ də ürəyiniz ondadır... O sizi aldadırdı. Sizdən faydalanandan sonra başından elədi. Sizinlə harda, necə, nə etdiyini mənə danışırdı. Sizcə belə oğlan ciddi ola bilər? O sizi bədbəxt edib. İstifadə edib, tullayıb. Nə elədiyini də hamıya danışıb. “Romik” hotelindəki görüşünüzün açıq-açıq yerini sizdən gizlin telefona çəkmişdi. Birdən videogörüntü yayılar deyə mən əlindən alıb sildim. Orda siz ona zarafatla “bublik” deyirdiniz. Düz deyirəm?

Qız elə bil indi ayıldı. O, pərt olan uşaq kimi çaşqın halda susdu.

Marketə müştərilər girdiyindən dedim:

– Biz gedirik bağçanın həyətinə, gələrsiniz.

Ülkər az sonra marketi kiməsə həvalə edib yanımıza gəldi. Onu müstəntiqsayağı necə danışdırdımsa, şantaj olunması da daxil hər şeyi ağlayaağlaya danışdı. Sözlərin təsirindən elə bil Cincilimin bədənindən yüz amperlik cərəyan keçdi. Ülkər öz qorxusunu Cincilimə ötürmüşdü. Bunu geri qayıdanda hiss etdim.

“Görən olar, aralı gedək”, – dedi.

Artıq Cincilim mənim özümdən də ehtiyat edirdi. Qorxu həm soyuqluq, həm də istilik yaradır. Özümü qınayaraq içimdə dedim: “Sənə lazım idi bu?! Bal alanın da atasına lənət, bal satanın da!”

Cincilim əməllibaşlı soyudu məndən. Gərək gülməli nəsə danışıb kefini açaydım:

– Cinim, qızın danışdığından betər sənin üzülməyin məni narahat edir. Bilsəydim belə üzüləcəksən, heç nəyi açıbağartmazdım. Peşman elədin məni.

– Nə danışırsan, Ərəl? Yaxşı ki, dedin. Yazıq Günka dəli olardı e. İndi ona ancaq sən dediyin kimi edərik. Ağıllı fikirdir. Yusiflə Günka bir yerdə olanda təsadüfi rastlaşma kimi Ülkər yaxınlaşıb dişinin dibindən çıxanı desin, qız aldandığını bilsin. Planı yerinə yetirəndə sən kənddə olmalısan ki, Yusif səndən şübhələnməsin. – ayaq saxlayıb davam elədi – Ərəl, bu yazıq qızı şantajçıdan qurtarmaq lazımdır. Kömək elə ona.

– Ona köməklik edərəm, amma gərək qız razı ola.

– Necə?

– İki variant var. Biri, “Stellaria”da hər gün pulsuz nahar edən “uçastkovu”ya deyəm, oğlanı tutub otağına gətirə, videogörüntünü sildirə. O biri, nazir oğluna deyəm, atasının mühafizə rəisinə tapşıra, şantajçını aparıb dəniz qırağında murdarlaya, telefonunu da alıb videonu silə, sonra da münasib yerinə soxa.

Cincilim güldü.

– Qızın nömrəsini almısan, ona başa sal, oğlandan qorxub polisə getməmək daha təhlükəlidir. Oğlan telefonu itirə bilər və ya kimsə videonu öz telefonuna köçürə bilər. Lap elə oğlan özü yaya bilər. Elə əclaflar göz yaşına nəinki inanmır, hətta gülür. Yusif kimi onunla da münasibətim olsa, rahat həll edərəm.

– Bir şey fikirləş, Ərəl, yazıqdır.

– Cinim, sənin elə yumşaq ürəyin var, məndən başqa hamıya yazığın gəlir.

Yenə güldü. Əsil əhvalat danışmalı məqam idi:

– Rəhmətlik Ağca nənəm çox abırlı arvad idi. Televizor təzə çıxanda babam birini alıb evə gətiribmiş. Bir gün nənəm televizor olan otaqda paltarını dəyişirmiş, görür Lütfiyar İmanov mahnı oxuyur. Nənəm elə bilib Lütfiyar da onu görür. Televizoru söndürüb, əynini sonra dəyişib.

Cincilim uğunubgetdi.

– Hətta buna da güvənməyib, ekranın üstünə ağ parça da atıb. Deyib, bu Lütfiyardan nə desən çıxar. Sönülü ekrandan da baxar.

Cincilim qaqqanaq çəkib necə güldüsə, sifəti qızardı.

– Rəhmətlik gələcək qızımızın adını da qoyub e, Cinim.

– Nə qoyub?

– Ağca. Öz adını qoyub. Bir “şirvan” almışdım buna görə.

– Gözəl addır.

Biz taksi tapmaq üçün pilləkənlərlə küçəyə qalxırdıq. Onun arxasınca gedirdim ki, yıxılsa, tuta bilim. Tən ortada az qaldı müvazinətini itirib yıxıla. Əl atmaq istədim, tez dikəldi. Toxunmadım. Düşünürdüm ki, toxunsam, qəsdən etdiyimi düşünər, məni də Yusifə tay tutar:

– Cincilim, yıxılıb eləsən əlindən tuta bilərəm?

Ayaq saxlayıb mənə baxdı:

– Yıxılmasam da tuta bilərsən.

Sonra yeriməyə başladı. Qımışdım. Mənə baxanda dəyişən gülüşünə anam qurban, Cincilim.

Görməmişlik edib dərhal əlindən tutmadım. Bunu romantik əhvalda edəcəkdim. Əldən tutma ömrümüzün tarixi anı olmalı idi və nəsə mənalı bir söz deməli idim.

Əlini tutanda deyəcəyim sözü düz iki ay fikirləşdim. Qrup uşaqlarından soruşdum: belə olsa, nə deyərsiniz? Hamısı səy-səy cümlələr dedi. Ən axırda özüm tapdım. Qız qalasının başından dənizə baxanda hər iki əlini əlimə alıb nəfəsini qoxulayaqoxulaya dedim:

– Bu əlləri bir də öləndə buraxacam!

Mən onun əlini ilk dəfə bənövşə oynayanda tutmuşdum.

# 225 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər