"Bəlkə də köklüyümə gülürlər?" - Miriam Presslerin "Tünd şokolad" əsərindən bir hissə

"Bəlkə də köklüyümə gülürlər?" - Miriam Presslerin "Tünd şokolad" əsərindən bir hissə
18 iyun 2026
# 13:00

Bu gün alman romançı və tərcüməçi Miriam Presslerin doğum günüdür.

Kulis.az onun "Tünd şokolad" əsərindən bir hissəni Aydan Şərifin tərcüməsində təqdim edir.


Delikates mağazasının vitrini... Eva öz əksini görməmək üçün şüşəyə bircə addımlıq məsafədə, az qala bitişik dayanmışdı. Çünki güzgüdəki mənzərə heç də xoş deyildi. Kök olduğunu onsuz da yaxşı bilirdi. Həftədə beş dəfə özünü başqaları ilə müqayisə etmək məcburiyyətində qalırdı. O birilər dar cins şalvarlar geyinir, qədd-qamətli və gözəl görünürdülər. Təkcə özü idi belə iyrənc dərəcədə kök olan... Hər şey başlayanda onun on bir, ya da on iki yaşı vardı. İçindəki o aclıq hissi keçmək bilmir, o, heç vaxt doymurdu. İndi, on beş yaşında isə artıq 76 kiloqram çəkisi vardı. Özü də bu balaca boyu ilə...

İndi yenə acmışdı. Məktəbdən sonra həmişə belə amansız bir aclıq onu ağuşuna alırdı. Eva pul qabındakı pulları saydı: 4 marka 85 pfeninq. Salatın yüz qramı iki marka idi.

Bayırdakı bürkü ilə müqayisədə mağazanın içi sərin idi. Yemək qoxusundan Evanın başı fırlandı. Piştaxta arxasında darıxaraq qulağının arxasını qaşıyan satıcı qadına alçaq səslə:
— İki yüz qram mayonezli siyənək balığı salatı, zəhmət olmasa, — dedi.

Satıcı qadın plastik qabı salatla doldurdu, bir az da mayonez əlavə edib tərəziyə qoydu və laqeyd bir səslə:
— Dörd marka, — dedi.

Eva cəld pulları uzatdı, qabı götürüb mağazadan çıxdı. Çöldə yenə həmin o cəhənnəm istisi hökm sürürdü. Göydəki günəş bütün günün yorğunluğunu daşıyan torpağa od ələyirdi.

Eva ürəyində: "İyunda da belə isti olarmış?!" — deyə düşündü. Əlindəki qutu hələ də mağazanın o xoş sərinliyini qoruyub saxlayırdı. Eva addımlarını yeyinlədib, az qala qaça-qaça parka çatdı. Bütün skamyalar adamla dolu idi. Kişilər köynəklərinin yaxasını açmış, qadınlar ətəklərini bir az yuxarı dartmışdılar. Eva insanların yanından keçdikcə beynində eyni suallar fırlanırdı: "Görəsən, arxamca baxırlar? Məndən danışırlar? Bəlkə də bu köklüyümə gülürlər?"

Nəhayət, Eva sıx kolluqlara çatdı. Kolları budaqları onu kənar gözlərdən etibarlı şəkildə gizlədirdi. Burada onu heç kim görə bilməz, heç kim mane olmazdı. Eva çantasını yerə atdı, özü də torpağın üstündə əyləşdi. Sərin qutunun qapağını açıb yanına qoydu. Bir anlıq ağappaq, yağlı mayonezin içindəki o çəhrayı-bozumtul siyənək balığı tikələrinə tamaşa etdi. Tikələrin birinin üstündə balığın gümüşü dərisi hələ də qalırdı. Ehtiyatla, baş və şəhadət barmağı ilə həmin tikəni götürüb ağzına qoydu. Balıq sərin və bir az turşməzə idi. Dili ilə onu boğazına tərəf itələdi və yağlı mayonezin dadını hiss etdi. Sonra çeynəyib udmağa, acgözlüklə qutudan yeni tikələr qoparıb ağzına basmağa başladı. Qalan sousu isə şəhadət barmağı ilə sıyırıb yedi.

Qutu tamamilə boşalandan sonra Eva onu kolların arasına tulladı. Dərindən ah çəkərək ayağa qalxdı, ətəyinin tozunu çırpdı və çantasını yerdən götürdü. Yorğun və kədərli addımlarla evə tərəf addımladı.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər