Adam kimi - Kəmalə Mirzəyevanın hekayəsi

Adam kimi - Kəmalə Mirzəyevanın hekayəsi
19 dekabr 2025
# 13:45

Kulis.az Kəmalə Mirzəyevanın "Adam kimi" hekayəsini təqdim edir.

- Ay qız, niyə beləsən?
- Xəstələnmisən?
- Bilmirəm.
Zeynəb güclə dilləndi. İçində bir ağrı, bir sızıltı vardı. Ayaqlarının arasından başlayıb kürəyinəcən gedirdi.
...O gün həyatında ilk dəfə əsl hamam görmüşdü. Bəlkə belə desək düz olar: hamam da görmüşdü...
Yuyunmuşdu, daha doğrusu, onun halı yoxuydu, çimizdirmişdilər, yumuşdular onu. İki kişiydi - biri suyu tökür, o biri onun soyuqdan, ehtiyacdan təravətini itirməyə başlayan bədənini dayanmadan sabunlayırdı...
Əllərinə, ayaqlarına baxır. Sanki üstdən təmizlənib, amma hiss eləyir ki, içi çirklidir, bədəni çirklə doludur.
- Bəlkə evə gedəsən?
Güldəstə dönüb ona baxdı.
- Yox, fikir vermə, keçər.
- İki-üç gün ağrısı olur həmişə. Keçib gedər. Məndə də elə olur. Hamısı soyuqdandır, bax bu betondandır.
Güldəstə nəyi nəzərdə tutur - Zeynəb anladı.
Amma onun ağrısı bir başqaydı...

***

... Hər şey oğluna görə oldu.
Əri Seyfullanı itirməyi azmış kimi oğlu Qurban kənddə dayısı qızına görə qonşuyla dalaşdı, məsələ böyüdü polisə düşdü. Bu işi bağlamaq üçün Seyfullanın çaydan tapılan köhnə maşınını da satası oldular.
Noolsun ki, neçə vaxtdır dilənir, dilənçidir, dilənməyə məhkumdur.
Gəlib gedənlərə baxa-baxa nələri düşünmür. Öz-özünə sanki təsəlli verir, haqq qazandırır: neyləsin ki, oğlunun beyni hələ qandır, o, bu işi tutmasaydı, əri gedib qəzaya düşməsəydi, o da bu addımı atmayacaq, bu yola düşməyəcəkdi...
Bütün bunlardan sonra qonşusu Güldəstəyə qoşulub şəhərə iş dalınca getməkdən başqa çarəsi qalmadı. Güldəstə də elə bir yandan onun beynini yeyirdi:
- Ağzında Bakı deyirsən e, o boyda şəhərdə bizə iş tapılmayacaq bəyəm? Hazırlaş gedək. Sabah gedək.
Beləcə bir-birinə qoşulub getdilər.

***

Amma çox axtarsalar da, iş tapa bilmədilər.
Bir gün küçədə metronun qarşısında bir-birinə sığınıb oturmuşdular ki, yanlarından keçən, sanki yaşadıqları səadəti, xoşbəxtliyi kiminləsə bölməyə can atan bir qızla oğlan onların üstünə pul atıb getdilər. Əvvəlcə heç nə anlamadılar. Çaş-baş qaldılar. Pul verənlərə necə minnətdarlıq edəcəklərini də bilmədilər.
- Allah sizi xoşbəxt eləsin. Qoşa qarıyasınız.
Bunu birtəhər Güldəstə gedənlərin dalınca boylanıb deyə bildi.
İkisi də dönüb bir-birinə baxdı. İndi başa düşdülər - yəqin onları dilənçiyə oxşatmışdılar.
Bu, onların bu şəhərdə ilk qazancı idi. Axşama kimi oturdular.
Daha bir-iki nəfər onlara pul verib getdi. Arasında manat da vardı, xırda qəpiklər də.
Elə o gündən hər ikisi bu taleylə barışası oldu.
Zeynəbə əvvəlcə çox çətin idi. Pulu alırdı, amma qarşılığında dil-ağız edib heç nə deyə bilmirdi.
Amma Güldəstə bu halından çox məmnundu.
Pulu da alırdı, alqışını da edirdi. Az qala dil-dil ötürdü.
- Ay qız, Zeynəb, işləsək, bizə bu qədər pul verən olmazdı.
Evində qaldıqları qadını nəzərdə tutaraq:
- Sürəyya guya ki, işləyir. Səhər gedir, axşam qayıdır. Amma aldığı nə əynində görünür, nə evində-eşiyində. Yenə bizim əlimizə baxır...
Zeynəb birdən hiss elədi ki, qaytaracaq. Ürəyi bulanırdı. Güclə özünü ələ almağa çalışdı.
- O gün soyuducusuna baxıram, dişə vurulası heç nə yoxdur. Şor da yoxdur e.
Güldəstə bir gözü gəlib keçənin əlində davam elədi:
- Elə yaxşısı budur -üzünü bağla, başını dik yerə, arada nəsə de:
- Allah köməyinizdə olsun, bala...
- Səni xoşbəxt olasan...
- Balalarnın toyunda xərcləyəsən...
Sonra da dönüb ərklə dedi:
- Bu sözü demək sənə belə çətindir, Zeynəb?
Zeynəbin fikri başqa yerdəydi. "Bala" deyən kimi hər dəfə Zeynəbin öz balası yadına düşürdü - balaca Qönçəsi, uzaq bir kənddə qardaş umuduna qalan Qönçəsi.

***

O davadan sonra Qurbanı dayısı nəvəsiylə nişanlamışdı. Qönçəni də onların himayəsinə buraxıb gəlmişdi. "İş tapan kimi gəlib səni aparacam" - demişdi Qönçəyə.
İş də ki, belə. İşdə ki, bu...
Hər həftə kəndə Qurbana pul göndərər, sonra da gəlib dərhal evində qaldıqları Sürəyyanın telefonundan Qönçəyə səs atardı:
- Canım balam, mən səni çox istəyirəm. Çox darıxıram səndən ötrü. Amma gələndə görəcəksən ki, anan neyləyib sizdən ötrü. Dərsindən qalma ha...
Zeynəb şəhərə işləməyə gedəndən sonra Qurban ondan xəbərsiz gələcək qayınatasından rayon mərkəzində iş qurmaq adıyla xeyli pul götürdü. Amma qaytara bilmədi. İşi də alınmadı. Aldadıb pulunu almışdılar. O boyda rayonda bunu kimə sübut edəcəksən ki?.. Elə o səbəbdən şəhərə gedən Zeynəbin yükünün üstünə bir yük də gəldi. Bu borcu da təcili qaytarmalıydı, yoxsa toy bir yana, camaat içində biabır olardılar... Zeynəbin"qazancı" isə qəpiyinə qədər kəndə getsə də, nə uşaqlarının çörək puluna çatırdı, nə Qurbanın borclarını qaytarmağa.

***

Axşam Sürəyyanın telefonuna zəng gəldi. Sürəyya narazı-narazı telefonu ona uzatdı:
- Qurbandır.
- Ana, dayın məni boğaza yığıb. O gün qızına deyib ki, Qurban pulun hamısını verməsə, bu qapıya gəlməsin. Qönçə qalsın burda, özü getsin Bakıya, anasına qoşulub pulumu qaytarsınlar.
- İndi mən neyniyim, ana, gəlim? Ya qızı tək qoymayım?
Sifəti haldan-hala düşən Zeynəbin az qaldı ürəyi getsin:
- Gəlmə, Qurban, gəlmə... Gəlmə, uşağı tək qoyma. Dayına da söz qaytarma ha. Ondan başqa kimimiz var ki?..
Zeynəb dayısının da xasiyyətini yaxşı bilirdi, oğlunun da. Dayısı axır sözünü əvvəldə deyənlərdəndi. Qurbanın axırda ona da əl qaldıracağından qorxurdu.
- Özüm tapıb düzəldəcəm, Qurban...
Amma necə?..
O gündən başladılar Güldəstəylə ayrı-ayrı yerlərdə dilənməyə.
Axşamlar həmin metronun qabağında görüşüb Sürəyyanın evinə qayıdırdılar...
Ayağa durdu. Qurbanın zəngindən sonra bir yerdə qərar tuta bilmirdi. Bilirdi ki, oturana heç nə verməyəcəklər. Getmək lazımdır, hərəkət eləmək lazımdır.
Bulvarda həmişə dolub daşan restoranlardan birinin yanından keçəndə kabab qoxusu onu vurdu. Havalar yaxşıydı deyə stollar həyətə daşınıb ağacların altnda düzülmüşdü. Diqqətini yaxındakı stolda oturan dörd kişi çəkdi.
Deyib gülürdülər, içirdilər.
Yəqin çox dayanmışdı burda. Belə çox dayanmasaydı, görməzdilər onu yəqin.
Onlardan biri çevrilib qəflətən:
- Ay qız, yaxın gəl, -dedi.
Zeynəb elə bildi ki, kəndçilərindəndir, tanıyıblar onu. Amma yadına düşdü ki, üzü bağlıdır, necə tanıya bilərlər onu? Tərəddüd içində bilmədi neyləsin - getsin, getməsin?
- Gəl, yaxın gəl, adamyeyən deyilik, ay qız.
Bunu deyən həmin kişi yerindən qalxıb gülə-gülə ona tərəf gəldi.
Yanındakılardan biri:
- Yadigarın da bu işindən olmaz. Bircə qaraçımız, dilənçimiz çatmırdı.
- Ver pulunu getsin də.
- Bura niyə çağırırsan ki?..
Amma, deyəsən, Yadigarın fikri başqa idi.
- Bu, qaraçıya oxşamır...
- Qadın hər halında qadındır.
Bunu deyən o biriydi - Bayram.
- Onu qaldıran da kişidir, endirən də.
- Görün mən indi onu haralara qaldıracam.
Bu sözə stoldakı dostların hamısı güldü.
- Düz deyir də. Bunun dadı başqadır.
- Həm də savabdır.
Yadigar lüləni yuxaya büküb ona uzatdı.
- Al, ye, - dedi.
Zeynəbin narahatlığını görüb:
- Pul da verəcəm - dedi.
Astaca yoxlayırmış kimi əlini onun kürəyinə çəkdi.
Zeynəbə elə gəldi ki, ətrafdakıların bütün diqqəti onun üstündədr.
Stul çəkdilər ona.
- Ye, bunu da iç.
Əvvəlcə elə bildi ki, araq iyi Yadigardan gəlir. Amma ona uzadılan limonada da araq qatıldığını sonra başa düşdü. Ömründə bir dəfə dilinə içki dəymişdi. O da əri Seyfullaynan.
Elə həmin gün də içib Seyfulla Güldəstənin əriylə birlikdə maşınla qayadan çaya düşdü. Bir həftə axtarıb güclə tapdılar...
Dostlardan biri onu altdan-yuxarı süzüb:
- Bu, heç düzgün hərəkət deyil, - dedi.
- Yazığın dünyasını dağıtmayın belə...
- Ə, nə danışırsan yenə?
Yadigar kükrədi:
- Bunların dünyası var? Bütün günü küçələrdədilər...
- Yox, e, elə deyil...
Bayaqkı davam elədi:
- O gün televizorda bir şey gördüm...
Zeynəbi göstərib:
- Belə birini Nizami metrosunun yanından götürdülər. Apardılar salona. Saçın-başın düzəltdilər. Əyninə paltar aldılar.
Çevrilib dibdəki masanı göstərdi:
- Hətta bura gətirib yedirtdilər, içirtdilər. Axşam da Aygünün konsertinə apardılar...
- Hə, noolsun? Aygün belə matahdır?
- O olsun ki, gecə on ikidə gətirib yenə həmin metronun yanında qoyub getdilər. Bu, bəyəm düz hərəkətdir? Adam görmədiyini gördü, bəs sonra? Sonra necə yaşayacaq? Bunu fikirləşən yoxdur...
- Narahat olma. Biz televizorda işləməsək də, bunun yazısı artıq beynimizdə hazırdır...
Bununla Bayram Yadigarla həmrəyliyini bildirmiş oldu...
Zeynəb içdi.
Bildi ki, içməsə o pulu istəyə bilməyəcək.
Onun bu "cəsarət"inə hamı donub qaldı.
İçdi və keyləşmiş dodaqlarıyla yuxaya bükülü lüləni çeynəməyə başladı.
- Necəsən? - dedi Bayram.
- Yaxşıyam, - dedi.
Axır ki dilləndi Zeynəb.
- Bunun nə yaxşı səsi varmış...
- Gördünüz?
Sanki hərəkətinə haqq qazandırmağa çalışdı Yadigar.
- Onda bir dənə də iç, səsin tam açılsın.
Yadigar gülə-gülə stəkanı ona uzatdı...
- Səsin məsələyə nə dəxli var?.. Müğənnidir bəyəm? Oxuyacaq?
Elə bu vaxt yanlarından saçları bir-birinə qarışmış, əlində sellofan torba olan bir kişi oxuya-oxuya keçib getdi.
- Fikir vermişəm, Hər gün eyni vaxtda burdan gəlib keçir. Əvvəllər televiziyada mənnən işləyib. Daha işləmir."Başı qaçıb", - deyirlər.
- Hamıyla salamlaşır. Kimi görür, salam verir. O gün dayanıb küçədə mənim kefimi də soruşdu.
Bunu Bayram dedi.
- Bəlkə onu da çağıraq? Qoşalaşsınlar. Yaman səsi var onun da...
- O, bizlik deyil...
- Bizə düşən budur...
Sonrasını dumanlı xatırlayırdı.
Dostlar ayrıldılar.
İkisi sağa getdi. İkisi sola getdi.
Onu sola gedənlər - Bayramla Yadigar götürdülər. Maşına qoyub harasa apardılar. Harasa qaldırdılar. Harasa gətirdilər. Soyundurub hamama saldılar. Özünün heyi yox idi. İsti suda yudular onu.
Böyük bir otaqda geniş bir çarpayıya uzatdılar. Əvvəlcə Bayram... Sonra Yadigar... Hər ikisi ağırdı. Hər ikisi şərab dolu...
Bunu artıq neçənci dəfəydi ki, təkrarlayırdı. Onların altında həm canı ağrıyır, həm də ürəyi bulanırdı.
- Bircə Qurbanın pulunu verin, - deyirdi.
Bilmək olmurdu nə deyir, nə istəyir: yalvarır, ya zarıldayır...
Bir neçə gün kecdi. Canının ağrısı azaldıqca yenə borcları yadına düşməyə başladı. Qurban gözləyirdi.
Dostların verdiyini Qurbana göndərib yenə tərəddüdlə həmin məkana doğru getdi. Yenə pul lazım idi və o pulu tapmağın başqa yolu qalmamışdı.
"Dost"ları yada salıb düşündü ki, pul öz yiyəsini yaxşı tapıb. Niyə belədir axı: Pul niyə onları sevir, Seyfullanı, Qurbanı yox?
Rayonda Yumru Qafarın da pulunu balta kəsməzdi.
Yenə həmin saatlardı. Yenə həmin adamlardı. Adam kimi yeyib içirdilər. Amma bu dəfə aralarında bir qadın da vardı və o da, deyəsən, içkiliydi. Çünki dayanmadan gülürdü. Gülürdü yox e, uğunurdu. Birdən Güldəstəni tanıdı. Aman Allah, o, hardan gəlib bunları tapmışdı? Bəlkə yuxuda ona nəsə deyib, dilindən nəsə çıxıb?
Hər şey başayaq idi, hər şey kəlləmayallaq...
Tez aralandı ki, onu görməsinlər... Özünü bir kolun dibinə verib içindəkiləri qaytarmağa başladı. Elə öyüyə-öyüyə, qaytara-qaytara Güldəstəni düşünürdü.
- Nə var e Güldəstəni güldürməyə. Onsuz da həmişə gülür. Əri itəndə də gülürdü, meyidi tapılanda da. Bir də axı Güldəstənin nə Qurbanı var, nə Qönçəsi. Kimin dərdini çəksin ki, gülməsin adam kimi?..

# 211 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər