Kulis.az Bəhruz Tağızadənin "Yazarlar haqqında iradlarım" yazısını təqdim edir.
Bu yaxınlarda bir yazıçının romanını yarıya qədər oxudum, sonra qırağa qoydum. Adam oxucuya rəsmən işgəncə verir. Hamının bəh-bəh dediyi tanınmış yazardır. Özümə söz verdim ki, dişimi boğazıma sıxıb axıra qədər oxuyacağam. Alınmadı.
Bir az da davam etsəydim, qorxdum ki, infarkt vurub öləcəyəm — sonra da ölüm səbəbi kimi yazılacaq: “Ağır ədəbiyyat zədəsi.”
Zarafat bir yana, məsələ budur: roman oxucunu yormamalıdır. Mən Seymur Baycanın “Quqark” əsərini parkda oturub oxuyanda bir də ayıldım ki, qaranlıq düşüb və artıq hərfləri tanıya bilmirəm. Romanın içində yaşayırdım. Onu deyim ki, kitaba qarşı da pintiyəm. Oxuduğum kitab “Səfillər” olsa belə, qaldığım yerdə vərəqi qatlayıram. “Quqark” yeganə kitabdır ki, onun vərəqini qatlamadım. Kitaba yazığım gəldi. O cür romanı dünyaya təqdim edə bilmirik.
Əgər kitabı bitirmək üçün təkcə ədəbi maraq yox, həm də fiziki dözümlülük lazımdırsa, deməli, problem artıq oxucuda deyil.
Bu yazını kimisə yerə vurmaq üçün yox, bir həqiqəti demək üçün yazıram: oxucu sınaq obyekti deyil. Ədəbiyyat işgəncə aləti olmamalıdır.
Kimsə özündən hoqqa çıxardıb xarici yazarlar kimi görsənmək istəyir, personajının adını "Qəzənfər" qoymağı qələminə yaraşdırmır, "Cek" qoyur. Güya Qəzənfər bunun əsərini qloballaşdırmağa qoymayacaq. Açığını deyim, Qəzənfər Cekdən etibarlı kişidir.
Nənələr, analar, atalar müsbət təsvir olunur, nənənin sevgi dolu sözlərini əla verir, amma qarğış və söyüşləri gizlədir. Halbuki biz bildiyimiz söyüşlərin çoxunu nənələrimizdən öyrənmişik. Məsələn, mənə “Ömrün kəsilsin!” sözünü ən çox nənəm deyib, “Səni zəlil qal!” sözünü isə anam. Amma nənələr sanki qüsursuz varlıq kimi göstərilir. Nənə var ki, qırx il boyunca hər hoqqadan çıxıb, bütün ətrafdakıların anasından əmdiyi südü burnundan töküb, indi böyük bir nəslin ağbirçəyidir.
Keçək kolorit məsələsinə. Əgər sən 80-ci illərin Qarabağ mühitindən roman yazırsansa, orada mütləq Səxavət Məmmədov kimi hamının tanıdığı adamların adını çəkməlisən. Bu, romana canlılıq verir və oxucunu həmin dövrə aparır. Qarşında "Alabaş" avtobus dayanır, uşaqlar çilingağac oynayır, bazarlar səs-küylü və qarışıqdır, küçələrdəki plakatlar hər kəsi işləməyə səsləyir, kommunizm qurtuluş yolu kimi təbliğ olunur. Uşaqlar təhsilə, insanlar teatra tələsir, kinoklublara isə təzə hind filmi gəlir. Hər detal bir-birinə qarışır, sanki oxucu bir anda həmin dövrün küçəsində gəzir, hər addımda həyat, səs-küy və enerji doludur.
Yazıçı ustalığı ondadır ki, qatili, oğrunu müsbət verə bilsin. Obraz oğru, şər atan, yalançı, aravuran olsun, amma oxucu onu müsbət görsün. Mən “Bunker” filminə baxanda nifrət etdiyim Adolf Hitlerə yazığım gəlmişdi. Bax, ustalıq budur. Təsəvvür edirsiniz, Hitler kimi əclafa yazığım gəlmişdi.
Yazıçı uzunçu olmamalıdır. Yazır ki, “Səhər külək əsirdi, quşlar ötürdü, göy mavi idi, bir az da günəş parlayırdı…” Roman qıraqda qalır, sanki meteoroloji məlumat verir. Oxucu soruşur: “Havanın buludlu olması mənə nə verir?!” Axı, havanın ora nə dəxli? Sanki qəhrəman yox, meteoroloq izləyirsən! Oxucu isə bircə şeyi soruşur: bunun romana nə dəxli?
Və yaxud yazır ki, "yuxudan durub hamam otağına keçdim". Dünyadakı bütün insanlar yuxudan duranda ən azı tualet böhranına görə hamam otağına keçir. Bunu romana niyə yazırsan? Ümumiyyətlə, romanla bağlı olmayan, hekayəni aydınlaşdırmayan, məlumat xarakteri daşımayan sözləri niyə mətnə doldub oxucunun zəhləsin tökürsən?
Bir yazıçı öz cəmiyyətinin valideyni olmalı, onu tərbiyə etməli və şüurları müsbətə doğru dəyişdirməlidir. O, insanları yalnız sözlə deyil, vicdanları ilə danışdırmağı bacarmalıdır. Yəni oxucu qəhrəmanın hər addımında, hər sözündə öz vicdanını görməli, seçimlərini, səhvlərini və uğurlarını özündə hiss etməli, əsərin içində əsl təlim və maarif hiss etməlidir. Yazıçı üçün bu, həm məsuliyyət, həm də sənət ustalığıdır — cəmiyyətə yol göstərmək, amma bunu zorla deyil, ədəb və bədii zəka ilə etmək.
Boş-boş "gözəllik" təsvirləri yazırlar. "Gözləri dəniz kimi mavi idi, saçları isə buğda zəmiləri kimi dalğalanırdı..." — Bu cümləni 19-cu əsrdə dondurub saxlamalıydıq. Artıq 21-ci əsrdir, dənizlər çirklənib, buğda zəmiləri də tikinti poliqonuna çevrilib. Müasir yazıçı qadını və ya kişini "kataloq gözəli" kimi yox, ruhu, qüsurları, əsəbi və xarakteri ilə yazmalıdır. Qüsursuz qəhrəman cansıxıcıdır.
Mən yazarların ədəbazlığından, mənasız aforizmlər uydurub sosial şəbəkələrdə alıntı xatirinə altından xətt çəkilmiş cümlələrlə poz vermələrini demirəm. Kitab yazır, sonra kitabdan ən lağviyət cümləni tapır.
Altından xətt çəkir.
Şəkil çəkir — qəhvə, külqabı, bir də yarpaq.
Altına səfeh bir söz yazır.
Elə bilir ki, oxuyan da deyəcək: "pah atonnan, nə imiş əə bu?"
Elə bilir ki, birbaşa Fyodor Dostoyevski pilləsinə çıxır. Halbuki Dostoyevski dərin yazırdı, çünki insanın qaranlığını görürdü. Bizim ədabaz isə dərinliyi görümədiyi üçün cümləni qaranlıq edir. Bu bir həyasız kənd arvadının "mən namusluyam" deyib hayqırmasına bənzəyir.
Oxu bazasının zəifliyi, süjet qurma bacarığının olmaması dərinlik imitasiyasına gətirib çıxarır — məna yox, mistik söz yığını yaranır. Qaranlıq yazmaq dərin yazmaq demək deyil. Heç nə oxumayıb, amma yazır. Bu, heç vaxt boksla məşğul olmamış bir adamın rinqə çıxmasına bənzəyir.
Yalnız bir müəllifi oxumaq xəstəliyi. Əgər bir adam yalnız detektiv oxuyursa — məsələn, yalnız Elxan Elatlı tipli müəllifləri — bir müddət sonra dünyanı belə görməyə başlayır: hər şey süjetdir, hər şey obraz, ya qatildir, ya şübhəli; dialoq, sorğu-sual, atmosfer, təhlükə. Bu isə ədəbiyyatın yalnız bir damarını görmək deməkdir.
Fikrim budur ki, əsl yazıçı bütün janrlarda yazmağı bacarmalıdır. Yaxşı yazıçı odur ki, yeni janr yaratsın. Əlbəttə ki, yeni janrı yeni hoqqa ilə dəyişdirməmək şərti ilə. Mən o yazarı güclü hesab edirəm ki, bir əsəri digərinə bənzəməsin.Oxucusu isə onun yeni əsərlərini səbirsizliklə gözləsin. Əsər oxunub bitdikdən sonra adam həyəcan və düşüncədə qalsın.
Bir yazıçı yaltaq ola bilər, manyak da ola bilər. Amma bir yazıçı əsla paxıl olmamalıdır. Özündən yaxşı yazarı öz oxucusuna təqdim etməyi bacarmalıdır. Mən xeyli yazara "Cincilim" kitabımı hədiyyə etdim. Onlardan cəmi üç insanın paxıl olmadığı qənəatinə gəldim.
Hörmətli akademikimiz Nizami Cəfərov, yazar Seymur Baycan, yazar Təvəkkül Boysunar. Onlar "Cincilim"i geniş arenaya təqdim etdilər. Və mənim üçün mənəvi dəyər qazandılar. Digərləri inboksda təriflədi.
Cəmiyyətdə oxucuların sayını artırmaq üçün yazıçı əməli iş görməlidir. Yaxşı kitabları deməli, yaxşı müəllifləri göstərməlidir. Oxucunu ədəbiyyata yaxınlaşdırmaq bir növ yazıçının borcudur. Birini nümunə üçün mən deyim: Bəzi kitablar ərgən qızlara həyat elementlərini vaxtından tez anlamağa kömək edə bilər. Məsələn: Aysel Əlizadənin "Qızlar ağlamaz" kitabı. Ən azından kitabda ümumişlək atalar sözlərinin düzgün anlaşılması var. Elə atalar sözlərimiz var ki, onu Fransada desən, səni yaba ilə aeroportdan qovarlar. Məsələn: "Qızını döyməyən, dizini döyər". Bunu başqa yazıçılar da deməklə heç nə itirməz, əksinə qazanar. Çünki ədəbiyyat rəqabət meydanı yox, oxucu qazanan bir sahədir.
Əgər biz yazarlar bunu etməsək, nə siyasətçilər, nə əkinçilər, nə də taksi sürücüləri bunu bizim əvəzimizə etməyəcək. Ədəbiyyatı yaşadan da, oxucunu ona tərəf aparan da yenə yazıçıların özüdür.
Bu yaxınlarda bir yazar xanımın romanı haqqında yazı paylaşdım və dərhal suallar başladı: “Niyə iradları gizlətmisən?”
Əvvəla, mən tənqidi müəllifin özünə bildirməyi, onu ictimai tribunada səsləndirməkdən daha etik hesab edirəm. Hər yazıçı səhv edə bilər. Ədəbiyyat qüsursuzluq sahəsi deyil, inkişaf prosesidir.
Üstəlik, mən öz ilk romanımdan utanıram. O qədər primitiv səhvlər etmişəm ki, bəzən az qala deyirəm: “Onu mən yazmamışam.” Amma o səhvlər mənim inkişaf yolumun bir hissəsi idi. Hər müəllif öz başlanğıcının məsuliyyətini daşıyır və ondan böyüyür.
Tənqid etmək asandır. Çətin olan həm ədalətli, həm də etik qalmaqdır. Mənim seçimim budur.
Yazar tənqid qorxusunu hiss etməlidir. Mən Allaha yalvarıram ki, ilk romanım tənqidçilərin əlinə düşməsin. Əlinə düşsə, bini-biyabırçılıq olacaq. Amma ikincini - "Cincilim"i oxumalarını istərdim. Bu roman sevgi romanı olsa da, içində bir dəfə də olsun sevgi sözü işlədilməyib. Bəli, etiraf edirəm ki, mənim ilk romanım, "Günəşin kölgəsində" çox pis romandır. Bunu mənə deməyin.
Yazını uzadıb kitab halına da gətirə bilərdim. Amma kimdir mənim kitabımı oxuyan? Atam tanınmış adam olsaydı, yazardım. İnsanlar alıb oxuyar, mənə təltiflər verər, təriflər yağdırardılar.
Yaşadığım cəmiyyətdə istəyirsən Şekspir ol — atan tanınmış deyilsə, sən də gərəksiz, artıq adamsan. Kitabını ələ salıb güləcəklər. Lağa qoyacaqlar. Sənə səy kimi baxacaqlar.
Bəzən elə olur ki, yazıçı yazdığına görə yox, atasının kim olduğuna görə oxunur. Kitabın içində nə var, çox vaxt heç kəsi maraqlandırmır. Ad soyad kifayət edir.
Amma yenə də deyirəm: yazın. Bayağı yazsanız da yazın, zəif yazsanız da yazın. Yazıb-yaratmaq insanın içindəki nəfəs kimidir — onu boğmaq olmaz.
Bircə plagiat etməyin. Bayağılıq cinayət deyil. Oğurluq isə cinayətdir.