Bu gün tanınmış psixoanalitik Paul Ekmanın anım günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Duyğular həyatımızı idarə edən daha güclü əsas motivləri - aclığı, cinsi istəyi və yaşamaq iradəsini üstələyə bilər. İnsanlar mövcud olan yeganə yeməyin iyrənc olduğunu düşünsələr, yeməyəcəklər. Başqa insanlar həmin yeməyi dadlı hesab etsələr belə, onlar acından ölə bilərlər. Duyğu aclıq instinktinə qalib gəlir! Bir insan qorxu və ya iyrənmə hissinin müdaxiləsinə görə heç vaxt cinsi əlaqəyə cəhd etməyə bilər və ya cinsi aktı heç vaxt tamamlaya bilməz. Duyğu cinsi istəyə qalib gəlir! Ümidsizlik isə hətta yaşamaq iradəsini belə boğaraq intihara sövq edə bilər. Duyğular yaşamaq iradəsinə qalib gəlir!
*
Bəzi hallarda sizə zərər verən insana o qədər çox dəyər verə bilərsiniz və ya ona (yaxud hər hansı bir kəsə) qəzəblənməkdə o qədər aciz ola bilərsiniz ki, onun incitməklə dolu davranışlarına öz hərəkətlərinizdə hansısa əsas taparaq onun zərərli əməllərinə haqq qazandırarsınız. Bu zaman qəzəblənmək əvəzinə özünüzü günahkar hiss edərsiniz. Başqa sözlə desək, sizi incidən insana deyil, özünüzə qəzəblənərsiniz.
*
Əgər inam tamamilə itərsə, heç bir mühüm münasibət davam gətirməz.
*
Duyğular dünyanı necə gördüyümüzü və başqalarının hərəkətlərini necə şərh etdiyimizi dəyişdirir. Biz müəyyən bir duyğunu niyə hiss etdiyimizi sorğulamağa çalışmırıq, əksinə, onu təsdiqləməyə can atırıq.
*
Təbəssümlər, bəlkə də, ən çox lazımınca qiymətləndirilməyən üz ifadələridir və əksər insanların dərk etdiyindən qat-qat mürəkkəbdir. Onlarla təbəssüm növü var və hər biri görünüşünə və ifadə etdiyi mesaja görə fərqlənir.
*
Pozulmuş vəd yalan deyil.
*
Yalana inanmaq səhvləri ona görə baş verir ki, müəyyən insanlar yalan danışarkən sadəcə səhv etmirlər. Bunlar təkcə psixopatlar deyil, həm də təbii yalançılar, Stanislavski texnikasından istifadə edən insanlar və başqa yollarla öz yalanlarına inanmağa müvəffəq olanlardır. Yalanı tutan şəxs yadda saxlamalıdır ki, aldatma əlamətinin olmaması həqiqətin sübutu deyil.
*
İnsanlar bədbəxt olanda da gülümsəyirlər.
*
Artıq hiss olunmayan bir duyğunu gizlətmək asandır, hazırda hiss olunan bir duyğunu gizlətmək isə xüsusilə hiss güclüdürsə, qat-qat çətindir. Dəhşəti gizlətmək narahatlığı gizlətməkdən, qəzəbi gizlətmək isə qıcıqlanmanı gizlətməkdən daha çətindir. Duyğu nə qədər güclüdürsə, yalançının onu gizlətmək üçün göstərdiyi bütün səylərə baxmayaraq, ondan hansısa bir əlamətin sızma ehtimalı bir o qədər yüksəkdir.
*
Yalanların əksəriyyəti ona görə baş tutur ki, heç kim onları necə tutacağını öyrənmək üçün zəhmət çəkmir.
*
Unutmayın ki, poliqraf testi yalan detektoru deyil. O, yalnız emosional oyanıqlığı aşkar edir.
*
Yalana inanmaq ilə həqiqətə inanmamaq arasındakı bu fərq vacibdir, çünki o, diqqəti yalanı tutan şəxs üçün mövcud olan qoşa təhlükəyə yönəldir. Hər iki səhvdən tamamilə yayınmağın yolu yoxdur; seçim yalnız hansını daha çox riskə atmaq arasındadır. Yalanı tutan şəxs aldadılmaq riskinə getməyin nə vaxt daha üstün olduğunu və yanlış ittiham irəli sürmək riskinə getməyin nə vaxt daha yaxşı olacağını qiymətləndirməlidir.
*
Şübhəçi insanlar həqiqətə inanmamağa meyilli olduqları üçün yalanı tutmaqda bərbad olmalıdırlar.
*
Yalan danışmaq həyatın o qədər mərkəzi bir xüsusiyyətidir ki, onu daha yaxşı anlamaq demək olar ki, bütün insani münasibətlərə aiddir.
*
Yanlış şərh etmək kiminsə öz yalan hekayəsinin doğru olduğuna inanmasının yeganə yolu deyil.
*
İnsanlar səhv iş gördüyünü düşündükləri şəxslərə yalan danışarkən özlərini daha az günahkar hiss edirlər. Həyat yoldaşı yataqda soyuq və istəksiz olan xəyanətkar bir şəxs gizli münasibəti barədə yalan danışarkən özünü günahkar hiss etməyə bilər...
Türk dilindən tərcümə etdi: Aydan Ağayeva