İyulun 6-da Şuşada “Qarabağ” otelində Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, "İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin tərəfdaşlığı ilə "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans işə başlayıb.
Kulis.az APA-ya istinadən xəbər verir ki, konfransa 10 ölkədən nümayəndələr qatılıb, bura Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstan daxildir.
Mədəni və Etnik Müxtəliflik Mərkəzinin sədri Seyfəddin Hüseynli (Səfərov) "Mədəni və etnik müxtəliflik əleyhinə fəaliyyətə qarşı səfərbərlik" mövzusunda çıxış edib. O, etnik və dini mənsubiyyətinə görə, azərbaycanlılar daxil olmaqla, bir çox xalqların Rusiyada sistemli şəkildə ayrı-seçkiliyə məruz qaldığını, fundamental hüquqlarının pozulduğunu diqqətə çatdırıb: “Biz bu ağrını öz ailəmizin timsalında dərindən yaşayırıq. 2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində yaşayan üç qardaşım və bir neçə yaxın qohumum Rusiya hüquq-mühafizə orqanlarının əsassız hücumuna məruz qalıb. Onların evlərinə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları qəfil basqın edib. Qadın və uşaqlar daxil olmaqla, ailə üzvlərinin gözləri qarşısında onlara dözülməz işgəncələr və əzab-əziyyət verilib. İki qardaşım – Hüseyn Səfərov və Ziyəddin Səfərov işgəncələrlə qətlə yetirilib. Digər qardaşım Bakir Səfərov daxil olmaqla, Ayaz, Akif, Kamal Səfərovlar və başqaları hələ də Yekaterinburq şəhərində həbsdə saxlanılır. Onlar barəsində tamaşa xarakterli məhkəmələr qurulub, 10-20 il arası müddətdə azadlıqdan məhrumetməyə dair əsassız hökmlər çıxarılıb. Biz hesab edirik ki, mədəni və etnik müxtəliflik, tolerantlıq hər bir dövlət üçün sərvət olmalıdır, etnik və dini mənsubiyyətə görə ayrı-seçkilik rədd edilməlidir”.
Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Tarixi kafedrasının müdiri professor Abdullah Temizkan "Qafqaz xalqlarına qarşı Rusiyanın müstəmləkəçilik siyasətinə dair dərslər" adlı məruzə ilə çıxış edib. O, bildirib ki, Rusiya tarixən Qafqaz coğrafiyasına hərbi istehkam kimi baxıb, burada möhkəmlənməyə, yerli xalqları əzməyə, özünə tabe etdirməyə çalışıb. Bunun üçün onları parçalamağa, üz-üzə qoymağa, təkləməyə yönəlik siyasət aparılıb. Abdullah Temizkan Qafqaz xalqlarının müqavimət gücünün, azadlıq ruhunun heyrətamizliyinə diqqət çəkib: “Azadlıq yalnız savaş meydanlarında deyil, milli mədəniyyətin, yaddaşın və məkanın qorunması ilə yaşadılır”.
Konfransda Litva Media Assosiasiyasının direktoru, Litva Seyminin sabiq üzvü Gintaras Songaila “Çərkəz soyqırımının və “Böyük Sürgün”ün beynəlxalq tanınması məsələsi” mövzusunda təqdimat edib. G.Songaila Rusiyanı vaxtilə çərkəzlərə qarşı törətdiyi soyqırımını etiraf etməyə çağırıb. O, XIX əsrdə çərkəzlərin 90%-nin soyqırımına məruz qaldığını, tarixi vətənlərinin dağıdıldığını, özlərinin müxtəlif yerlərə səpələndiyini bildirib: “Bu gün çərkəz mədəniyyəti davamlı təqib edilir və yoxolma həddindədir. Mənim məlumatıma görə, Litva Respublikası yaxın gələcəkdə Rusiya imperiyası tərəfindən törədilən çərkəz xalqının soyqırımını tanıyacaq. Nəticədə, Litva BMT çərçivəsində çərkəzlərin tarixi vətəninin tanınması üçün məsələ qaldıra bilər”. Gintaras Songaila qeyd edib ki, Rusiya imperializm siyasətindən imtina etməli və əməllərinə görə məsuliyyət daşımalıdır.
Tbilisi Dövlət Universitetinin Qafqazşünaslıq İnstitutunun sədri professor Merab Çuxua “Çərkəz soyqırımının nəticələri və qarşıda duran məsələlər” mövzusunda məruzə edib. Çərkəzşünas-alim qeyd edib ki, dünyada çərkəzlərin sayı 6.2 milyon nəfərə yaxındır, amma onların cəmi 10%-i hazırda öz tarixi yurd yerlərində yaşayır: “Bu gün yox olmaq təhlükəsi ilə üzləşən çərkəzlər zorla qovulduqları tarixi vətənlərinə qayıtmaq istəyir, onların buna haqqı var”. O, Rusiyanın Soçi şəhəri daxil olmaqla, bir sıra bölgələrinin tarixi çərkəz torpaqları olduğunu vurğulayıb. Merab Çuxua müasir Rusiya toponimikasında saxtakarlıqların edildiyini iddia edib və qeyd edib ki, Rusiyanın hakim dairələrinin çərkəzlərin adı ilə verdiyi bəzi yaşayış məntəqələri ümumiyyətlə, çərkəzlər üçün yad yerlərdir, orada nə əvvəl çərkəzlər olmayıb, nə də indi yoxdur. Merab Çuxua bunu çərkəzlərin tarixi yaddaşını silmək addımları kimi şərh edib.
Konfransa Fransadan videobağlantı ilə qoşulan Dünya Çərkəz Agentliyi Hərəkatının təmsilçisi İbrahim Yaqanov "Rusiyada etnik və mədəni dözümsüzlük: yerli xalqların Ukrayna müharibəsinə məcburi cəlb edilməsi" mövzusunda çıxış edib: “Bu gün Rusiyanın əyalətlərində yerli xalqlar, xüsusən də kiçik xalqlar zorla hərbi xidmətə çağırılır və cəbhəyə göndərilir. Çərkəzlər də bir çox digər xalqlar kimi bu müharibəyə cəlb olunur və artıq çox sayda çərkəz bu müharibədə həyatını itirib. Çərkəzlərin bu müharibəni dəstəkləmək üçün heç bir səbəbi və öhdəliyi yoxdur. Buna baxmayaraq, Rusiyanın hüquq mühafizə orqanları gənclərimizi zorakılıqla həbs edir və Ukraynaya - cəbhəyə aparır. Rusiya qüvvələri gecə basqınları həyata keçirir, insanları həbs edir və onları çətin bir seçim qarşısında qoyur: ya hərbi xidmətdən imtina görə həbsxanaya, ya da müqavilə imzalayıb müharibəyə göndərilmə seçimi verilir. Bəziləri imtinalarının ailələrinə və uşaqlarına təqib və əzab gətirəcəyindən qorxaraq müqavilələri imzalayırlar. İmtina edənlər həbsxanaya göndərilir və orada elə qeyri-insani işgəncələrə məruz qalırlar ki, həbsxanadan qaçmaq üçün sonda müqaviləni imzalamağa - müharibəyə gedib ölməyə razı olurlar. Hansı məqsədlə? Onlar nəyin uğrunda vuruşurlar? Düşmən kimdir? Cavab yoxdur. Əvəzində çaşqınlıq, qorxu və zorakılıq var”.
Beynəlxalq konfransda o da qeyd olunub ki, Rusiyada “Skinhed” dəstələri yeni adlar altında daha da genişlənir, yeni obrazlarda təşkilatlanır, güclənir, qeyri-ruslar bu qrupların əsas hədəfinə çevrilir, onların dövlətə paralel təşkil etdikləri cəzalandırma sisteminə məruz qalır.
İsraildə Çərkəz İcmasının Milli Şurasının sədri Rodin Nalgabetz "İsraildə çərkəz irsi və zamanın çağırışları" mövzusunda təqdimat edib. R.Nalgabetz deyib ki, İsrail də çərkəzlərin pənah gətirdiyi yerlərdən biridir: “Məqsədimiz taleyimizi öz əlimizə almaq və gələcəyimizi qurmaqdır. Biz Azərbaycanı olduqca mürəkkəb geosiyasi məkanda öz müstəqilliyini, suverenliyini, mədəniyyətini və dilini qürurla qoruyub saxlamağı bacarmış böyük bir ilham mənbəyi kimi görürük”.
"İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk "Qarabağ Zəfəri və Rusiya işğalına son" adlı məruzə ilə çıxış edib. O, deyib ki, Qafqazda yaşayan xalqların soyqırımı və köçkünlük faciələrinin hamısı bir-birinə bənzəyir: “XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Çar Rusiyası tərəfindən işğalı başa çatdırıldı, 1918-ci ildə biz istiqlaliyyətimizi elan etdik, amma cəmi 2 il sonra yenidən işğalla üzləşdik. Bu dəfə də Rusiya işğalı idi. SSRİ dövründə Zəngəzur, Dərələyəz kimi tarixi torpaqlarımız bizdən qoparılıb Ermənistana birləşdirildi, 1937-ci ildə ziyalılarımız repressiyalara məruz qoyuldu. Ermənistanda yaşayan yüzminlərlə azərbaycanlı deportasiya edildi. Minlərlə insan bu sürgündə həyatını itirdi. 1990-cı ilin 20 Yanvarında rus hərbiçiləri Azərbaycan xalqının qanını tökdü. Rusiyanın 366-cı alayının iştirakı ilə 1992-ci ildə Qarabağda – Xocalıda 700-ə yaxın dinc insan soyqırıma məruz qaldı. Azərbaycanın 20% ərazisi işğal edildi. Biz başımıza gətirilənləri unutmadıq, təslim olmadıq, milli yaddaşımızı diri saxladıq. Bizim ərazilərimizi 30 il Ermənistan necə işğal altında saxlaya bildi? Təbii ki, Rusiyaya görə. Üstümüzə yeriyən o Rusiya tankları indi Bakıda “Hərbi Qənimətlər Parkı”ndadır. Bu, tarixi ədalətin təntənəsidir. Bu Zəfərdən Rusiyada müstəmləkə zülmündən əziyyət çəkən bütün xalqlar üçün pay var. Şuşa bu Zəfərin rəmzidir. Ona görə bu gün Şuşadayıq, bir yerdəyik”.
Beynəlxalq konfrans “Etnik və mədəni müxtəliflik bəşəriyyətin sərvəti kimi”, "Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər" adlı panel müzakirələri ilə davam edəcək. Panel müzakirələrində ABŞ, Almaniya, Polşa, Çexiya və digər ölkələrdən vətəndaş cəmiyyəti təmsilçiləri mövzu barədə fikirlərini bölüşəcəklər.
***
10.03
Şuşada Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, "İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin tərəfdaşlığı ilə "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans başlayıb.
Kulis.az APA-ya istinadən xəbər verir ki, konfransa 10 ölkədən nümayəndələr qatılıb.
Bu ölkələr sırasına Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstan daxildir.