Kulis.az Anar Şamilin "Sufi" hekayəsini təqdim edir.
Qarşısında baş verənləri sakitcə izləyir, müdaxilə etmək istəmirdi.
Qadınlar ağlayaraq saçlarını yolur, “bizi tərk etmə deyə” qışqırırdılar, kişilər isə kənarda gözlərini boşluğa zilləyib dayanmışdılar.
Dünyaya gəldiyi, böyüdüyü evdən ilk dəfə belə ayrılırdı. Bundan əvvəl Qırğızıstana səyahətində anası ilə sağollaşıb bu evdən çıxmışdı.
Anası, sadəcə, yaxşı yol demişdi. Arxasınca su belə atmamışdı. Su atanda geri dönmək daha rahat olur deyirlər.
Əslində, digər səyahətlərinə baxanda o, Qırğızıstan səyahətindən çox rahat dönmüşdü. Heç nə hiss etməmişdi. Onu bu səyahətə vadar edən özünü axtarmaq kimi psixoloji səbəblərlə yanaşı, qırğız dostlarından eşitdiyi hekayənin həqiqi olduğunu yerli əhalidən öyrənmək istəyi idi.
Böyük bir qəhrəmanlıq hekayəsi onu bu ölkəyə aparmışdı. Həmin günlər artıq geridə qalmışdı, indi tam başqa bir köç başlayırdı. Əlində tutduğu çantasını çiyninə asıb, yaşıl papağını başına qoyub geri qayıt təkidlərinə rəğmən yola düşdü.
Uşaqlıqdan axtarışında olduğu, ancaq indi tapdığı bir nəsnənin arxasınca gedirdi. Qorxmurdu, çünki itirəcək heç nəyi yox idi. Dünyaya gələndən məskunlaşdığı evi geridə – anasının yanında qalmışdı. Əgər axtardığını əvvəllər tapsaydı həyatı tam fərqli olacaqdı.
Həyətin darvazasını açıb önündə bir müddət dayandı. Əvvəlcə sağa, sonra isə sol tərəfə baxdı. Axtardığının dəqiq xəritəsi yox idi, lakin hisslərinin onu düzgün ünvana aparacağına əmin idi. Sağ tərəfdə günəş göyün mərkəzinə doğru asta-asta qalxırdı.
Dar, uzun yolun kənarında yerləşən evlərin önündə toyuqlar torpaqdan yem axtarmağa çalışırdılar. Bəzi yerlərdə balaca uşaqlar oynayırdı. Bağçalardan çıxan ağac budaqları yaşıl yarpaqları ilə yolun səthini günəşin şüalarından qoruyurdular. Sanki torpaqla üç aylıq müqavilə bağlamışdılar. Sol tərəf isə daha qaranlıq idi.
Yolun sonu dağın ətəyinə, orada insanlardan uzaqlaşmağa çalışaraq məskunlaşan meşəyə çıxırdı. Uzaqda bir atlı o istiqamətdə çapırdı. Sufinin uşaqlıqdan günəşə xüsusi sevgisi vardı. Böyüyəndən sonra tanrı və sitayiş anlamında misirlilərin inancına daha yaxın idi. Meşə ilə atlının savaşına qoşulmayıb, sağ tərəfə doğru addımlamağa başladı. Geri dönüb son dəfə həyətdə baş verənlərə baxdı.
Atlı başını geriyə çevirdi. Gözlərində qorxu var idi, at da, sanki, Manasın keçirdiyi həyəcanı hiss etmişdi. At büdrədi, Manas yıxılacağı anda atın boynundan bərk yapışdı. Sakitləşdi, lakin nə baş verdiyini anlaya bilmirdi. Yenidən geriyə baxdı, ondan çox uzaqda idi. Üzünü göyə qaldırıb salavat çevirdi. Dərindən üç dəfə nəfəs alıb özünə gəlməyə çalışdı.
Bu gün kötükləri meşədən çıxarmalı idi. Kənd qazla təchiz edildikdən sonra işi xeyli zəifləmişdi. Bu səbəbdən meşəyə ağac dalınca gedən tək o idi. Qonşu kəndlərdəki bəzi varlı insanlar mebellər üçün xüsusi ağaclar istəyirdilər. Qazandığı pul dolanışığı üçün yetirdi.
Manas tək yaşayırdı. Ailəsini ağır yol qəzasında itirmişdi. Həmin gün bütün ölkə bu hadisədən danışırdı. Niyə o sağ qalmışdı? Çünki, həmin anda o, işdə idi.
At yeyin addımlarla dar cığırla qalxırdı. Meşə səssizləşmişdi. Ağacların hamısı diqqətlə yəhərdən sallanan baltaya baxırdı. Bir müddət sonra Manas yamaca çatdı. At rahat nəfəs alamğa başladı, artıq düzənliyə çıxmışdı. Manasın gözləri ağac axtarırdı. Anidən atı saxladı. Enib onu ağaca bağladı. Baltanı götürüb yuxarı qalxmaq istədi. Lakin, ağacların arasından dağın ətəyinə və çayın hövzəsinə doğru olan görüntünü görüb dayandı.
Ağacın yanındakı daşların birinin üstündə oturdu. Həyat ona öyrətmişdi, əgər zamanı ləngitmək istəyirsənsə gərək onu unudasan. Bu səbəbdən yanında olan və xırda görünən hər şeydən zövq almağa çalışırdı. Çay daşların arasından süzülərək yer kürəsi adlı canlını qidalandırırdı.
Qarşı tərəfdəki dağın başında hələ də qar var idi. İllər əvvəl kənddə eşitdiyi hekayəni xatırladı. Sovet hakimiyyəti vaxtı Azərbaycandan olan bir qrup zabit o zirvəni fəth etməyə çalışan digər insanları qar uçqunundan xilas etmişdilər. Gülümsədi. Bilirdi ki, yay olsa belə o dağa qalxmaq çox təhlükəlidir. Əslində, onun zirvəsində Manasın da şəkli var. Düşənbədə böyük holdinq sahibi olduğu vaxtlarda helikopterlə həmin zirvəni fəth etmişdi. Həmin an keçirdiyi hisslərdən indi utanırdı. Pulla alınan qürur kimi baxırdı.
O vaxt həyatında hər şey yaxşı idi. İstədiyi hər şeyi əldə edə bilirdi. Lakin başı pul qazanmağa o qədər qarışmışdı ki, sahib olduqlarından zövq almaq üçün ya zaman, ya da həmin an əhvalı olmazdı. Beyni daim məşğul idi. Xoşbəxt olmaq əvəzinə güclü və varlı olmağı qarşısına məqsəd qoymuşdu.
Maşından enərkən xoşladığı mahnını dayanıb sonunadək heç vaxt dinləməmişdir. Ailəsinin bütün maddi ehtiyacını ödəyirdi, lakin səni sevirəm deməyə, övladlarını qucaqlayıb onlarla vaxt keçirməyə zaman tapa bilməmişdi. Qəzadan sonra isə hər şeyi atıb dünyaya gəldiyi kəndə geri qayıtmışdı. Tək məqsədi hər saniyədən ən azı bir dəqiqəlik zövq almaq idi.
Ağacın altında olarkən xoş andan zövq aldığına görə ömür sayğacının dayandığını bilirdi. Qarlı dağın zirvəsində qaraltılara baxdı. Boynundan asdığı binoklu gözünün önünə gətirdi, altı nəfərin dağa qalxdığını gördü. Qarın soyuqluğunu hiss etdi və könlündən qaynar çay içmək keçdi. Ocağı qalayıb, dəmir çayniki odun üzərinə qoydu. Dağın ətəyindən yığdığı suyu tökərək onu izlədi. Su bir müddət sonra istiyə üsyan etməyə başladı. Xırda hava boşluqları qışqıraraq nəsə deməyə çalışırdı. Çayniki ocaqdan götürüb içinə quru yarpaqlar tökdü, sakitləşən su rəngini dəyişdi. Dəmir qaba süzülən çayı əlində tutaraq gözlərini qara zillədi.
Nədənsə şirkətindəki iclasların birində etdiyi çıxışı yadına düşdü. İşçilərə nahar fasiləsi müddətindən başqa digər iş saatlarında çay içməyin onların haqqı olduğunu yox, onun güzəşti olduğunu demişdi. Həmin vaxt fərqinə varmadan özünü düşərgə üzərində səlahiyyəti olan, İkinci Dünya müharibəsi dövrünün zabitləri kimi aparmışdı. Dəmir fincan əlini isidərək bədəninə xoş bir siqnal verdi. “Hər şey geridə qaldı, sən səhvini anlamısan, indi anını yaşa”. Son qurtumu içib baltasını götürdü.
Bu an güclü küləyin əsdiyini hiss etdi. Səhər geri baxarkən qonşu kəndin ağacsız dağlarında fırtınanın formalaşdığını görmüşdü, lakin nəticə çıxarmamışdı. Küləyi və havanı nəzərə almayıb bura qalxdığına peşman idi. Atının yüyənindən tutub dağdan enməyə başladı.
Dağ zirvəsinə dırmanmaq üçün tam şəkildə təchiz edilmiş 6 nəfər artıq meşə zolağının sonuna yaxınlaşırdılar. Şən şəkildə bir-biri ilə zarafat edərək zirvəyə doğru addımlayırdılar.
- Bu həyatımda fəth edəcəyim ən böyük zirvədir.
- Buna görə bizə nəsə verəcəklər?
- Boynundan nəsə asmaq istəyirsən?
Meşə zolağının sonunda dayanmaq qərarına gəldilər. Son istirahətlərini edib, sonra davam edəcəkdilər. Termoslarını çıxarıb çay süzdülər.
- Kənd ağsaqqallarının dediklərini eşitdiniz də, nə dərəcədə doğrudur?
- Niyə doğru olmasın ki, bizim millət cəsur millətdi. Digər insanları xilas etmək üçün lazım gələrsə canından belə keçər.
- İnsanları qar uçqunundan xilas etmələrini başa düşürəm, amma o vaxtı bizimkilər sovetin bu ucqar nöqtəsinə niyə gəldiklərini anlamıram.
- Bu dağların Çin sərhədində yerləşməsini anlamırsan? Hərbçilərin burada təlim keçməsi şərtdir. Sən əyləncə üçün buradasan, onlar isə vəzifələrini yerinə yetirmək üçün bu addımı atıblar.
- Sufi, sən niyə qoşulmursan söhbətə?
Sufi Xan Tenqri dağının ətəyində yerləşən Engilçək qəsəbəsini seyr edirdi. Sovet dövründə İssık-kul əyalətinin ən böyük qəsəbələrindən biri idi. İndi isə 140 nəfər əhalisi vardı. Xan Tenqri isə Tyan-Şan dağ silsiləsinin ən böyük zirvəsidir.
Sufi 35 il ərzində xeyli ölkə gəzmişdi. Ən sıx əhalisi olan Çindən ən gözəl qızları olan Ukraynaya qədər. Amma ilk dəfə idi ki, ürəyindən bir səs deyirdi ki, bu odur. Bakıda yerləşən ən böyük holdinqlərdən birini yaratmağına, əldə etdiyi bütün uğurlara rəğmən həyatında heç vaxt belə bir hiss yaşamamışdı. Bütün savaşlarda qalib gəlmişdi. Amma öz savaşında heç cür qalib ola bilmirdi. Pulun verdiyi imkanlardan istifadə edərək, dünyada olan, istədiyi hər şeyi tapıb, sınaqdan keçirmişdi.
Amma özünü tapa bilmirdi. Buralara gəlməmişdən qabaq etdiyi sonuncu eksperimenti xatırlayıb üzü gülümsədi. Tbilisidə olarkən oxuduğu əsərin qəhrəmanı ona təsir etmişdi. Qəhrəman da onun kimi dinclik tapa bilmirdi. Əsəri oxuduqdan sonra Gürcüstanın Akaurta kəndində fermalardan birində çoban kimi işləməyə qərar vermişdi. Amma istədiyi hissi, istədiyi rahatlığı tapa bilməmişdi.
Onu sıxan məsələlərdən biri də anasının onun ardınca doğulduğu kənddən şəhərə gəlməməsi idi. Qonşulardan, təbiətdən və yoldaşının qəbirindən uzaq düşə bilmirdi. Həmişə darvazanın yanında əyləşər və günəşin batmasını izləyərdi. Sufi anasını tanıyandan anası bir gün belə günəş batmasını buraxmamışdı. Atası sağ olanda onunla birlikdə izləyirdilər. Sufi anasını günəşin hər yerdə eyni batmasını inandıra bilməmişdir, ya da onu aldada bilməmişdir. Bir neçə ay əvvəl isə şəhərdə fəaliyyət göstərən alpinistlik kursuna yazılmışdır. Bu gün isə qrupla Tyan Şan dağında idi. Daim axtarışda olduğu sakitliyi, içində sakit durmayan, danışan özünü tapmaq istəyirdi.
Nə üçün, kim üçün dünyaya gəlib? Əksər insanların mən hər şeyə nail oldum xoşbəxtəm dediyi mərhələyə çoxdan çatmışdı. Amma o mərhələyə çatdığını onu yaxından tanımayan insanlar bilir və paxıllığını çəkirdi. Onlar anlamırdı ki, bəzi insanların üzündə olan gülüş dodağın mexaniki hərəkətidir. Gülüşün arxasında sevinc olmayanda o infilyasiyaya uğrayan və arxasında qızıl dayanmayan Sudan funtuna bənzəyir.
Ətrafındakı qarın bir addımlığında olmağına rəğmən yaşıllığını qoruyan şam ağaclarına baxıb gülümsədi. Bu gülüşü ingilis funt sterlinqi dəyərində idi. Təbiətin gözəlliyini seyr edərkən Altınayı xatırladı. O indi Şeyx Sənanın sakitliyini anlamışdı. Bir anlıq geri qayıtmaq istədi. Nə işi var axı bu zirvədə? O axtarışını dağın ətəyində tamamlamışdı. Altınay da qalxmamağı israr etmişdi.
Bu qəsəbəyə bir ay əvvəl, zirvəyə qalxmağa hazırlıq işləri görmək üçün tez gəlmişdilər. Məskunlaşdığı evin sahibinin 75 yaşı vardı. Artıq beli bükülmüşdü. Həyətdə oturaraq qonaqlarla söhbət edərdi. Bütün işləri isə qızı Altınay görürdü. Universiteti bitirdikdən sonra qəsəbədə tək qalan atasının yanına qayıdıb öyrəndiklərini böyük şəhərdə yox, elə burada tətbiq etməyi qərarlaşdırmışdı.
Turizm ixtisasını əla qiymətlərlə bitirərək atasından qalan qonaq evini daha da gözəlləşdirmiş və buranı gələn qonaqların ən çox qaldığı yerə çevirmişdi. Qəbul masasına yaxınlaşarkən masa arxasında kimsənin olmamasını görüb zəngi çaldı.
Bir müddət sonra otaqdan qara, uzun saçları olan xanım çıxdı. Qaranlıqda ay işığına bənzəyən gülüşü, incə beli və qara gözləri Sufini səssizcə onlara baxmağa vadar edirdi.
Özünü tapmaq əvəzinə burada o, özünü itirmişdi. Altınayın səsindən özünə gələn Sufi oxuduğu cümlələrdən birini xatırladı: Bir şeyi tapmaq istəyirsənsə onu mütləq itirməlisən.
- Üzrlü sayın bu gün köməkçimə istirahət vermişəm. Hər şeyi özüm etməyə çalışıram... Buyurun.
Altınay yeddi yaşında olanda anasını itirmişdi. Atası ona həm ana nəvazişi, həm də ata sərtliyi göstərmişdi. İnsanların getdikcə tərk etdiyi kənddə doğulduğuna görə özünü həmişə narahat hiss edirdi.
Xəyallarında özünü böyük şəhərlər, bahalı restoranlar, əyləncəli və şən mühitdə təsəvvür edirdi. Universitetin son kursunda kəndi tərk edərkən bir daha geri qayıtmayacağını düşünürdü. Universitetin ən yaxşı tələbəsinə şəhərin böyük otellərindən birində işləmək təklifi gəlmişdi.
Həmin gecə dostları ilə bunu qeyd etmək qərarına gəldi. Musiqi dinləyərək səs-küydən qaçmağa, içindəki cavabsız sualları eşitməməyə çalışan insanların dincəldiyi məkanda idilər.
Gecədən xeyli keçmişdi, uzaq qohumlarına qonaq gedən günəş öz evinə qayıtmaq üçün hazırlaşırdı. Hər kəs sərxoş idi. Əhvalları gözəl, kədərlənmək üçün heç bir səbəb xatırlamırdılar.
Barın qarşısında dayanıb sağollaşdılar və ayrıldılar. Taksidən güclə enən Altınay bir müddət sonra sınmış saatın əqrəbləri kimi əks istiqamətlərə gedib-gələrək qapının qarşısında dayanmışdı. Qapını açmağa çalışırdı. Diqqətlə baxdıqda əlindəkinin açar olmadığını anladı. Çantasını bir neçə dəfə axtardı, amma açarı tapmadı.
Bir müddət qapı önündə əyləşib nə edəcəyini düşündü, lakin həll tapa bilmədi. Dostlarına və ya digər kiməsə zəng etməyin düz olmadığını düşündü, çünki öz vəziyyəti göz qabağında idi. Bir müddət sonra gülümsədi.
- Olsun, bu günü səhərə qədər belə davam etmək lazımdır. Gecənin səhərə daha yaxın olan zamanında küçələri gəzib əyləncəmi tamamlamış olaram.
Qarşıdakı parka gedərək xeyli gəzdi, lakin artıq əyləncəli deyildi. Ayılmağa başlamışdı və reallıq ona qorxulu gəlirdi. Yanından bir neçə dəfə keçdiyi səfil kişinin təhlükəli olduğunu indi anlamışdı. Kişi ona diqqətlə baxırdı. Altınay parkdan uzaqlaşıb otellərdən birinə getməyə qərar verdi. Parkın çıxışında yanından keçən, sərxoş olan üç nəfər diqqətlə ona baxdılar.
Sonra isə ardınca getdilər. Onlar da bu gecənin kefini Altınay kimi axıra qədər davam etdirməyi fikirləşirdilər. Altınay müqavimət göstərməyə çalışdı, amma məğlub olurdu. Parkın kənarından gələn səs və telefon işığı onları dayandırdı. Parkda Altınaya qorxulu görünən yaşlı adam işığı onlara yönəltmişdi.
- Polisə zəng etmişəm, qızı rahat buraxın.
Günəş öyrəşdiyi ərazilərdə yenidən səhər gəzintisinə çıxdı. Yer üzərində yerləşən hər şeyi öz istisi ilə əhatə etməyə çalışırdı. Altınay gözlərini açarkən başının Aydarın çiyninə sökədiyinin fərqinə vardı. Aydar da yuxuya getmişdi. Ayağa qalxaraq onu oyadıb sağollaşmaq istədi, amma günəşin işartısına qədər söhbət etdiklərini xatırlayıb oyatmaq istəmədi. Evə doğru gedərkən axşam Aydarın dediklərini xatırlamağa çalışdı. Aydarın üç oğlu vardı, hər üçü onu tərk etmişdi.
Sufi Altınayın əlindən açarları götürüb, otağına yerləşdi. Bir müddət sonra aşağı mərtəbədə yerləşən ümumi zala endi. Həmin vaxt Altınay qeydiyyat işləri ilə məşğul idi. Özünü səhranın ortasında uzun müddət sonra vahə tapmış kimi hiss etdi. Çantalara yardım etməyə çalışan Altınaya köməklik etdi.
Axşama qədər çantaları otaqlara daşıyandan sonra Altınayı Tyan Şan dağlarını izləyərək kofe içməyə dəvət edə bildi. Dağlardan gələn soyuq külək onun saçlarında gəzib qoxunu düzənliyə aparırdı. Sufi dağ çiyələyinin küləyə qarışmış ətrini xatırladı. Bir müddət sonra sevgi hər ikisini işğal etdi. Sufi qəti şəkildə qərara gəlmişdi. Altınayı alıb gedəcəkdi buralardan. Zirvəyə qalxmayacaqdı. Beynində üçlü bir gözəllik qurdu.
Anası və Altınay kəndlərindəki evdə xoşbəxtlik içində yaşayırlar. Şəhəri, şirkətləri, maşınları, süni insanları və gülüşləri hər şeyi geridə buraxacağına qərar verdi. Altınayın da onu dəli kimi sevdiyini bilirdi, amma Altınayın Sufinin üçlüyü barədə xəbəri yox idi və onun öz xoşbəxtlik rəqəmi vardı.
Atası üçün paytaxt həyatından, iş yüksəlişindən imtina etmiş kəndə qayıtmışdı. İndi isə həyatının xoşbəxtliyini tapsa belə atasını qoyub gedə bilməzdi. Bu səbədən Sufidən getməməsini istəmişdi. Hər şey yaxşı ikən anidən pis oldu. Sufinin tapdığı xoşbəxtlik yenidən ondan uzaqlaşırdı. Geri qayıtmağının müddətini uzatmaq üçün əlavə bəhanələr axtarırdı. Bu səbəbdən gəldiyi qrup ilə birgə zirvəyə yenidən qalxmaq qərarına gəldi. Yüksəliş müddətində düşünərək bu problemin həllini tapacağına əmin idi. Sanki, nəsə dəyişəcəkdi. Zirvədən endikdə Altınayın burda qalmaq üçün səbəbinin olmayacağını arzu edirdi.
- Qalxmaq vaxtıdır.
Marşrut rəhbərinin sözü onu sanki xəyallardan ayırdı.qaytardı. Ayağını qara basdıqda daha soyuq beyinlə düşünməyə başladı. Zirvəyə qalxmaq qərarının səhv olduğunu anladı. Ayağı altındakı qarın iztirablı səsi zirvəni fəth etməyə çalışanların gülüşləri ilə boğulurdu. Anidən hər şey dəyişdi. Üzlərinə toxunan külək səssizlik yaratdı. Gülüşləri dağın soyuq havasında donub qaldı. Çevrilib arxaya baxdılar.
Toz burulğanının kəndin üzərinə çökdüyünü gördülər, güclü külək onlara doğru yaxınlaşırdı. Dayandılar, qrup rəhbəri enməli olduqlarını bildirdi. Onlar artıq meşə zolağına yaxınlaşanda fırtına zirvəyə çatmışdı. Bu, qar uçqununun olması ehtimalını artırırdı. Aşağı daha sürətli enməli idilər. Sürət qrup halında enməli olduqlarını unutdurdu. Həyəcanla, pərakəndə şəkildə aşağı enirdilər. Bu an Sufinin səsi gəldi. Yoldaşları həmin tərəfə getdilər. Qayaların birinin yanından keçərkən ayağı sürüşərək yıxılan Sufi hərəkətsiz uzanmışdı.
İllərdir ayrı yaşadığı anasının yanında idi. Artıq kəndi tərk etməyə heç bir səbəbi qalmamışdı. Anası da xoşbəxt olmalı idi. Hər gün baş çəkdiyi qəbrin sayı iki olmuşdu. Həyətdə qadınlar cənazənin qarşısına çıxıb aparılmasına mane olurdular. Geri qayıt deyə qışqıran anasına son kəs baxaraq Sufi yolun sağ tərəfi istiqamətində yola düşdü. İndi o tamamilə tək idi. "Cəsədini, doğularkən məskunlaşdığı evi tərk edərək Sufi uzun bir yolçuluğa çıxdı.