İstanbulda yerləşən və bir müddət əvvəl bərpa edilən tarixi Panaqia pravoslav kilsəsi ABŞ-nin Stenford Universitetinin həyata keçirdiyi unikal akustika layihəsinə ev sahibliyi edib.
Kulis.az xəbər verir ki, "Icons of Sound" ("Səsin ikonaları") layihəsi çərçivəsində alimlər xüsusi texnologiyalar vasitəsilə Ayasofiyanın bənzərsiz akustikasını rəqəmsal mühitdə modelləşdirərək Panaqia kilsəsinə tətbiq ediblər.
Layihənin gedişatında Yunanıstanın paytaxtı Afinadakı studiyaların birində 120 Bizans kilsə nəğməsi səsə yazılıb. Daha sonra həmin ifalar Stenford alimləri tərəfindən xüsusi proqramlarla işlənərək Ayasofiyanın əks-səda effekti ilə zənginləşdirilib.
Kilsəyə quraşdırılmış 30 xüsusi dinamik vasitəsilə ziyarətçilərə və yerli icmaya 15 əsrlik Bizans musiqi ənənəsini məhz "Ayasofiya akustikası" ilə dinləmək imkanı yaradılıb.
Qeyd edək ki, laboratoriya şəraitindən kənarda ilk dəfə tətbiq edilən bu unikal layihə tarixi və mənəvi irsin müasir texnologiyalarla qorunub saxlanılması baxımından mühüm addım hesab olunur.