"Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?" - Günün şeiri

"Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?" - Günün şeiri
6 avqust 2025
# 12:40

Avqustun 6-da Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, şair Xurşidbanu Natəvanın doğumundan 193 il ötür.

Kulis.az bu münasibətlə şairin həyatı, yaradıcılığı haqqında diqqətçəkən faktları və onun müəllifi olduğu "Qoyubdur intizarında neçin gəlməz" qəzəlini unudulmaz xanəndə Qədir Rüstəmovun ifasında təqdim edir.

Natəvan 1832-ci ildə Qarabağın mədəni beşiyi Şuşa şəhərində dünyaya göz açmışdı.

O, Qarabağ xanlığının qurucusu İbrahimxəlil xanın nəvəsi, ailənin tək övladı və xan nəslinin sonuncu varisi idi. Bu səbəbdən sarayda ona xüsusi ad – “Dürrü yekta” (yeganə inci) deyə xitab edirdilər. Xalq arasında isə onu sadəcə “Xan qızı” kimi tanıyırdılar.

Atası Mehdiqulu xan 1845-ci ildə vəfat etdikdən sonra onun mülki və ictimai hüquqları Xurşidbanuya miras qaldı.

Natəvanın poetik istedadı hələ gənc yaşlarından özünü göstərmişdi. O, ərəb və fars dillərini mükəmməl bilirdi, klassik Şərq poeziyasının nəhəngləri – Nizami, Füzuli və Nəvainin əsərlərini oxuyar, onların yaradıcılığından ilham alaraq yeni bədii nümunələr ərsəyə gətirərdi. Natəvan yalnız şeir yazmaqla kifayətlənmirdi – o həm də rəsmlə məşğul olur, incəsənətə böyük sevgi ilə yanaşırdı.

Onun bədii irsi ilə yanaşı, sosial fəaliyyəti də xalq arasında hörmətlə qarşılanırdı.

Xeyriyyəçiliyi ilə seçilən Xan qızı çətin durumda olan insanlara kömək etməkdən çəkinməzdi.

Şuşa şəhərinin içməli su problemi yaşadığı dövrdə, o, şəxsi vəsaiti hesabına şəhərə su çəkdirmiş və bu bulaq xalq arasında “Xan qızı bulağı” adı ilə məşhurlaşmışdı. Amma Natəvan təkcə xeyirxah deyil, həm də cəsarətli bir lider idi.

XIX əsrdə Rusiya imperiyasının bölgəyə təzyiqləri artdığı zaman, o, torpaqlarına izinsiz daxil olan rus məmurlarını ərazidən qovdurmuş, onlara qarşı sərt mövqe nümayiş etdirmişdi.

Ədəbi mühitin inkişafı üçün də dəyərli təşəbbüslərlə çıxış edən Natəvan, Şuşada “Məclisi-üns” adlı ədəbi toplanış məkanı yaratmışdı.

Bu məclisin bütün xərclərini də özü qarşılayırdı. Şeirlərində “Natəvan” (köməksiz, himayəsiz) təxəllüsünü istifadə edən şairə əsasən qəzəl formasında yazırdı və əsərlərində insanın mənəvi təlatümlərini, sevgi, kədər, tənhalıq kimi dərin hissləri ustalıqla ifadə edirdi.

Təəssüf ki, onun şəxsi həyatı uğurlu olmamışdı. Erkən yaşda oğlunu itirən Natəvan bu faciənin təsiri ilə bir çox duyğusal və kədərli şeirlər qələmə almışdı.

“Ağlaram”, “Getmə”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” kimi şeirləri məhz oğlunun itkisinə həsr olunub və bu əsərlər Natəvanın poetik irsində dərin hüznün simvoluna çevrilib.

Azərbaycan musiqisinin klassikləri də onun sözlərinə müraciət etmişlər. Xüsusilə, bəstəkar Vasif Adıgözəlovun Natəvanın sözlərinə bəstələdiyi “Qərənfil” romansı musiqi dünyamızda seçilən nümunələrdən biri hesab olunur. Həmçinin, onun həyat və yaradıcılığı müxtəlif sənət əsərlərində canlandırılıb.

Xalq şairi Məmməd Rahim “Natəvan” adlı poemasını, xalq yazıçısı İlyas Əfəndiyev isə “Natəvan” pyesini onun xatirəsinə həsr ediblər.

Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat etmiş, Ağdamdakı məşhur “İmarət” qəbiristanlığında dəfn olunmuşdur.

Onun adına müxtəlif mədəniyyət ocaqları – küçələr, məktəblər, kitabxanalar adlandırılıb. Şəxsi əşyaları, geyimləri və əlyazmaları bu gün də muzeylərimizdə qorunur.

Bakı şəhərində Natəvanın heykəli, Şuşada büstü, Ağdamda isə qəbirüstü abidəsi ucaldılıb. Lakin 1990-cı illərdə Şuşa işğal olunduqdan sonra onun büstü erməni vandalları tərəfindən güllələnərək məhv edilmiş və metal kimi satılmışdı.

Sevindirici haldır ki, dövlətimizin səyləri nəticəsində həmin büst bərpa olunaraq, 2021-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra yenidən doğma Şuşaya qaytarıldı.

Xurşidbanu Natəvanın 190 illik yubileyi də dövlət səviyyəsində qeyd olunmuş, onun irsinə göstərilən diqqət və ehtiram bir daha nümayiş etdirilmişdir. Azərbaycan xalqı bu böyük qadını hər zaman hörmətlə xatırlayır və onun adını yaşadır.

Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?
Həmişə ahu zarında, neçin gəlməz, neçin gəlməz?

Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,
Fələk incir fəğanımdan, neçin gəlməz, neçin gəlməz?

Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar,
Nə bir yaru nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?

Könüldə ahu-zarım var, nə səbrü, nə qərarım var,
Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?

O zulfi-nərgisi-məstə könul coxdandı pabəstə,
Məni hicran edib xəstə, neçin gəlməz, neçin gəlməz?

Səri-kuyin gəzər könlum, guli-ruyin sevər könlüm,
Vüsalın cün dilər könlüm, neçin gəlməz, neçin gəlməz?

Alıbdır canımı hicran, olubdur gozlərim giryan,
O məhvəş, nazənin canan, neçin gəlməz, neçin gəlməz?

Mənə hicran məşəqqətdir, fərağin dərdu möhnətdir,
Nigarım xeyli muddətdir, neçin gəlməz, neçin gəlməz?

Əzizim, goz yaşım qandır, işim fəryadu əfqandır,
O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?

Yanar canım fərağından, tutar könlum sorağından
Ki, cıxsın yar otağından, neçin gəlməz, neçin gəlməz?

Əlimdə ixtiyarım yox, gedib-səbri-qərarım yox,
Yanımda gulzarım yox, neçin gəlməz, neçin gəlməz?

Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,
Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz?

Yetibdir ərş üzə dadım, tutub dunyanı fəryadım,
Mənim ol sərvi-azadım neçin gəlməz, neçin gəlməz?

Qalıbdır Natəvan nalan, gecə-gündüz olar giryan,
Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?

# 147 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər